Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda “ucuz” müalicə və ya qaraciyərdən bir tikə...


...15 yaşlı Fidan Əliyeva hepatit virusuna yoluxub. Bakıda həkimlər Fidanın əməliyyata ehtiyacının olduğunu söyləyiblər. Amma ailəsi qızlarının İranda müalicə ediləcəyinə inanıb


Fidanın atası Fərhad Əliyev deyir ki, borc pul taparaq övladını İrana müalicəyə aparıb. İranda da Fidana müalicə yazılıb, bahalı dərmanlar təyin edilib, amma bir nəticəsi olmayıb.

İndi Qaradağ rayonu, Sahil qəsəbəsi, Əlyar Gülbabayev küçəsi, 6, mənzil 43- də yaşayan Əliyevlər ailəsi Fidanın əməliyyatı üçün köməklik edilməsini gözləyir. Qarabağ müharibəsi əlili, 4 uşaq atası  Fərhad Əliyev 15 yaşlı qızının azərbaycanlı həkimlər tərəfindən sağaldılacağına ümid edir...

...Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoluxma faizinə görə xərçəng və ürək-damar xəstəliyindən sonrakı yeri paylaşan hepatit virusu ilə bağlı dünya ictimaiyyətinə çağırış etdi. Təşkilat bəzi dövlətlərdə hepatitə yoluxanların faiz göstəricisinin 30-40 faiz həddini aşdığından narahatçılığını bildirdi.

ÜST-dən sonra BMT də hepatitlə bağlı xəbərdarlıq etdi. Beynəlxalq miqyaslı mütəxəssislər xüsusilə Avropa ölkələrində, Ukrayna və İranda hepatitin həyəcan təbili çalmağa əsas verəcək dərəcədə yayıldığını açıqladılar. Baxmayaraq ki, İran səhiyyəsi hepatit üzrə ən yaxşı mütəxəsislərin bu ölkədə olduğuna dair vədlər verir.

Azərbaycanın adı isə bu təşkilatların hesabatında yer almır. Lakin Azərbaycanda da hepatitə yoluxanlar var.  Üstəlik, Fidanın ailəsi kimi hələ də İran səhiyyəsinin xaricdən xəstə qəbuluna hesablanmış reklamlarına inananlar az deyil...  

Virtualaz.org saytı elə bu mövzunu - Azərbaycanlda hepatitin müayinə və müalicə vəziyyətini, eləcə də bu virusun müalicəsi üçün İrana gedən azərbaycanlı xəstələrin başına gələnləri araşdırıb.

Hepatit xaricdə və Azərbaycanda: statistika

ÜST-in hesabatında qeyd edilir ki, hər il dünyada 1,4 milyon insanın hepatit A, 2 milyard hepatit B, 150 milyon isə hepatit C virusuna xroniki yoluxur. Hepatitə yoluxanların 2/3 hissəsi Şərqi Avropa və Asiya ölkələrində yaşayır. Hər il təxminən 600 min insanın hepatit B, 350 min insanın isə hepatit C ilə əlaqədar xəstəliklərdən öldüyü güman edilir.

ÜST-in araşdırmalarında o da qeyd olunur ki, hepatit B və C virusuna məruz qalmış yalnız 5 nəfərdən 1-də kəskin simptomlar aşkar olunur, lakin xroniki yoluxma adi haldır.

Azərbaycanda isə 18-60 yaşlı əhalinin təxminən 2 faizi hepatit B, 3 faizi isə hepatit C virusuna yoluxub. Amma bu göstərici çoxillik səhiyyə tarixinə malik Çin, İtaliya, İran kimi ölkələrdə qeydə alınan yoluxmalardan dəfələrlə aşağıdır. Məsələn, İtaliyanın cənubunda və Çində əhalinin 30 faizi hepatit virusuna yoluxub.

İranda müalicə: “Qaş düzəltdirdim, gözüm çıxdı”

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivinin sakini Elvin Əliyev 8 aydır ki, hepatit C virusundan müalicə olunur.

Elvin Əliyev virusa necə və nə vaxt yoluxduğunu bilmir, lakin vəziyyətinin pisləşməsində iranlı həkimləri günahlandırır: “Böyrəklərimdən əməliyyat olunanda analizlər götürüldü və məndə hepatit C virusu aşkarlandı. Həkimlər əməliyyatdan sonra hepatitə qarşı müalicə olunmağımı tövsiyə etdilər. Virusun müəyyənləşdirilməsi üçün kəmiyyət və keyfiyyət analizləri verdim. Həkim virusa qarşı müalicə təyin etdi”.

Elvin deyir ki, qonşuları İranda hepatitin müayinə və müalicəsinin ucuz olduğunu deyib: “Qonşumla birgə Təbrizə getdik. İranlı həkimlər Bakıda keçdiyim müayinələrin cavabına inanmadılar, təkrar analizlər götürüldü. Virusun sayılması üçün 400 dollar istədilər. Dedim ki, Bakıda bu müayinə təxminən 150-200 manata başa gəlir. İranlı həkimlər məni inandırdılar ki, Bakıda analizlər düzgün aparılmır, çox keçməz xəstəliyim qaraciyər serrozuna çevrilər. Mən də dedikləri bütün analizlərdən keçdim”.

Elvinə “pegasus” iynəsi təyin edilir: “Bir il həftədə bir dəfə “peqasus” iynəsi vurduymalı idim. Bizi həkimə aparan taksi sürücüsünün vasitəsilə üç aylıq “pegasus” iynəsi aldım”.

İki aydan sonra təkrar müayinəyə gedən Elvin analizlərin nəticələrini görəndə inanmayıb: “Həkim dedi ki, virus dəfələrlə azalıb, belə getsə, bir illik müalicəyə ehtiyac qalmayacaq. Amma Bakıda təkrar müayinə olundum və bu dəfə şoka düşdüm”.

“Pegasus” soyuducuda xüsusi temperaturda saxlanılmalıdır. İsti yay günündə İranda əldən alınan və Bakıya gətirilən, iranlı həkimin tövsiyəsi ilə adi otaq temperaturunda saxlanılan iynənin keyfiyyəti olmayıb.

Elvinin dediklərindən: “Həkim məni aldadıb, analizlərin nəticəsi ürəkaçan olmayıb. Mən iki aylıq iynəyə 750 manat vermişdim. İynəni xüsusi soyuducuda gətirməli, soyuducuda saxlamalı idim. Üstəlik bu iynələri aptekdən deyil, daha ucuz başa gəlsin deyə əldən almışdım. Nəticədə aldandım. İndi təkrar müalicəyə başlamışam”.

İranlı həkimlərin söylədiklərindən sonra Bakıdakı laboratoriyalara inam göstərməyən Elvin Türkiyədə təkrar analiz verib: “Eyni analizlərə İranda 400 dollar, Türkiyədə 300 avro, Bakıda isə 180 manat ödədim. Türkiyədə analizlərin nəticəsi Bakıda verdiyim analizlərin nəticəsi ilə eyni oldu”.

Gəncə şəhər sakini Solmaz Nuriyeva isə deyir ki, keçirdiyi sarılıq xəstəliyindən sonra hepatitə yoluxub: “Həkim dedi ki, ciyərin böyüyüb, bərkimə də var. Analiz verdik, hepatit C virusuna yoluxduğum təsdiqləndi. Həkim “Pegasus” təyin etdi, müalicəm üçün ayda 800 manat ödəyirdim. Hər həftə iynənin biri vurulmalıdır. Bu həftənin 1-ci günü iynə vurulubsa, gələn həftənin 1-ci günü nə olur olsun mütləq vurdurmalısan”.

Solmaz Nuriyeva da müalicənin bahalığından şikayətçi olub və iranlı həkimin reklamına inanıb: “Mən “Təbriz Mehn” klinikasında İrandan dəvət edilən həkimin qəbuluna getdim. Məni müayinə etmədi, lakin dedi ki, İranda hepatitin müayinə və müalicəsi ucuzdur, İrana gəl. Ərdəbilə getdim, həkimin qəbuluna düşdüm”.

Solmaz xanımın “Ağayi Nemət” deyə müraciət etdiyi həkim “pegasus” iynəsinin dayandırılmasını tövsiyə edib: “Həkim dedi ki, “pegasus” iynəsini vurdurma, mən sənə daha yaxşı iynə təyin edəcəyəm. 5 aylıq müalicəni saxladım, həkim mənə “interferon” tərkibli iynə təyin etdi”.

İynənin 30 manat olmasına sevinən Solmaz Nuriyeva iranlı həkimin təyin etdiyi müalicəyə başlayır: “İynədən sonra qızdırmam 39-a qalxdı. Zəng vurdum, Ağayi Nemət dedi ki, buna sevinməlisən, virus iynəyə qarşı müqavimət göstərə bilmir deyə qızdırma verir. 1 ay qızdırma içində yaşadım”.

Təkrar müayinədən keçən müsahibimiz virusun dəfələrlə qalxdığının şahidi olub: “Belə ki, “pegasus”dan sonra vurus 30 mindən 7 minə düşmüşdü. “İnterferon”dan sonra isə virus 30 mini də ötdü. “Pegasus” iynəsini dayandırdığımdan 5 aylıq müalicəm də heç oldu. Ağayi Nemətə zəng vurdum, vəziyyəti danışdım, dedi bədənin “interferon”u qəbul etməyib, mən neyləyim. Hələ bir hirsləndi ki, niyə analizləri vermisən. Mənə 4-5 min manat zərər dəydi, üstəlik səhhətim pisləşdi”.

Kərim Kərimov isə İranda həkimin müayinəsindən sonra elə şoka düşüb ki, bu ölkənin adı gələndə necə deyərlər, əlini dişləyib ayağının altına qoyur: “2012-ci ildə müayinə olundum və hepatit C virusuna yoluxduğumu öyrəndim. Həkim dedi ki, kəmiyyət və keyfiyyət analizləri verməlisən. Mən isə İranda müalicə olunmaq istədim. Nə bilim, o vaxt İrana getmək bir az da dəb idi, dişi ağrıyan da İranda çəkdirmək istəyirdi. Mən də bir taksi sürücüsünün məsləhəti ilə Təbrizdə “Behrud” klinikasına getdim. Düzü, orda azərbaycanlı xəstələrə yaradılan şərait məni təəccübləndirdi, tərcüməçi vardı. Üstəlik, xəstəxanada bir dənə də olsa iranlı xəstəyə rast gəlmək mümkün deyil. Tək ultrasəs müayinəsinə (UZİ) 75 manat ödədim, ümumi analizlərə isə 450 manat pulum çıxdı. Bundan sonra həkim dedi ki, gərək qaraciyərindən bir tikə kəsək, götürüb yoxlayaq, görək xəstəlik serroza çevrilir, ya yox”.

İranlı həkimin “qaraciyərdən bir tikə götürmək” təklifini eşidəndə huşunu itirib özündən gedən Kərim Kərimov gözünü klinikanın palatasında açıb: “Həyəcan və qorxudan şəkərim qalxıbmış. Elə bildim qaraciyərimin yarısını kəsib götürüblər. Mənə sistem qoşdular, dərmanlar etdilər. Həmin gün palatada qaldım. Səhəri isə dedilər ki, aparılan müalicəyə görə 600 dollar verməlisən. Bir gecə üçün 600 dolların çox olduğunu mən dedim, mən eşitdim. Əlim heç yana çatmadı, pulu verib İrandan kor-peşman ayrıldım”.

Ən gülməlisi də odur ki, K.Kərimova onu iranlı həkimlərin yanına aparan iranlı taksi sürücüsü ürək-dirək verib, yol göstərib: “Sürücü dedi ki, qorxma qaraciyərdən tikə götürüb müayinəyə vermək iynə ilə ciyərdən nümunə götürməkdir. Bu müayinə nə az, nə çox - 250 dollara başa gəlir. Dedi ki, özü də bu müayinə ancaq azərbaycanlı xəstələrə yazılır.

İranlıların danışığından belə başa düşdüm ki, bu, adi pul tələsi imiş. Sürücü bunu bilə-bilə məni o xəstəxanaya aparıb, sonra da “qorxma, Azərbaycandan gələnlərin əksəriyyətindən bu analizi istəyirlər” deyib”. 

K.Kərimov onu da deyir ki, İran öz xəstələrinə “pegasus” dərmanını pulsuz verir: “Amma bu dərman apteklərdə satılır. İranlı həkimlər dərmanın hansı apteklərdə satıldığını bilirlər, xəstələri də məhz o apteklərə göndərirlər. “Pegasus” şprisin içində olur, 1 dərəcə isti görsə, keyfiyyəti ölür. Amma çoxları dərmanı soyuducuda deyil, çantasında gətirir. Bu isə həkimlərə sərf edir, çünki xəstə nə qədər gec sağalırsa, həkim də bir o qədər çox qazanır...”

Göründüyü kimi, ucuz müalicə adı ilə İrana üz tutanların əksəriyyəti “qaş düzəltmək yerinə gözlərini çıxarıblar”. Başqa sözlə, ucuz müalicə reklamlarının keyfiyyətə xidmət etmədiyinin dəfələrlə şahidi olmuşuq.

Bu arada onu da deyək ki, hepatitin müalicəsi təkcə Azərbaycanda deyil, bütün dünyada bahalı səhiyyə xidməti hesab edilir. Çünki virusun müalicəsində  ən çox istifadə edilən “pegasus” İsveçrədə istehsal olunur və bütün dünya bu dərmandan alır. İnternetdə “pegasus”un insan hüceyrəsindən hazırlandığı və buna görə də bahalı olduğuna dair məlumatlar yer alıb.

Hepatiti digər xəstəliklərdən fərqləndirən özəlliyi ondadır ki, virus əleyhinə müalicə vaxtlı-vaxtında aparılmadığında əvvəlki müalicələrin də təsiri ölür, qanda virusun miqdarı artır. Bundan əlavə, hepatit əleyhinə dərmanlar mədə-bağırsaq, əsəb xəstəliklərinin yaranmasına səbəb ola bilər. Buna görə də hepatitli xəstələr daim nəzarətdə olmalıdır.

Səhiyyə Nazirliyi komissiya yaratdı...

Səhiyyə Nazirliyinin əmri ilə “Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiya” yaradılıb. Komissiya hepatitə yoluxmuş şəxslərin qeydiyyatı, dərmanla təminatı ilə məşğul olacaq.

Komissiyanın sədri, Milli Onkologiya Mərkəzinin direktor müavini, professor Murad Məmmədovun virtualaz.org saytına veridiyi məlumata görə, artıq xəstələrin qeydiyyatına başlanılıb: “Komissiya 5 mütəxəssisdən formalaşıb. Biz hələlik ayda iki dəfə toplanıb müraciətlərə baxırıq. Qeydiyyatda olan hepatitli xəstələrə yaxın gələcəkdə pulsuz dərmanlar veriləcək”.

M.Məmmədovun sözlərinə görə, hepatit virusuna yoluxmuş xəstələr 1 saylı Tibbi Klinik Xəstəxanada yerləşən komissiya müraciət edə bilər: “Xəstələrin analizlərinə, dərman təyinatına baxacağıq. Komissiya yalnız həmin xəstənin dərmana ehtiyacı olub-olmadığına dair rəy verəcək. İlk növbədə təcili dərmana ehtiyacı olan xəstələrə pulsuz dərman verilməsi nəzərdə tutulub”.

Pulsuz veriləcək dərmanların keyfiyyətinə gəldikdə isə M.Məmmədovun sözlərinə görə, dərmanlar ÜST-in tövsiyəsinə əsasən seçilib: “ABŞ-ın məşhur tibb saytı var. Həmin saytda da hansı dərmanın hansı keyfiyyətə malik olduğu qeyd edilib. Biz “interferon” tərkibli dərmanlar verəcəyik. Bu dərmanlar digərlərindən keyfiyyət baxımından fərqli deyil”.

Komissiya sədri dedi ki, Azərbaycanda hepatitə yoluxma epidemioloji vəziyyətdə deyil, əksinə, hepatit B virusuna yoluxmalar azalıb: “Hepatit B virusuna qarşı peyvənd vurulur, buna görə də hepatit B azalmağa doğru gedir. Hepatit C virusuna yoluxmalar da çox deyil”.

Professor komissiyanın fəaliyyətinin hepatitlə mübarizədə böyük effekt verəcəyinə inanır: “Komissiya hepatitli xəstələrin dəqiq statistikasını aparacaq. Hazırda isə yalnız həmin hepatitlərin ancaq kəskin formalarının statistikası aparılır. Amma hepatitli xəstələrin dəqiq statistikasının hazırlanması xəstələrə yardım üçün nəzərdə tutulan maddi resursların planlaşdırılması və ayrılmasını asanlaşdıracaq. Biz təcili müayinə və müalicəyə ehyiyacı olan xəstələrə kömək göstərə biləcəyik”.

M.Məmmədov dedi ki, komissiya hepatit üzrə kadrların hazırlanmasına da köməklik edəcək: “Azərbaycanda hepatit virusunu müalicə edən həkimlər var. Amma bəzən hepatiti bu sahədən uzaq olan digər ixtisaslı həkimlər öz öhdələrinə götürür. İranda da vəziyyət belədir. Hepatitin müalicəsini aparacaq yaxşı mütəxəssislər var, amma İranda da daha çox qeyri-peşəkarlar bu işlə məşğuldur. Yəni hepatit fərdi yanaşma tələb edir. İrana müalicəyə gedənlərin qarşısına yaxşı mütəxəssis çıxa bilər, amma İrana gedən azərbaycanlı xəstələrin hüquqları tanınmır. Onlar neqativ hallarla rastlaşacaqları təqdirdə hara müraciət edəcəklərini bilmirlər, yanlış müalicə nəticəsində səhhəti ağırlaşanların məhkəməyə müraciət etmək hüquqları yoxdur. Mən hepatitli xəstənin evində müalicə almasının tərəfdarıyam”.

Professor yaxın gələcəkdə bütün dövlət xəstəxanalarında hepatitin kəmiyyət və keyfiyyət analizlərinin aparılacağını söylədi: “2001-ci ildə özəl klinikalarda belə hepatit analizləri aparılmırdı. 12 il ərzində bütün özəl klinikalar avadanlıq aldı, hepatitlə bağlı bütün analizləri aparırlar. İndi isə iki dövlət xəstəxanasında - 1 saylı Tibbi Klinik Xəstəxanada və AİDS-lə Mübarizə Mərkəzində hepatitin analizləri aparılır. Yaxın gələcəkdə dövlət xəstəxanalarında bu analizlərin aparılması üçün avadanlıqlar alınacaq. Hələlik mütəxəssis hazırlığına başlamışıq. Bunun üçün kurslar, treninqlər keçirəcəyik. Əsas məsələ komissiyanın yaradılmasıdır”.

Komissiya isə hepatit B və C virusları üzrə vahid Milli Protokol hazırlayacaq, tibb müəssisələrində həkim tərəfindən aparılan diaqnostika və müalicə proseslərində səhv və neqativ hallar aşkarlanarsa, Səhiyyə Nazirliyinə məlumat veriləcək. Bundan başqa, xəstələrin müraciətlərinə, şikayətlərinə baxılacaq.

Həkim infeksionist Gülnarə Həsənova isə deyir ki, hepatitin müalicəsində dəqiq müayinə qədər mütəxəssis seçimi də vacibdir: “Bizdə hepatitin müalicəsi ilə ya infeksionistlər, ya da terapevtlər məşğul olurlar. İranda da belədir. Amma fərq ondadır ki, İranda azərbaycanlı xəstələrə fərqli münasibət göstərilir. Məsələn, xəstələrimiz daha çox dərmanların qəbulundan sonra meydana çıxan ağrılardan şikayətlənir. Hepatitin müalicəsi zamanı digər orqanların zərər görməməsi üçün xəstə həkim nəzarətində olmalıdır. Hepatitli xəstə hərtərəfli yoxlanmalıdır, əsəbidirsə - nevropatoloqa, ürəyi ağrıyırsa - kardioloqa yönəldilməlidir. Amma İrandan qayıdandan sonra bəlli olur ki, xəstələr hərtərəfli yoxlanmayıb, hepatitə görə müalicə alır, əvəzində mədəsində yara dərinləşir. Son nəticədə ağırlaşmış, fəsadla geri qayıdan xəstələrə yardım etmək çətinləşir. Buna görə də xəstələr mütəxəssis seçərkən diqqətli olsunlar, həkimin hansı sahə üzrə ixtisaslaşdığını nəzərə alsınlar. Əks halda qaraciyərlərini müalicə edib digər orqanlarını sıradan çıxararlar”.

Kərim Kərimov deyir ki, hər dəfə xaricdə müalicə ilə bağlı reklamları eşidəndə İrandakı xəstəxanada keçirdiyi gecəni və ondan 600 dollar tələb edən həkimin üzünün ifadəsini xatırlayır. İranda müalicə üçün bankdan götürdüyü krediti isə hələ də ödəyir...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar