Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mafiya Bakı bazarına girir


Azərbaycan kəndi dünya ağalığına can atanların hədəfində


 Bu yay MDB ölkələrində, xüsusilə də Rusiyada bazarlara qarşı total hücumla yadda qalan oldu. Bu hücum paytaxt Moskvada özünü xüsusilə qabarıq göstəridi. İlin əvvəlində Rusiya paytaxtında 300-dən çox bazar var idisə, Moskva Ticarət Departamentinin rəhbəri Aleksey Nemryukun dediyinə görə, iyulun ortalarına şəhərdə yalnız 52 bazar fəaliyyət göstərir. Yəni Moskva rəhbərliyi 6 aya 250 bazarı bağlayaraq, bir milyona yaxın adamı işsiz, yüz minlərlə ailəni çörəksiz qoyub. Nemryuk bu qədər ağır sosioloji nəticə verən bir şok addımını rusların xoşuna gələn cümlərlə izah edir: “O bazarlarda kəndlilər yox, alverçilər pul qazanırdı. Alverçilərin də çoxu miqrant idi”. Nemryuk bazarları bağlamaqda davam edəcəklərini və Moskvada cəmi 20 bazar saxlayacaqlarını da bildirib. 

ANS PRESS-in araşdırmasına görə, Moskvada bu il baş verən proseslər, əslində, Azərbaycanda 2005-ci ildən başlayıb. Son doqquz ildə ölkədə 57 bazar bağlanıb. Əgər 2005-ci ildə ölkədə 185 bazar olubsa, hazırda cəmi 128 bazar qalıb. Bazarlardakı ticarət yeri sayında isə kəskin azalma baş verib və bu göstərici 67 mindən 38 minə düşüb. Vaxtilə Bakı sakinlərinin sevimli alış-veriş yerləri olmuş və şəhərin tarixinə xüsusi rəng qatmış Passaj, Şüşəli bazar və Yasamal bazarları bağlandı. Onların yerində isə müasir tipli ticarət mərkəzləri tikilir. Eyni proses Gəncədə və Sumqayıtda da baş verir. Hər iki şəhərin mərkəz bazarları bağlanıb və yerində ticarət mərkəzləri inşa edilir. 

Təbii ki, bu, birbaşa hökumətin diqtəsi ilə həyata keçirilmir. Proses ilk öncə bazarların özəlləşdirilməsi ilə başladı. Bazarları özəlləşdirən iş adamlarının bir çoxu kənddən meyvə gətirənlərdən bazar pulu yığmağı özləri üçün aşağı gəlirli və mənasız iş saydılar, bazarların qapılarını qıfılladılar. Özəlləşdirmə müqaviləsinə uyğun şəkildə müəyyən müddəti gözlədikdən sonra onları sökərək yerində ticarət mərkəzləri və supermarketlər tikməyə başladılar. Bəzi bazar sahibləri isə piştaxtaları aylıq və illik icarəyə verdilər. 

Rəsmi dairələr bu məsələyə qarışmasalar da, bazarların bağlanması bir sıra meyarlar baxımından əlverişli görünürdü. İlk öncə, bu, ticarətə vergi nüfuzunu dərinləşdirirdi. Hər halda, kolxoz bazarlarından lazımi səviyyədə vergi tutmaq olmur, çünki ödənişlərin əksəriyyəti qeyri-rəsmi aparılır. Həmçinin bazarda daimi işləyən adamları müəyyən eləmək olmur və onlar da rahatlıqla vergi ödənişlərindən qaçırlar. Həmçinin məhsulun mənşəyi də gizlədilir və bəzən xarici mal yerli mal adı ilə alıcıya satılır. Məsələn, İrandan və ya Türkiyədən gətirilmiş ucuz texniki kartof Cəlilabad kartofu adı altında alıcıya satıla bilir. 

Lakin ANS PRESS-in araşdırmasına görə, kolxoz bazarlarının bu cür “marketləşməsi” bir sıra problemlər yaradır. Təbii ki, ilk problem kənddən mal gətirənlərin bazarlara girişinin dayanması ilə müşahidə edilir. Bazarda daimi oturan alverçilər səhərin alatoranında rayonlardan mal gətirənlərlə çənə-boğaz olub keyfiyyətli yerli mal almaq əvəzinə, ucuz və keyfiyyətsiz xarici malı ayağına gətirən topdansatışçılara üstünlük verməyə başladılar. Nəticədə, bazarlarda satılan mal çeşidi ilə marketlər arasında ciddi fərq görünmədi. Yavaş-yavaş yerli kənd təsərrüfatı məhsulları bazarlarda yerini xarici mallara verməyə başladı.

Yaranmış durum kəndlilərin əlini işdən soyutdu. Çünki indi Azərbaycanda elə sistem yaranıb ki, məhsulun Bakı bazarlarında pərakəndə satış qiymətləri yerlərdə kəndlilərin topdansatış qiymətindən 4 dəfə bahadır. Buna kəndlərdən Bakıya mal daşıyanlar üçün yaradılan çətinliklər də səbəb oldu. Vaxtilə kəndlərdən Bakıya 200-ə yaxın kiçik yük maşını, 500-ə yaxın minik maşını mal daşıyırdı. Nəqliyyat Nazirliyinin yollarda qurduğu postların hesabına indi bu işi əsasən iri yük maşınları görür. Onlar da malı Lökbatan tərəfdəki iri topdansatış bazarına gətirirlər. Nəticədə, qiymətlər hər alqı-satqıda iki dəfə artır. Əvvəllər isə kənddəki topdansatış qiyməti ilə Bakıdakı qiymətlər arasında fərq iki dəfədən də az olurdu. Yəni topdan 40 qəpiyə alınan kartof Bakıda maksimum 70 qəpiyə satılırdı. İndi isə yerlərdə topdanalış qiymətləri xeyli azalıb. İri maşınlar sahəyə girə bilmədiyindən bəzən kəndlilər əkdikləri məhsulları heç sata da bilmirlər. Bu isə ildən ilə istehsalı aşağı salır.

Moskva bazarlarının sökülməsinə qarşı çıxan rusiyalı professor Yelena İvankina isə kütləvi supermarketləşmənin bazar qanunlarına görə təhlükəli olduğunu söyləyir. Onun fikrincə, supermarketlər bazarlardakı qiymət dəyişmələrinə çevik reaksiya verə bilmirlər, bu, aylarla çəkir. Amma kiçik bazarlar isə rahatlıqla iki-üç həftəyə yeni qiymət trendinə uyğunlaşırlar. 

Dünyada baş verən kütləvi supermarketləşdirmənin kökündə masonların və ya hansısa dünya hakimiyyətinə iddia edən beynəlxalq mafiyanın durduğunu iddia edənlər də var. Bu iddialara görə, beynəlxalq mafiya əhalini tam nəzarətə götürmək üçün onun yediyi qidaları da özü müəyyənləşdirmək istəyir. Qida istehsalı və satışını inhisarlaşdırmaqla əhalinin artım meyllərindən tutmuş, sosial passionarlığına qədər hər şeyə nəzarə etmək olur. Yəni qidalara nəzarət etməklə doğum göstəricisindən tutmuş, əhalinin tərkibində homoseksualların faizinə qədər çox şeyi nəzarətdə saxlamaq olar. Hətta belə bir iddia var ki, beynəlxalq mafiya gələcəkdə fərdi kəndli təsərrüfatlarını, bazarları və nağd pulu ləğv etdikdən sonra sistemə qarşı çıxanların kartdakı pulunu dondurmaqla onları acından öldürmək niyyətindədir. 

Yuxarıda bəhs edilən bütün nüansları nəzərə alan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, Azərbaycan bazarları dirçəltməlidir və bu zaman İsrail təcrübəsindən yararlanmalıdır. “İsrail bazarları bizim sovet dövründə gördüyümüz kolxoz bazarlarına bənzəyir. Orda kəndlilər bazarlara mal da gətirə bilirlər, bazarlarda ciddi qiymət sövdələşmələri aparılır və bu, ürək açır. Hər yan təmiz və səliqəlidir. Bazarda da müştəri ilə qaynayır. Eyni mənzərinə Avropa ölkələrinin bazarlarında da görmək olur”,- deyə Vahid Məhərrəmov ANS PRESS-ə bildirib. 

Aqrar ekspertin sözlərində gerçəklik var. Çünki müasir dünyada bazara vergi nəzarəti qurmağın heç bir çətinliyi yoxdur. Sadəcə, vergi qurumu bazarlarda kameralar quraşdırmalıdır ki, bazarda mal satan kəndliləri də, daimi işçiləri də müəyyən etmək mümkün olsun. Belə olanda bazar rəhbərliyi vergi qurumunu da aldada bilməz, kəsilən qəbz sayı bazardakı kəndli sayına uyğun gələr. Vergi nəzarəti, kənddən gəlmədən bazarda alverçiliklə məşğul olanları da müəyyən edərək, onların fəaliyyətini də səyyar kassa aparatları ilə vergi nəzarətinə cəlb edə bilər. 

Düzdür, Kənd Təsərrüfatı Nazirliyi bir ara Bakının müxtəlif yerlərində həftəsonu yarmarkaları təşkil etməklə bu problemi müəyyən qədər yüngülləşdirirdi. Amma son aylarda bu yarmarkalar nəzarət zəifləyib və belə yerlərə əsasən alverçilər çıxır. Onların satdıqları malın çeşidi di azalıb, qiymətləri isə supermarketlərə yaxınlaşıb. 

Bu məsələni nəzərdə saxlayan Vahid Məhərrəmov həftəsonu bazarlarının təşkilini bələdiyyəyə tapşırmağı məsələhət görür: “Bu, həm də bələdiyyələr üçün gəlir yeri olar. Oradan qazanılan pullar abadlığa və məhəllə yollarının asfaltlaşmasına və s. sərf oluna bilər. Bütün dünyada həftə bazarları ilə bələdəyyə məşğul olursa, bizə niyə olmasın?” - deyə aqrar ekspert vurğulayır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar