Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in başını necə əzmək olar?


İŞİD-lə bağlı yazılanlar, deyilənlər, təxmin olunanlarda ritual kəlmələr, pafosa fikir veribsinizmi? Bu pafos əslində zəifliyi, İŞİD təki bəlanın öhdəsindən gəlməyin yollarını bilməməyi, naçarlığı ört-basdır edir


İŞİD-in nə olduğunu, oradakıların kim olduğunu anlamaq istəyirsinizmi?

Onda ərəb ölkələrindən tutmuş, Avropanın varlı-hallı dövlətlərinin yoxsullar yaşayan məhəllələrinə baş çəkin. Tacikistana, Çeçenistana, Rusiyaya yollanın. Görəcəksiniz ki, müsəlmanlar, xristianlar, dindarlar, ateistlər, mühacirlər, doğulduqları yerdə yaşayanlar - bir sözlə, minimal maaş alanların hamısı qonşuluğunda olan, sonra da İŞİD-ə qoşulan adam barəsində deyirlər: "Sakit, rahat insandı, səhərlər işə gedir, axşamlar evə qayıdırdı, radikal dindar, ekstremist islamçı deyildi", "Axı onun ailəsi, uşaqları var, niyə belə etdi?!", "Nə üçün ramazanda, axı ramazanda qan tökmək olmaz..."

Allahın kimə nə zaman nəyi əmr etməsi mənimçün kosmik tapmacadır və çözümünü, cavabını da bilmirəm. Amma İŞİD qorxusunu bölüşənlərin xofunu simalarında görərək anlayıram. 
Gerçəkdən də, qorxu artıq yanımızdadır. İllərdən bəri tanıdığımız, sakit adam bildiyimiz birisi qəflətən İraqa və ya Suriyaya yollanırsa, orada da saqqalını sinəsinədək uzadıb əlində tutduğu "Kalaşnikov" avtomatını yelləyib sifətinə bədheybət görkəm verməyə çalışırsa - bax, bu qəliz məsələdir.
Səbəbini tam anlamırsan, başa düşmürsən ki, ən adi insanları "World War Z" filmindəki zombilərə çevirən məqam nədir.
Lakin bu artıq Bred Pittli kino yox, həyatdır.
Sənin və övladlarının həyatı.

İŞİD edam videolarını yayır, ruhi xəstələr beynəlmiləli olduğunu göstərir, "ilahi ədalət"ə nail olmaq istədiyini, "İslam Dövləti" adlı "Xilafət" qurduğunu deyir. Amma bu ruhi xəstələr beynəlmiləli "lənətə gəlmiş Qərb"ə, "murdar kapitalizm"ə heç bir alternativ təklif edə bilmir.
Heç nə. Edamlar, vəhşət, ağlagəlməz qəddarlıq və idiotik fanatizmdən savayı.
Hətta sovet kommunistlərinin belə, təbliğat üçün xüsusi "məkan"ları vardı: varlı, hallı, bəxtəvər fəhlələr, kəndlilər və ziyalıların yaşadığı iddia edilən yerlər. Qərbdən jurnalistləri, solçu fəalları və sadəcə, faydalı idiotları oralara aparır, "çürüməkdə olan imperialist Qərbə, insana qarşı yönəlmiş kapitalizmə, rüşvətxorluqda boğulan liberal demokratiyaya alternativ göstərilirdi.
Göstərilirdi ki, belə alternativ daha yaxşı həyat yarada bilər. Bu yalandı, amma dünyadan işgəncələri və ölümləri gizlədən həyata istiqamətlənmiş bir yalan.
İŞİD-in indiki təklifləri isə yalnız işgəncələr, ölüm və əzabdır.

İŞİD "İslam Dövləti" qurduğunu deyir. Amma terrorçular ələ keçirdikləri ərazilərdə dövlətin əsas funksiyasını - vətəndaşın təhlükəsizliyinin təminatını qulaqardına vurur, bu anlama tüpürmək belə, istəmirlər. "İslam Dövləti" əslində dini olsa belə, Qərbə alternativ yaşam modelinin yaradılmağa cəhd edildiyi yer yox, insan qəddarlığının sərhədlərinin olmadığının nümayişi üçün seçilmiş arealdır.
Buna görə hətta İran belə, İŞİD-lə mübarizədə Qərblə əməkdaşlıq edir.
Buna görə hətta Fars Körfəzinin ən mühafizəkar despotiyaları belə anlayırlar ki, radikal islamçılıq bəladır.

Narahatedici də olsa, belə bir ehtimal haqda düşünməyin vaxtıdır: İslam dövləti qalib gələrsə, nə etməliyik? "Qalib" sözü ilə bu qrupun meşə yanğını kimi müsəlman dünyasına yayılıb Bağdaddan Rabata qədər xəlifəlik qurması nəzərdə tutulmur. Liderləri məqsədlərinin bunlar olduğunu desələr də, inqilabi ambisiyalar reallıq deyil və bunları həyata keçirmək ehtimalı çox aşağıdır. İslam dövləti o zaman qələbə qazanmış hesab olunar ki, hal-hazırda əlində olan ərazilərdə hakimiyyətini saxlaya və onu məhv etməyə cəhd göstərən xarici qüvvələri dəf edə bilsin. Beləliklə, sual belə qoyulmalıdır: "İslam Dövlətinin əsl dövlətə çevrilib dözümlülük nümayiş etdirəcəyi halda nə edəcəyik?"

Nüfuzlu "Foreign Policy" jurnalının tanınmış yazarı Stiven Uolt bu suala cavab aramağa çalışıb.
Gerçəkdən də, sualın cavabı varmı?

Bağdadın uğurlu bir əks-hücum təşkil edə bilmədiyini nəzərə alsaq, bu günlərdə bu ehtimalın gerçəkləşməsi daha da mümkün görünür. Əgər Massaçusets Texnologiya İnstitutunda çalışan Berri Pozen haqlıdırsa (və adətən haqlı olur), İraq ordusu artıq güclü döyüş qüvvəsi deyil. Bu, təkcə ABŞ-ın İraq qüvvələrini yetişdirmək cəhdlərinin uğursuzluğunu göstərmir, eyni zamanda bu, o deməkdir ki, yalnız genişmiqyaslı xarici müdaxilə ilə İslam Dövlətini tamamilə məhv etmək olar. Bu isə ərəb dövlətləri koalisiyası minlərlə qüvvəsini döyüşə həsr etməyə razılıq vermədiyi müddətdə baş tutmayacaq, çünki müdaxilənin nəticələrinin daha önəmli olduğu dövlətlərin yerinə ABŞ mübarizə aparmayacaq və aparmamalıdır.

Məni yanlış anlamayın - İslam Dövlətinin qəti şəkildə məğlub edilməsi hər kəs kimi məni də sevindirər. Ancaq təkcə görmək istədiklərimiz üçün yox, eyni zamanda məqsədlərimizə nail ola bilməyəcəyimiz ehtimalı haqqında da düşünüb plan hazırlamalıyıq.

Beləliklə, İslam Dövlətinin əlindəki ərazilərdə möhkəmlənib əsl dövlətə çevriləcəyi halda nə edəcəyik? Pozen bildirir ki, ABŞ, eləcə də, digərləri İslam Dövləti ilə digər inqilabi hərəkatlarda istifadə etdikləri strategiyanı tətbiq etməlidirlər: məhdudlaşdırma strategiyası.
İslam Dövlətinin dəhşətli və qorxunc taktikaları olsa da, əslində güclü bir qlobal qüvvə deyil. Qrup digər ölkələrdən təcrid olunmuş gənclər arasından əsgərlər cəlb edir, ancaq 7 milyard dünya əhalisi arasında haradasa yaxşı təlim görməmiş 25 min tərəfdar yığılması o qədər də böyük bir şey deyil. Bu insanlardan da bəziləri İslam Dövlətinin qəddar və ədalətsiz olduğunu, fəlakətlər törətdiyini anlayacaq, qalanları isə öz ölkələrində problem yaratmamaları üçün təcrid ediləcəklər. Daha önəmlisi isə odur ki, İslam Dövlətinin bayrağı altında döyüşmək üçün axın edən nisbətən azsaylı xarici üzvlər dünya müsəlmanlarının çox kiçik bir hissəsini təşkil edirlər.

Mən sadəlövhlük etmirəm. Əlbəttə, İslam Dövlətinin üzvləri terror aktları törədəcək və müxtəlif yerlərdə qarışıqlıq yaradacaqlar. Ancaq İslam Dövlətinin bütün islam dünyasına yayıla biləcəyi ehtimalı isə tamam başqa mövzudur. Bu qrupun hal-hazırda əlində tutduğu ərazilərdən də kənarda qarışıqlıq yaratmaq potensialı var, lakin hələ Qərbi İraq və Şərqi Suriyada təcrid olunmuş sünni əhalidən irəliyə doğru genişlənmək üçün əlində olan imkanı göstərməyib.

Bundan başqa, resurslarının sayı az olan İslam Dövlətinin sənaye gücü də zəifdir. Hərbi qüvvələri məharətlə idarə olunsa da, böyük bir qüvvənin, hətta regional bir qüvvənin belə sahibi deyil. İslam Dövləti nə vaxt sünnilərin üstünlük təşkil etdiyi yerlərdən çıxıb Kürdüstan və ya şiələrin üstünlük təşkil etdiyi Bağdada doğru hərəkət etməyə çalışsa, güclü müqavimətlə üzləşir.

İslam Dövlətinin qarşısında başqa bir önəmli maneə də var: bu qrupun artıq təəccüb doğurmaq üstünlüyü yoxdur. İslam Dövləti işğaldan sonra İraqda çıxan xaos və Suriya vətəndaş müharibəsi nəticəsində gözlənilmədən meydana gəlib. Ancaq İslam Dövlətinin qarışıqlıq yaratmaq potensialı artıq aydındır və İran körfəzindən Misirə qədər bütün ərəb dövlətləri bundan sonra öz ölkələrində İslam Dövləti kimi qruplaşmaların kök salmaması üçün əllərindən gələni edəcəklər. (Liviyada Qərb müdaxiləsindən sonra vəziyyət bir qədər fərqlidir, ancaq burada da İslam Dövləti kimi bir qruplaşmanın meydana gəlməsinin qarşısını almaq olar).

Gəlin fərz edək ki, İslam Dövlətinin genişlənməsi məhdudlaşdırılır, ancaq tamamilə məhv edilmir və əvvəl-axır bu qruplaşma davamlı hökumət qurumları yaradır. Qrup artıq inzibati dövlət strukturları yaratmaqdadır: vergi qoyulması, sərhədlərə nəzarət, silahlı qüvvələrin qurulması, yerli qrupların müəyyənləşdirilməsi və s. Qonşu ölkələrin bəziləri İslam Dövlətinin işini təmin edən qaçaqmalçılığa göz yummaqla bu reallıq qarşısında səssiz qalır. Əgər vəziyyət belə davam eləsə, digər ölkələrin "İslam Dövləti"ni legitim hökumət kimi tanımağa başlamaları üçün nə qədər vaxt lazım olacaq?

Bu bir az ağlasığmaz ola bilər, ancaq xatırlayaq ki, beynəlxalq ictimaiyyət çox vaxt inqilabi hərəkatlara başçılıq edən qruplarla əlaqə qurmamağa, istəksiz də olsa, yalnız dözümlülüklərini sübut etdikdən sonra bu qrupları tanımağa çalışıblar. Məsələn, Qərb ölkələri 1917-ci il bolşevik inqilabından bir neçə il, ABŞ isə 1933-cü ilə qədər Sovet İttifaqını tanımaqdan imtina etdi. Eyni şəkildə ABŞ Çin Xalq Respublikası ilə əsası qoyulduqdan 30 il sonra, 1979-cu ildə tam diplomatik əlaqələr qurmağa başladı. Bu və digər nümunələri nəzərə alsaq, İslam Dövlətinin bir gün beynəlxalq ictimaiyyətin BMT-də yeri olan legitim üzvünə çevrilməyəcəyindən əmin ola bilərikmi?

Yəqin, deyəcəksiniz ki, İslam Dövlətinin barbarlığı - qadınların əsarət altına alınması, dinc əhaliyə işgəncə göstərilməsi, əsirlərin boynunun vurulması - onu beynəlxalq ictimaiyyət və sivilizasiyalı ölkələrdən həmişə təcrid edəcək. Bu qruplaşmanın liderlərinin sonunun Beynəlxalq Cinayət Məhkəməsində olması ehtimalı BMT Baş Assambleyasında olmasından daha yüksəkdir, elə deyilmi? Belə olması yaxşı olar, ancaq tarixdən dərs götürmək lazımdır.

Bu gün "Downtown Abbey" serialında izləməkdən zövq aldığımız britaniyalılara baxaq. Onların əcdadları Birləşmiş Krallığı zorakılıq və istila yolu ilə qurublar. Bəs o "Azadlıq İmperiyası"nı bütün Şimali Amerika boyu genişləndirən qəhrəman amerikalılar? Onlar olduqları yerə çatmaq üçün yerliləri qırıb, acından öldürüb, təcavüzlər ediblər. Bolşeviklər və maoistlər də SSRİ və Çin Xalq Respublikasını razılıq yolu ilə yaratmayıblar. Eyni şeyi İbn Səudun rəhbərliyi altında hərəkət edən vahabilər və İsrailin əsasını qoyan sionistlər üçün də demək olar. Çarlz Tillinin yaradıcılığında dönüş nöqtəsi olan "Zorakılıq, Paytaxt və Avropa Dövlətləri" (Charles Tilly: "Coercion, Capital and European States") adlı kitabında bildirdiyi kimi, dövlət quruculuğu əsrlər boyu qəddarlıqla həyata keçirilib, yeni dövlətlərin qurulması ilə nəticələnən hərəkatlarda bu gün pisləyəcəyimiz, barbarlıq olaraq qınayacağımız bir çox şeylər edilib.

Hakimiyyətin fəaliyyəti üçün "qəbuledilən" normalar ötən əsr ərzində kəskin şəkildə dəyişib, ona görə də, bu gün İslam Dövlətinin etdikləri bizdə nifrət hissi oyadır. Digər dövlət qurucularının keçmişdə etdiyi ədalətsiz hərəkətlər bu gün cihadçıların İraqSuriyada etdiklərinə bəraət qazandırmır. Ancaq tarix bizə göstərir ki, bir vaxtlar qəbul edilməyən qruplar uzun müddət davam gətirərlərsə, bəzən sonda legitimlik qazanırlar.

Radikal və ya inqilabi qruplar beynəlxalq ictimaiyyətə daxil olmaq üçün əvvəl-axır qəddarlıqdan əl çəkməlidirlər. Kennet Uoltzun 30 il əvvəl dediyi kimi, radikal dövlətlər son nəticədə "sistemə uyğunlaşırlar". Onlar zaman keçdikcə başa düşürlər ki, ideoloji məqsədlərini həyata keçirə bilməyəcəklər və ilkin inqilabi məqsədlərinə heç bir güzəştə getmədən sadiq qalmaları onlar üçün arzu olunan nəticəni verməyəcək. Qrup daxilində güzəştə getmək və ya ən azından xarici dünyaya daha praqmatik yanaşmaq üçün tərəfdarlar artmağa başlayır. "Dünya inqilabı" əvəzinə "bir ölkədə sosializm" qurmaq ətrafında fikirlər yaranır. Yeni dövlət beynəlxalq norma və təcrübəyə uyğunlaşır və xüsusilə də, maraqları digər dövlətlərin maraqları ilə üst-üstə düşdükdə düşməndən tərəfdaşa çevrilir. Dünya siyasətində yeri hələ də məmnunedici olmasa da, artıq təcrid edilmir. Əgər İslam Dövləti tab gətirər və möhkəmlənərsə, bütün bunlar ona da aid olacaq.

Ancaq bu "sosiallaşma" prosesi birdən-birə baş vermir. Digər dövlətlər zəruri cəza tədbirlərini həyata keçirmək üçün qüvvələrini birləşdirənə qədər radikal dövlətlər keçmiş fəaliyyətlərinin əvəzinin çıxılacağını dərk etmirlər. Əgər İslam Dövləti gücünü qorumağı bacarıb mövqeyini gücləndirər və əvvəllər İraqSuriyanın tərkibində olan bölgədə əsl de fakto dövlət yaradarsa, digər dövlətlər ona beynəlxalq sistemdəki normaları öyrətmək üçün birgə çalışmalı olacaqlar.

Ona görə də Amerika dövlətçiliyinin qarşısında duran əsas vəzifə Səudiyyə Ərəbistanı, İordaniya, Türkiyə və İran kimi yerli qüvvələrin əsas rolu üstlərinə götürdükləri bir beynəlxalq məhdudlaşdırma əməliyyatı təşkil edib həyata keçirmək, İslam Dövlətinin fikirlərini yaymaq cəhdlərinin qarşısını almaq üçün digər dövlətlərə kömək etmək və onları bu qruplaşmanın gəlir mənbələrini məhdudlaşdırmaq üçün daha çox iş görməyə razı salmaqdır.

... Bir daha təkrar edirəm: İŞİD heç bir alternativ təklif etmir. Nə sivilizasion, nə dini. Onların təklifi yalnız edamlar, qırğınlardır. Onların "ideoloji təklif"ləri cəmiyyətlərdəki zəif bəndləri ortaya çıxarmaq, qəzəbli, narazı, ümidsiz və uğursuz adamları sıralarına cəlb etmək istəyidir.

İŞİD bizə o zaman qalib gəlməyəcək ki, bu pırtlaşıq saqqallı idiotların cipləri küçələrimizdə peyda olacaq - İŞİD o zaman qalib sayıla bilər ki, qəlbimizdə xof, qorxu olacaq, cəmiyyətimizin birliyinə xələl gələcək. 

Kompüter qarşısında oturan, Halinka Kepskaya demişkən, "avropalıların yırtıq tumanlı müdafiəçiləri" islama hücumlarına ara versələr, islamofobiyanın əslində İŞİD-dən də pis təhlükə olduğunu anlasalar, qalib gələcəyik.

Terrorizmə ən effektiv cavab hüquq sistemi və azadlıq dəyərlərinin dövlət, ordu və xüsusi xidmətlər tərəfindən daha sərt müdafiəsidir.

İŞİD-in əməllərinə görə istisnasız olaraq bütün müsəlmanları suçlu sayan anti-islam isteriyası ilə "Hər şeyin günahkarı Qərbdir, İŞİD məzlumları müdafiə edir" utopiyası arasında hələ də normal dünya var. Normal insanların, xristianların, müsəlmanların, yəhudilərin, buddistlərin, ateistlərin yaşadıqları, sakit və normal yaşamaq istədikləri bir aləm. 

İfrata varanları sakitləşdirmək, normal insanları isə müdafiə etmək gərəkdir.
Bu qədər bəsit.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar