Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmkarlar ruhunun qətli

Dünən (24 noyabr, 2015) Bakıda Azərbaycan Həmkarlar Ittifaqlarının yaranmasının 110 illiyi münasibətilə yubiley tədbiri keçirilib


Orada hökumət rəsmiləri ilə Həmkarlar Itifaqları Konfederasiyasının rəhbərliyi iştirak ediblər, bir-birlərinə o ki var “bəy tərifi” vurublar.

Halbuki Həmkarlar fəlsəfəsi tamam başqadır. O, işçidən, əməkçidən yanadır – o, hökumətin, işəgötürənin tərifçisi ola bilməz. O, azaddır – o, asılı ola bilməz. O, etirazçıdır – o, hökumətlərin və sahibkarların əl quzusu ola bilməz.

Necə ki, bizdə də həmkarlar təşkilatlarının ilk ortaya çıxdığı illərdə onlara məhz bu ruh hakim idi. Unudanlar üçün xatırladaq.

***

Hər şey 1903-cü il iyulun 1-də başlamış, bir göz qırpımında Bakını nəhəng tətil dalğası bürüdü.

Tarixçilərin “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırdıqları bu etiraz aktı maaşların azlığından tutmuş əmək hüquqlarının tapdanmasına qədər bir çox səbəblər üzündən baş qaldırmış, düz 20 gün davam etmiş, tətil qığılcımının alovlanmasından beş gün sonra Bakıda faktiki olaraq, sənaye və ticarət həyatı donmuşdu.

Fəhlələr neft mədənlərinə od vururdular. Hər gün minlərlə pud neft havaya sovrulurdu.

Sahibkarlar tətilçilərin tələblərini yerinə yetirməkdən imtina edirdilər. Tətilçilər isə zərrəcə güzəştə getmək fikrində deyildilər.

Nəhayət, onlara qarşı dəhşətli qisas əməliyyatları başlayır, nəticədə üç həftə sonra etirazlar səngiyir.

20 günlük tətil sahibkarlara dəhşətli zərbələr vurur. Ən əsası isə onlar anlayırlar ki, işçilər uzun müddət ağır, qeyri-insani iş şəraitinə, hüquqsuzluğa, istismara sakit qalıb dözürlərsə, bu o demək deyil ki, həmişə belə davam edəcək. Onlar başa düşürlər ki, xalqın qəzəbi ən proqnozlaşdırılmayan bir anda partlaya, bir göz qırpımında hər şeyi itirə bilərlər.

Bir çoxları 1903-cü il Bakı tətilinin nəticəsiz bitdiyini, məğlubiyyətə uğradığını düşünür.

Halbuki cəmi bir il sonra – 1904-cü ildə qəbul edilən və tarixə “Mazut Konstitusiyası” kimi düşən sənəd məhz bu etirazların məntiqi sonluğu idi. Bu sənəd fəhlələrə pulsuz yaşamaq yeri, su və kerosin verilməsi, əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin əməkhaqqının 50 faizinin daha 3 ay ərzində ödənilməsi, maaşların artırılması, işdə cərimələrin ləğv edilməsi kimi bir çox haqlar verir. Ən əsası isə, faktiki olaraq kortəbii başlayan əməkçi mübarizəsinin mütəşəkkil mərhələyə keçidini təmin edir – Azərbaycanda ilk həmkarlar təşkilatları məhz belə yaranır! Hansı ki, onlar bu gün – yaptokratların Azərbaycanında karikaturaya bənzəyən, işçidən deyil, istismarçıdan yana olan həmkarlar təşkilatları ilə müqayisədə daha mütərəqqi, azad idilər.

Azərbaycanda ilk həmkarlar təşkilatının meydana çıxması tariximizdə ilk mətbuatın, ilk teatrın yaranması qədər önəm daşıyan hadisələrindən biridir. Çünki həmkarlar birliklərinin yaranması ilə o vaxtadək Azərbaycanda, xüsusilə Bakıda kortəbii şəkildə aparılan ictimai-siyasi mübarizə mütəşəkkil formaya keçdi, təşkilatlanma ənənələri meydana gəldi.

Hazırda rəsmi rəqəmlərə görə, Azərbaycanda 20 minin üzərində həmkarlar təşkilatı var. Amma onlar həmkarlar fəlsəfəsindən uzaqdırlar: formal fəaliyyət göstərirlər, azad və müstəqil deyillər, işçidən daha çox işəgötürənin ruporu kimi çıxış edirlər, hakim sinfin əməkçilərə qarşı dəyənəyi rolunu oynayırlar.

Halbuki yuxarıda yazdıqlarımızdan da göründüyü kimi, Azərbaycanın 100-110 il öncəki ilk həmkarlar təşkilatları ilə bağlı vəziyyət 180 dərəcə fərqli idi. Onlar nəinki işçi hüquqlarının qoruyucusu kimi çıxış edir, hətta etiraz ruhlu siyasi təşəbbüskarlıqlardan da çəkinmirdilər.

21-ci əsrdə həmkarlar təşkilatlarını hökumətlərin, işəgötürənlərin oyuncağına çevirənlər, onlardan karikatura düzəldənlər baxıb ibrət götürsünlər, öz əməllərindən utansınlar.

***

Yeri gəlmişkən, dünənki məlum tədbirdə çıxış edənlər gileyləniblər ki, bəs deməzsinizmi, Cəbhə-Müsavat hakimiyyəti həmkarlar təşkilatlarını ləğv etmək istəyirmiş, falan-filan.

Əgər bu deyilən doğrudursa, çox əla fikir imiş. Sovet dövründən başlayaraq Həmkarlar fəlsəfəsini inkar etməyə başlayan, Həmkarların gerçək ruhuna qarşı olan həmin oyuncaq təşkilatların varlığındansa, yoxluğu yüzqat, min qat yaxşıdır.

Elnur ASTANBƏYLİ(azadlıq)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar