Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-nin İŞİD əməliyyatının təfsilatları


“Taliban”ın azərbaycanlı “əmiri” tutuldu ; Həbs edilənlər sırasında “Təhriki Taliban” və “Seyfullah” kimi müxtəlif silahlı qruplaşmaların tərkibində döyüşənlər də var; atası 15 yaşlı oğlunu Suriyaya necə göndərib; hüquq-mühafizə orqanlarına tapşırılıb ki, Avropa Oyunlarınadək radikal dini qruplarla yaxınlığı olanların “əl-ayağı” yığışdırılsın


Dünyanın bir nömrəli təhlükəsi elan edilən və superdövlətlərin koalisiya yaradaraq hazırda qızğın müharibə apardıqları “İraq-Şam İslam Dövləti”-İŞİD-in Azərbaycandakı üzvləri həbs edilib.

MTN-in keçirdiyi şok əməliyyat nəticəsində ümumilikdə 26 nəfər həbs edilib ki, onlara təkcə silahlı birləşmələr yaratmaqda deyil, eləcə də onların fəaliyyətində iştirak etmə, silahla, partlayıcı maddələrlə, hətta hərbi texnika ilə təmin etmə kimi ağır ittihamlar verilib.

Öncədən qeyd edək ki, əməliyyat nəticəsində ələ keçənlər təkcə İŞİD-in deyil, “Təhriki Taliban” və “Seyfullah” kimi müxtəlif silahlı qruplaşmaların tərkibində döyüşənlərdir.

Təsadüfi deyil ki, həbs edilən dəstənin əsas üzvləri-Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində radikal islamçı silahlı birləşmələrin tərkibində uzun müddət döyüşüblər.

Belə ki, F.Yusifov 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmiri” təyin edilib. F.Yusifov həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqustunadək fəaliyyət göstərib. T.Soltanov isə 2012-ci ilin sonlarında İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçmiş və o da “Təhriki Taliban”ın tabeliyindəki “Seyfullah” adlı silahlı dəstəyə qoşulub. T.Soltanov 2013-cü ilin avqustunadək “Seyfullah”ın tərkibində döyüşüb. O, yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə Pakistana aparıb.

***

F.Yusifov və T.Soltanov məhz Pakistanda tanış olublar. Onlar bir müddət sonra Pakistanı tərk edərək  İŞİD-in tərkibində döyüşmək məqsədilə Suriyaya getməyə qərar veriblər. 2013-cü ilin avqustunda isə Pakistanı tərk edərkən İran ərazisində saxlanılıblar. Belə məlum olur ki, onlar 8 ay İranda həbsdə olublar və bu ilin aprel ayının 24-də Azərbaycana təhvil veriliblər. T.Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrin köməkliyi ilə bu ölkəyə keçiblər. İranda həbsdə olduğu müddətdə T.Soltanovun Suriyada övladı olub və hazırda onun ailəsi qızğın döyüşlərin getdiyi ərazilərdə qalıb.

Həbs edilən digər şəxslərə gəlincə, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov və Elşən Qurbanlı 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyadakı radikal silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak ediblər.

MTN-in əməliyyatı zamanı həbs edilən, döyüş əməliyyatlarında birbaşa iştirakı olmayan Vüqar Dursunəliyevlə bağlı da maraqlı məqamlar ortaya çıxıb. Belə məlum olur ki, V. Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevi Suriyadakı radikal silahlı birləşmələrin tərkibində döyüşməyə həvəsləndirib. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaq üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayınadək Suriya ərazisindəki döyüşlərdə iştirak edib.

Həbs edilən Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriyaİraq  ərazilərində qanunsuz silahlı birləşmələrə qoşulmaq məqsədilə 2014-cü ilin may ayında Türkiyəyə, oradan isə “Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriyaya gedib. Elşən Qurbanlı İŞİD-in özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində radikal dini və hərbi təlimlərdə iştirak edib. Təlimlər bitdikdən sonra  E.Qurbanlı öz istəyi ilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra E.Qurbanlı və digərləri İŞİD-in tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Silahlı dəstə hücum planlaşdırarkən baş vermiş partlayış nəticəsində 35 nəfər ölüb, E.Qurbanlı isə yaralanaraq Suriya ərazisinə qayıdıb.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibə başlayandan bəri yüzlərlə Azərbaycan vətəndaşının bu ölkədə “cihad” adı ilə axıdılan qanlı döyüşlərdə iştirakı təkzibedilməz faktlarla sübuta yetirilib. Azərbaycan hakimiyyəti bu təhlükəli prosesi nəzarətdə saxlasa da, ölkədən qanunsuz yollarla çıxan və döyüş bölgələrinə gedən gənclərin qarşısını kəsməkdə hələ ki mümkünsüz görünür. Qeyri-rəsmi məlumatlara görə, təkcə İŞİD-in deyil, digər radikal qruplaşmaları tərkibində indi minlərlə avropalı döyüşçü var. Suriyadakı savaş radikal-dini əhval-ruhiyyəli gənclər üçün çox “cəlbedici oldu” və Azərbaycandan da bu tora düşənlərin sayı yetərincədir. Bu cür gənclərin döyüşlərdə həlak olması bir faciədirsə, onların sırasında olanların geri qayıtması və radikal baxışlarını burada da yayması Azərbaycana birbaşa təhlükədir. Dünyanın yeni bəlası olan İŞİD-in tez-tez Azərbaycanı da təhdid edən bəyanatlar verməsi bu təhlükənin ciddiliyindən xəbər verir.

Təsadüfi deyil ki, uzun müddətdir xüsusilə paytaxt Bakıda radikal dini baxışları ilə seçilən sələfilərin ibadət mərkəzləri nəzarət altına götürülüb. Çünki İŞİD-ə qoşulan radikal dinçilər əsasən bu cərəyana mənsub olanlardır. İŞİD-in əsas qüvvələri də vəhhabilərdi.

Şübhəsiz, təhlükəsizlik tədbirlərinin artırılması İŞİD terrorçu təşkilatı rəhbərliyinin verdiyi hədələyici bəyanatlarda Azərbaycanın da hədəf göstərilməsi ilə birbaşa əlaqəlidir.

Bu yaxınlarda ABŞ-ın beyin mərkəzlərindən hesab edilən, daha çox kəşfiyyat məlumatlarına istinadən hesabatlar hazırlayan  “Stratfor”  İŞİD-lə bağlı təhlil yazısında silahlı qruplaşmanın tərkibində azərbaycanlıların da olduğunu xatırladaraq, bu faktorun təkcə ölkəmiz üçün deyil,  Qafqaz üçün gələcəkdə ciddi təhlükəyə çevrilə biləcəyini qeyd etmişdi.

Məlumatlara görə, Azərbaycanda İŞİD üzvlərinin təhlükə yaradacaq potensialı və gücü yoxdur. Amma aidiyyəti qurumların bu məsələlərlə daha ciddi məşğul olmasını vacib edən mühüm bir məqam da var. Söhbət 2015-ci ilin 12 iyununda başlayacaq birinci Avropa Oyunlarından gedir. 16 gün-iyunun 28-dək davam edəcək yarışda  Avropanın 49 ölkəsindən 7-15 min arası idmançının iştirak edəcəyi gözlənilir. Bu möhtəşəm idman yarışının təhlükəsizliyi məsələsi  hakimiyyəti indidən düşündürür.   Xatırladaq ki, 2012-ci il mayında Bakı şəhərində təşkil olunmuş “Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində həm paytaxtda, həm konsert zamanı terror aktı planlaşdıran qrup ələ keçmişdi. MTN bu iş üzrə üst-üstə 40 nəfəri həbs etmişdi. Onlar bir sıra səfirliklərdə, eləcə də mahnı müsabiqəsi zamanı terror aktlarını törətmək məqsədilə İranın xüsusi xidməti tərəfindən ələ alınmaqda ittiham olunublar.

Avropa Oyunları isə miqyasına görə “Eurovision”dan bir neçə dəfə böyük tədbirdir və şübhəsiz ki, ölkəmizi istəməyən qüvvələr-onların sırasında Ermənistanın xüsusi xidmət orqanlarını da var-fəallaşa bilərlər. Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanlarına tapşırılıb ki, may ayınadək Azərbaycanda radikal dini qruplarla yaxınlığı olan, vaxtilə İraq, Pakistan və Suriyada döyüşmüş bütün şəxslərin “əla-ayağı tam toparlansın”.  “İtkin düşmüş”, “öldürülmüş” bütün adamların siyahısı tutulub, onlarla bağlı qonşu ölkələrə sorğu göndərilib və ailələri tam nəzarətə götürülüb. Bu proses xüsusilə ölkənin şimal bölgəsində daha ciddidir. Azərbaycanı gizli yolla tərk edib bir müddət müxtəlif bölgələrdə vuruşub qayıdandan sonra “Rusiyada idim” deyənlərlə bağlı da hərtərəfli araşdırmalar aparılır.  

Azərbaycan hakimiyyətinin İranla münasibətlərində buzların əriməsi, rəsmi Tehranın İŞİD-lə mübarizədə fəal olduğunu nəzərə aldıqda bu təhlükəli silahlı birləşməyə qarşı gələcəkdə birgə əməkdaşlığın olması da mümkündür. İranın Pakistanla sərhəddə həbs edilən radikal qruplaşmanın iki üzvünü Azərbaycana təhvil verməsi  bu əməkdaşlığın mümkün olduğuna işarədir.

***

Sonda qeyd edək ki, dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.(musavat)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar