Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş kürəkənin müəmmalı sonu


Rahat Əliyevi türmədə necə təhdid ediblər...


Qazaxıstan prezidentinin keçmiş kürəkəni, “Nurbank”ın iki menecerini oğurlamaq və qətlə yetirmək ittihamı ilə Avstriyada həbs edilmiş Rahat Əliyevin Vyana türməsində müəmmalı ölümünə dair yeni təfərrüatlar ortaya çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, Avstriyanın “Kurier” qəzeti Rahat Əliyevin iki dustaq tərəfindən kamerada təhdid edildiyini, keçmiş kürəkənin onların əlindən xilas olmaq üçün təkadamlıq kameranı seçdiyini yazıb.

Xəbərə görə, bu gün Vyana məhkəməsi Rahat Əliyevi təhdid edən həmin iki məhbusun işi üzrə dinləmələrə başlayıb. “Təsadüfən” bu məhkəmənin başlamasına cəmi bir neçə saat qalmış Rahat Əliyevin həbsxana kamerasında özünü asdığı elan edilib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rahat Əliyev Vyananın Yozefştad həbsxanasında fevralın 23-də özünü asıb. Lakin Avstriya Ədliyyə Nazirliyi rəsmilərinin keçmiş diplomat və oliqarxın bu gün səhər kamerada asılmış vəziyyətdə tapıldığını bildiriblər.

Avstriya mediasının yazdığına görə, Rahat Əliyev əvvəlcə iki məhbusla birlikdə saxlanılırdı. Həmin məhbuslar Qazaxıstan prezidentinin keçmiş kürəkənindən pul tələb ediblər və pulu verməyəcəyi təqdirdə onun həbsxanada “problemlə üzləşəcəyini” deyiblər.

R.Əliyevin şikayəti əsasında bu məhkumlar barəsində cinayət işi qaldırılıb. Bir neçə həftə əvvəl isə Nazarbayevin keçmiş kürəkəni ona qarşı təhdidlərə görə təkadamlıq kameraya keçirilib.

Yerli internet portallardan birinin yazdığına görə, Rahat Əliyev onu hədələyib pul tələb edən kamera yoldaşlarından vəkillərinə şikayətlənib. Bildirib ki, bu hədələrə görə həmin məhbuslara bir neçə min avro, kəmər və futbolkasını verməli olub. Buna baxmayaraq məhbuslar R.Əliyevdən əl çəkməyiblər.

R.Əliyevi təhdid edən və ondan pul tələb edən məhbusların işi üzrə proses bu günə təyin edilib. Lakin R.Əliyev özü həmin prosesdə iştirak edə bilməyib - səhər saatlarında həbsxana nəzarətçiləri onu kamerasında asılmış vəziyyətdə tapıblar.

Bildirilir ki, həmin iki məhbus ifadələrində R.Əliyevdən pul istədiklərini etiraf ediblər, ancaq onun keçmişdə kim olmasından xəbərsiz olduqlarını deyiblər. Məhbusların vəkili bildirir ki, onlar Əliyevdən “həbsxana şəraitində lazım olan pulu borc kimi istəyiblər”.

İndi R.Əliyevin kamerada özünü necə asdığı araşdırılır, çünki kamera daimi nəzarətdə olub və keçmiş kürəkənin intiharı versiyası şübhəli hesab edilir. Məlumata görə, R.Əliyevin cəsədi bintdən hörülüb hazırlanmış kəndirlə paltar asılqanından asılmış vəziyyətdə tapılıb.

Qazaxıstan XİN bildirir ki, Avstriyanın Ədliyyə Nazirliyi artıq şifahi formada Rahat Əliyevin intiharı versiyasını təsdiqləyib. Lakin Avstriya Ədliyyə Nazirliyinin Cəzaların İcrası Direksiyasının rəsmisi Peter Prextl deyib ki, Rahat Əliyev həbsxananın xüsusi bölməsində təkadamlıq kamerada saxlanılırdı və orada tibb personalı daimi növbə çəkir.

P.Prextl həmçinin bildirib ki, Rahat Əliyev intihara meyllilik baxımından “yaşıl kateqoriyaya” daxil idi, yəni onun intihar etmək təhlükəsi yox idi.

R.Əliyevin vəkili Klaus Ayndeter də müdafiə etdiyi şəxsin intihara meylli olmadığını, cəmi bir gün əvvəl - fevralın 23-də onunla telefonla danışdığını, bu zaman müştərinin intihar barədə hər hansı eyham vurmadığını açıqlayıb.

“Bizim intihar versiyasına böyük şübhəmiz var. Hadisənin diqqətlə araşdırılacağını və ölümün səbəbinin üzə çıxarılacağını gözləyirik”- deyə vəkil bildirib.

“Kurier” qəzeti yazır ki, R.Əliyevin təhdidlərlə üzləşdiyini nəzərə alaraq ona yerləşdirildiyi təkadamlıq kamerada xüsusi nəzarət var idi. Buna baxmayaraq həbsxana rəhbərliyi onu özünə və başqa məhbuslara təhlükə yaradacaq məhbus hesab etmirdi. Başqa məhbusların kameralarından fərqli olaraq R.Əliyevin kamerası videomüşahidə kameraları tərəfindən izlənilməyib.

O da bildirilir ki, Rahat Əliyev ölümündən bir neçə saat əvvəl öz facebook səhifəsində mərhum atasına məktub yazıb, bildirib ki, atasının ölümü onu sarsıdıb: “Mənə, yeganə oğluna üçqat ağırdır ki, övlad kimi sənin qarşında son borcumu yerinə yetirə bilmədim”.

Bu qeydi nəzərə alaraq R.Əliyevin atasının ölümündən təsirlənərək intihar edə biləcəyi təxmin edilir. Lakin yekun qənaət hələ yoxdur.

2007-ci ildə Qazaxıstandan qaçan və keçmiş qaynatası Nursultan Nazarbayevə qarşı kompromat savaşı açan R.Əliyev Avstriyadan siyasi sığınacaq almağa çalışsa da buna nail ola bilməmişdi. Çünki Avstriya Baş Prokurorluğu onun iki bankiri şəxsən qətlə yetirdiyinə dair təkzibedilməz sübutlar əldə etmişdi.

Rahat Əliyev ölkədən qaçandan sonra Qazaxıstan xüsusi xidmət orqanları onu ovlamağa bir neçə dəfə cəhd edib, keçmiş kürəkəni aradan götürmək üçün xüsusi adamlar göndərib. Ancaq R.Əliyev Avstriya polisinin və xüsusi xidmətlərinin sayəsində sağ qala bilmişdi.

İndi isə onun - Qazaxıstan hakim elitasının Nazarbayevin varisi hesab olunacaq qədər qüdrətli üzvünün müəmmalı sonu Vyana həbsxanasında çatdı...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar