Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnqilab faciəli məzhəkəyə çevriləndə...


“İnqilabın başlanğıcı olur. İnqilabın sonu olmur”


1968-ci ilin mayında Paris tələbələri də bu sözləri qışqırırdılar, ancaq artıq sentyabrda heç kəs onu təkrarlamırdı. Demək ki, inqilabın sonu da olurmuş.

Vaxtilə Lev Trotskinin söylədiyi kimi: “Deyirlər, inqilab yetişib. Bilmirlər ki, o, çürüyə də bilir”.

Qahirədə Misir tarixində demokratik yolla seçilmiş ilk və yeganə prezident Məhəmməd Mursi ölüm hökmünə məhkum edildi. Deyənlər tapılacaq ki, vəssalam, Misir inqilabı bitdi və qapandı, səhifə örtüldü, elə bu da sizə inqilabın sonuna dair növbəti misal. Belədirmi? Çətin ki.

Misir inqilabı nə Mursiyə mayın 16-də elan olunan hökmlə, nə də 2013-cü ilin iyulunun əvvəlində onun hərbi çevriliş vasitəsilə devrilməsindən sonra bitib. Kiminin “tvitter inqilabı”, kiminin də “piramidalar inqilabı” adlandırdığı o hadisələr əslində çox-çox əvvəl bitmişdi.

Hələ Hüsnü Mübarək hakimiyyəti təhvil verməmişdi, Təhrir meydanında etirazlar və qarşıdurmalar davam edirdi - İnqilab isə artıq uduzmuşdu. Misir hadisələrinin başqaları üçün (o cümlədən bizim üçün) verə biləcəyi əsas dərs də elə bundadır: xalq hələ küçələrdədir, inqilab isə artıq uduzub.

Xatırlayaq: 2012-ci ilin 25 yanvarında, Tunisdəki etiraz çıxışlarından azacıq sonra Misirin Təhrir meydanındakı hərəkatın əsas iştirakçıları və avanqardı kimlər idi?

18 gün davam edən və fevralın 11-də Mübarəkin 31 illik hakimiyyətinə son qoyan o etirazları Qərb yönümlü, kübar gənclər başlamışdı. Onlara lider kimi isə MAQATE-nin keçmiş rəhbəri, nobeliat Məhəmməd əl-Baradey sırınmışdı.

O hadisələrin xronologiyasını, qüvvələr nisbətinin, iştirakçıların tərkibinin günü gündən necə dəyişdiyini rejissor Con Elpertin “Təhrir meydanında: 18 bitməyən gün” sənədli filmindən də izləyə bilərik. Vaxtilə sandinistlərin Nikaraquadakı qələbəsini (1979) və Filippində diktator Markosun devrilməsini (1986) lentə köçürmüş Elpertin meydanı günbəgün təsvir edən filmindən də görünür - Təhririn ilk həftəsində orada islamçılar yox idi.

Bəs haradaydı “Müsəlman qardaşları”? Faktdır: onlar həmin günlərdə nəinki Təhrir meydanındakıları müdafiə etmir, üstəlik, Mübarək rejimi ilə danışıqlar aparırdı. Onlar inqilabçıların yox, Mübarəkin və hərbçilərin yanında idi.

Sonra Təhririn mənzərəsi bir anda dəyişilir - Meydana islamçıların çoxsaylı ordusu təşrif buyurur, yaşıl bayraqlar, şəriət dövləti qurmaq şüarları səslənir, Meydan kütləvi namaz yerinə dönür. Və kübar etirazçılar bütün təşəbbüsü itirərək islamçıların lokomotivinə calanmış vaqona çevrilir. Bu metamorfozdan və onun gətirdiyi fəsadlardan narahat olan qoca əl-Baradey hətta hərbçilərə Meydana müdaxilə etmək xahişində bulunur.

Görünən odur ki, müasir “rəng inqilabı”nın ssenariçiləri istəklərinə nail olmaq üçün əvvəlcə kübar etirazçılardan yararlanır, hansısa anda isə səhnəyə islamçıları buraxırlar.

Təkcə Misirdə yox, Tunisdə də, Suriyada da, Liviyada da bu cür oldu. Və öz ölkəsi üçün gözəl gələcək, qələbə arzulayan sivil narazılar bu tələni bir an da olsa unutmamalı, antidot hazırlamalıdırlar. Əks halda onların dirənişini acı məğlubiyyət, arzularını peşmançılıq, ölkənin gələcəyini isə daha zülmət qaranlıq gözləyir. Elə bu sadəlövhlük və əsassız entuziazm da Misir inqilabının hələ Mübarək devrilməmiş məğlubiyyətlə bitməsini şərtləndirdi. Üstünlük və təşəbbüs islamçılara verildi.

Hərəkat başlayanda Məhəmməd Mursi həbsdə idi. O günlərdə məhbəslərdən təxminən 20 min islamçı qaçaraq azadlığa çıxdı. Onlardan biri də keçmiş mühəndis, ABŞ universitetlərində pedaqoq işləmiş, Misirə 1985-ci ildə dönəndən sonra “Müsəlman qardaşlar”a qoşulmuş Mursi idi. Artıq qaçanların sayı baş verənlərin spontan yox, ssenarini bir hissəsi olduğunu fərz etmək üçün “qida” verir.

Mübarəkin devrilməsindən sonrakı 1 ildə Mursinin “Azadlıq və ədalət partiyası” hərbçilərin xeyir-duası, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin yardımı ilə gücləndi, böyüdü, varlandı, sonunda isə leqal yolla hakimiyyətə yiyələndi. Mursi 2012-ci ilin iyununda seçkiləri uddu, ikinci turda 52 faizə yaxın səs topladı və şəriət dövləti qurmağa başladı. Bu da inqilabın “meyvə”ləri.

Bir il keçdi, kübar narazıların təzyiqləri, Misirin yenidən xaosa sürüklənməsi fonunda hərbçilər 2013-cü ilin 4 iyulunda hərbi çevriliş edərək demokratik yolla hakimiyyətə yiyələnmiş qanuni prezident Mursini hakimiyyətdən uzaqlaşdırdı. Vəssalam, dövrə qapandı.

Baş verənlər dünyada nümayəndəli demokratiyanın problemlərini bir daha göstərmək üçün də əyani misaldır. Axı Mursi tam demokratik şəraitdə seçilmişdi. Lap Adolf Hitler kimi. Bu isə müasir dünyada demokratik seçki apologetləri üçün heç də xoşagələn fakt deyil.

İnqilabın artıq Təhrirdəcə uduzmasından sonra baş verənlər əslində uzun bir məzhəkənin hissələridir. Sadəcə heyf ki, bu məzhəkə bütöv bir xalqın faciəsi ilə müşayiət olunur (Lap Teo Angelopulosun adı bu günlə səsləşən “Məzhəkəçilər” filmindəki kimi). Onun son səhnəsi isə Məhəmməd Mursiyə çıxarılan ölüm hökmüdür.

Belə ki, 64 yaşlı eks-prezidenti nə dövlətə xəyanətdə, nə çevrilişə cəhddə, nə də qətllədə ittiham edirlər. Mursiyə ölüm hökmü Təhrir hadisələri zamanı türmədən qaçdığına görə verilib (Apreldə onu 6 jurnalistin qətlində ittiham edərək barəsində 20 il həbs cəzası çıxarılmışdı. İndi isə türmədən qaçış ölüm hökmünə layiq görülür).

Əlbəttə, absurddur - məgər o, prezident seçiləndə onun qaçışı barədə bilmirdilərmi? Yaxud, bu əməlinə görə fərdi ölümə məhkum etmək əsassız görünmürmü? Siyasi absurd dövrlərində məntiqi suallar kəsərini itirir.

Hökmü Müftilər Şurası təsdiqləməlidir. Güman ki təsdiqləyəcək də. Və güman ki, hökm icra edilməyəcək - bu, təhlükəli olardı. Ancaq 4 illik bu siyasi tamaşa İnqilabların ölümünə növbəti nümunə kimi öyrənilməli presedentdir.

Diktatura əleyhinə çıxışlara başlayan kübar müxalifəti rejissorlar “Müsəlman qardaşlar”la əvəzləyir, sonra isə onları hərbçilər əvəzləyir.

İlkin olaraq hərbçilərə qarşı başlanmış dirəniş hərbçilərin daha da möhkəmlənməsi və yeni qələbəsi ilə nəticələnir. Artıq onlara opponentlik etmək üçün sistemli qüvvə kimi nə kübarlar var, nə də fundamentalistlər...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar