Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kilsə xidmətçisi


PİA.AZ Kulis-ə istinadən Somerset Moemin "Kilsə xidmətçisi" hekayəsini təqdim edir


Günorta Nevil meydanındakı kilsədə xaç suyuna salınma mərasimi keçirilmişdi, ona görə də Albert Edvard Fomən hələ də iş paltarında idi. O, toy və dəfn mərasimləri üçün ayrılmış təzə xələtini geyinməmişdi, çünki o xələtin büzmələri elə şax idi ki, elə bil, yundan yox, tuncdan hazırlanmışdı. Albert hər gün geyindiyi xələtində idi. O, bu xələtdə özünü yaxşı hiss edirdi, axı bu xələt onun işlədiyi kilsənin simvolu idi. Bu xələt əynində olmayanda (evə gələndə xələtini çıxarırdı) özünü birtəhər hiss edirdi, elə bilirdi ki, nə isə itirib. Albert iş paltarına yaxşı qulluq edirdi, onu özü hamarlayır, özü də ütüləyirdi. Bu kilsədə xidmətçi olduğu 16 il ərzində onun çoxlu belə xələtləri olmuşdu. Ancaq o xələtlər köhnələndə Albertin onları atmağa əli gəlmirdi. O, köhnəlmiş xələtləri səliqəylə qatlayır və yataq otağındakı paltar şkafının axırıncı siyirtməsinə qoyurdu.
 
Xidmətçı sakitcə öz işi ilə məşğul idi; rənglənmiş taxta qapağı xaç suyuna salmaq üçün işlədilən mərmər ləyənin ağzına örtdü, xəstə qoca qadın üçün gətirilmiş stulu öz yerinə qoydu, sonra isə cübbələrin saxlandığı otaqda olan vikarini gözləməyə başladı ki, o çıxandan sonra oranı da yığışdırıb evinə getsin. Az sonra vikari göründü, mehraba yaxınlaşanda diz çöküb dua etdi, sonra isə kilsə keçidinə tərəf getdi. Onun cübbəsi hələ də əynində idi: “O boş-boşuna nə gəzir? - xidmətçi öz - özünə dedi. - Məgər bilmir ki, mən də nahar etməmişəm?”
 

 
Vikari bu kilsəyə yaxınlarda təyin edilmişdi. O, qırx yaşlarında qırmızısifət, ciddi bir kişi idi. Albert hələ də əvvəli vikarinin işdən çıxarılmasına heyfsilənirdi. O, aramla moizə oxuyar, eyni prixoda mənsub olduğu adamlarla tez-tez nahar edərdi, kilsədə hər şeyi özü istədiyi qaydada təşkil edirdi, ancaq heç vaxt  boş şeylərə baş qoşmazdı - bu təzə gələn vikarı kimi hər yerə burnunu soxmurdu. Abert Edvard ən pis adamla da yola gedərdi. Kilsə yaxşı yerdəydi, işçilərin hamısı yaxşı adamlar idi. Yeni vikarı Şərqdən gəlmişdi və buradakı qayda-qanuna hələ uyğunlaşmamışdı.
 
- Həmişə belə olmaz, - Albert Edvard deyirdi. – Qoy bir az vaxt keçsin, o da uyğunlaşacaq hər şeyə.
 
Vikari kilsə keçidinə çatanda dayandı və Alberti səslədi:
 
- Fomən, bir-iki dəqiqəliyə paltar saxlanılan yerə gəlin. Sizə deyiləsi sözüm var.
 
Vikari onun da pilləkənlə çıxmasını gözlədi, sonra hər ikisi paltar saxlanılan otağa girdilər.
 
- Bugünkü mərasim yaxşı keçdi, ser. Maraqlıydı, siz uşağı qucağınıza alan kimi o, səsini kəsdi.
 
- Uşaqlar çox vaxt mənim qucağımda səslərini kəsirlər, -  vikari yüngülvari gülümsəyib dedi. - Mən artıq uşaqlarla necə rəftar etməyi öyrənmişəm.
 
Ağlayan uşağın onun qucağında səsini kəsməsilə vikari lovğalanırdı və uşağın dayəsinin heyranlıqla ona baxmasından həzz alırdı, xidmətçi də bilirdi ki, o tərifdən xoşlanır. Albert Edvard otaqdakı iki ağsaqqalı da görəndə çox təəccübləndi. Çünki onların içəri girdiyini görməmişdi. Ağsaqqallar başlarıyla onu salamladılar.
 
- Vaxtınız xeyir, mənim ağam. Vaxtınız xeyir, ser, - Albert hər ikisinə ayrı-ayrılıqda cavab verdi.
 
Onların hər ikisi yaşlı idi. Demək olar ki, burada xidmətçi işləməyə başladığı vaxtdan onlar kilsə ağsaqqalı idilər. Ağsaqqallar əvvəlki vikarinin neçə il qabaq İtaliyadan gətirdiyi stol arxasında oturmuşdular, vikari də onların ikisinin arasındakı stulda əyləşmişdi. Albert Edvard da stolun o biri başında onlarla üzbəüz oturdu və nigarançılıqla nə deyiləcəyini gözləməyə başladı. O, bir müddət əvvəl  orqançalanın başına gələn müsibəti və hər şeyi ört-basdır etmək üçün necə narahat olduqlarını xatırladı.
 
Nevil meydanındakı belə adlı-sanlı kilsədə onlar çox şeyi açıb-ağartmırdılar. Vikarinin qırmızı sifətindən mehribanlıq yağırdı, ağsaqqallar isə, əksinə, narahat görünürdülər.
 
- Olsun ki, vikari onlarla öcəşib, - xidmətçi öz-özünə dedi. – Yəqin ki, onlara bir iş buyurub, onlar da yerinə yetirməyiblər. Sözsüz ki, bu, belə olub.
 
Albert belə fikirləşsə də, ürəyi səksəkəliydi. O, həmişə özündən böyüklərə hörmət edirdi, ancaq heç kəsə yaltaqlanmırdı. Bu dini idarədə işləməzdən qabaq o yaxşı evlərdə qulluq etmişdi. İşlədiyi evlərdə heç kəs ondan narazı qalmamışdı. Əvvəllər bir tacirin evində xidmətçi olmuşdu. Bir ilin içində isə dul bir qadın eşikağası vəsifəsini ona etibar etmişdi. Kilsədə boş yer olana qədər isə o, istefada olan bir səfirin evində eşikağası işləyirdi. Albert ucaboylu, arıq, ciddi, vüqarlı görünüşü olan bir kişi idi. Oz işinin ustası idi. Bununla belə o, mərifətli, özünəinamlı idi. Onun xarakterində bir eyib tapmaq çətin idi.
 
Vikari söhbətə qəflətən başladı:
 
- Fomən, sizə şad xəbər deməyəcəyik. Siz uzun illər burada işləmisiniz. Əgər desəm ki, siz işinizi həmişə can-başla yerinə yetirmisiniz, sözsüz ki, ağsaqqallar da mənimlə razılaşarlar.
 
Ağsaqqallar başlarıyla onun sözlərini təsdiqlədilər.
 
- Ancaq dünən ağlıma bir fikir gəldi ki, bu barədə ağsaqqallarla da məsləhətləşməyi lazım bildim. Belə ki, eşitdiyimə görə siz oxuyub-yazmağı bacarmırsınız.
 
Xidmətçinin sifətində heç bir dəyişiklik görünmədi.
 
- Bunu əvvəlki vikari də bilirdi, ser, - dedi. - O, deyirdi ki, savadsız olmağımın mənim işimə heç bir dəxli yoxdur. O, həmişə deyərdi ki, əsas olan həyat məktəbidir.
 
- Birinci dəfədir ki, belə söz eşidirəm, - baş ağsaqqal səsini qaldırdı.
 
- Demək istəyirsiniz ki, siz 16 il kilsədə işləmisiniz və savad almağa cəhd etməmisiniz?
 
- 12 yaşım olanda ibadət etməyi öyrənmək istədim. Keşiş məni öyrətməyə çalışırdı, ancaq mənim bacarığım yox idi. Sonra isə başım işə qarışdı və mən də oxumaq barədə unutdum. Heç özüm də savadlı olmağa səy göstərməmişəm. Məncə, bir çox cavanlar oxumaqdansa bir xeyirli iş görsələr daha yaxşı olar.
 
- Düzünü deyin, bəs siz təzə xəbərləri öyrənmək istəmirsiniz? - O biri ağsaqqal soruşdu. – Bəs heç məktub yazmırsınız?
 
- Niyə ki, mənim ağam, oxumamış da keçinirəm. Son vaxtlar isə qəzetdəki şəkillərə baxmaqla nə baş verdiyini asanlıqla öyrənirəm. Arvadım oxumağı bacarır, mən məktub yazmaq istəyəndə o mənim əvəzimdən yazır.
 
Hər iki ağsaqqal bunu eşidib təşvişlə vikariyə baxdılar, sonra isə başlarını aşağı dikdilər.
 
- Belədir, Fomən, mən hər şeyi ağsaqqallarla müzakirə etmişəm və onlar da vəziyyətin mürəkkəb olması fikri ilə razılaşırlar. Bu cür adlı-sanlı kilsədə oxuyub-yazmağı bacarmayan bir adamı xidmətçi saxlaya bilmərik.
 
Albert Edvardın arıq, sarımtıl sifəti qızardı, o, narahatlıqla yerində vurnuxdu, amma heç nə demədi.
 
- Məni düzgün başa düşün. Sizdən heç bir şikayətim yoxdur. Siz işinizin öhdəsindən layiqincə gəlirsiniz. Sizin həm xasiyyətiniz, həm də bacarığınız haqda yüksək fikirdəyəm. Ancaq savadsız olmağınız hər şeyi korlayır. Belə məsələlərdə gərək ehtiyatlı olaq.
 
- Təzədən oxumağa cəhd edə bilməzsiniz ki? - Baş ağsaqqal soruşdu.
 
- Yox, ser, yox. Artıq gecdir. Özünüz də görürsünüz ki, yaşımın o vaxtı deyil ki, hər şeyə təzədən başlayım. Uşaq vaxtı hərflər beynimə girməyibsə, bundan sonra heç girməz. Həm də atalar deyib ki, qırxında öyrənən gorunda çalar.
 
- Biz sizə qarşı sərt olmaq istəmirik, Fomən, - vikari dedi.-Ancaq ağsaqqallarla hər şeyi götür-qoy etmişik. Sizə 3 ay möhlərt veririk. Əgər bu müddətdə yazıb-oxumağı öyrənməsəniz sizi işdən çıxarmalı olacağıq.
 
- Bu təzə vikaridən Albertin heç əvvəldən xoşu gəlmirdi. O, elə əvvəldən deyirdi ki, belə məşhur kilsəyə onu təyin etməklə böyük səhvə yol veriblər. O, buradakılarla heç düz gəlmirdi. İndi də başlayıb bəzi işlərini qaydaya salmağa. Vikari özünün qədrini bilir və başqalarından ötrü işindən çıxarılmaq istəmir.
 
- Məni qəmləndirdiniz, ser. Heç yaxşı iş görmürsünüz. Mən qoca kaftar bundan sonra oxuyub-yazmağı necə öyrənim? Uzun illər oxuyub-yazmağı bilmədən keçinmişəm. Heç vaxt özüm-özümü tərifləməmişəm. Mən özümü gözə soxmaq üçün yaxşı işləməmişəm. Savadlı olsaydım da elə bu cür işləyərdim.
 
- Belə olan surətdə işdən çıxmalı olacaqsınız, Fomən.
 
- Yaxşı, ser, hər şeyi başa düşürəm. Siz mənim yerimə bir adam tapan kimi işdən çıxaram.
 
Albert əvvəlki kimi kilsə qapısını ehtiyatla örtüb çölə çıxanda hiss etdi ki, kövrəlib, hətta dodaqları da əsdi. Təzədən paltarsaxlanan otağa qayıtdı və xələtini ona məxsus olan asılqandan asdı. O, böyük dəfn mərasimləri və dəbdəbəli toyları xəyalına gətirib dərindən köks ötürdü. Albert hər yeri yığışdırdı, paltosunu geyindi, şlyapasını əlinə alıb çıxış qapısına tərəf yönəldi, kilsə qapısını da arxasınca bağladı. O, meydana çıxdı, ancaq o qədər fikirli idi ki, onu bir stəkan rəngli çay gözləyən  evlərinə tərəf gedən küçəyə yönəlmədi, başqa tərəfə döndü və yavaş-yavaş addımlamağa başladı. Ürəyi dolmuşdu, nə edəcəyini bilmirdi. Əvvəlki kimi ev xidmətçisi olmağı isə heç təsəvvür belə etmək istəmirdi.  Uzun illər işlədiyi yerdən ayrılmaq ona ağır gəlirdi və düşdüyü vəziyyətlə heç cür barışa bilmirdi. Albert bir xeyli pul yığmışdı, amma işləməsəydi bu pul onlara bəs etməzdi. Onsuz da hər şey getdikcə bahalaşırdı. Bu vəziyyətə düşəcəyi heç vaxt onun ağlına gəlməmişdi. Kilsənin xidmətçiləri axirət dünyası üçün orada işləyirdilər. Albert tez-tez öləndən sonrakı bazar axşamı vikarinin öz sədaqətli və nümunəvi xidmətçisinə necə dua edəcəyini göz önünə gətirirdi. İndi isə o bunu xatırlayıb dərindən köks ötürdü.
 
Bəzi təsadüfü halları çıxmaq şərtilə Albett demək olar ki, nə siqaret çəkir, nə də içki içirdi. Eləcə, nahar vaxtı hərdən pivə içir, yorulanda isə arabir siqaret çəkirdi.
 
İndi isə ona elə gəldi ki, bir qutu siqaret onu sakitləşdirə bilər. Ona görə də siqaret almaq üçün ətrafa boylandı. Amma siqaret satılan köşk gözünə dəymədi. O, bir az da irəlilədi. Küçə uzun idi, orada müxtəlif mağazalar var idi. Ancaq  bircə köşk yox idi ki, adam gedib oradan bir qutu siqaret alsın.
 
- Çox qəribədir, - Albet öz-özünə dedi. Dəqiqləşdirmək üçün gəldiyi yerə qayıdıb bir də baxdı. Yox, buna heç bir şübhə ola bilməzdi. O dayandı və dalğın halda küçənin o baş bu başına diqqətlə bir də baxdı.
 
- Sözsüz ki, bu küçə ilə gedərkən siqaret almaq istəyən təkcə mən deyiləm,- fikirləşdi.- Şübhəsiz, burada bir köşk açıb konfet və siqaret satan adam uduzmaz.
 
Ağlına gəlmiş fikirdən diksindi.
 
- İdeya, bax, budur. Qəribədir, adam bir pis vəziyyətə düşəndə haradansa çıxış yolu da görünür. Yaxşı deyiblər ki, bir yandan bağlayan Allah bir yandan da açar.
 
Geri döndü, evinə gəlib qapını açdı.
 
- Bu gün sənə nə olub, heç danışmırsan? - arvadı arada ona söz atdı.
 
- Fikirləşirəm.
 
O, hər şeyi yaxşıca götür-qoy etdi və səhəri həmin küçəylə gedərkən xoşbəxtlikdən gördü ki, balaca bir dükan icarəyə verilir. Bu, əsl ona münasib dükan idi. Bir gün sonra artıq həmin dükanı almışdı. Bir aydan sonra Nevil küçəsindəki kilsədən həmişəlik çıxandan sonra qəzet və siqaret satmağa başladı. Arvadı tez-tez deyirdi ki, o cür adlı-sanlı kilsədə xidmətçi  işləmiş bir adam üçün bu, heç də yaxşı iş deyil. Albert ona cavab verirdi ki, zamanla ayaqlaşmaq lazımdır. Ümumiyyətlə, onun işləri yaxşı gedirdi, onda ağlına gəldi ki, ikinci bir dükan da icarə götürüb, oraya bir işçi təyin etsin. Beləliklə, o, siqaret satılan dükanı olmayan başqa bir uzun küçə tapdı. Həmin küçədə də balaca bir dükanın icarəyə verildiyini görüb çox sevindi, dükanı alıb hər şeylə təmin etdi. Bu, onun  uğuru idi.
 
Bir gün ağlına gəldi ki, əgər onun iki-üç belə dükanı olsa bir az da qabağa düşər. Bundan sonra Albert siqaret satılan yeri olmayan və icarəyə verilən dükanı olan böyük küçə görəndə həmin dükanı icarələyirdi. On ildən sonra azı 10 dükanı var idi və bankda xeyli pulu yığılmışdı.
 
Hər bazar ertəsi o özü dükanları gəzib həftəlik pulları toplayır və aparıb banka təhvil verirdi.
 
Bir səhər bir dəstə qəbzi və bir ağır çanta dolusu pulu kassirə verəndə kassir dedi ki, müdir onu görmək istəyir. Kassir müdirin otağını ona göstərdi və Albert içəri girdi.
 
- Mister Fomən, elə sizinlə söhbət etmək istəyirdim. Belə ki, sizin bizdə artıq pulunuz yığılıb qalıb. Heç dəqiq bilirsinizmi ki, o pul nə qədərdir?
 
- Yəqin ki, bir–iki funt deyil. O pulları müəyyən bir məqsədə sərf edəcəm.
 
- Bu səhər verdiklərinizdən başqa sizin bizdə 30 min funtunuz var. Bu, böyük məbləğdir. Belə məsləhət görərdim ki, siz o pulu əmanət kassasına keçirəsiniz.
 
- Belə edə bilmərəm, ser. Bilirəm ki, o pullar bankda toxunulmaz hissədir.
 
- Narahat olmağa dəyməz. Biz özümüz hər şeyi yoluna qoyacağıq. Sizin özünüzün də marağınız artacaq.
 
Albertin sifəti qəribə görkəm aldı:
 
- Belə işlərlə heç vaxt aram olmayıb, yaxşısı budur ki, qoyun o pullar elə sizdə qalsın.
 
Müdir gülümsədi:
 
- Hər şeyi biz özümüz edəcəyik. Gələn dəfə bura gələndə sizin işiniz bircə o olacaq ki, blanka qol çəkəsiniz.
 
- Qol çəkərəm, - Albert tərəddüdlə dedi. - Bəs nəyə qol çəkdiyimi mən nədən biləcəyəm?
 
- Şübhəsiz ki, siz oxumağı bacarırsınız, - müdir dedi.
 
Mister Fomən yazıq-yazıq gülümsədi:
 
- Yanılırsınız, ser, mən oxumağı bacarmıram. Bilirəm ki, bu sizə gülməli görünür. Mən nə yazmağı bilirəm, nə də oxumağı. Bircə adımı yaza bilirəm. Onu da bu işə keçəndən sonra öyrənmişəm.
 
Müdir necə təəccübləndisə heç stuldan necə qalxdığını da bilmədi.
 
- Siz nə danışırsınız? Doğrudan siz oxumağı bacarmırsınız?
 
- Neyləmək olar, belədir. Oxumağa əvvəllər imkanım olmayıb. Sonralar isə nədənsə özüm istəməmişəm.
 
Müdir ona elə baxırdı ki, sanki əcaib bir şey görürdü.
 
- Demək istəyirsiniz ki, siz oxuyub yazmağı bacarmadan 30 min funt yığıb toplamısınız? Bu heç inanılası deyil. Aman Allah, bəs siz savadlı olsaydınız neylərdiniz?
 
- Qulaq asin, deyim, - Albert fikirli-fikirli dilləndi. - Gedib kilsədə xidmətçi işləyərdim.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar