Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnək xoşbəxtliyi


Dükandan ayran almışdım, evdə uşaq ayranın qabının üstünü oxuyub mənə deyir: “Ata, buna bax, inək xoşbəxtdir”


 Elə bildim uşaq məni dolayır, çünki təhsil sistemimizin dəhşətli, fısqırıq inkişafı üzündən bu saat uşaqların valideynlərini barmağına sarıması adi haldır.

Doğrusu, mən bunun əleyhinə deyiləm, hətta dəstək verirəm, çünki Azərbaycan kimi ölkədə doğruçu uşaq böyütsən, zəhləm getmiş şablonla desək, “həyata atılanda” ona çox çətin olacaqdır. Ona görə də, tanıdığım uşaqlar bir yalan danışanda mən beşini üstünə qoyuram. Tarix dərsliyində ölkəmizin 1993-cü ildə xilas olunması yazılıb, mən bunu uşağa “Planet xilas edilib” şəklində öyrədirəm. Uşaq “Ata, ümumdünya cazibə qanunu necədir” soruşanda mən “Azərbaycan dünyaya Günəş kimi doğmuşdur!” deyirəm. Başqa yolumuz yoxdur. Məşhur məsəldə deyilən kimi, müqavimət göstərə bilmirsənsə, heç olmazsa ləzzət almağa çalış. 
Burada bir haşiyə çıxım. Təzəlikcə çox qəddar bir elmi məlumat öyrənmişəm. 

Zorlamaya məruz qalan qadınların hamilə qalmaq ehtimalı öz razılığı ilə cinsi əlaqədə olan qadınların hamiləlik ehtimalından qat-qat yüksək imiş. Zorlama cinayətlərindən sonra hamiləlik ehtimalının yüksəkliyi əslində anormal görünür. Axı burda stress, əzab var, normalda bədən yad qüvvənin təsirini rədd etməlidir. Amma etmir. Sən demə, bu, təkamül nəzəriyyəsi ilə izah olunur: zorlamaya məruz qalan qadının orqanizmi nəsil davam etdirmək üçün güclü kişinin toxumlarına üstünlük verirmiş. Təbii seçmədə güclülər qalib gəlir. Bunu siyasi sistemlərə, xüsusən avtoritarizmin, repressiyanın dayanıqlı olmasına da aid eləyə bilərik. Cəmiyyət zorakılığa uzun müddət məruz qalanda onun toxumlarını daha müsbət qəbul edir, “güclü liderin” davamçısı olmağı yaxş hal sayır. Avtoritar rejimlərdə güc strukturlarına kütləvi pərəstiş, hər kəsin uşağını polis, prokuror qoymağa çalışması da elə həmin “təbii seçmənin” nəticəsidir. 

Qayıdaq ayranımızın yanına, yoxsa kimsə oğurlayıb içəcək. Qabın üstünü oxuyanda gördüm orada həqiqətən də “Xoşbəxt inək südündən” yazılıbdır! Firmanın adını reklam və ya antireklam (bizim ölkədə hansıdır - kim bilir?) olmasın deyə yazmıram, ancaq Ağcabədidə, Ağabəyli kəndində istehsal edildiyini xüsusi bildirməliyəm. İçində bu qədər ağ, ağa, bəy adı olan yerdə inək xoşbəxt olmağa məhkumdur. 

Bəli, ölkəmizdə xoşbəxtlik aşıb-daşır, artıq insanlarımıza bəs eləmir, inəklərə də bu xoşbəxtlikdən pay düşməyə başlamışdır. Bu ayran qabını adi marketinq fəndi, reklam şüarı kimi qəbul etməyin əleyhinəyəm, burada respublikamızın analoqu olmayan tərəqqisinin parlaq güzgüsü vardır!

Avam adamlar deyə bilər ki, xoşbəxt inəyin südü ilə bədbəxt inəyin südü arasında hansı elmi fərqlər var, ümumiyyətlə, inəyin xoşbəxtliyi nə ilə ölçülür. Halbuki, bunlar çox sadə həyat həqiqətləridir. Elementar bir misal çəkim: sizcə İsveçrədə, Alp çəmənliyində çiçək qırpan ala gözlü, şokolad kağızına şəkil çəkdirən və bunu İnstaqramda yayan inəklə Azərbaycanın hansısa Aran rayonunda yol qırağında qanqal otlamaqdan ağzı dəvə ağzına bənzəyən, qabırğaları Bakıdan görünən, az süd verdiyi üçün əmcəyi dartılıb yerə dəyən və hər gün yiyəsi tərəfindən eşşək kimi döyülən inəyin fərqi yoxdurmu? Yaxud, Hindistanda inəklər bəzi ölkələrdəki adamlardan yaxşı yaşayırlar. 

Şübhəsiz, inəklərin xoşbəxtliyi deyilən bir şey vardır. Bizim inəklər də bu xoşbəxtliyə çatıblarsa, niyə sevinməyək? Hətta yaxşı olar bu xoşbəxt inəkləri kosmosu tədqiq proqramımıza qoşaq, növbəti “Azərsat” peykində uçurdaq. Mən biləni, kosmosa it, meymun uçurdan olub, hələ inək olmayıb. İlkə imza atarıq, axı biz dünya lideriyik. 

Pis-yaxşı ot var (dünyada böhrandır, Mərakeşdə hətta keçilər ağaca dırmaşıb yarpaq yeyir), il boyu məmələr sığallanır, ildə bir dəfə də kələ gəlir - inək xoşbəxtliyi üçün başqa nə lazımdır ki? Heç nə. Qalır o xoşbəxt inəyin südünü xoşbəxt xalqa içizdirəsən. 

Zamin HACI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar