Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçəl tutuquşu və qəbirə üç dəfə daşla vurmanın sirri



Yaşamın və həyatın dəyərini bilən insan gün ərzində yaşadığı ən elementar hadisələrlə dünyanın keçiciliyini anlaya bilər


Bunun üçün müşahidəçi olmaq kifayətdir. Keçən hər saniyə zamanı hərəkətə gətirir, eləcə də yaşadığımız günlər başqa dünyaya yol açır. Müşahidə və analizlər sayəsində dini inancların doğru olub-olmamasını özümüz təhlil edə bilərik. Bunu dərk etmək üçün mütləq şəkildə hansısa din adamının, yas mərasimlərində mollaların ağılarını dinləmək vacib deyil. 

Son zamanlar o qədər dini mövzulara toxunulur, standart və absurd fikirlər o qədər təkrar-təkrar söylənilir ki, bu mövzu insanlarda ikrah hissi doğurmağa başlayıb. Buna səbəb isə, dinin mahiyyətini düzgün tərzdə dərk etməyən məlum insanların İslam dini və şəriətin ehtiva etdiyi hökmlər barədə yanlış fikir yürütməsidir. Mövlanə Cəlaləddin Ruminin bu mövzu ilə bağlı çox gözəl bir təmsili yadıma düşdü.

"Deyilənlərə görə, yağ və digər yeyinti məmulatı satan bir baqqal öz dükanında insan kimi danışan bir tutuquşu saxlayırmış. Günlərin bir günü dükana bir pişik girir və tutuquşunu tutub yeməyə çalışır. Bunun nəticəsində tutuquşu özünü o yan bu yana vurduğundan dükan sahibinin taxçalara düzdüyü yağ şüşələri yerə düşüb sınır.
Dükan sahibi içəri daxil olarkən dağılmış, sınmış yağ şüşələrini görür və əsəbiləşib quşun başına o qədər vurur ki, nəticədə tutuquşunun baş hissəsinin tükləri tökülür. Buna görə də, tutuquşu acıq edib susur və daha danışmır. Nəhayət, bir gün həmin dükana keçəl bir kişi daxil olduqda tutuquşu onu görüb dilə gəlir və belə deyir: "Sən də mənim kimi dükan sahibinin yağ şüşələrini sındırmısan və onun əsəblə sənin başına vurduğu şillə-yumruqlar nəticəsində başının tükləri tökülüb?"

Bu təmsil keçmişdə və bugünkü günümüzdə öz həqiqətini tapıb. Dinin mahiyyətini başa düşməyənlər heç kəsdən çəkinmədən din barədə fikir yürüdür və şəriət hökmləri barədə əsassız fətvalar verirlər. Məqsədim, dini mövzulara toxunmaq deyil. İnsanların illərlə ilahi və şəriət mövzularında "robot"laşdırıldığı bir çox mövzulara toxunmaqdır. 

Bir dəfə rəhmətə gedən xalamın qəbrini ziyarət etməyə getmişdik. Orada bir qadın daşla qəbirə vurmağımızın lazımlı olduğunu bildirdi. Bunun nə demək olduğunu anlamadığım üçün səbəbini soruşdum. Qadının dediyinə görə, qəbir daşına daşla  3 dəfə vurulur ki, rəhmətə gedən onu ziyarətə gələnin olduğunu bilsin. Həmin qadın kimi bir çox insanlar bu "inanc"ın doğruluğuna inanırlar. 

Cansız bədənə həyat verən, onun bütün hərəkətlərini istiqamətləndirən və nizamlayan ruhdur. Ruhlar barədə dində ətraflı məlumat verilmədiyi halda, insanların formalaşdırdığı bu cür "inanc"lar  düşünürəm ki, insanların beyinlərinə yeridilmiş stereotipdən başqa bir şey deyil. 

Bu arada bildirməliyəm ki, rəhmətə gedən insanı ziyarət edərkən müşahidə etdiyim bir hal var. Bir insanı ziyarət edəndə qəbir daşındakı rəsimdə sanki bir canlanma, canlı baxışlar olur. və sevdiyin insanın daşdakı rəsminə belə baxıb içində onunla danışanda insan rahatlaşır. Elə bilirsənki, səni anlayacaq tək insan o qəbirstanlıqda olandır. Nə danışmır, nə məsləhət vermir. Sadəcə gülən gözlərlə səni dinləyir. Əslində bizi anlayacaq insanlar ya əbədi uzaqda olur, ya da əlimiz çatsa da tam rahatlıqla, çəkinmədən hər sözümüzü paylaşacaq qədər cəsarətimiz olmur. Rəhmətə gedən insanlarımıza dəyər verirksə, onları boş stereotiplərin qəhrəmanı etməməliyik...

Birdə qəbir daşını bütə döndürmək kimi yanlış davranış var. Sağlığında yetərincə dəyər verilməyən insanın öldükdən sonra şəkli heykəllərdə, qəbiri sərdabələrdə özünü tapır. Bəzən elə sərdabələr olur ki, düşünürsən bir qapısı olsa yaşamaq üçün bir otaqdır. Ölümün mahiyyətini  ölümdən dönmüş dərk edə bilər. Digər insanlar isə "Heç ölməyəcək" təsiri ilə yaşamağa davam edərlər. Ölən insanın qəbrində nə edirsən et, o dirilməyəcək. İnsanoğlunun şəxsi mənfəəti, şan-şöhrətə sevgisini anlamaq üçün bariz nümunələrdən biri qəbirstanlıqlardır. "Qonşudan geri qalma" prinsipiylə ölən insanı belə sağlam olmayan rəqabətin bir vasitəçisinə çevirirlər. Ölən insanı diriltmək mümkün deyilsə, onun adından şəxsi maraqlar üçün istifadə edilməsi nə dərəcədə doğru və haqq qazandırılandır bilmirəm. Bizə düşən ölən insanımızın ölüsünə hörmət edib, şəxsi maraqlarımızdan kənarda saxlamaqdır. Amma çox təəssüf ki, ölən insandan istər maddi, istərsə də mənəvi baxımdan istifadə edilir.

Bir neçə gün öncə yaxın adamın anasının yas mərasimində oldum. Yas mərasimi barədə "xoşum gəldi" sözünü demək bəlkədə doğru deyil amma müşahidə etdiyim bir halı yüksək qiymətləndirdim. O yas mərasimində insanların dərdini dilə gətirib haldan hala salan, ağılarıyla insanları məcburi ağlamağa məcbur edən mühit yox idi. Yas mərasimlərindəki bildiyimiz standartlara öyrəşdiyim üçün fərqli olan bu halın səbəbini müzakirə etdik. Yetərincə elmi və dini savadlı olan, yas mərasimini aparan qadının dediyi səbəb həqiqətən çox gözəl idi. Uzun söhbətimizdən sonra unutmayacağım bir söz dedi: "Canı yanan insan ağılarsız da ağlayır". Nə gözəl bir söz... Kaş bütün mollalar bu cür düşüncə sahibi olardılar. İnsanları psixoloji zorakılığa məruz qoymayaydılar.

Məqsədim kimisə  təhqir etmək deyil. Şəxsi fikirlərini bölüşməyə haqqım olan bir insan kimi bildirməliyəm ki, bir çox mollalarımız sözün əsl mənasında sırf şəxsi maraq üçün yas mərasimlərində iştirak edirlər. Bəzi mollalarımız elə fikirləşirlər ki, yas mərasimlərində iştirak etmək insanların dərdini təzələməkdən, insanları daha çox ağlada bilməkdən, dedikləri ağılara əsasən "reytinq" toplamaqdan ibarətdir.  Hətta bəziləri çəkinmədən "pul" söhbəti də edirlər və istədikləri məbləğı almaq üçün haqqın halal edilib-edilməməsi mövzusundan da "kozur" kimi istifadə edirlər. Günümüzün reallığı olan bu hal çox utanverici haldır.

Din və şəriət hökmləri barəsində əsassız yerə fikir yürüdənlər bu kimi əməlləri ilə insanların əqidəsini təhqir edir, bununla da inanclı insanlar arasında fitnələrin yaranmasına səbəb olurlar. Həqiqət axtarışında olan insanlar isə anlayırlar ki, bəzi şeyləri hərdən gözlərimizi yumub düşünürük. Belə anlarda insan anlayır ki, təkcə gözün gördükləri insanı düşünməyə vadar etmir. Ondan daha yaxşı görən bir göz var - qəlbin gözü. Hər nə yellər əssə də bu gözün gördükləri başqa görənlərə etibar etmir. İstənilən mövzuya qəlbimizin gözü  və ağlımızla yanaşaraq əqidəmizin həqiqət axtarışındakı yolunda doğru cavabı tapmaq diləyilə...

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar