Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlahiyyatçı Elşən Mustafaoğlu həbs olundu



MTN Elşən Mustafaoğlunu 3 gün saxladıqdan sonra Səbayel Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib


Tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. 

Ötən həftəsonu yayılan məlumatlarda qeyd olunur ki, ilahiyyatçı 3 gün MTN-də saxladıqdan sonra barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hələlik, ilahiyyatçının hansı maddə ilə ittiham olunduğu rəsmən elan edilməyib. Şənbə günü Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən “AzVision.az”a bildiriblər ki, ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində heç bir məlumatları yoxdur.

Elşən Mustafaoğlu Azərbaycanda kifayət qədər tanınmış ilahiyyatçı və ictimai xadimdir. Bu səbəbdən onun həbs xəbəri şok effekti verib, sosial şəbəkələrdə gedən müzakirələrdə onun həbsi ilə bağlı bir çox fikirlər yayılıb. Hər kəs üçün gözlənilməz olub.

***
Onun ömürlüyünü qısa şəkildə belə yaza bilərik: 

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.
1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib. 10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində fəlsəfə tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışır. 2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.
2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib. 2006-2007-ci illərdə “İctimai” TV-də “Cümə söhbəti” verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub. 2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.
30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış edib. Ailəlidir, 2 qızı, 1 oğlu var.
***

Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə üzrə çalışıb və bu ilin əvvəllərində ölkəsinə qayıdıb. Bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı. Hələlik, onun hansı səbəbdən saxlanıldığı və hansı maddə ilə ittiham olunduğu rəsmən açıqlanmayıb və geniş ictimaiyyət də bu barədə bir şey bilmir.  E.Mustafaoğlu siyasi proseslərə qarışmayıb, daha çox dini, milli-mənəvi dəyərlər mövzularında çıxış edib. Ziyalı və savadlı gənc mütəxəssis kimi ictimaiyyət arasında böyük nüfuz qazanıb. Belə bir şəxsin qəfil həbsi cəmiyyətdə çaşqınlıq yaradıb. Qeyd edək ki, bəzi media orqanlarında Elşən Mustafa oğluna qarşı 274-cü (dövlətə xəyanət) və ya 167-ci (dini ayinləri icra etməyə mane olma və ya dini etiqada məcbur etmə) maddələrlə ittiham olunması barədə xəbərlər yayılsa da, bu məlumatlar rəsmən təsdiqini tapmayıb. Eyni zamanda, gözlənilir ki, bu gün rəsmi qurumlar Elşən Mustafaoğlunun həbsi ilə bağlı məlumat yayacaqlar.

“Yeni Müsavat”dakı ilkin məlumatda isə göstərilir ki, ilahiyyatçını 274-cü maddə ilə ittiham edirlər. Xüsusi ilə ağır maddə olan 274 “Dövlətə xəyanət” ittihamını özündə ehtiva edir. 
***
Bəzi media orqanlarında E.Mustafaoğlunun ötən ayın sonunda İranda keçirilən beynəlxalq təkfirçilik əleyhinə konfransda iştirak etməsi haqda xəbərlər yayılıb, onun Şeyxülislam da daxil olmaqla bir qrup nüfuzlu ilahiyyatçı ilə çəkdirdiyi birgə şəkili yayılıb. Qeyd etdiyimiz kimi, E.Mustafaoğlu artıq bir neçə aydır ki, QMİ-də informasiya şöbəsində işə düzəlib, orda çalışırdı. 
Qeyd edək ki, QMİ-nin mərkəzi aparatında işləyən, Şeyxülislamla birlikdə xarici tədbirlərə gedən bir nəfərin bu şəkildə qəfil həbs olunması nəzərləri QMİ sədrinin üzərinə çəkir. Hələlik, QMİ E.Mustafaoğlunun həbsinə münasibət bildirməyib. Ancaq sözsüz ki, Şeyxülislam bu hadisədən narahatdır. Yeri gəlmişkən, bu, QMİ-nin mərkəzi aparatında çalışan şəxsin həbs olunması ilə bağlı ikinci hadisədir. İki il əvvəl QMİ-də çalışan daha bir ilahiyyatçı ağır maddə ilə həbs olunub. Bu mənada E.Mustafaoğlunun həbsinin Şeyxə də zərbə kimi qiymətləndirilə bilər.  

Artıq bir sıra ictimaiyyət nümayəndələri Elşən Mustafaoğlunun həbsinə münasibət bildiriblər. Politoloq Ərəstun Oruclu facebook hesabından E.Mustafaoğlunu tanıdığını və onun dini radikalizmdən uzaq, mütərəqqi bir ziyalı kimi tanıdığını qeyd edib: “Hər zaman yüksək mədəniyyətə, mütərəqqi düşüncəyə, geniş dünyagörüşünə malik olan vətənpərvər insan kimi tanımışam. Tanıdığım 2 ilə yaxın müddətdə bu insanda zərrə qədər də dini radikalizm əlamətinə rast gəlmədim. İndi onu da həbs ediblər, özü də çox absurd bir ittihamla. Özü də elə özlərinin cızma-qara etdikləri ”qanunları" növbəti dəfə ayaqları altına alaraq. Ölkənin yüzlərlə vətəndaşının əlinə silah götürüb, İraqda, Suriyada terrorçu dəstələrin sıralarında döyüşdüyü və belələrinin Azərbaycanın gələcəyinə təhdid yaratdığı bir zamanda, vəzifəsi onlarla mübarizə aparmaq olan dövlət qurumlarının Elşən Mustafaoğlu kimi sağlam düşüncəli insanı həbs eləməsi bir tərəfdən də anlaşılandır. Məqsəd ölkəni müxtəlif qəbildən olan terrorçu, ekstremist radikallardan təmizləmək yox, özlərini istənilən kəsimdən olan sağlam düşüncəli insanlardan sığortalamaqdır, çünki birincilərlə hər zaman asanlıqla dil tapa biləcəklərinə əmindilər. Elə mənim də buna əmin olmaq üçün kifayət qədər əsaslarım var".
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu öz facebook səhifəsində tanınmış ilahiyyatçı Elşən Mustafaoğlunun həbsinə reaksiya verib. Açıqlamada deyilir: “Xəbər verildiyi kimi, tanınmış maarifçi və ictimai fəal Elşən Mustafaoğlu həbs edilib. Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən, Elşən Mustafaoğlu kimi bir ziyalı barədə həbs-qətimkan tədbiri seçilib.

Mən Elşən Mustafaoğlunu illərdir tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib.
Mustafaoğlunun həbsinə inanmaq olmur. Məmləkətin sayılı maarifçilərindəndir Elşən Mustafaoğlu. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib.

Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli ictimai bir şəxsdir.
Bəs nə baş verdi?!

Elşən Mustafaoğlu kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qətimkan tədbiri seçdilər?! İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, baş verən bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək.

Allaha pənah...".

“Yeni Müsavat” qəzeti onda olan ilkin məlumat əsasında bildirir ki, E.Mustafaoğlunun həbsi əsasında, daha bir neçə tanınmış şəxs istintaqa cəlb ediləcək. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar