Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadi böhran iki naziri xoşbəxt edə bilər


Fazil Məmmədovla Samir Şərifovun maliyyə proseslərində önə çıxmaları, əlavə səlahiyyət əldə etmələri onların siyasi perspektivinə müsbət təsir göstərə bilər – baş nazirlik uğrunda iki məmurun arasında yarış başlayır


Zahid Oruc: “Kimsə bu iqtisadi böhranla mübarizədən baş nazirliyə gedən yolun başlandığını iddia edirsə, bunu nə təkzib, nə də təsdiq etmək istəmirəm”

Ərəstun Oruclu: “Ölkədə heç kim güclü bir baş nazirin olmasında maraqlı deyil”

Azərbaycanın büdcə gəlirlərinin azalması və manatın devalvasiyasından sonra yaranan böhran ölkənin taleyüklü məsələlərinin həllində iki nazirin rolunu daha da artırdı. Bu günlərdə dövlət iqtisadiyyatının əsas yükü maliyyə naziri Samir Şərifov və vergilər naziri Fazil Məmmədovun üzərinə düşüb. 

Mətbuatda son zamanlar qeyri-rəsmi şəkildə ölkə başçısının bu iki şəxsə müstəsna səlahiyyətlər verdiyi haqqında iddialar yer alır. Heç kimə sirr deyil ki, Vergilər Naziri Fazil Məmmədov ən kiçik iş adamından ən böyük oliqarxlara qədər hər kəsin obyektlərində yoxlamalar həyata keçirir və köhnə vergi borcları qabardılır. 

Təbii ki, bu, bir tərəfdən nazirin nüfuzunun artmasına gətirib çıxarırsa, digər tərəfdən onu sevməyənlərin də sayı artır. Təsadüfi deyil ki, bir neçə gün öncə Fazil Məmmədova məxsus olduğu bildirilən və ona yaxın şəxslər tərəfindən idarə edilən “Metorpark” ticarət mərkəzində zəhərlənmə hadisəsi baş verdi. Mətbuatda bu məsələnin arxasında vergilər nazirini sevməyən şəxslərin olduğu ilə bağlı ehtimallar səsləndirildi. 

Hazırda bu iki şəxsin adı baş nazir postuna namizədlərin sırasında çəkilir. İddialara görə, böhran vəziyyətində ölkənin iqtisadi durumunu yoluna qoymaq onların qarşısında sadəcə, bir sınaqdır. Bu sınaqdan uğurla keçən şəxs isə ölkənin növbəti baş naziri ola bilər.
 
Düzdür, bir çox ölkələrdə baş nazir prezidentdən sonra ikinci şəxs sayılsa da, Azərbaycan reallığında bu, belə deyil. Baş nazirin fəaliyyəti demək olar ki, yoxdur. Ancaq təbii ki, burada kürsüdə olan şəxsin fəaliyyəti də öz sözünü deyir. 

Musavat.com olaraq, maliyyə naziri Samir Şərifovun və vergilər naziri Fazil Məmmədovun neft və manat sınağından üzüağ çıxacağı təqdirdə, onlardan birinin baş nazir postuna keçəcəyi ehtimalını dəyərləndirməyə çalışdıq.

Millət vəkili Zahid Oruc musavat.com-a açıqlamasında bildirdi ki, hazırki baş nazirin fəaliyyətdə olduğu bir dövrdə bu cür iddiaların ortaya atılmasını məqbul saymır: “Azərbaycanda bu ilin fevral ayının 21-də manatın devalvasiyası ilə bağlı verilən qərar regiona yönəlik yürüdülən sanksiyaların bizdən də yan keçmədiyinin, müxtəlif tərəflərdən Rusiya-Azərbaycan ticarət əlaqələrinə təsir göstərdiyinin, eləcə də, ölkənin digər xarici dövlətlərlə ticarət əlaqələrində problemlər yaratdığının fərqindəyik. Xüsusilə də, neftin ucuzlaşması Azərbaycanın büdcə gəlirlərinin azalmasına təsir göstərib. Buna görə də, etiraf etmək lazımdır ki, hökumət daha artıq çağırışların, müxtəlif təsirlərin və risklərin altındadır. Bir müddət öncə maliyyə naziri də açıqlama vermişdi ki, investisiya xərclərində ixtisarlar aparılacaq. Bu açıqlama da xeyli reaksiyalar doğurmuşdu. Bu baxımdan, o fikir doğrudur ki, həm Maliyyə, həm İqtisadi İnkişaf, həm Mərkəzi Bank, həm də Vergilər Nazirliyi 2015-ci ilə daha fərqli və sıx vəzifələrlə daxil oldu. Bütün regiondakı və beynəlxalq şəraiti nəzərə alsaq, indiki dönəm 2014-cü illə müqayisədə o qədər də uyarlı deyil. Bu hadisələr fonunda iqtisadi təhlillər apararkən, buradan həm də bir sınaq kimi baş nazirliyə gedən yolun başladığını kimsə iddia edirsə, bunu nə təkzib, nə də təsdiq etmək istəmirəm. Ona görə ki, mətbuatın haqqı var ki, məsələlərə istədikləri kimi yanaşma sərgiləsinlər. Adıçəkilən hər iki nazir hökumət komandası içərisində çoxdan yer alan insanlardır. Onlar dövlət işini artıq kifayət qədər peşəkar bilirlər. Mən burada Mərkəzi Bankın rəhbərinin də adına yer verərdim. Ancaq gələcək baş nazirin axtarışına çıxmazdan əvvəl düşünmək lazımdır ki, ölkə rəhbəri özünün icra komandasını formalaşdırarkən müstəsna səlahiyyətlərə malikdir. Ona görə də, baş nazir Artur müəllimin çalışdığı bir dönəmdə belə bir iddiaları ortaya qoymaq və bizdən də bu yöndə açıqlamanın verilməsini mən o qədər də effektli saymıram”. 

Millət vəkilinin sözlərinə görə, hökumət komandasını daim vətəndaşlar qarısında olması, bu çağırışlara cavab verməsi, xüsusilə də kredit öhdəlikləri olan insanların, kənd təsərrüfatı sahəsindəki şəxslərin maraqlarına daha geniş yer vermək, gömrük rüsumlarını dəyişmək, bank faizlərini azaltmaq, vergi dərəcələrini tənzimləmək daha uyarlı olar və hökumətin reputasiyası da, xalqın rifahı da bu qərarlara bağlıdır: “Ondan ötrü biz bütün bu risklərdən sığortalana biləcəyiksə, Azərbaycan daha az ziyanla bu böhrandan çıxacaqsa, o zaman dediyiniz namizədlərdən kimin baş nazir olacağı vətəndaşlarımız üçün önəmli olacaq, həm də yerinə düşəcək. Mənə elə gəlir ki, prezidentin gələcək komandasındakı baş nazirin seçimi təkcə indiki sınaqla bağlı deyil, bu, həm də bir siyasi məsələdir. Bütün bu faktorların hamısı nəzərə alınmalıdır”. 

Politoloq Ərəstun Oruclu isə bütövlükdə hökumətin bu iqtisadi böhrandan uğurla çıxacağına inanmadığını bildirdi: “Bu fikri söyləmək bir az çətindir. Ona görə ki, ilk növbədə bu iqtisadi vəziyyətdən çıxmaq lazımdır və məlum deyil ki, böhran  nə dərəcədə ağır olacaq, hara qədər davam edəcək. Proqnozlara görə, yaxın aylarda neftin qiymətinin bir qədər də düşməsi ehtimalı var. Bu barədə çox riskli proqnozlar da verirlər. Buna görə də birmənalı fikir söyləmək çox çətindir. Mən o qədər də optimist deyiləm. Neftə olan güvən yalnız o halda özünü doğrulda bilər ki, neftin qiyməti artsın, neft 80-90 dollar həddinə çatsın. Dediyim ki, bu bahalaşma gözlənilən deyil. Əksinə neftin bir qədər də ucuzlaşacağı gözlənilir və yüksək ehtimalla belə də olacaq. Digər hallarda iqtisadiyyatın başqa yolla inkişaf etidirilməsi, islahatlar tələb edir və bu islahatlar da xeyli zaman tələb edir. İlk növbədə baxmaq lazımdır ki, bu vəziyyətdən çıxış necə olacaq. Məsələn, Vergilər Nazirliyi nə edə bilər? Şirkətlərin hamısını küncə sıxıb, onlardan vergi toplamaq son nəticədə ona səbəb olur ki, faktiki olaraq, investisiya olunan kapital vergi şəklində dövlətin büdcəsinə transfer olunur. Başqa sözlə, buna özəl sektorun dövlət tərəfindən talanması da demək olar. Bu baxımdan, mən hökumətin bu durumdan uğurla çıxacağına əmin deyiləm”. 

Politoloq onu da vurğuladı ki, Azərbaycanda baş nazir postu reallıqda nominal xarakter daşıyır: “Bu, həm də bir siyasi vəzifədir və baş nazir prezidentdən sonra ikinci şəxs sayılır. Ölkədə heç kim güclü bir baş nazirin olmasında maraqlı deyil.  Belə olan halda iqtisadiyyatı böhrandan çıxarmış bir nazirin baş nazir postuna gətirilməsi məntiqdən kənardır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar