Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdeya olmayanda səhnəyə şarlatanlar çıxır


Bir müddət əvvəl bir yoldaşım bu günlərdə iştirakçısı olduğu bir tədbirdən danışmışdı


10-15 adamın toplaşdığı mərasimdə lektor millətlərin iyerarxiyasından söz açır.

Əvvəlcə türk xalqının vaxtilə Avropanı fəthini yada salır (bir xalqın başqalarını əsarətə salmasında görən fəxr edəsi nə var! Niyə bunu amerikanlar, ingilislər edəndə - pisdir, türklər edəndə - yaxşıdır?!), sonra Putinin özünü türk adlandırdığını söyləyir, hətta balaca Buşdan onun özünün də xəbərsiz olduğu sitat gətirir.

Buş TV-də deyibmiş ki, “Mən türk əsilli ingilis əsilzadəsiyəm” (?!).

Yoldaşım lektordan bunu ingiliscəmi dinlədiyini soruşanda, “yox, rus aparıcı tərcümə edirdi” cavabını verib.

Yoldaşım qərara gəlib ki, birtəhər sussun, sonra da bu mənasız yerdən uzaqlaşsın. Alınmayıb. Başabəla “ideoloq”un bir şedevri onu özündən çıxarıb.

Lektor isə deyib: “Amerika alimləri müəyyən edib ki, azərbaycanlıların kodu İlahi koda ən yaxın koddur”.

Bura çatanda yoldaşım sual verib: “İlahi kod nədir?”.

Cavab: “Tanrının kodu da...”

Sual: “Yəni o, məlumdur?”.

Cavab: “Məndən nə istəyirsən, get amerikalılardan soruş...”

Yoldaşım danışır: “Fikirləşdim, bu adam şizofrenikdir. Tanıyanlardan soruşdum, dedilər, biznesmendir, neçə şirkəti var, ev tikir”.

Yoldaşım deyir: “Mən elə bilirdim, bu tip mastodontların nəsli çoxdan kəsilib. Bu cür sərsəmləmələri 1990-ların əvvəllərində eşidərdik. Sən demə, o paranoiklər hələ də sağmış”.

Ondan fərqli olaraq bu tip personajların və onların hətta kristallaşmadan uzaq olan sayıqlamalarının mövcudluğu mənim üçün təəccüblü olmadı. 20-25 il əvvəllə müqayisədə elmi və savad dərəcəsinə görə cəmiyyət olduqca aşınıb, deqradasiyaya gedib. Bu vəziyyət isə hər cür sərsəmləmələr üçün münbit şərait deməkdir.

Cəmiyyətlər dəyər və ideologiyasını itirəndə insanlar ya ənənəyə qayıdırlar, ya da ilğımlara və paranoidal düşüncəyə tapınırlar. 1990-ların əvvəlindəki ideya vakuumunda ön cərgəyə kaşpirovskilər, çumaklar, lonqolar, cunalar, hər cür apokaliptik sektalar çıxmışdı.

O geniş areallı şarlatanların lokal formaları isə Azərbaycanda hər cür baxıcı-görücülər, “peyğəmbərlər” idi.

İndi cəmiyyət yenə ideyasızdır. Yenə səhnəyə çeşidli şarlatanlar və psixi anormallar çıxır. Bu ssenarini əvvəllər bir dəfə yaşamağımız isə heç də ona immunitetin olması demək deyilmiş. Pis ssenarilərin təkrarlanmaq adəti var.

Bu yolla insanlar mənasız mövcudluğun qapalı dövrəsindən qurtarmağa çalışırlar. Ancaq “Şüurun yuxusu dəhşətlər yaradır”. Dəyərsiz cəmiyyətlərdə yeni dəyərlərin bərqərar olması çox çətin problemdir, daha asanı hər cür sərsəmləmələri orijinallığa bələyib cəmiyyətə təlqin etməkdir. Nəyinsə elmi izahını hazırlamaq əziyyət və bilik tələb edir, ancaq elmi miflərlə və nağıllarla əvəzləmək asan və cəlbedicidir.

Bir sözlə, indiki cəmiyyəti total inkar etmək cəhdləri heç də həmişə yeni dəyərlərin işlənib hazırlanması ilə nəticələnmir. Çox vaxt sadəcə etiraz çıxış yolu kimi sırınır. Halbuki köhnə dəyərlərə meydan oxumaq böyük məsuliyyət - əvəzində yeni dəyərlərin bərqərar olmasını - tələb edir. Əks halda bizi xaos və “beyinlərdə sıyıq” gözləyir.

Nə əcaib ki, total və əsaslandırmadan inkar dəbi intellektual sahəyə də təsir edir. Məsələn, bir dəfə mərhum Asif Ata (Əfəndiyev) ilə köhnə bir müsahibəni oxuyurdum. Erudisiyasına şübhə etmədiyim birisi o müsahibəyə münasibət bildirərkən Asif Atanı “stalinst və hizbullahçı” adlandırmışdı.

Bu ki lap ağ oldu! Asif Əfəndiyevin fikirləri sizə çox uzaq ola bilər (elə mənə də yaxın deyil), ancaq İslamdan uzaq birisini “hizbullahçı”, repressiyaya məruz qalmış mötədil kommunisti “stalinist” adlandırmaq elementar həqiqəti inkar etmək deyilmi?!

İnkar xatirinə inkar - rasional deyil. Necə deyərlər, “gəlib çatdıq...”

***

Dövrləri həm də parazit sözlər xarakterizə edir. Bu tip sözlər konkret sarsıntı və dəyişiklik dövrlərində aktuallaşır, geniş yayılır, kataklizmlər bitəndən sonra isə yoxa çıxırlar.

Bizim illərimizdə nadir söhbət, nitq, müraciət, müsahibə “demək olar ki” və “necə deyərlər” kəlmələri olmadan ötüşür. Bunlar parazit sözlərdir. Onlar nitqi rəvanlaşdırmır, fikri aydınlaşdırmır. Əksinə. Onlar situasiyanı daha da qarışıq və qeyri-müəyyən edir.

Qayıdaq 20 il əvvələ. Ya ondan da əvvələ. O vaxtın mətnlərini, kitablarını, qəzet-jurnallarını gözdən keçirək. O vaxtkı müəllimlərimizin dərslərini, dost-qohumlarımızın söhbətlərini xatırlamağa çalışaq. Nə alınır? O alınır ki, o vaxtlar bu parazit sözlər yox idi. Sadəcə və vəssalam.

Heç bir qəzetdə “Demək olar ki” ilə təsvir başlamır, “Necə deyərlər” ilə fikir ifadə olunmurdu. Yazılan da, deyilən də konkret və müəyyən idi. Və dildə bu parazit sözlər yox idi.

Sonra gəldi “qaranlıq 90-lar”. Bütün dayaqlar uçuruldu, istinad nöqtələri götürüldü. Dünən qaralandı, bu gün inkar edildi, sabah qeyri-məyyənləşdi. Və hər şey “demək olar ki”yə, “necə deyərlər”ə büründü.

Harada yaşayırıq? “Demək olar ki, demokratiyada” və “Demək olar ki, diktaturada”. Azadıqmı? “Necə deyərlər, azadıq” və “Necə deyərlər, əsarətdəyik”.

Dünya özü boyda qeyri-müəyyənliyə büründü. 2 dəfə 2 “necə deyərlər 4” oldu, dünənki bürokrat-çinovniklər bu gün “demək olar ki, demokrat”a çevrildi.

Bu, təbii idi. Parazit dövrlərin parazit sözlərlə zəngin leksikonu olur. Bu leksikonda vicdanlı adam - “demək olar ki, maymaq”dır, sonuncu əclaf isə “necə deyərlər, bacarıqlı adam”dır.

Koordinatlar sürüşüb, işarələr yerini dəyişib və məntiq qüvvədən düşüb. “Necə deyərlər”lər və “demək olar ki”lər özlərini cəmiyyətin elitası elan ediblər. Nə vaxtsa - ikiqütblü, mənfidən və müsbətdən ibarət dəyərlər sistemində onların konkret mövqeyi və qiyməti vardı. Ya da ən azından “nə ət, nə balıq”dılar. İndisə onlar dəyərlərin dəbverəni, dəyərsiz məmləkətin elitasıdırlar.

Bəli, onlar qalib gəldilər. Nə müddətə? Deyə bilmərəm. Ancaq onlar bu müəyyən qələbəni konkret, tamamilə müəyyən dillə ifadə edə bilməzlər. Onlar deyə bilməzlər ki, ölkə azaddır, xalq xoşbəxtdir, özləri isə ağıllı və savadlıdırlar. Bu cür demək çox gülünc səslənərdi - axı ətraf problemlə doludur, neqativlər göz deşir...

Odur ki, ölkəni də, özlərini də parazit sözlərlə təsvir edirlər. Yəni ölkədə “demək olar ki, demokratiya”dır, özləri isə “necə deyərlər, ağıllı və savadlıdırlar”.

Parazit dövrdən qurtulmaq üçün həm də parazit sözlərdən qurtulmalıyıq. Bizim indiki leksikonumuz bir tərəfdən normal illərimizdən qalıb (yaxşı nə varsa), digər tərəfdən isə hazırkı dövrün yetişdirməsidir (pis və parazit nə varsa).

Nəticə? Dil aparatı dəyişməlidir. Parazit sözlər həqiqəti pərdələməməlidir. Əvvəl-axır, insan dünyanı sözlə dərk edir. Və bu illərimizi izah etməyə qadir Söz, nitq aparatı hazırlanmayınca şüurlarda heç bir intibahdan söhbət gedə bilməz.

Qeyri-müəyyən ifadə tərzi müəyyənliklə əvəzlənməlidir. Bu, baş verməyincə biz parazit-sözlərlə danışıb parazit dövrdə də qalacağıq. Bu dəfə “necə deyərlər”siz...

Məmməd SÜLEYMANOV(virtualaz.org)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar