Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lalə Şövkət Heydər Əliyevə məktubunda nə yazmışdı...


Masallıdan olan deputat, tanınmış sovet jurnalisti və publisisti Elmira Axundova bu günlərdə yerli mətbuata müsahibəsində maraqlı bir fikir işlədib


E.Axundovanın həmin fikirlərində gənc nəsli çaşdıracaq məqamlar, hətta açıq-aşkar yalan sayılacaq detallar var. Əvvəla, o, müsahibəsində mərhum prezident Heydər Əliyev haqda danışarkən İlham Əliyev haqda bircə kəlmə də danışmır.

Digər tərəfdən, Axundova bəyan edir ki, 90-cı illər Azərbaycan demokratiyasının “qızıl dövrü” idi. Onun deməöyindən belə çıxmırmı ki, biz indi amansız diktatura şəraitində yaşayırıq? Onun siyasi cəhətdən yanlış olan bu müqayisəsi nə ilə bağlıdır? Bunları araşdırmaçıların öhdəsinə buraxaq.



Diqqəti E.Axundovanın buraxdığı başqa bir səhvə yönəldək. Masallının deputatı deyir ki, Heydər Əliyev 1998-ci ildə müxalifətin o vaxtkı liderləri Əli Kərimli ilə Lalə Şövkətə məktubla müraciət edərək onları ümummilli birlik naminə dialoqa çağırmış, müxalifətçilər isə “xeyrini bilməyən pis adamlar kimi” demokratik hakimiyyətlə dialoqdan imtina etmişdi...

Bəs buradakı peşəkarlıq hanı? Özünü tarixçi, araşdırmaçı sayan Axundova belə böyük səhvi necə buraxa bilərdi? Axı 1998-ci ildə Əli Kərimlinin adı prezidentliyə namizəd kimi heç yada da düşmürdü. O zaman AXCP-nin namizədi Elçibəy idi. H.Əliyev ona müraciət etmişdi. H.Əliyev həmçinin prezidentliyə namizəd kimi həm də İsa Qəmbərə və Lalə Şövkətə müraciət etmişdi Şünki bu üç şəxs Rəsul Quliyev və İlyas İsmayılovla birgə 1998-ci il seçkilərini boykot etmək qərarı vermişdilər. Və lalə Şövkət prezidentliyə digər namizədlərdən fərqli olaraq prezident Heydər Əliyevə cavab məktubu yazmışdı. Bu məktubu oxumaq kifayətdir ki, E.Axundovanın yanıldığı məqamlar barədə daha ətraflı məlumat almaq mümkün olsun.

Virtualaz.org saytı Lalə Şövkətin Heydər Əliyevə 4 avqust, 1998-ci il tarixli məktubunu təqdim edir: 



***

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Əbülfəz Elçibəy, İsa Qəmbər və Lalə Şövkətə prezident seçkilərində iştirak etməyi haqqında məktubuna Lalə Şövkətin cavabı 

Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Heydər Əliyevə 

Prezident seçkilərində iştirak etmək haqqında müxalifətin bir hissəsinə son müraciətiniz ümummilli dialoqa doğru atılmış əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.

Təəssüf ki, Siz Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkata (SİDSUH) daxil olan və prezidentliyə iddia edən beş siyasətçidən yalnız üçünə müraciət etmisiniz. Bu isə mövcud siyasi gerçəklikdə dolğun və müsbət nəticəli ümummilli dialoqa tam zəmin yaratmır.

Bu gün xalqımız son dərəcə dərin siyasi, sosial-iqtisadi, mənəvi böhran girdabındadır. Təkcə onu xatırlatmaq kifayətdir ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilmiş 20 faizi ilhaq təhlükəsi altında, 1 milyon qaçqın həmvətənimiz çadır şəhərciklərində tədrici ölümə məhkumluqda, bir neçə milyon işsiz soydaşımız məcburi mühacirətdə çörək pulu axtarışında, xalqımızın 90 faizindən çoxu kasıblıq həddindən aşağı səviyyədə yaşamaqdadır.

Eyni zamanda hələ 1993-cü ilin dekabrında istefa ərizəmdə yolverilməzliyi haqqında Sizi xəbərdar etdiyim korrupsiya məmurların fəxri məşğuliyyətinə və xalqın faciəsinə çevrilərək Azərbaycan dövlətçiliyinin varlığına son dərəcə ciddi təhlükə yaratmışdır.



Bu ağır böhrandan çıxış yolu yalnız milli dialoqda, vətəndaş həmrəyliyində, inkişaf etmiş ölkələrin təcrübəsində sınanılmış demokratiyada, insan ləyaqətinə, hüquq və azadlıqlarına dərin hörmətdə, hakimiyyətin bütün qollarının yuxarıdan aşağı azad və ədalətli seçkilər yolu ilə formalaşdırmaqla istedadlı xalqımızın tükənməz imkanlarının səmərəli səfərbərliyindədir.

Məlumdur ki, demokratiyanın ən əsas göstəricisi sivil iqtidar-müxalifət münasibətləridir. Çox təəssüf ki, son illər bu münasibətlər düşmənçilik səviyyəsinə çatdırılıb və sivil dialoq əvəzinə təhqir dolu monoloqlar seçilib. Bu, nəinki bütün demokratik qaydalara, həmçinin milli adət-ənənələrimizə tam ziddir.

Belə şəraitdə cəmiyyətdaxili ziddiyyətlərin tənzimlənməsi mexanizmi kimi qarşıdan gələn prezident seçkilərinin əhəmiyyəti təkcə hər hansı konkret bir siyasətçinin prezident seçiləcəyində deyil, başlıcası XXI əsr ərəfəsində xalqımızın demokratik və ya qeyri-demokratik dövlətçilik yolunu seçməsindədir.



Sizə yaxşı məlumdur ki, mən dövlət katibi vəzifəsindən təkidlə istefaya gedərək əqidəmi yüksək dövlət postundan üstün tutmuşam. Çünki mənim üçün vəzifə məqsəd deyil, millətə xidmət vasitəsidir.

Bu gün də məqsədim təkcə prezident seçkilərində iştirak etmək deyil, ən əsası Azərbaycanda azad və ədalətli seçkilər ənənəsinin bərqərar olmasıdır.

Məhz bu baxımdan hər cür qeyri-sağlam radikallığı rədd edərək daxili siyasi sabitlik, vətəndaş həmrəyliyi və ümummilli razılıq naminə biz ölkədə azad və ədalətli seçkilərə hazırlaşırdıq.

Lakin “Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında” və “Mərkəzi Seçki Komissiyası haqqında” qəbul edilmiş qeyri-demokratik qanunlar və demokratik şəraitin məhdudluğu bizi prezident seçkilərini boykot etməyə məcbur etdi.

Son zamanlar müxalifətin və beynəlxalq təsisatların təkidi ilə “Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında” qanuna edilmiş bəzi müsbət dəyişikliklərə baxmayaraq azad və ədalətli seçkilər üçün ilkin şərt olan təminatlı qanunvericilik bazası yaradılmayıb. Çünki seçkiləri keçirən və onların taleyini həll edən Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşması və fəaliyyəti Sizin nəzarətiniz altındadır. Bu isə prezidentliyə başqa namizədlərin hüquq bərabərliyini pozur və seçkilərdə iştirakını mənasızlaşdırır.

Ölkədə onlarla partiyanın fəaliyyət göstərməsinə baxmayaraq siyasi proseslərin gedişinə təsir edə biləcək iki əsas siyasi qütb mövcuddur: bir tərəfdən, Sizin iqtidar və müttəfiqləriniz, o biri tərəfdən isə SİDSUH-da cəmləşən siyasi qüvvələr. Ona görə MSK-nı iqtidarın və SİDSUH-un nümayəndələrindən bərabər əsaslarla formalaşdırmadan tərəflərin seçki prosesinə hüquqi təminatlı və ədalətli təsir mexanizmi yaratmaq mümkün deyil. Bu da azad və ədalətli seçkilər keçirməyə imkan vermir.

Bəllidir ki, demokratik şərait olmayan yerdə ən ədalətli qanun belə “Stalin konstitusiyası” tək “ölü qanun”a çevrilir.

Bu gün Azərbaycanda Konstitusiyaya və qanunlara tam əməl olunmur. Bir çox ictimai təşkilatlar və müxalif siyasi partiyaların böyük əksəriyyəti qanunsuz olaraq dövlət qeydiyyatından keçirilmir. Qeydiyyatdan keçənlərin fəaliyyəti üçün isə elementar şərait belə yaradılmır. Dövlət radio və televiziyasının qapıları müxalifətin üzünə bağlıdır. Konstitusiyaya zidd olaraq mitinq və piketlərin keçirilməsinə yol verilmir.



ALP hesab edir ki, demokratik seçkilərin keçirilməsi üçün demokratik şərait və təminatlı qanunvericilik bazası yaradılmalıdır.

“Mərkəzi Seçki Komissiyası haqqında” qanuna yenidən baxılmalı, MSK iqtidar və SİDSUH nümayəndələrindən bərabər əsaslarla yenidən formalaşmalı, seçkilərin vaxtı və qrafiki dəyişdirilməli, MSK-da sədrlik məsələsinə, ərazi və məntəqə seçki komissiyalarının formalaşmasına yenidən baxılmalı, istisnasız olaraq bütün namizədlərin seçkilərdə iştirakına bərabər şərait yaradılmalıdır.

Arzu edərdim ki, Azərbaycan naminə bizim sağlam təkliflərimizi qəbul edərək ölkəmizdə demokratik, azad və ədalətli seçim üçün xalqımıza imkan yaradasınız.

Əminəm, dialoq istisnasız olaraq SİDSUH-u təmsil edən məlum beş potensial namizədlə aparılsa və bizim təkliflərimiz nəzərə alınsa, demokratik seçkilər baş tutacaq. Bu yolla siyasi razılığa əsaslanan uzunmüddətli daxili sabitliyə və milli həmrəyliyə nail olmaq mümkündür.

Milli həmrəylik isə işğal olunmuş Qarabağımızın ləyaqətli azadlığı üçün ən mühüm şərtdir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar