Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı


Müxalifət mitinqlər məsələsini gündəmə gətirir; hüquq müdafiəçisinin həbsinə beynəlxalq etirazlar artır


Avqustun 1-də Sülh və Demokratiya İnstitutunun ofisində hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Müsavat başqanının müavini Gülağa Aslanlı, partiyanın Divan üzvü Tural Abbaslı, Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev,  Milli Şura üzvü İbrahim İbrahimli,  yazıçı Mehriban Vəzir və başqaları olub. 
İlk olaraq, çıxış edən L. Yunusun həyat yoldaşı Arif Yunus dəstəyə görə, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib : “Bu gün mənə və Leyla xanıma dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Əziyyət çəkib gəldiyiniz üçün çox sağ olun”.

Ardınca çıxış edən C. Həsənli L. Yunusun həbsini Milli Şuraya olan hücumların tərkib hissəsi kimi qiymətləndirdi: “Azərbaycan ən məşhur hüquq müdafiəçisi, 25 ildən artıqdır ki, insanların hüquqlarını qoruyan bir xanım hüquq-mühafizə orqanları tərəfindən saxta ittihamlarla həbs olunub. O, eyni zamanda Milli Şuranın koordinasiya şurasının üzvüdür. Bizi bunu Milli Şuraya olan hücumların tərkib hissəsi kimi qəbul edirik. Bu proses bu ilin aprelindən etibarən başlayıb. Leyla xanım daim təzyiqlər yaşamış bir insandır. Onun həbsi sırf siyasi xarakter daşıyır. Baxmayaraq ki, Azərbaycanda hüquq sahəsində çalışan bir çox insanlar, təşkilatlar var, amma əminliklə deyirəm ki, onların arasında ən inanılmış, etibarlısı, obyektivi Leyla Yunusdur. Onun bir meyarı var. O da əgər insanın hüquqları pozulursa, kimliyindən asılı olmayaraq, müdafiə etməkdir. Ölkəmizdə hər zaman ən düzgün siyasi məhbus siyahısını Leyla xanım hazırlayıb. O, sona qədər öz yolundan çəkinməyən nadir insanlardandır. Biz onun müdafiəsi üçün birgə fəaliyyət göstərməliyik. Haqsız yerə həbs olunan hər bir insanın yanında olmalıyıq. Cəmiyyətimizi heç zaman susdurmaq mümkün olmayacaq. 1937-ci il rejimi necə tarixdə qalıbsa, bu hakimiyyətdə elə qalacaq. Son aylarda olan həbslər həmin 1937-ci il həbslərinə bənzəyir”.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli L. Yunusun həbsinin repressiyaların kulminasiya nöqtəsi olduğunu qeyd etdi: “Leyla xanımın həbsi ilə iqtidar repressiyaların kulminasiya nöqtəsinə çatdı. Bu həbslərə bir neçə hissədən baxmaq olar. İndiyə qədər 20-yə yaxın QHT bağlanıb, hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxışı qadağan olunub. Bu günlərdə iki nəfər facebook fəalı- Fərəc Kərimli və İlham Muradov, Gəncədə tanınmış ziyalı Həsən Hüseynli  qanunsuz olaraq həbs edilib. Leyla xanımın həbsindən bir gün sonra “Azadlıq” qəzeti bağlandı. Bunlar iqtidarın demokratik düşərgəyə olan hücumlarıdır. Biz bunlara imkan verməməliyik. Ölkəmizdə haqq səngərini qoruyub, saxlamalıyıq. Bu həbslərin intensiv şəkil almasının səbəblərindən biri də, beynəlxalq birliyin hakimiyyətə olan dəstəyidir. Hesab edirəm ki, demokratik düşərgə, siyasi partiyalar, sosial şəbəkə və gənclər təşkilatlarında növbəti mitinqin müzakirə və hazırlığı başlamalıdır. Cəmiyyətimiz bu vəziyyətlə barışmadığını açıq şəkildə nümayiş etdirməlidir”.

Tədbirdə jurnalist Xədicə İsmayıl çıxışı zamanı hüquq müdafiəçisi Novella Cəfəroğlunu hökumətə işləməkdə ittiham etdi: “Leyla xanım həbsdə olan zaman onun işi necə davam etdiriləcək bu barədə düşünməliyik. Bəzi hüquq müdafiəçilərinin fəaliyyətindən narazı qaldıqlarına görə, məhbuslarımız həbsxanadan məktub göndəriblər. Onlar xahiş edirlər ki, bəzi insanlar onları müdafiə etməsin. Hesab edirlər ki, onların adından istifadə edirlər. Bir neçə QHT var ki, Avropada hökumətin lobbiçiliyini etməklə məşğuldur. Söhbət Dilarə Əliyeva adına Qadınların Müdafiə Cəmiyyətindən gedir. Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənəniyarlı. Bu artıq bir neçə ildir ki, müzakirə mövzusudur”.

X. İsmayılın bu çıxışı tədbirdə iştirak edən Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının etirazına səbəb oldu. O, bildirdi  ki, belə tədbirdə kimlərisə ittiham etmək düzgün deyil: “İndiki məqamda bu cür ittihamların səsləndirilməsi yersizdir. Belə məsələləri gündəmə gətirib, mövzunu dəyişmək lazım deyil. Novella xanım Müsavat Partiyasının Məclis üzvüdür. Ona edilən hörmətsizlik biz müsavatçılara aiddir. Əgər belə bir şey varsa, sübut edin. Yoxdusa, kiminsə ünvanına bu cür əsassız ittihamlar söyləmək düzgün deyil. Biz bura Leyla xanımın müdafiəsinə yığışmışıq. Kimisə günahlandırmağa yox”.

Müsavat başqanının müavini Gülağa Aslanlı L. Yunusla bağlı hər hansı bir toplantının keçirilməsi üçün Müsavatın qərargahının qapısının daim açıq olduğunu bildirdi: “Leyla xanımın müdafiəsi yüksək səviyyədə qurulmalıdır. Bunun üçün Müdafiə Komitəsi yaradılmalıdır. Partiya olaraq, Leyla xanımın müdafiəsində durmuşuq, dururuq və bundan sonrada duracağıq. Yaradılacaq komitədə aktiv iştirak edəcəyik. Amma Leyla xanımın müdafiəsi başqa hüquq müdafiəçilərinin ünvanına xoşagəlməz ifadələr işlətməklə qurulmamalıdır. Biz əsas diqqəti onun müdafiəsinə yönəltməliyik”. 

AXP sədri Pənah Hüseyn hər zaman Leyla Yunusun yanında olduqlarını söylədi: “Mən təmsil etdiyim Azərbaycan Xalq Partiyasının sədri olaraq bəyan edirəm ki, biz hər zaman Leyla xanımın yanındayıq. Bu həbsi qanunsuz olduğunu hesab edirik. İnsanı və hüququ cəhətdən bunlar rəzalətdir. Leyla xanımın hüquqlarını müdafiə etmək üçün komitə yaradılmalıdır. Bu istiqamətdə birgə çalışmalıyıq. Bu həbsə qarşı imza toplanmalıdır. Bu həbslərin əsas səbəblərindən biri Azərbaycan müxalifətinin hərəkətsizliyidir. Buna görə vətəndaş cəmiyyətini və mətbuatı sıradan çıxarmaq üzrədilər. Bütün zərbələri mətbuatın üzərinə gəlir. Siyasətçilərin zərbələri öz üzərinə götürmə zamanıdır. Təklif edirəm ki, siyasi partiyalar Leyla Yunusun həbsi ilə bağlı birgə toplantı keçirsinlər. Nəhayət uzun müddət yatıb, qaldıqları səngərlərdən çıxsınlar”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev L. Yunusun həbsi ilə bağlı beynəlxalq dəstəyin günü-gündən artığını qeyd etdi: “Leyla xanımın həbsi ilə bağlı tədqiqatlar aparmaq lazımdır. Artıq beynəlxalq dəstək var. Əsas üzərimizə düşən iş Leyla xanımın işini davam etdirməkdir”.

Hüquq müdafiəçisi Vidadi İsgəndərli L. Yunusa Nobel mükafatı verilməsi üçün beynəlxalq təşkilatlara müraciət etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Jurnalist Şahvələd Çobanoğlu tədbirin sonunda iştirakçılara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkür etdi. Tədbirdə L. Yunusun Hüquqları Müdafiə Komitəsinin yaradıldığı elan edildi.

Onu da qeyd edək ki, L. Yunusun həbsi ilə bağlı beynəlxalq təşkilatların etirazlarının ardı-arası kəsilmir.  ABŞ Dövlət Departamenti  L. Yunusun həbsi ilə bağlı verdiyi bəyanatda hüquq müdafiəçisinin həbsindən narahat olduqlarını, iqtidardan qanunlara hörmət etmək tələb olunub: “Biz Azərbaycan hökumətini vətəndaşların əsas hüquqlarına hörmət etməyə, bütün vətəndaşlar üçün ədalətli məhkəmə sistemi təmin etməyə və insan hüquqlarına dair beynəlxalq təhəddüdlər və öhdəliklərə uyğun olaraq onların öz fikirlərini azad şəkildə ifadə etməsinə imkan verməyə çağırırıq".

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Mujnieks da L. Yunusun həbsini pisləyib.

“Human Rights Watch” isə bildirib ki, hakimiyyət L. Yunusu dərhal azad etməli ,ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli ittihamları ləğv etməlidir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar