Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köhnə YAP-çıların vəzifəyə gətirilməsinin sirri


Mehman Əliyev: “Müvafiq postlara təyinat zamanı ilk növbədə etibarlı adamlar axtarılır”; Ərəstun Oruclu: “2013-cü il prezident seçkilərindən sonra ”köhnə qvardiya" üstünlük əldə etdi və opponentlərini sıradan çıxartdı"; Siyavuş Novruzov: “İqtidar partiyası dövlət üçün bir kadr potensialıdır, kadrların hazırlanması üçün məktəbdir”


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlının prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunması yeni müzakirələrə imkan yaradıb.

Bu da hakim partiya rəhbərliyində təmsil olunan üç aparıcı fiqurdan sayca ikincisinin iqtidar komandasında müvafiq vəzifə ilə təltifləndirilməsidir. Bundan əvvəl YAP-ın icra katibi və partiya sədrinin müavini Əli Əhmədov da baş nazirin müavini təyin edilmişdi. Düzdür, uzun müddət idi ki, vəzifə təyinatları zamanı YAP-ın kadrlarından istifadə olunmamasından dolayı siyasi kuluarlarda müzakirələr gedirdi və bir sıra hallarda hakim partiyadakı narazılıqlar mətbuata da sızırdı. Xüsusilə də bəzi gənc kadrların komandada yer almasından sonra qocaman YAP-çılar vəzifə təyinatı alacaqlarına bəslədikləri ümidlərini dəfn etmişdilər. Lakin bu mərhələdə YAP-ın təcrübəli kadrlarına istinad edilməsi maraqlı bir mənzərə yaradıb. Belə görünür ki, hakim partiyanın hakim komandada mövqelərinin tədrici də olsa, gücləndirilməsi prosesi gedir. 

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, müvafiq postlara təyinat zamanı ilk növbədə etibarlı adamlar axtarılır: “Ona görə də bu cür seçim edilir. Yəni burada professional yanaşma, yaxud hansısa sahəni incəliyinə qədər bilmək məsələsi o qədər də önəmli deyil. Dediyim kimi, burda daha çox sadiq olan insana üstünlük verilir. Dini Komitə elə bir sahədir ki, burda daha çox təcrübə, siyasi biliyin olması əhəmiyyət kəsb edir. Eyni zamanda dini icmalar, inanclı insanlar arasında avtoriteti olan insan olmalıdır. Bu postu tutan şəxs dövlətlə dini icmalar arasında olan şəxsdir. Ona görə də dövlətin dini siyasətini insanlara, təşkilatlara çatdıracaq bir adam olmalıdır. Hər halda, inanclı adamlardan soruşmaq lazımdır ki, onlar Mübariz Qurbanlıya nə qədər etibar edirlər”. 

YAP-ın elitasının irəli çəkilməsi şəraitində hakim partiyanın gənc üzvləri bu durumdan narazı qala bilərmi? 

M.Əliyev suala cavablında dedi: “Mən bu gün xeyli gənclər görürəm ki, onların arasında YAP-çı olan da, olmayan da var, onlar özlərinin gələcəyini, karyeralarını hansısa postda olub maraqlarını təmin etməkdə görürlər. Artıq belə bir təbəqə də formalaşıb. Ancaq YAP-dakı gənclər kimdən narazı ola bilər? Bu partiyada demokratik mühit varmı ki, kimsə narazı olsun, kimsə inciyib getsin, ya partiya parçalansın? Müəyyən canfəşanlıqlar ona yönəlib ki, hakimiyyətdən istifadə edib şəxsi maraqlarını təmin etsinlər. Əgər ölkədə bu korrupsiya, iqtisadiyyatın qeyri-normal inkişafı varsa, bunlar hamısı onu göstərir ki, hakimiyyətdə olanların əksəriyyəti öz maraqlarını təmin etmək üçün çalışırlar. Ora da gəlmək istəyənlər də məhz bu məqsəd üçün gəlir. Heç kəs hakimiyyətdə ona görə təmsil olmaq istəmir ki, gəlib korrupsiyasız, rüşvətsiz Yeni Azərbaycan quracaq. Ümumiyyətlə, bu sistem belədir”. 

“Yeni vəzifəyə təyin olunan YAP-çı deputatın mandatı ləğv olunarkən Milli Məclisdə iqtidar partiyasının sıralarının seyrəlməsinə necə təsir edəcək” sualına YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov cavab verərkən modern.az-a deyib ki, bu, bütün dünyada rast gəlinən praktikadır. Onun sözlərinə görə, parlamentdəki kadr potensialından dövlətin idarə olunmasında kifayət qədər istifadə olunur. Səbəbinə gəldikdə, birinci növbədə həmin insanlar hazırlıqlı olurlar və seçicilərini parlamentdə təmsil edirlər. Belə adamların ictimai-siyasi fəaliyyəti, siyasi dünyagörüşü, dövlət idarəçiliyində təcrübəsi diqqət çəkir: “YAP-ın parlamentdə təmsil olunan kifayət qədər üzvü var. Həm ümummilli lider, həm də indiki prezidentimiz istər parlamentdə, istərsə də partiyanın rəhbər strukturlarında, Siyasi Şurasında, İdarə Heyətində təmsil olunan insanları müxtəlif vəzifələrə təyin ediblər. Bəzisi icra başçısı göndərilir, bəziləri müxtəlif nazirliklərdə, dövlətin ayrı-ayrı strukturlarında təmsil olunurlar. Bu da tamamilə məqsədəuyğun və düzgün xətdir”. Kadrlardan istifadənin səbəblərindən danışarkən o, YAP-ın “bir məktəb olduğunu” diqqətə çatdırıb: “İqtidar partiyası dövlət üçün bir kadr potensialıdır, kadrların hazırlanması üçün məktəbdir. Bu prosesdə gənclər də iştirak edir və vaxtaşırı onların da potensialından istifadə olunur. YAP 500-1000 nəfərdən ibarət deyil, geniş və böyük bir ordudur. Vətəninə, xalqına bağlı, təhsilli, dövlətçiliyi bilən insanların toplaşdığı bir siyasi təşkilatdır”. Qeyd edək ki, bununla da YAP-ın Milli Məclisdə təmsil olunan 4-cü nümayəndəsi mandatsız qalıb. Belə ki, 2013-cü ilin oktyabrında baş nazirin müavini vəzifəsinə təyin olunan Əli Əhmədovun deputat mandatı ləğv olunub. Adı korrupsiya qalmaqalında hallanan Gülər Əhmədova özü mandatından imtina edib. 2013-cü ilin mart ayında isə deputat Hikmət Atayev avtomobil qəzasında dünyasını dəyişib.

Maraqlıdır, S.Novruzov özü necə, vəzifə gözləyirmi? “Hansısa vəzifəyə təyin olunmağım üçün səlahiyyət partiya sədrinə aiddir” - deyə, o bildirib.  “Birinci növbədə, mənim kifayət qədər işim var. Həm Yeni Azərbaycan Partiyasının icra katibinin müaviniyəm, həm də Milli Məclisdə İntizam komissiyasının sədriyəm. Ümumi işlərdə də fəaliyyət göstərirəm. Amma mənim yeni vəzifəyə təyin olunacağım barədə  nəsə bir söz deyə bilmərəm. Çünki bu cür məsələlərdə səlahiyyət partiyanın sədrinə aiddir. Partiya sədri nə vaxt yeni vəzifəyə məni məsləhət bilərsə, o vaxt da bu reallaşa bilər”-deyə, S.Novruzov əlavə edib.  

Politoloq Ərəstun Oruclu köhnə YAP-çıların vəzifəyə təyin olunması tendensiyasının fərqli izahını verdi: “2013-cü il prezident seçkilərindən sonra ”köhnə qvardiya"  üstünlük əldə etdi və faktiki olaraq özünün yeni yaranmaqda olan opponentlərini, yəni Paşayevləri sıradan çıxartdı. İndi də həmin o qvardiyanın möhkəmlənməsi gedir və o prosesin davamıdır, başqa heç bir şey yoxdur". Ə.Oruclu deyir ki, bu gün meydanda əsasən “köhnə qvardiya”nın komandası var: “Məsələn, Əli Əhmədov da bundan əvvəl baş nazirin müavini təyin olunmuşdu. Həmin ərəfədə hakim komandada bir neçə nəfərin sıradan çıxarılması onu göstərir ki, burada komanda oyunu gedir”. Ekspert güman etmir ki, Prezident Administrasiyasında şöbə müdiri olan Elnur Aslanov və ya Dini İşlər üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov etibarsız çıxıblar deyə vurulub: “Güman etmirəm ki, onlar etibarsız çıxıb, yaxud ümidləri doğrultmayıb. Məncə, onlar hansısa daxili intriqanın qurbanı oldular. Gülən camaatı və digər söhbətlər prosesin dekorativ bəzədilməsi idi. Əslində isə onlar intriqanın qurbanı oldular”. Ə.Oruclu da vəzifə tamarzısı olan YAP gənclərinin belə bir situasiyada hansısa sərt mövqe sərgiləyəcəyini güman etmir: “Məncə, onların xüsusi bir çəkisi yoxdur ki, nəyəsə təsir etsinlər. Avtoritar partiyadır və mərkəzdən idarə olunur”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar