Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köhnə bazarda - təzə qiymət


Daha çox qazanmaq istəyi əndazələri aşmayanda, biri-birini aldatmaq üzqaralığı sayılanda, toxun acdan xəbəri olmayanda, bazar iqtisadiyyat deyilən bicliklərin ayaq açıb yerimədiyi zamanlarda insanlar ona dəyən zərbənin haradan gəldiyini biliblər


“Qazanc mayanı yedi” deyəndə, “tamah baş yardı” deyib köks ötürəndə əli camaatın cibinə girən banklar da yox idi... Amma güclünün zəifin qismətinə qənim kəsilməyi olub, indi də var... Sadəcə olaraq buna müxtəlif iqtisadi terminlərlə don geydiriblər... Həmişə yükün ağırlığı adi, binəsib bəndələrin çiyninə düşüb.

Yenə dərd-bəla gözlədiyimiz səmtdən – Rusiyadan gəldi. Yeni imperiya yaratmaq iddiasında olan ölkə bizi də düşdüyü labirintə sürükləyir. Bir-iki günün içində bazarda qiymətlər od tutub yandı. Ən adi tərəvəz məhsulları iki-üç qat bahalaşdı. İkicə həftə əvvəl 15 qəpiyə aldığımız qarpız dönüb 50 qəpiyə satıldı, pomidor-xiyar iki dəfə, göy-göyərti isə yarıbayarı bahalaşdı. Hələ bağlarda-bostanlarda məhsulun bol olduğu vaxtda belə fəlakətlə üz-üzə qalmışıq. Əl-ayaq torpaqdan üzüləndə nələr baş verəcəyini isə təsəvvür etmək mümkün deyil...

Belə görünür ki, bizə “canı yanan” hökumət də vəziyyətdən xəbərdardır, amma ciddi addım atmaq fikrində deyil. Əslində bu bahalaşan bazarda onun  Rusiyanın diktə etdiyi şərtlərə boyun əyməkdən savayı heç nəyə gücü çatmır. Qəfildən Rusiyaya daşınan məhsulların qabağını almağa cəhd etsə, Rusiyanın qəzəbinə hədəf ola bilər. Onsuz da şimal qonşumuzun quduzlaşan tamahı bütün dünyanı təhdid edir. Əlac bircə ona qalır ki, hökumətin vecsizliyinə dözək, bizə ziyan olsa da, Rusiyanın könlü xoş olsun deyə daha ağır əzablara qatlaşaq.

Məqsəd dəyişib, niyyət isə əvvəlki kimi qalır. Rusiya dünya 
ilə üz-üzə qalana qədər bütün qəzəbini bizim ölkədən oraya çörək pulu qazanmağa gedənlərin üstünə tökürdü. Ən ağlasığmaz qadağalar, təqiblər sıralanırdı. Bazarlarda bütün təhqirlərə dözüb “pul qazananların” necə döyülüb, söyüldüyünün dönə-dönə şahidi olmuşuq... Qəfildən dara düşəndə isə elə bu saya salınmayanlar köməyə yetdilər, Qərbdən gəlməyən ərzağın şərqdən bazara daşınmağı üçün güzəşt qapıları açıldı... Məsələ ondadır ki, imperiyanın süqutundan sonra Rusiyada onun bazarında bazarlıq edənlərə münasibət tamamilə dəyişmişdi. Ən ağır, ən çirkli işlə məşğul olanlar üstəlik də Rusiya polisinin dəyənəyinə tuş gəlirdilər...

Bu illər ərzində Rusiya bazarı həm də iqtisadi təzyiq vasitəsi olub. Hansısa keçmiş sovet respublikasının atdığı addım Rusiyanın xoşuna gəlməyəndə dərhal iqtisadi mexanizmlər işə salınıb. Bu ölkələrdən Rusiya bazarına idxal edilən mallara qadağalar qoyulub. İstisnasız olaraq bu, bütün keçmiş “kiçik qardaşlara” şamil edilib.

Eyni, oxşar səbəb də Rusiyanı Qərb bazarından əl üzməyə məcbur edir. Hər gün bu ölkənin televiziya proqramlarında qiymətlərin qalxmaması, heç bir ərzaq təhlükəsi olmadığı ilə bağlı təsəlli verici verilişlər sıralanır. Guya yeni müttəfiqlər Rusiyanı darda qoymayacaqlar, Qərbin əvəzinə Şərq Rusiyanın köməyinə yetəcək. Əslində isə vəziyyət olduqca kritik həddə qərarlaşıb. Məsələ ondadır ki, Rusiyanın daxili bazarda ehtiyac duyduğu ərzaq malları ilə yaxın bir-iki ay ərzində təmin etmək mümkün deyil. Heç kim yazda əkməsə, payızda məhsul götürə bilmir. Rusiyanın ehtiyacları isə qəfil üzə çıxıb...

Eyni vəziyyətlə biz də üz-üzə qalırıq. Əkəndə, səpəndə bizimlə ortaq olmayan rus ayısı, indi payızda bizim qismətimizə şəriklik iddiasına düşüb... Bu da hər bir kəsi daha ağır şərtlərlə yaşamağa məcbur edir...

Azərbaycanda onsuz da yalanı gerçək kimi qələmə vermək ənənəsi formalaşıb. Statistika siyasi manipulyasiya alətinə çevrilib. Neçə illərdir ki, inflyasiyanın həddi qəsdən aşağı salınır, manatın məzənnəsi süni şəkildə qorunur, bütün ağırlıqlar isə adi adamların çiyninə çökür... Biz bir milyon üç yüz min yeni iş yeri açılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı illərdən bəri usanmadan təkrarlanan vədləri eşidirik... Hakimiyyət dairələri bir zərrə də yalanla qarın doymadığını eyinlərinə almırlar...

Azərbaycandan zəruri ərzaq məhsullarının Rusiyaya daşınmasının əkinçi üçün qazanc mənbəyi olduğunu iddia edənlər var. Bəla isə ondadır ki, baha kartof satan baha soğan, pomidor, xiyar və s. alanda nə qədər yanıldığını görür. Necə deyərlər, qazanc mayanı yeyir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar