Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstirahətə gedərkən nəzərə alınmalı vacib məqamlar


Yay ayları gəldikdə, hər kəs istirahət haqda düşünür. Ona görə də arzuladıqları, başqalarının məsləhət bildikləri, görmək istədikləri yerlərə baş çəkməyə çalışırlar


Lakin bəzən istirahətə gedib yanılanlar da olur. Çünki hər zaman seçim yüksək səviyyədə olmur. Bu isə müştərilərin istirahət arzusunu puç edir. Mütəxəssislər də bildirirlər ki, istirahətə gediləcək məkanı seçmək o qədər də asan məsələ deyil. Ona görə də bu cür məkanları seçərkən diqqətli olmaq lazımdır.

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov bildirdi ki, istirahət seçimi həssas məsələdir. Ona görə də hər kəs sevdiyi istirahət növünə uyğun məkan seçməyi bacarmalıdır. Ekstrim turizmilə maraqlananlar bu cür potensialın olduğu ölkələri nəzərdən keçirməlidirlər. Kimsə dinlənmək istəyirsə, Aralıq dənizinin sahillərini seçə bilər. Təbiət qoynuna getmək istəyənlər Şimali Qafqaz dağlarının ətəklərində Azərbaycanı və ya Gürcüstanı seçə bilər və s.

Turistlərin peşəkar yanaşacaqları məsələlər

E.Aslanov deyir ki, turizm məkanı seçərkən nəzərə alınmalı vacib məqamlardan biri də insanların səhhətidir. Səhhətində problem olanlar elə ölkələri seçməlidirlər ki, sağlamlıqlarına mənfi təsir etməsin: "Burada da həkimlərin məsləhəti çox vacibdir. İnsanın sağlamlığı hansı ölkələrə getməyə imkan verir? Hansı ölkənin iqlimi səhhətimizdəki problemə mənfi təsir göstərməyəcək? Sanatoriyası varsa, öyrənmək lazımdır ki, o, səhhətdə olan problemlərə nə dərəcədə uyğundur? Bunlar ümumi qəbul olunan, turist qərarlarına təsir edən məqamlardır".

E.Aslanovun sözlərinə görə, turistlərin daha peşəkar yanaşacağı məsələ yerləşdirmə məkanı və nəqliyyat vasitələrinin seçimidir: "Turizm üçün seçiləcək hava yolları və otellər haqda onların sosial şəbəkədəki səhifələrində yazılan qeydlərə fikir vermək lazımdır. Bəzən insanlar ucuz qiymətə təklif edilən hava yollarını, otelləri seçirlər. Amma köhnəlik, aşağı xidmət onların səhv etdiklərini göstərir. İnsanlar müxtəlif vasitələrlə hava yolları şirkətlərinin, otellərin xidmətləri, oradakı şəraitlə maraqlanmalıdırlar. Sosial şəbəkələrdəki qeydlər də önəmlidir. Orada yazılanları dəyişmək imkanı yoxdur".

Müsahibim bildirdi ki, istirahətə gedərkən mütləq turizm şirkəti ilə müqavilə imzalanmalıdır. Müqavilə olmadan regiona və ya başqa ölkəyə tursit kimi getmək turistin qeyri-peşəkar davranışıdır. Çünki rəsmiləşdirilmiş sənəd əsasında istirahətə getmək lazımdır. Hüquqi sənəd ödənilən pulun qarşılığında xidmət almağa əsas verir.

Gedəcəyiniz ölkədəki proseslər haqda məlumatlı olun

E.Aslanov deyir ki, istirahət üçün ölkə seçərkən orada gedən proseslərdən də məlumatlı olmaq lazımdır: "Krizislərin təsir etdiyi ölkələr var ki, müəyyən sıxıntılar yaşayırlar. Ərəb Yarımadası bu gün qazan kimi qaynayır, Avropada krizis var, Ukrayna problemli vəziyyətdədir, orada müharibə gedir və s. Bu ölkələr istisna olunmaqla, dünyanın müxtəlif coğrafiyalarına getmək olar. Turist qərarı müstəqildir. Ölkəmizdə 100-ə yaxın ölkənin səfirliyi var. Rusiya və Ankarada da Azərbaycanla işləyən səfirliklər var. Dünyanın istənilən yerinə Azərbaycan vətəndaşı gedə bilər. Amma vətəndaşlar səhhətlərini nəzərdə saxlasınlar. Gedəcəkləri yer, qalacaqları otel, istifadə edəcəkləri nəqliyyat vasitələri ilə bağlı məlumatları yalnız turizm şirkətlərindən deyil, həm də özlərinin şəxsi məlumat mənbələrindən istifadə edərək alsınlar. Kimsə yaxın adam daha əvvəl gedib, tövsiyə edirsə, bu daha yaxşı".

Müsahibimizin fikrincə, Ramazan ayını və müsəlman ölkəsi olduğumuzu nəzərə alsaq, orucluq günlərində ən dəyərli turizm obyekti öz ölkəmiz, qardaş Türkiyə, qonşu Gürcüstan ola bilər. O bildirdi ki, dollarla manatın münasibətlərində son 6 ay ərzində baş verən dəyişikliklər Azərbaycan turizmini maddi cəhətdən cəlbedici edib: "Əgər Azərbaycandan kənara çıxmaq istəsələr, Türkiyə və Gürcüstan maddi baxımdan sərf edir. Müşahidələrimizə əsasən deyə bilərəm ki, bir çox vətəndaşlar şəxsi nəqliyyat vasitələri ilə Gürcüstan üzərindən Türkiyənin Qara dəniz sahilində olan turizm məkanlarına üz tuturlar. Daha imkanlı olanlar Türkiyənin Antalya, Bodrum, Marmaris kimi yerlərinə gedə bilərlər. Sanatoriya kurort məkanlarını seçənlər Rusiyanın cənubuna və ya Şərqi Avropa ölkələrinə üz tuta bilərlər. Orada müalicəvi sanatoriyalar çoxdur".

Ucuzu yox, servisi gözəl olanı seçin

"Luna Travel"in direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, vətəndaş ilk növbədə müraciət etdiyi turizm şirkətinin lisenziyasının olub-olmamasına fikir verməlidir. İkincisi, müqavilə bağlamalıdır. Üçüncüsü, qarşısında duran turizm əməkdaşı danışığında hər hansı səhvə yol verirsə, savadsız danışırsa, satdığı məhsul haqqında informasiyası yoxdursa, birmənalı olaraq müştəri həmin ofisdən çıxmalıdır. R.Quliyev deyir ki, turizm əməkdaşı müştəriyə təklif etdiyi oteldə olmasa belə, onun haqqında kifayət qədər məlumatlı olmalıdır: "Ən azından orada göstərilən xidmətlər haqqında tam məlumatı olmalıdır. Çünki müştəridə gedəcəyi yerlə bağlı suallar çox olur. Hər bir müştərinin haqqı var ki, bir neçə yerdə qiymətlərlə maraqlansın. Turizm şirkətlərinin çoxu bu gün iflasa doğru gedir. Rəqabət çoxdur, qiymətləri normal saxlamaq olmur, qazanc çox zəifdir. Burada sağlam rəqabət gedir. Hamı ucuz qiymətə satıb, müştərini qaçırmamaq istəyir. Ucuz satdıqda isə gəlir az olur və bu da sonda turizm şirkətinin bağlanmasına gətirib çıxarır. Məsləhət görərdim ki, müştəri ucuz məhsul dalınca qaçmasın. Əsas gözəl servisi nəzərdə saxlasın".

R.Quliyevin sözlərinə görə, turizm işçisinin kifayət qədər savadı varsa, müştərinin tələbinə uyğun məhsulu ona satacaq. Müştərinin tələbatına uyğun ən yaxşı olan istirahəti düzüb-qoşacaq: "Əgər səriştəsi yoxdursa, o, turisti istədiyinə yox, öz bildiyinə yönləndirib, onu çaşdıracaq. Tutaq ki, müştəri Barselona və ya Paris üçün tur istəyir. Turizm əməkdaşı özü üçün o turları çətin hesab edəndə və ya daha çox gəlir əldə etmək istəyəndə başqa yeri tərifləyib, özü üçün asan olana istiqamətləndirir".

Turizm işçisi tarixi, coğrafiyanı bilməli, siyasəti izləməlidir

Turizm şirkətinin direktoru deyir ki, istirahət üçün həmişə xaricə qaçmağa da ehtiyac yoxdur: "Azərbaycanın gözəl bölgələri var və həmin yerlərdə də çox yaxşı istirahət etmək olur. Turizm əməkdaşları vətəndaşlara Azərbaycanın bölgələrindəki istirahət məkanları barədə də məlumat verməklə istiqamətləndirmə apara bilərlər. Təbii ki məcburi heç nə yoxdur. Amma xarici ölkələri təriflədikləri kimi, öz bölgələrimizin də təbliğatını aparsınlar".

R.Quliyev bildirdi ki, turizm işçisi tarix, coğrafiyadan məlumatlı olmalı, siyasəti günbəgün izləməlidir: "Bir müddət öncə Tunisdə otelə terrorçu girib, 35 nəfəri güllələmişdi. Biz bunu izləməliyik. Yoxsa korkoranə müştəriyə "Buyurun, Tunisə gedin, qəşəng oteldi" - deyə bilmərik. Biz vətəndaşımızı niyə odun-alovun içinə atmalıyıq? Bəlkə turistin Suriyada baş verənlərdən xəbəri yoxdur? Mən elə yerlərdəki təhlükələr barədə müştəriyə məlumat verməyə borcluyam. Biz onlara demirik ki, getməsinlər, amma xəbərdarlığımızı edirik. Bu gün Tunisə getməklə bağlı müraciət etsələr, təbii ki, mən tövsiyəmi verəcəm, təhlükəsizliyinin təmin olunduğu yerləri seçməyi məsləhət görəcəm. Elə adamlar var ki, istirahət yox, iş məqsədilə hansısa ölkələrə getməli olurlar. O zaman yenə də biz məsləhətlərimizi veririk, amma getməyinə mane ola bilmərik. Çünki onun işi ora ilə bağlıdır. Amma ailəvi istirahətə gedirsə, təhlükəsizlik məsələləri çox nəzərə alınmalıdır".

R.Quliyev onu da qeyd etdi ki, turizm şirkətləri sığorta məsələsinə də diqqət yetirsələr, yaxşı olar: "Turizm şirkətləri bəzən məcburi tələb olunan istiqamətlərə sığorta yazırlar. Amma ya qazancdan, ya da müştəridən əlavə məbləğ almaqla sığorta etsələr yaxşı olar. Turist bu sığortadan xəbərsiz olduğu üçün tələb etməyə bilər. Bunu turistə təklif etmək lazımdır ki, xəbəri olsun Sığorta hardasa turizm işçisini də müəyyən qədər məsuliyyətdən uzaqlaşdırır".(Kaspi.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar