Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komik dövlətlər

“Hər ağlar gözlüyə aşiq deməzlər”


(Azərbaycan ata sözü)

Hazırda bütün dünyada qəribə ictimai-siyasi proseslər getməkdədir.

Ermənistanda təzə qoyulan baş nazir öz oğlunu cəbhə bölgəsinə əsgərliyə yollamışdır. Guya bununla böyük fədakarlıq etmişdir. Halbuki bizim ölkədə neçə baş nazirin şəxsən özü cəbhədə həlak olmuşdur, gəl gör, oğul-uşağı, nəvə-nəticəsi olsun. Elə son baş nazirimizin oğlu avtomatı təzə baş nazirin nəvəsinə ötürərək əlində qumbara bağlaması tankın altına atılmışdı.

Gürcüstanda keçən ilin dekabrında iki yeniyetməni Tiflisdə davada öldürüblər. Bunları öldürənlərlə bağlı cinayət işi açılıb, məhkəmə gedir, kimlərsə tutulub. Ancaq ölənlərdən birinin atası istintaqdan narazılıq edib küçəyə çıxmışdı. Camaat da dərhal tökülüşüb bu atanın dalıyca, şəhərdə yekə mitinq yaranıb. Nəticədə baş prokuror istefa vermişdir. Hətta indi camaat deyir, tək prokuror azdır, prezidentin istefasını istəyirik. Hər iki nəfərin ölümünə görə baş prokuror istefa versə, gərək bəzi dövlətlərdə baş prokuror kreslosuna vertalyotu qoysunlar. Bu nə dövlətçilikdir? Sabitliyi qorumaq lazımdır - lap 200 adam ölsün, əsas baş prokurorun can sağlığıdır. Sözgəlişi, bu vertalyot məsələsinin yaxşı lətifəsi var, bura yazım, bilməyənlər də oxusun, bu əziz ayda savab qazanaq. Demək, Həsən adında bir müdrik kişi ölməyə hazırlaşır, arvadının xasiyyətinə də yaxşı bələd imiş, o üzdən arvadı çağırıb deyir: “Bax, arvad, mən ölürəm, ancaq sən sonra mənə xəyanət eləmə, hər xəyanət eləsən qəbrimdə bir dəfə fırlanacam”. Arvad yalan-palandan zırıldayır, deyir, a kişi, ölmək nədir, məni yetim qoyma, o biri söhbəti də heç ağlına gətirmə, mən ancaq səni sevmişəm, axirətə qədər də səninəm və sairə və ilaxır. Həsən kişi deyir, hər halda bax da, mən sözümü dedim. Nə isə, köşə dili yüyrək olar, Həsən ölür, arvad da elə dərhal başlayır fəaliyyətə. Onunla gəzir, bununla gəzir... Bir neçə ay sonra rəhmətlik kişi yadına gəlir, deyir, gedim bir bunu ziyarət eləyim. Gəlir qəbri tapmır, qarovulçudan Həsənin qəbrinin yerini soruşur. Qarovulçu deyir: “Hansı? Vertalyot Həsəni deyirsən?”.  

İspaniyada deputatxanada cəmi dörddə bir deputatı olan fraksiyanın rəhbəri baş naziri korrupsiyada suçlayıb istefaya göndərdi, özü oldu baş nazir. Özü də ateist-solçudur, baş nazir olanda and içərkən deyib Bibliyanı-zadı burdan yığışdırın, mənə dəxli yoxdur. Ax-vax. Gör nə allahsız adamdır. İnşallah, növbəti korridada öküz buynuzu sənin bir yerinə girər.

İtaliyada isə keçmişdə komik artist olmuş adamın partiyası parlament seçkilərində koalisyon qələbə qazanıb hökumət qayırıbdır.  Komik seçkini udub, lakin xalqın üzü gülmür, krizisdir.

Bunlar yaxın bir ayın əcaib əhvalatlarıdır, gördüyünüz kimi, bütün dünyada nəsə dəyişir. Sabitlik pozulur. Misal üçün, daha biz italyan ayaqqabısını gərək geyinməyək. Ancaq, əlbəttə, bizə doğma, mentalitet, əxlaq, genetika, milli qürur, qədim adətlər, ağsaqqal öyüdü, ağbirçək yaylığı, övlad məhəbbəti, nəvə şirinliyi, gəlinbacı isməti, qayınbacı qisməti, şirinbacı töhməti (mənası yoxdur, qafiyə üçün basdım - Z.H.) ilə yaxın xalqların, dövlətlərin bu ərəfədə nə elədiyinə baxmalıyıq. Çünki bunlar bizim kimi xalqların inkişaf yolunu təsbit edir. Manqurtlar, hər adam öləndə istefa verənlər, oğlunu əsgərlikdə bitə yedizdirənlər bizim nəyimizə lazımdır? Düz zənn elədiniz, örnəyimiz Türkmənistandan gəlmişdir. Görün orada polis qüvvələri son aylarda hansı əməliyyata başlamışdır.

Sən demə, Türkmənistanda tualet kağızı baha olduğu üçün camaat məlum məqsədlə əsasən qəzetlərdən yararlanır. Polis isə tualetə prezident Qurbanqulu Berdıməhəmmədovun şəkli olan qəzetlə girən hər kəsi güdüb ağır cəzalar verirmiş. Camaata, əlbəttə, tualetdə qəzetdən istifadə qadağan edilməyib, ancaq prezidentin fotosu olmamalıdır. Burada isə bir problem var ki, Türkmənistanda hər səhifəsində, hər köşəsində Qurbanqulu müəllimin fotosu olmayan qəzet demək olar yoxdur.

 Zamin HACI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar