Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əsədov, ət niyə bahadır? - Nazirin təəccübləndirən məntiqi


Kənd təsərrüfatı nazirinin devalvasiya bəhanəsi inandırıcı görünmür


Şəkərbura kimi bayramdan-bayrama yarmarkalarda görünən Kənd Təsərrüfatı Nazirliyinin rəhbər kadrlarının qiymətlərlə bağlı açıqlamalarına ciddi yanaşan, demək olar qalmayıb.

Artıq hamı gözəl bilir ki, bu yarmarkalarda əsas etibarilə bazarlarda satılmayan aşağı keyfiyyətli məhsullar təqdim olunur. Çox nadir hallarda doğrudan da birbaşa kəndçinin, fermerin öz məhsulunu təklif etdiyinin şahidi ola bilərsiniz.

Burada banan, ananas və digər subtropik meyvələr, İrandan gətirilən quru meyvələr və hətta kənd təsərrüfatına heç bir aidiyyatı olmayan qayçı-bıçaq satanlara da rast gəlmək olur. Yəni ki, sırf yerli məhsullar ümumilikdə təklif olunan malların əksər hallarda heç yarısını da təşkil etmir. Yarmarkalarda o meyvələr, ət və ət məhsulları satışa çıxarılır ki, bazar satıcısını öldürsən də həmin malı piştaxtanın üstünə qoymaz. Olsun elə ət və ət məhsulları. Görəsən, hörmətli kənd təsərrüfatı nazirinin özü nə vaxtsa həmin yarmarkalarda satılan ətdən alaraq, evinə aparıbmı? Bir sözlə, yarmarkalar da görüntü xatirinə təşkil olunan və əhalinin lağa qoyduğu tədbirlər sırasında öz layiqli yerini almaqdadır.  

Ancaq sözsüz ki, Kənd Təsərrüfatı Nazirliyinin başında duranlar başqa cür düşünür və bu tədbirləri az qala böyük uğur və zəhmətlərinin danılmaz bəhrəsi kimi təqdim edirlər. Hətta ara-sıra şəxsən hörmətli nazir Heydər Əsədov da jurnalistlərin qarşısına çıxır və açıqlamalar verir. Bir tərəfdən deyirsən ki, nə yaxşı bayramlar var və belə bir nazirliyin mövcudluğunu yada salır. Amma açıqlamaları görəndə təəsüf edirsən və düşünürsən ki, heç bayramlarda da bu tip qurumlar yada salınmasa yaxşıdır.

Ümumiyyətlə, deyəsən nazirlərə və iri ranqlı məmurlara öz birbaşa vəzifələrindən başqa, camaatın başını qarışdıran açıqlamalar vermək görəvi də verilib. Sanki bilərəkdən əhalini qıcıqlandıran və mətbuatın gündəminə çevrilən fikirlər söyləyərək, vaxt udurlar…

Mövzuya birbaşa aidiyyatı olmasa da, burada “KVN Parni iz Baku” komandasının icra başçıları ilə bağlı səhnəsini haşiyəyə çıxaraq xatırlatmaq istərdik. Orada deyilirdi ki, iri məmurun adı mütləq “ət” şəkilçisi ilə bitməlidir – Məharət, Cəsarət və sair… Adı “ət” şəkilçisi ilə bitməyən hörmətli Heydər müəllim isə ətin və digər məhsulların qiymətilə bağlı birmənalı qarşılanmayan fikirlər bildirib: “Devalvasiyadan qabaq ətin qiyməti 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir. Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Ət satan insan qarşılığında soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların alınması, ehtiyaclarının ödənilməsi üçün xərc çəkir. Mən hesab etmirəm ki, ətin qiymətində bu gün ciddi artım var. Devalvasiyadan sonrakı tendensiya göstərir ki, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım yoxdur… Heç kim qeyd etmir ki, ötən il kartofun 1 kiloqramının qiyməti 1–1,2 manat idi, hazırda isə 55 qəpikdir. O da yadınızdan çıxır ki, 1–1,5 manat olan 1 kiloqram soğan hazırda 15 qəpiyə satılır”.

heyder

Birincisi, paytaxt bazarlarında və marketlərdə 15 qəpiyə soğan satana rast gələn varsa, bizə də desin.

İkincisi, kartofun keyfiyyətlisi yenə də 1-1.2 manatdır. O ki qaldı ətə, onun qiyməti devalvasiyadan dərhal sonra yox, son 2-3 ayda 30 faizdən çox artaraq 12 manata çatıb. Digər tərəfdən, milli valyuta devalvasiya nəticəsində 2.2 dəfə (Hazırki kursla-red) dəyər itirib və nazirin məntiqilə, ət 18 manata satılmalı və digər yerli məhsulların da hamısı dərhal 2.5 dəfə bahalaşmalı idi. Bəs əhalinin alıcılıq səviyyəsi? Hamımıza iqtisad elmindən dərs keçmək savadında olan hörmətli nazirimiz bəlkə qiymətin tələb və təklifə uyğun formalaşdığını bilmir? Əlbəttə, bilir. Nədənsə H.Əsədov soğan və kartofun ucuzlaşdığı halda, ətin niyə bahalaşdığına aydınlıq gətirməyib. Nazirin məntiqinə söykənsək, kartof-soğan satanın da soyuducuya, televizora və valyutayla alınan digər məhsullara ehtiyacı var, bəs onların qiyməti niyə artmayıb, bəs onları əkib-becərənlər indi neyləsin? Niyə demir ki, soğanın və kartofun bugünkü qiyməti kiçik təsərrüfatı olan fermerin belini qırır. Sirr deyil ki, xüsusilə soğanın ucuzlaşmasının səbəbi bu işə iri məmurların girişməsindən irəli gəlir. Ötən illər soğanın baha olduğunu görən məmur-fermerlər çox böyük ərazilərdə əkin sahələri götürərək soğan əkdiriblər və bu da bazarda təklifi çoxaldıb. Tələbat isə əhalinin ümumi alıcılıq səviyyəsinə uyğun olaraq, aşağı düşüb. Ona görə də bugünkü qiymət formalaşıb. Təcrübə göstərir ki, qiymətlər real və sərfəli olmayanda, növbəti il həmin məhsulu əkən az olur və qiymət bahalaşır. Ona görə soğanın gələn il də bu qiymətə olacağına böyük şübhə var.

Ətə gəldikdə isə, onun bahalaşması heç də devalvasiya, yaxud tələbin artması ilə bağlı deyil. Əksinə, bu məhsula tələbatda geriləmə var. Son statistik göstəricilərə görə, Azərbaycanda adambaşına ildə 33,9 kiloqram ət istehlak edilir. Bu, tibbin norma kimi qəbul etdiyi gündəlik 200 qram ət istehlakı göstəricisindən 2 dəfə aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə görə, adambaşına illik ət istehlakı ən azı 70 kiloqram olmalıdır. Bir sıra ölkələrdə bu göstərici normanı 2 dəfəyə qədər üstələyir. Məsələn, Lüksemburqda il ərzində adambaşına 136,5 kiloqram, ABŞ-da isə 125,4 kiloqram ət istehlak edirlər. Rusiyada bu göstərici 60 kiloqramdan çoxdur. Bu ilə aid göstəricilər hələ məlum deyil və sözsüz ki, iqtisadi böhran Azərbaycanda ət istehlakını bir qədər də aşağı salıb.

Qiymətlərə gəldikdə, postsovet məkanında ən bahalı ət Azərbaycanda satılır. Manata çevirsək, qonşu Dağıstanda ətin qiyməti 4-4.5 manata, Gürcüstanda 4.5-5 manata, Belarusda isə hətta 3.5-4 manata təklif olunur. Qeyd etdiyimiz kimi, ölkəmizdə ətə tələbat artmayıb. Bəs qiymət niyə artır? Hörmətli nazirimizin aydınlıq gətirmədiyi sualın cavabı odur ki, onun cavabdeh olduğu sahənin tərkib hissəsi olan kökəltmə işinə diqqət yetirilmir. Bu sahədə mövcud olan möhtəkirlik də bir yandan öz işini görür. Nəticədə bazara hətta günbəgün azalan tələbata uyğun olan miqdarda da ət çıxarılmır. Yəni ki, tələb azalıbsa, təklif ondan da çox azalıb.

2017-02-21-18-02-0227

Təklifin azalması isə ümumilikdə hökumətin və Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyətinin nəticəsidir. Kənd Təsərrüfatı Nazirliyi fermerin daha rentabelli ətçiliklə məşğul olması üçün hansısa köməklik göstərirmi? Bugün kəndçilərin böyük qismi öz heyvanını çəkisi 100 kiloya çatar-çatmaz bazara çıxararaq, bıçaq altına göndərir. Çünki ehtiyacı var, yem almaq imkanı məhduddur və ona heç bir yardım edilmir. Hansı ki, həmin heyvanı 200 kilo və daha artıq çəkiyə çardırmaq olar və bu, daha rentabelli, sərfəlidir. Həm də təklifin artmasına xidmət edir. Bəs sözügedən nazirlik bunun üçün nə edir, hökumətin diqqətini, yardımını bu istiqamətə yönəldə bilirmi? Fermer üçün kredit və lizinqlərin əlçatan olması istiqamətində hökumətə təsir edə bilirmi? Və ümumiyyətlə, onu sayan varmı? Bu nazirlik sanki gözdən pərdə asmaq üçün yarmarka adlı uğursuz tamaşa keçirməklə öz işini bitmiş hesab edir. Bir sözlə, onun fəaliyyətinin bəhrəsi olan və gözlə görünən hər hansı ciddi nəticənin şahidi deyilik. Sadəcə, qiymətlərin azalmasını, ya da artmasını şərh etməklə iş bitmir. Əsas odur ki, bu prosesə sözügedən nazirlik təsir etmək imkanı və istəyinə malikdirmi?

Ümumiyyətlə, bu nazirliyi ləğv edib İqtisadiyyat Nazirliyinə birləşdirmək daha düzgün olmazmı? Bir iqtisadçı və maliyyəçi kimi savadına və səviyyəsinə heç bir şübhə etmədiyimiz H.Əsədov isə iqtisadiyyatımızın öz ixtisasına uyğun olan başqa sahələrində dövlətimizə çox böyük töhfələr verə bilər. Yoxsa, “nə olur olsun, nazir vəzifəsi olsun” prinsipi nə nazirlərimizə, nə də xalqa xeyir verəcək.(Azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar