Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Yunusun həbsinin təfərruatları


Hüquq müdafiəçisinə dövlətə xəyanət ittihamı verildi


Sülh və Demokratiya İnstitutunun rəhbəri haqda 3 aylıq həbs-qətimkan qərarı verildi; onun həyat yoldaşından isə ölkədən çıxmamaqla bağlı iltizam alındı, Rauf Mirqədirovla başlayan həbslər davam edə bilər

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dünən həbs olunub. Gün ərzində Baş Prokurorluqda, daha sonra isə Nəsimi Rayon Məhkəməsində davam edən gərgin və üzücü istintaqın yekununda tanınmış hüquq müdafiəçisi barədə 4 ağır ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bütün günü Leyla Yunusla bağlı istintaq prosesini izləyən müxbirimiz “Yeni Müsavat”a bildirib ki, hüquq müdafiəçisini məhkəmədən həbsxanaya qara rəngli Toyota “Prado” markalı «JEEP»də aparıblar. Baş Prokurorluqdakı və Nəsimi Məhkəməsindəki istintaqı ölkə jurnalistləri və bir neçə tanınmış şəxs davamlı olaraq binaların çölündə keşik çəkməklə izləyib.

Hadisə isə dünən səhərdən başlayıb. İlk olaraq Leyla Yunusun həyat yoldaşı Arif Yunus musavat.com-a  onun küçədə saxlanması xəbərini verib. 



Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən L. Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıb.

Arif Yunus xəbəri ilk verəndə onu da bildirmişdi ki, yaşadıqları binanın həyətinə 6 nəfər mülki geyimli şəxs gəlib.  Onlar A.Yunusdan qapını açmasını tələb ediblər. Politoloq isə əvvəlcə buna etiraz edib. Lakin sonradan prokurorluqda ifadə verməyə razılaşıb: “Qapını açmırdım. Tələb edirdim ki, Leyla Yunus prokurorluqda vəkillə təmin olunsun. Xəbərdarlıq etdilər ki, açmasam, sındıracaqlar. Vəkil Xalid Bağırovla məsləhətləşəndən sonra qapını açdım”.  



Musavat.com-un hadisə ilə bağlı yayınladığı operativ xəbərlərdə yazılırdı ki,  L. Yunusun səlahiyyətli nümayəndəsi Yusif Ağayev dindirməyə buraxılmayıb.

Bu məqamda musavat.com-un xəbərləri əsasında xronikaya göz gəzdirək.  Təxminən 18.05-ə qədər prokurorluqda dindirilən L.Yunus daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb. Hüquq müdafiəçisinin vəkili  Cavad Cavadov jurnalistlərə bildirib ki, L. Yunusa saxta sənəd hazırlamaq, vergidən yayınma, dövlətə xəyanət kimi maddələrlə ittiham elan olunub və barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Həmin dəqiqələrdə L. Yunusun həyat yoldaşı A. Yunus isə hələ də istintaqçılar  tərəfindən dindirilirdi. Hadisə yerində olan əməkdaşımız Cavanşir Abbaslının dediyinə görə, L.Yunusu iki “JEEP” markalı maşınla prokurorluqdan məhkəməyə aparıblar. Jurnalistlər avtomobillərin ardınca düşsələr də, çata bilməyiblər. Bununla belə, əməkdaşımız sonradan təsdiqlənən bir məlumat əldə edə bilib: L.Yunusa qarşı CM-in 274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma) maddələrlə cinayət işi açılıb.



Bundan başqa, məlim olub ki, L.Yunusun həyat yoldaşı Arif Yunusa Bakıdan çıxmamaqla bağlı xəbərdarlıq olunub və dilindən iltizam alınıb.  Arif Yunus  Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir. A.Yunus jurnalistlərə deyib ki, o, hətta Montinə gedəndə də polisə xəbər verməlidir. 
SDİ rəhbərinin həbsi etirazlar doğurub.

Müsavat Partiyası L. Yunusun həbsi ilə bəyanat yayıb. Müsavat Partiyası hüquq müdafiəçisi L. Yunus və onun həyat yoldaşı A. Yunusun qanunazidd üsullarla saxlanılaraq prokurorluğa aparılmasını və L.Yunusun həbsini ölkə vətəndaşlarına qarşı repressiyaların davamı olduğunu bəyan edərək, ölkədə qanunun aliliyinə cavabdeh olan təşkilatların Azərbaycanın beynəlxalq aləmdə onsuz da yüksək olmayan nüfuzuna xələl gətirən hal olduğunu bildirir, bu cür mənfi halların aradan qaldırılmasını hüquq müdafiəçisinin təcili azad edilməsini səlahiyyətli orqanlardan tələb edir. 



“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı L.Yunusun  həbsini pisləyib.
Alyansın bununla bağlı bəyanatında deyilir ki, məşhur hüquq müdafiəçisi siyasi motivlərlə təqib olunur və bu, onun siyasi məhbusların azad edilməsi uğrunda mübarizəsi ilə bağlıdır.

Alyans L. Yunusun dərhal azadlığa buraxılmasını  və tapdanmış hüquqlarının bərpa edilməsini tələb edir.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetlərinin siyasi icmalçısı R.Mirqədirov aprelin 18-də həbs olunduqdan sonra ona da vətənə xəyanət ittihamı verilib və bu proses üzrə L.Yunus da daxil, bir sıra şəxslər dindirilmişdi. İstintaq R.Mirqədirovun L.Yunusun təşkilatının xətti ilə bir neçə dəfə Ermənistana səfərlər edərək orda görüşlər keçirdiyini bildirir.

Bu iş üzrə yeni həbslərin ola biləcəyi ehtimalları var.

Bir sıra ekspertlər isə iddia edirdilər ki, hüquq müdafiəçisi Leyla Yunusun saxlanmasının əsas səbəbi onun son günlər ölkə prezidentinə yönəlik ağır tənqidləri olub. “Hakimiyyət hələ də dözərdi və hüquq müdafiəçisini saxlamazdı. Lakin o, hər gün birinci şəxsə yönəlik ağır tənqidlərin dozasını artırırdı. Hesab edirəm ki, prezidentə sonuncu müraciəti səbr kasasının daşmasına və Leyla Yunusun saxlanmasına səbəb olub”, deyə, ölkənin tanınmış politoloqlarından biri “Yeni Müsavat”a deyib.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar