Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I Pyotrun vəsiyyətnaməsi olubmu?


Dünən Strateq.az-da “Rusların Xəzər bölgəsinə avqust yürüşü və I Pyotrun vəsiyyətnaməsi- Tarix” – başlığı ilə dərc olunan məqalə Feysbuk sosial şəbəkəsində yayıldıqdan sonra müzakirələrə səbəb olub


Müzakirələrə qoşulan siyasi analitik, BDU-nun müəllimi Tahir Cəfərli  qeyd edib ki, “I Pyotrun vəsiyyətnaməsi” adlı sənədin olmadığı ilə bağlı iddiaları düzgün sayır. T.Cəfərli 2015-ci ildə “Həftə içi” qəzetində dərc olunan, onun da fikirlərinin yer aldığı  “"I Pyotrun vəsiyyətnaməsi olmayıb" – ARAŞDIRMA” məqaləsini  bizə xatırlatdı.  Öz tərəfimizdən qeyd edirik ki,  hər zaman “həqiqət mübahisələrdən doğur” prinsipinə sadiq qalmışıq və T.Cəfərlinin də alternativ mövqeyinin oxuculara təqdim olunmasını vacib hesab edirik.

Beləliklə, PİA.AZ  Strateq.az-ın 2015-ci ildə “Həftə içi” qəzetində dərc olunan  "I Pyotrun vəsiyyətnaməsi olmayıb" – ARAŞDIRMA” məqaləsində söylədiyi fikirləri bir daha oxucuların diqqətinə çatdırır:

“Həqiqətən, I Pyotrun Qafqazı, o cümlədən, Azərbaycanı işğal etməsinin ardından baş verən proseslər, Türkiyə-İran, Rusiya-İranRusiya-Türkiyə savaşları və bunların gedişi boyu ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, eləcə də son onilliklərdə Qarabağın işğalı və s. sözügedən sənəddə əks edilmiş siyasi strategiyaya uyğun aparılıb. Və son 20-30 ildə siyasətlə, tarixlə az-çox maraqlananların zehninə Rusiyanın müsəlman və türklərə qarşı təcavüzkar siyasətinin məhz I Pyotrun vəsiyyətinə uyğun qurulduğuna qəti inam yaranıb. Son dövrün tanınmış tarxiçiləri – Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Əliyar Səfərli, Kərim Şükürov və b. öz çıxış, məqalə və əsərlərində həmin vəsiyyətlərə istinadlar ediblər.

Ancaq son illər Rusiyanın özündə belə, Böyük Pyotrun vəsiyyətinin həqiqiliyinə dair müzakirələr, tədqiqatlar aparılıb və bir sıra fərziyyələr meydana çıxıb.

Vikipediyada rus alimlərinə və elmi mənbələrinə istinadən əslində I Pyotrun heç bir vəsiyyətnaməsinin olmadığı, bunun həm Rusiya, həm də Avropa diplomatiyası tərəfindən zaman-zaman uydurulmuş geosiyasi yalan olduğu qeyd edilir.

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, Azərbaycanda da bu iddianı irəli sürənlər var. Onlardan biri də artıq mətbuatda siyasi analitik kimi tanınmış BDU-nun müəllimi Tahir Cəfərlidir.

"I Pyotrun o "vəsiyyətnamə"dən xəbəri olmayıb"

– I Pyotrun heç vaxt vəsiyyətnaməsi olmayıb, ortaya çıxarılanlar isə sonradan yazılmış, orijinalı üzə çıxmayan saxta sənəddir. Bir az RusiyaAvropa tarixindən xəbəri olanlar bu vəsiyyətnamənin hansı səbəbdən və nə məqsədlə yazıldığını yaxşı bilirlər.

– Bəs bunu deməklə nəyə əsaslanırsız? Axı əksər tarix kitablarında tarixçilər onun mövcudluğundan yazırlar?

– "Pyotrun vəsiyyətnaməsi" adlı bir neçə sənəd var, ancaq bunlar saxta sənədlərdir. Yəni Pyotrun bundan xəbəri olmayıb. Gəlin, bir az Pyotr dövrünü təhlil edək. Əvvəla, Pyotrun ölümü gözlənilməz olduğundan, belə bir sənədin mövcudluğuna inanmaq gülüncdür. Amma hakimiyyəti özündən sonra kimə həvalə edəcəyi məsələsi Pyotru düşündürməli idi. O dövrdə Pyotrun öz nəslindən yaratdığı böyük imperiyanı idarə edə biləcək bir şəxsiyyət də gözə dəymir. Avropada olduğu kimi, Rusiyada 1722-ci ildə taxt-taca varislik haqqında fərman qəbul edilsə də, Pyotr öz varisinin adını belə çəkmir. Çünki ətrafında olanların heç biri, o cümlədən, arvadı və uşaqları da onun işinin davamçıları ola bilməzdi. Çünki Pyotr böyük qızı Annanı Rusiya taxt-tacının varisliyindən kənar etmişdi, kiçik qızı kefçil Yelizaveta isə onun yaratdığı ölkəni idarə edə bilməzdi. Odur ki, Yekaterina kəmsavad olsa da, Pyotr 1724-cü ildə onu imperatriça elan etdi.

Əslində I Pyotrun vəfatından sonra vəsiyyətnaməsinin olmamasına görə ölüm anlarında ağzından çıxan yeganə "Hər şeyi ona verin…" sözlərinin məhz Yekaterinaya aid olduğunu iddia edən tərəfdarları onu taxta oturtdular. Ruslar bu haqda "Pyotrun vəsiyyəti" adlı gözəl bir film də çəkiblər. Həmin film bir daha isbat edir ki, Böyük Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb.

"II Yekaterina Pyotrun "vəsiyyəti" ilə Osmanlını xilas etdi"

T.Cəfərli "Bəs "Pyotrun vəsiyyətnaməsi" adıyla ortaya çıxan sənədlər nəyə əsaslanır?" – sualına belə cavab verir: "İlk dəfə "Pyotrun vəsiyyəti" adlı sənədi ortaya çıxaran II Yekaterina (1762-1796) olmuşdur. Avstriya-Macarıstan kralı II İosif II Yekaterinanın yanına gəlir və rus dövlət başçısından Konstantinopolu tutmasına razılıq verməsini istəyir. Əvəzində isə Balkanları, Valaxiyanı və s. regionları Osmanlılardan alıb Rusiyaya verməyi vəd edir. II İosif bunu XVIII əsrdə bir çox Avropa dövlətlərinin qoşulduğu "Şərq məsələsi" adlı sazişə arxalanıb həyata keçirmək istəyirdi. Həmin sazişin mahiyyəti isə əl-ələ verib Osmanlı imperiyasını parçalayıb, bölüşdürməkdən ibarət idi. Yeri gəlmişkən, təəssüf ki, bizim tarix kitablarında bu haqda çox az yazılıb. II Yekaterina Avstriya-Macarıstan rəhbərinin təklifindəki böyük ərazilərin Rusiya üçün boşaldılmasının səbəblərini öz məsləhətçiləri ilə müzakirə edir. Onu başa salırlar ki, bu əraziləri II İosif tutsa da, iqtisadi baxımdan əldə saxlaya bilməyəcək, çünki ac bir regiondur. Rusiya bu təklifə razılaşdığı halda həmin ölkələri öz hesabına saxlamalı olacaq. Konstantinopolu II İosifə verməklə isə Osmanlıyla razılaşmaya əsasən hazırda gömrük rüsumu verməyən Rusiya Aralıq və Qara dənizləri arasındakı boğazlardan keçid üçün rüsum verməli olacaq. Bu da Rusiyaya baha başa gələcək və onu gücdən salacaqdır. II Yekaterina müdrik qadın idi. Anlayır ki, Osmanlı imperiyası dağıdılsa, Rusiyaya həm iqtisadi, həm də güclü siyasi zərər dəyəcək. Daha doğrusu, Osmanlı imperiyasının dağıdılması, elə Rusiya imperiyasının da çökməsinə gətirəcəkdir. II Yekaterina Avstriya-Macarıstan başçısına elə rədd cavabı verməli idi ki, Avropa dövlət başcılarına rusların "Şərq məsələsinə" dair sazişdən çıxmadığını isbat etsin.

Bu minvalla II Yekaterinanın köməkçiləri İosifi sakitləşdirmək üçün "Pyotrun Vəsiyyəti " adlı guya Pyotrun xətti ilə yazılmış saxta sənədi ortaya çıxarırlar. Və faktiki olaraq İosifin "Şərq məsələsi" planını həyata keçirtməsinin qarşısını alırlar. Rusiya buna icazə versəydi, Osmanlı imperiyasının Avropa ölkələri arasında bölüşdürülməsi hələ XVIII əsrin ortalarında baş tuta bilərdi. Məsələ ondan ibarət idi ki, "Pyotrun vəsiyyətnaməsi"ndə Konstantinopolun ruslar tərəfindən alınmasını vəsiyyət etməsi və II Yekaterinanın imperiya ənənələrinə uyğun olaraq bu "vəsiyyət"i poza bilməməsi İstanbulun işğalının qarşısını aldı. Bundan əlavə, Rusiya imperatriçası belə zənn edirdi ki, iki imperiyanın toqquşması, onun da ölkəsinin dağılmasına gətirib çıxarar. Faktiki olaraq II Yekaterina olmayan yalançı "vəsiyyətnamə"dən istifadə etməklə Osmanlı imperiyasını dağılmaqdan qorudu.

Sonrakı dövrlərdə də Rusiya siyasi elitası Osmanlı imperiyasının dağılmasına qarşı olub, çünki II Yekaterinanın nəvələri və onların övladları da bu siyasi xətti saxlayırdılar. Ruslar heç vaxt Osmanlıya qarşı koalisiyada vuruşmadılar, bu ölkənin bölünməsinə razılıq vermədilər. Tarix bunu sonralar da isbat etdi. Bununla belə, Rusiya imperiyası özü Osmanlı torpaqlarını zəbt etmək planlarından əl çəkmirdi…".

II Yekaterina dönəmindən 2 əsrdən çox zaman ötsə də, Pyotrun vəsiyyətnaməsi bu gün də gündəmdədir və bir sıra geosiyasi proseslərdə önəmli rol oynayır.

"Avropa həmişə Osmanlı ilə Rusiyanı toqquşdurmağa çalışıb"

T.Cəfərli bunu belə izah edir: "Avropa həmişə Osmanlılarla – Türkiyə ilə rusları toqquşdurmağa çalışıb. Çünki həmin ölkələrin toqquşması Şərqin qapılarını Avropanın üzünə taybatay açırdı. Odur ki, Napoleonun ətrafı bu planı həyata keçirmək üçün Pyotrun "vəsiyyətnaməsi"nin ikinci variantını ortaya çıxartdı. Napoleon Rusiyaya təcavüzünə Osmanlı imperatorunun yanında haqq qazandırmaq və onu özünə müttəfiq etmək üçün belə bir "vəsiyyətnamə"nin olmasını iddia etdi və bunu Osmanlı imperatoruna göstərməklə onu özünə müttəfiq etdi. Ancaq Osmanlı imperatoru sonradan müdrik tərpəndi və Rusiyaya qarşı getmədi…

Pyotrun olduğu iddia edilən həmin "vəsiyyətnamə" isə yalnız fransız dilində mövcuddur, rus dilində orijinalını görən bir nəfər belə olmayıb. Türkiyənin tarix kitablarında da bu "vəsiyyətnamə"dən bəhs edilir. Təəssüf ki, onun saxta olmasından heç kəs yazmır. Maraqlıdır ki, Türkiyə alimləri də bu sənədin saxta olduğunu bilmirlər…

Əslində bu "vəsiyyətnamə" ilə Qərb ölkələri həmişə Türkiyəni Rusiyaya qarşı qoymaq üçün ikincinin Türkiyə üçün daimi düşmən obrazını yaratmaq istəyirdilər.

Pyotrun "vəsiyyətnaməsi"ndən hətta faşist təbliğatının bosu Gebbels də yararlanaraq Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirdi. Amma türklər buna getmədilər.

"Türkiyədə Pyotrun "vəsiyyətnaməsini ermənilər yaydırır"

Beləliklə, Avropa diplomatlarının hazırladığı bu geosiyasi yalanın heç bir əsası yoxdur. Həqiqətən Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Tarixçilərimizin olmayan sənəd haqqında irəli sürdükləri fərziyyələr isə heç biri çərçivəyə sığmır. Onillərdir ki, düşmənlərimiz yalançı və saxta vəsiyyətnaməni Türkiyədə yaymaqla faktiki olaraq, Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını alırlar. Bu, Qərbdəki erməni diasporunun aktiv oyunlarından biridir. Əgər son dövrdə Pyotrun Türkiyə və Azərbaycanda yayılan "vəsiyyətnamə"lərinin haradan ortaya çıxdığını araşdırsaq, bunun Ermənistandan qaynaqlandığını görərik. Burada məqsəd isə Türkiyəni Rusiyaya qarşı qoymaqdır. Çünki bu iki böyük dövlətin toqquşması, ermənilərin xeyrinədir. Bu ölkələrin yaxınlaşması isə Ermənistanın regionda əhəmiyyətini itirir. Pyotrun "vəsiyyətlər"inin mövcudluğundan danışan bəzi tarixçilərin bilərəkdən, ya bilməyərək erməni xüsusi xidmət orqanları tərəfindən idarə olunduğuna da inanıram. Onlar ermənilərin Türkiyəni Rusiyaya düşmən etmək məqsədini həyata keçirirlər. Onu da bilmək lazımdır ki, bu saat AvropaABŞ-da Rusiya-Türkiyə yaxınlaşmasından çox qorxur. Səbəb: iki qüdrətli ölkənin dostluğu, Avropanın böyük Rusiya xammal bazarını itirməsi və bunun nəticəsində Türkiyənin yeni güc mərkəzinə çevrilməsidir".

Qərbin Orta əsrlərdən başlayaraq siyasətinin mahiyyəti məşhur italyan filosofu siyasətçisi Makiavellinin "Parçala, hökm sür!" prinsipidir. Qərb bu prinsipə söykənərək Osmanlı imperiyasını dağıtdı. Şah İsmayıl Xətai və Sultan Səlim toqquşmasının arxasında da Qərb dururdu. Qafqazın Rusiyanın tərkibinə keçməsi də Osmanlı-İran qarşıdurmasının nəticəsidir. Səbəbkarları, əlbəttə ki, Qərb və onların "parçala, hökm sür!" siyasətidir. Əgər İran- Osmanlı müharibəsi olmasaydı, bu saat müsəlmanlar dünyanın ağası idilər. İndiki dövrdə də bu siyasət davam edir. Güclənən Türkiyənin regionda nüfuzunu heç etmək üçün İranla Qərbin birləşdiyinin şahidi oluruq. İran-Türkiyə birliyi çox vacib məsələdir. Əfsuslar olsun ki, Türkiyə bu birlik üçün ciddi addım atmır. Bu saat ABŞ Bzejinskinin "Böyük şahmat taxtası" kitabındakı göstərişlərə əməl edərək İrana yaxınlaşır. Çünki İran-ABŞ birliyindən fövqəldövlətin gələcək taleyi asılıdır. Bütün proseslər onu göstərir ki, ABŞ Səudiyyə Ərəbistanının geosiyasi funksiyasını İrana vermək istəyir. Daha düzünü desək, İranı regionda öz müttəfiqinə çevirərək gücləndirmək istəyir. Bu saat Yəmən, Suriyaİraqda gedən proseslər də buna dəlalət edir…".

Tahir Cəfərli(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar