Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədrinin ukraynalı avtoritetlə əlaqələri üzə çıxdı


Nazim İbrahimovun Ukraynada metal biznesi avtoritet “Oleq Bakinski”


Rusiyanın penitensiar xidmətində hökm sürən dəhşətli korrupsiyada Azərbaycandan olan generalın və “Oleq Bakinski” kimi tanınan avtoritetin rolu barədə Rusiya mətbuatında yer alan araşdırmanın xülasəsi virtualaz.org saytında oxuculara çatdırılmışdı.

Həmin məqalədə deyilirdi ki, Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidmətinin (FSİN) direktor müavini, 1960-cı ildə Azərbaycanın Şamaxı rayonunda anadan olmuş daxili xidmət generalı Vladislav Tsaturov penitensiar xidmətdə korrupsiya mexanizminin başında duran əsas fiqurdur.

O, yerlisi - 1960-cı ildə Şamaxıda anadan olan və adı Rusiya hüquq-mühafizə orqanlarının məlumat bazasında “Oleq Bakinski” ləqəbli kriminal avtoritet kimi yer alan keçmiş idmançı Oleq Krapivinlə əlbir olaraq Krımın ilhaqından sonra ukraynalı biznesmenlərin və siyasətçilərin yarımadadakı bizneslərini, daşınmaz əmlakını dəyər-dəyməzə ələ keçirib.

"Oleq Bakinski"




Həmçinin “Oleq Bakinski” Rusiya həbsxanalarında kriminal avtoritetlər və imkanlı biznesmenlər üçün lüks şəraitli “domik”lərin ayrılması məsələsini Tsaturovla həll edir. Kriminal avtoritetlər və biznesmenlər beşulduzlu otel şəraitindən fərqlənməyən belə “domik”lərdə dincəlmək üçün 300-500 min dollardan keçməli olurlar.

Lakin Rusiya mətbuatının bu araşdırması digər sensasion faktı da gündəmə gətirdi. Belə məlum oldu ki, Ukraynadakı Azərbaycan diasporunun liderlərindən olan “Oleq Bakinski” əslində Rusiya hüquq-mühafizə orqanları tərəfindən “kriminal avtoritet” hesab olunur.

Bəs necə ola bilər ki, bu cür şübhəli reputasiyaya malik olan biri Ukraynada Azərbaycan diasporunun liderlərindən birinə çevrilib? Rəsmi Bakının, Azərbaycanın diaspor siyasətini həyata keçirən Dövlət Komitəsinin bundan xəbəri olubmu?

Belə məlum olur ki, olub. Və “Oleq Bakinski”ni Azərbaycanın diaspor naziri ilə birləşdirən çoxlu bağlar var.

Virtualaz.org saytı bu mövzunu araşdırıb və maraqlı faktlar üzə çıxarıb.

“Oleq Bakinski” kimdir...

İnternet mənbələrində “Oleq Bakinski” və ya “Oleq Krapivin” yazaraq axtarış aparanda Rusiyanın penitensiar xidmətini “fırladan” bu adamın barəsində xeyli məlumata rast gəlmək olar. Özü də ciddi mənbələrdə. Məsələn, AzərTAc-da...

Azərbaycanın rəsmi dövlət xəbər agentliyinin O.Krapivinlə 2012-ci ildə yaydığı müsahibəyə əsasən onun çoxsaylı titulları var, Ukraynada tanınmış ictimai xadim və diaspor lideri, iş adamıdır.

Onun titulları belə ardıcıllıqla sadalanır: əməkdar idman ustası, sərbəst güləş üzrə Azərbaycanın və keçmiş ittifaqın əməkdar məşqçisi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatın prezidenti, UAK (Ukrayna Azərbaycanlıları Konqresi) sədrinin birinci müavini, UAK Kiyev şəhər təşkilatının rəhbəri...

Göründüyü kimi bunlar xeyli sanballı titullardır. Üstəlik “Oleq Bakinski”nin adının “Forbes”in siyahısına görə Ukraynanın ən varlı 100 adamının siyahısında 98-ci sırada yer aldığı nəzərə alınarsa, iricüssəli bu keçmiş idmançının sanbalı daha da artmış olar.

Bəs necə olub ki, Rusiyanın hüquq-mühafizə orqanları bu cür ictimai xadimi, diaspor liderini və uğurlu biznesmeni “vor zakon”ların siyahısına salıb? “Oleq Bakinski” ləqəbini Şamaxıdan olan keçmiş idmançıya dostları öz aralarında veriblər, yoxsa bu ləqəb onun kriminal keçmişindən xəbər verir?

“Avdışev” qruplaşması, əfsanəvi assuriyalı reket və onun briqadirləri

SSRİ-nin dağılmasından sonra - 90-cı illərin əvvəllərindən başlayaraq Rusiyada olduğu kimi Ukraynada da mütəşəkkil cinayətkar qruplaşmalar, reket bandaları bütün gəlirli biznes sahələrini öz nəzarətlərinə almaq üçün qanlı qanqster müharibələrinə başladılar.

Bu bandaların sıralarında keçmiş idmançılar, hərbçilər və keçmiş xüsusi xidmət əməkdaşları da yer alırdı. Həmin çaxnaşmalı 90-cı illərdə Ukraynada ən güclü mütəşəkkil cinayətkar qruplaşmalardan biri “Avdışev qruplaşması” idi.



Avdışev və dostları

Ukraynanın arqumentua.com saytında bu qruplaşma haqda dərc edilmiş məqalədə deyilir ki, “Avdışev qruplaşması” 80-ci illərin sonlarında-90-cı illərin əvvəllərində əsasən Kiyevin Starokiyevsk, Jovtnev, Moskva, Radyansk və Zalizniçnoye rayonlarında fəaliyyət göstərib. Çiçəklənmə dövründə onun fəal üzvlərinin sayı 1000 nəfəri keçirdi.

Qruplaşma assuriyalılardan və azərbaycanlılardan ibarət olub, keçmiş idmançılardan formalaşıb və fəaliyyətə Bessarabsk bazarında xırda alverçilər üzərində nəzarət yaratmaqdan başlayıb.

Qruplaşmanın lideri 1956-cı ildə anadan olan assuriyalı Avdışev Viktor Yuryeviç idi. O, Kiyev Assuriyalılar Assosiasiyasının sədri, əvvəllər dəfələrlə məhkum olunmuş və cinayətkar aləmdə “Assuriyalı” ləqəbi ilə tanınan avtoritetdir. Keçmiş idmançıdır, sərbəst güləş üzrə SSRİ çempionudur, 1978-ci il dünya çempionatının bürünc medalçısıdır.

Və bizim diaspor liderimizin, həmin “Oleq Bakinski”nin adı bu məqalədə “Avdışev qruplaşması”nın briqadirlərinin arasında yer alır. Sitat: “Krapivin Oleq Andreyeviç. 1960-cı ildə anadan olub, Kiyev şəhərində, Buçma küçəsi, 5/1, mən.139-da yaşayır. Cinayətkar aləmdə ləqəbi “Bakinski”dir”.

90-cı illərin ortalarından başlayaraq qruplaşmanın liderlərinin və üzvlərinin həbsi onun mövqelərini zəiflətdi. Praktiki olaraq 1996-cı ildə “Avdışev qruplaşması” Kiyev regionunun kriminal aləmində mövqelərini itirdi. Avdışev özü də həbs olundu. Ancaq o, 1998-ci ildə məhkəmənin barəsində hökm çıxarmağına bir həftə qalmış hakimi anasının dəfnində iştirak edəcəyinə inandıraraq azadlığa çıxa bilib və Azərbaycana qaçıb.



Viktor Avdışev

Azərbaycana qaçandan sonra Avdışev məşqçiliklə məşğul olub, ancaq “boş vaxtlarında” reketlik də edirmiş. Bu əməlinə görə onu həbs ediblər və 3 il həbs veriblər.

Ancaq məqalədə deyilir ki, vəkil Ramiz Zeynalovun sayəsində Avdışev həbsdən yayınıb və psixoloji müalicəyə göndərilib. Sonra “sağalıb” və yenidən azadlığa çıxıb, bəzi məlumatlara görə, hazırda “Viktor Yuryeviç Koçiyev” adı altında Rusiyada yaşayır.

“Oleq Bakinski”nin adı Ukrayna KİV-lərində bu kontekstdə dəfələrlə yer alıb. Məsələn, belə mənbələrin birində - “Ukraina kriminalnaya” nəşrində göstərilir ki, hazırda Kiyevdə praktiki olaraq dörd “vor zakon” daimi yaşayır - “Antimos”, “Mamed”, “Kutaisski” və “Uşatıy”.

Sitat: “Hüquq-mühafizə orqanları həmin qruplaşmaya “Bakinski” ləqəbli Oleq Krapivini də aid edirlər, ancaq “Ukraina kriminalnaya” onun “vor” statusunu təsdiq edən məlumatlara malik deyil”.

Digər mənbələrdə isə “Oleq Bakinski” 90-cı illərin əvvəllərində Rusiyada ən güclü kriminal qruplaşmalardan biri olan “Solntsev qruplaşması”nın liderlərindən biri kimi təqdim olunur. Bildirilir ki, “Bakinski” ukraynalı milyarder, Donbasın əsl sahibi hesab olunan Rinat Axmetovla yaxındır. 2004-cü ildə Kiyevdə “narıncı inqilab” zamanı “narıncı” liderlərə qarşı sui-qəsd planının hazırlanmasında da onun əli var.

Başqa bir mənbədə isə (vestiua.com) “Bakinski”nin adı Ukraynada “bilet mafiyasının” arxasında dayanan əsas fiqur kimi göstərilir...

Beləliklə, indi Ukraynada kifayət qədər nüfuzlu adamlardan biri olan keçmiş şamaxılı idmançının barəsində bu səpkidə məlumatların sayını artırmaq da olar.

Bəs onun Ukraynadakı Azərbaycan diasporunun liderlərindən birinə çevrilməsi necə baş verə bilərdi?

İbrahimov qardaşlarının metal biznesi

Bu suala cavab axtarmaq üçün bizim hörmətli diaspor nazirimiz Nazim İbrahimovun və onun qardaşlarının Ukrayna ilə uzun illərdir mövcud olan metal biznesi haqda bəhs etmək lazım gəlir.

Məlumdur ki, İbrahimov qardaşlarının Ukrayna ilə kifayət qədər fəal biznes əlaqələri olub (Donbasda gedən qanlı müharibədən və bölgənin Ukraynadan faktiki ayrılmasından sonra bu biznes əlaqələrinin nə yerdə olduğu barədə məlumatlar yoxdur).

Qardaşlar Ukraynadan metal armaturlar, çəkməcələr və s. tikinti materiallarının Azərbaycana idxalı ilə məşğul idilər. Bu biznesdə onların ukraynalı tərəfdaşı indiki Donetsk qubernatoru (Kiyevdən təyin olunan)  Sergey Tarutadır. Daha doğrusu, İbrahimov qardaşlarına Azərbaycana idxal etmək üçün malı Tarutanın zavodları verirdi. Bu biznes əlaqələrinin yaranmasında və möhkəmlənməsində  Tarutanın dostu “Oleq Bakinski”nin də rolu və əməyi var.

Xatırladaq ki, N.İbrahimov 1991-1997-ci illərdə əsasən Ukraynada bizneslə məşğul olub, 1997-ci ildən etibarə Azərbaycanın Ukraynadakı (eyni vaxtda Belarus, Moldova, Polşada) səfiri olub, Ukrayna Azərbaycanlıları Konqresinin yaranması da onun adıyla bağlıdır.

N.İbrahimovun Ukraynada işlədiyi və bizneslə məşğul olduğu dövrlərdən “Oleq Bakinski” ilə yaxşı əlaqələri formalaşıb və nəticədə keçmiş şamaxılı idmançı UAK-ın rəhbərlərindən birinə çevrilib.

Bəzi məlumatlara görə, “Bakinski” İbrahimovun və qardaşı Tağı İbrahimovun Ukraynadakı biznesinə “krışalıq” edib. Yəni indiki diaspor nazirinin “Bakinski” ilə əlaqələri hələ 90-cı illərin əvvəllərinə təsadüf edir.

Şübhəsiz ki, “Bakinski”nin sonradan diaspor liderinə çevrilməsində və çoxsaylı titullar qazanmasında bu amil əsas rol oynamışdı.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar