Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevdən ilginc açıqlamalar


Prezident müxalifətə xaricdən yardım adı altında milyonlarla vəsaitin ötürüldüyünü bəyan etdi; ölkə başçısının dediklərinə Müsavat Partiyasından cavab gəldi...


Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik təsisatlar var”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev ötən həftənin sonunda Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Ölkə başçısı əlavə edib ki, Azərbaycanın dəyərləri əsas dəyərlərdir: “Əlbəttə ki, biz ümumbəşəri dəyərləri bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir.

Ancaq bizim xalqımızın özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən Azərbaycan vətəndaşıyam! Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Ancaq daha inkişaf etmiş ölkələrdə, təbii ki, bu, özünü daha da yüksək səviyyədə büruzə verir. Hesab edirəm ki, vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır”.

Prezident qeyd edib ki, indi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər: “Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə, guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik. Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz”.

Ölkə başçısı son zamanlar dünyada baş verən bəzi proseslərdən də danışıb: “İndi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır. Əgər 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıb, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır”.

Ölkə başçısı yaxın tarixi xatırladıb: “Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdı. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik.

Ona görə siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir. Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və sizinlə də keçməməlidir. Ona görə siz də bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız".

İlham Əliyev deyib ki, Azərbaycana xaricdən heç bir yardım, kömək lazım deyil: “Lazım olanda onsuz da heç kim bizə kömək etməyib. Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür.

 O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyillidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. 

Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər”.

Azərbaycanın aparıcı müxalifət təşkilatı olan Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu ölkə prezidentinin ittihamlarına münasibət bildirib. Mehman Cavadoğlu deyib ki, bu ittihamlar Müsavata aid edilə bilməz. Çünki Müsavat Partiyası həmişə Azərbaycan qanunlarına əməl edərək fəaliyyət göstərib: “Xarici donor təşkilatlar maliyyə yardımını, qrantı siyasi partiyalara yox, QHT-lərə verirlər. Müsavat Partiyası sırf siyasi qurum olduğu üçün xarici təşkilatlardan qrant ala bilməz və heç vaxt almayıb. Müsavat Partiyası indiyə qədər xaricdən heç bir təşkilatdan bir manat da olsun maliyyə almayıb. Xaricdən maliyyə almaq həm Azərbaycan qanunlarına ziddir, həm də donor ölkələrin də əksəriyyətinin qanunlarına ziddir. Ona görə də Müsavat qanunlara hörmət və əməl edən bir siyasi partiya olaraq, heç vaxt xaricdən maliyyə almayıb. Məncə, bu iddia QHT-lərlə bağlı məsələ ola bilər. Bu məsələdə isə daxili mətbəxi o qədər də dərindən bilmirəm. Ona görə də bir fikir bildirə bilmirəm”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar