Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manatın ucuzlaşması Samir Şərifovun ideyasıdır?



Maliyyə nazirinin büdcəni daha böyük kəsirdən qorumaq üçün milli valyuta ilə bağlı qərarın verilməsi təşəbbüsü ilə çıxış etdiyi iddia olunur


Azərbaycan vətəndaşlarının gündəlik həyatına əhəmiyyətli şəkildə təsir edən manatın devalvasiyası qərarının qəfil verilməsinin hansı zərurətdən irəli gəlməsinə hələlik hökumətin aparıcı şəxslərinin inandırıcı izahatları yoxdur.

 Hökumət üzvlərinin ictimai müzakirələrdən yayınmasının səbəbləri hələlik bəlli olmadığı üçün manat qərarının verilməsində əsas səbəbkar olan şəxslərin “axtarışları” təbii olaraq davam edir. 

Bəzi ekspertlərə görə, yanvar müşavirəsində ölkə başçısının manat və avronun nisbəti ilə bağlı dedikləri əslində manatın ucuzlaşmasının anonsu olub. Belə ki, prezident Nazirlər Kabinetinin müşavirəsindəki çıxışı zamanı manatın avro ilə müqayisədə baha olmasını düzgün saymayaraq, valyutalararası bərabərliyin təmin edilməsini tövsiyə etmişdi. Lakin hesab olunur ki, bu barədə prezidentə maliyyə naziri Samir Şərifov məruzə edib və inandırıcı arqumentlər söyləyərək manatın ucuzlaşması qərarının verilməsini zəruri sayıb. Bu fikrin müəllifləri hökumətdə S.Şərifovun kifayət qədər peşəkar, aparıcı və ciddi fiqur olmasını, onun təklif və təşəbbüslərinin ciddi qəbul olunmasını, parlamentin büdcə müzakirələrində hökumətin əsas  nümayəndəsi olaraq iştirakını və s. amilləri xatırladıb manat qərarında da təşəbbüsün maliyyə nazirindən gəldiyində israr edirlər. Qeyd edək ki, ilin əvvəlində Maliyyə Nazirliyindəki geniş kollegiya iclasında S.Şərifov 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 19 milyard 438 milyon manat, xərclərin 21 milyard 100 milyon manat, kəsirin 1 milyard 662 milyon manat olduğunu xatırlatmışdı. Bu mənada iddia var ki, S.Şərifov neftin ucuzlaşması şəraitində büdcə kəsirlərinin artacağı ehtimalını əsas götürüb, manat ucuzlaşması  ilə ölkənin maliyyə durumuna düzəliş etməyin zəruriliyi təklifini irəli sürüb. Qeyri-rəsmi məlumata görə, manat əməliyyatından 4 milyon manat gəlir əldə olunub. 



Vüqar Bayramov: “Devalvasiya olmadığı halda belə, Maliyyə Nazirliyi sekvestr tətbiq etməklə büdcədəki balansı qorumaq imkanlarına malik idi”

İqtisadçı-ekspert Vüqar Bayramov isə əksini düşünür və hesab etmir ki, burada S.Şərifov faktoru var: “Əvvəla, monetar və o cümlədən, məzənnə siyasətinə məsul olan qurum Maliyyə Nazirliyi deyil, Mərkəzi Bankdır. 

Məzənnənin dəyişməsi ilə bağlı qərarı məhz sözügedən qurum verir. İkincisi, Maliyyə Nazirliyi daha çox maliyyə nəzarətini həyata keçirir və büdcənin gəlirlər hissəsinin formalaşmasına birbaşa məsul olan dövlət qurumları başqalarıdır. Üçüncüsü, Azərbaycan neftinin dünya bazarında qiyməti hər barel üçün, təxminən, 60 dollara yaxın olmasını və büdcədə neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulmasına baxmayaraq, büdcə gəlirlərinin strukturu daxilolmalarla bağlı hətta devalvasiya olmadığı halda, ciddi çətinliyin olmayacağını göstərirdi. Belə ki, büdcə gəlirlərinin 10.3 milyon manatı, yəni 53.4 faizi dövlət neft fondunun payına düşəcək. 33 milyard dollar vəsaiti olan neft fondunun aktivləri bu ayırmaları etməyə imkan verir”. 

V.Bayramov xatırlatdı ki, büdcə gəlirlərinin 35 faizini qeyri-neft sektoru təşkil edir: “Bunun da neftin dünya bazarında qiyməti ilə birbaşa əlaqəsi yoxdur. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin 88.4 faizi artıq təmin olunmuş gəlirlərdir. 19.6 milyardlıq dövlət büdcəsinin 17.3 milyard manatdan artığını təmin olunmuş və sığorta edilmiş gəlirlər təşkil edir. Təxminən 2.3 milyard manata yaxın hissəsi neftin dünya bazarında qiymətindən asılıdır. Bu baxımdan devalvasiya olmadığı halda belə, Maliyyə Nazirliyi sekvestr tətbiq etməklə büdcədəki balansı qorumaq imkanlarına malik idi. Bütün bunları nəzər aldıqda, Maliyyə Nazirliyinin məzənnə siyasətinə təsir etdiyini söyləmək doğru olmazdı”.



Mehman Əliyev:  “30 faizlik devalvasiya büdcəni 19 milyard  manat məbləğində saxlamaq məqsədi daşıyırdı”

“Turan” agentliyinin direktoru Mehman Əliyev deyir ki, əgər S.Şərifov bunu edirdisə, əvvəldən, ötən ilin sonunda, yaxud yanvarın ilk günlərində bu addımı atardı: “Əks təqdirdə, ona nə mane olurdu? Məncə, bu, daha çox kənardan gələn təhlillərə və proqnozlara əsaslanıb”. Ekspert bir məqamı xüsusi qeyd etdi: “Keçən ilin sonunda Azərbaycan banklarının xarici prezidentləri öz pullarını sürətlə çıxartmağa başladılar”. M.Əliyev manatın kursu ilə bağlı qərara neft qiymətlərinin də təsir etdiyi qənaətindədir: “Ola bilsin, İlham Əliyev artıq dəqiq informasiya əldə etdi ki, neftin qiyməti 90 dollara qalxmayacaq. Odur ki, artıq büdcəni və bütün xərcləri 60 dollarla hesablamaq lazım idi. 

Bu da onu göstərir ki, 30 faizlik devalvasiya büdcəni 19 milyard manat məbləğində saxlamaq məqsədi daşıyırdı. Çünki büdcənin gəlir hissəsi 25 milyard dollarla, 19 milyard manatla idi. Bunlar düşünürdülər ki, uzaqbaşı mart ayından neftin qiyməti 90 dollara gəlib çatacaq. Ancaq görəndə ki, bu, olmayacaq, onda hər şeyə yenidən baxmağa vadar oldular. Digər tərəfdən isə adətən bizdə iyun ayında büdcəyə təzədən baxılır. O zaman çox güman ki, büdcəyə təxminən 2 milyarda qədər vəsait yönəldəcəklər. Prezident həmin ərəfədə Davosda oldu və ciddi adamlarla görüşəndən sonra görünür, qəbul etdi ki, vəziyyət onun gözlədiyindən ağırdır. Azərbaycan hakimiyyəti manatın məzənnəsini saxlamaq istəyirdi.  Ancaq bu mümkün olmadı”.



Fəzail Ağamalı:  “Bütün yükü  onun üzərinə qoymağın özü ədalətsizlik olardı”

AVP sədri, deputat Fəzail Ağamalı maliyyəçi olmadığını desə də, bəzi fikirlərini bölüşdü: “Hər halda, Samir Şərifov mənim hörmət etdiyim və hər kəsin ciddi, peşəkar maliyyəçi kimi tanıdığı şəxsdir. O, hər zaman bütün populizmdən, konyukturadan kənarda olan, reallığa söykənərək fikirlər irəli sürən, özünəməxsus nüfuza malik olan maliyyəçidir. Söylənilənlərin nə dərəcədə həqiqət olub-olmadığını deyə bilmərəm. Lakin kimliyindən asılı olmayaraq hər kəs devalvasiyadan qabaq cəmiyyətə bununla bağlı bir aydınlıq gətirməli idi”. 

F.Ağamalı 2015-ci ilin büdcə zərfinin parlamentdə müzakirəsini də xatırlatdı: “O zaman neftin bir barelinin 90 dollar həcmində müəyyənləşməsi ilə bağlı Milli Məclisdə müəyyən narahatlıqlar ifadə olundu. Bəzi iqtisadçılar öz narahatlıqlarını ifadə etdilər. Lakin büdcəni müzakirə edən tərəf heç bir narahatlığın olmadığını əsas gətirərək qiyməti 90 dollar götürdü. Bu da düzgün addım deyildi. Ola bilsin ölkə prezidentini inandırmışdılar ki, dünyada gedən proseslər heç bir halda neftin dəyərinin hətta 60 dollardan aşağı olmasına gətirib çıxartmayacaq”. Ancaq fakt budur ki, hökumətin mövqeyindən daha çox çıxış edən məhz maliyyə naziri olub. Belə çıxmırmı ki, burada da cənab Şərifovun mövqeyi üstünlük təşkil edib? F.Ağamalı: “Mən birbaşa Samir Şərifovun üstünə getmək istəmirəm. Çünki mən onu çox peşəkar maliyyəçi kimi tanıyıram və dövlət məmuru kimi ona çox böyük hörmətim var. Bununla bərabər, təklif Samir Şərifov tərəfindən irəli sürülsə də, digər qurumlar da var idi. Eyni zamanda Nazirlər Kabinetinin iqtisadiyyat, maliyyə şöbələri var, bunlar məsələyə daha dəqiq yanaşmalı idi. Onların təklifləri baş nazirə çıxarılandan sonra son sözü prezident deyir. Odur ki, prezidentə daha real təkliflər təqdim etməliydilər. Yəni Samir Şərifov burda tək deyil. Bütün yükü onun üzərinə qoymağın özü ədalətsizlik olardı”. F.Ağamalı düşünmür ki, devalvasiya qərarı ilə bağlı bizim böyük itkilərimiz olacaq: “Ən böyük itkilər fırıldaqçılar, yaramazlardan gəlir. Onlar 3-5 ay bundan qabaq aldıqları məhsulun üzərinə əlavə qiymətlər qoyub onu bahalaşdırır". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar