Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koreyalı turistlər


Naxçıvandan daha bir maraqlı xəbər var, deyir, bu il əraziyə xaricdən çoxlu sayda turist gəlmişdir, hətta proses belə davam etsə yaxın illərdə muxtar respublikanın büdcəsi turizm hesabına doldurulacaqdır, dünya turizm sektorunda Naxçıvanın yeri hardasa İspaniya ilə Maldiv adaları arasında qərar tutacaqdır


Əlbəttə, ərazidə öküz döyüşləri və mirvari qumlu çimərliklər olmasa da öz koloriti vardır. Misal üçün, müxalifətçiləri şişləyən MTN matadorları, yalnız kişilərin buraxıldığı Batabat çimərliyi kimi ekzotik məkanlar tikilib zəhmətkeşlərin və şəhərimizin qonaqlarının istifadəsinə verilmişdir. Vasif müəllimin Nuh peyğəmbərin sümüklərini tapıb Milli Məclisin qərarlarına uyğun şəkildə qəbirdə basdırması, xurma və limonla peyğəmbərə ehsan mərasimi düzənləməsi də el-aləmdə məşhurdur. Yerli tarixçilər Vasif müəllimin tapşırığı ilə Heraklın da Şərur rayonu ərazisində yaşadığını isbat ediblər, çünki əslən naxçıvanlı olmayan bir pəhləvanın 12 dəfə qoçaqlıq eləməsi həmişə tarixşünaslıqda şübhə doğururdu. Hazırda Zevsin Olimpi vaxtilə İlandağın başında qurması üzərində elmi iş gedir, inşallah, xalqımız tezliklə sevinər. 

Naxçıvanda çıxan “Şərq qapısı” qəzeti bu ilki 29 avqust sayında isə Nuh peyğəmbərin ərazidəki Duzdağ mağaralarında işlədiyini yazmışdır. Sən demə, peyğəmbər o vaxt su çəkiləndən sonra bir müddət işsiz qalıb, ev-eşiyini də daşqın yuduğundan dolanışıq üçün dağdan duz yığıb “Azərsun”a verirmiş. 

Bütün bunlar, əlbəttə, Naxçıvana turist axınını gücləndirməli idi. Planetin hər yerindən insanlar axışıb gəlirlər. Muxtar respublikanın mədəniyyət və turizm nazirliyinin məlumatında deyilirmiş ki, avqustda gələn turistlər Türkiyə, İran, Rusiya, Estoniya, Nikaraqua, Barbados, Bruney, Gürcüstan və... Koreyanı təmsil ediblər. 

Mən burda Koreyanı niyə ayırdım? Axı doğrudan da hansısa estonun gəlib Naxçıvandan öyrənəcəyi çox şeylər vardır. O cümlədən, nikaraqualıların. Bəs koreyalı Vasif müəllimdən nə öyrənəcək? Onlar Kim Çen In müəllimin rəhbərliyi altında dünya zirvələrinə yüksəlirlər, orda da liderin icazəsi olmadan təndirə çörək yapmaq, yuxa yaymaq, gərdəyə girmək, saqqalı daramaq, tuman geymək, gülmək və ağlamaq, asqırmaq və qusmaq, doğulmaq və gəbərmək rəsmi dövlət fərmanları ilə qadağan edilibdir. 

Çox gizli səfərlərdir. Ola bilər koreyalılar əraziyə casus kimi gəliblər, turist donuna giriblər. Məqsəd Nuh peyğəmbəri oğurlayıb aparmaq, Koreyada düyü tarlalarında iməcilikdə işlətməkdir. Yoxsa nəyə gəlsinlər? Koreyalının Naxçıvana turist sifətində gəlməsi o məşhur kinomuzda deyilən kimi, “monqol dublyonkalarını monqol turistlərinin alıb aparması” fason bir şeydir. Ümid edək gələnlər Şimali yox, Cənubi Koreyalı turistlər olubdur. Hərçənd, bu da böyük fərq eləmir, çünki oranın ümummilli lideri Kim İr Sen-in tarixi sözləri yolumuza işıq salır: “Bir millət, iki dövlət!”

Bu arada fürsət ikən uca millətimizə məsləhət görürəm koreyalı rejissor Kim Ki Duk-un filmlərinə baxsınlar. Maraqlı filmlərdir. Anarın ssenarisi ilə çəkilən və Hüseyn Cavidi ikinci dəfə repressiya edən “Cavid ömrü” kinosu tipli cəfəngiyatlara baxmaqdansa Koreya filmlərinə baxın, estetik zövq alın, həyatdan da kam alın.

Əlbəttə, turistlər gəldi-gedərdir, bizə qalan sərçələr olacaqdır. Öz millətimizin gərək qədrini bilək. Son günlər hökumətin ehsan qadağasına ümumxalq dəstəyini görəndə mən bir daha anladım ki, biz uca millətik. Sevgili xalqıq, Cəmil müəllim demişkən. Arzu edirəm Cəmil müəllim yazıçı Anar haqda növbəti resenziyasını yazsın, orada Leyla Yunusun Kürdəxanı türməsində döyülüb qançır edilən ayaqlarına da bir-iki abzas həsr etsin. Koreyalı turistlər də Bakıya gəlsinlər.  

Bizimlə qalın, əziz tamaşaçılar.  (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar