Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd Hatəmidən ilginc açıqlamalar



“Nemət Pənahlı öz səhvlərinin qurbanı oldu”


“Bura çox jurnalist gəlir, ancaq mən qəbul etmirəm, intervü də vermirəm. Elə bir müddət bundan əvvəl biri gəlmişdi, təkidlə müsahibə istəyirdi ki, ”tanınarsan". Dedim əşi, mənim haqqımda yarım ton yazı yazılıb, ehtiyac yoxdur. Amma daha sən başqasan da..."

 Bunu deyib gülür həmsöhbətim. Baş yazarımız Rauf Arifoğlunun təklifindən sonra milli-azadlıq hərəkatının liderlərindən biri Məhəmməd Hatəmi Tantəkini ziyarət etdim. Sonuncu dəfə Sabunçudakı xəstəxanada, Pənah Hüseynlə birgə onun ziyarətində olmuş, şəfa diləmişdik. Bu dəfə sadə, kasıb odasında onunla görüşdüm tariximizin böyük bir parçasını özündə, sözündə, yaddaşında, baxışlarında yaşadan bu canlı əfsanə ilə. Hal-əhvaldan sonra gülərək dedi ki, onu ilk dəfə bu ilin yayında, 79 yaşının tamamında professor Nəsib Nəsibli GünAzTV-yə dəvət edib, geniş proqrama çəkilib. Elə proqramın videioyazısına da bir az baxdıq. Nəsib bəyin bir təqdimatından xüsusilə xoşu gəlib. Sonra özü də təkrarlayır: “Milli hərəkatı mininin adına çıxırlar, ancaq milli-azadlıq hərəkatının rəhbəri Məhəmməd Hatəmi idi”.

Və köksündə təbrizli, ərdəbilli, pişəvərili günlərin acılı-şirinli xatirələrini daşıyan bu nəhəng sima ilə söhbətimiz davam edir. Xatirələrini bölüşür: 

“Ulu nənəm Tükəz buranın Biləsuvarından Güney Astarasının Kala kəndinə gəlin aparılıb. Onun 11 qızı olub. O qızlardan biri mənim anamın anasıdır. Yəni kökümün biri bu taydandır. O zaman talış xanlarından biri nənəmin qızlarından birini istəyib, ancaq o, verməyib. Xanın adamları nənəmi elə atın üstündə güllə ilə vurub öldürüb. Həmin talış xanının güllələnməsi prosesində mənim atam iştirak edib”. 

***

Yaşı 80-ni haqlayan Məhəmməd bəyin bu yaxınlarda 69 illiyi tamamlanan Azərbaycan Demokratik Firqəsi ilə bağlı baş verənlərdən dünən olubmuş kimi danışması da adamda heyrət doğurur: “21 Azərdə (12 dekabr 1945) hökumətin qurulması mənim yadımdadır. Heç Pişəvəri hökumətə rəhbər olmaq istəmirdi, onu məcbur etdilər. O da 20-ci illərdə milli hərəkata görə bir dəfə tutulmuşdu. Atam Fərzulla kişi də hərəkatın iştirakçısı idi. Əmim də hökumətdə işləyirdi, atama da onun təsiri böyük olmuşdu. Atam Azərbaycan Demokratik Firqəsi hökumətində qoşun başçısı idi. Baş leytenant rütbəsindəydi. Atam bir nəfəri namus üstündə vurub öldürmüşdü, Ərdəbildə 6 ay yatandan sonra azad edildi. Qayıdandan sonra onu fədai başçısı kimi cəbhəyə göndərdilər, qoşun ona tabe idi. Allah rəhmət eləsin, Şeyxi vardı, ərdəbilliydi, onu qoşun başından çıxarıb atamı qoydular. Pişəvəri hərəkatının süqutundan sonra onu Ərdəbildə qətlə yetirdilər. Atam savadsız olsa da, çox zirək adam idi. 1946-cı ildə Pişəvəri hökuməti süquta yetiriləndən sonra İran qoşunu gəlib Astaranı tutmamışdan qabaq atam anamı, bacımı, məni, Huşəng adlı qardaşım vardı-sonra Şamaxıda öldü-onu götürüb bu taya keçdi. Hətta anamı bura gətirmək istəmirdi. Qərar beləydi ki, kişilər getsin, qadınlar qalsın. Gecə anam özünü boğub öldürmək istəmişdi ki, məni qoyub hara gedirsən? Sonra atam fikrini dəyişdi. Ata-anam elə burda dünyasını dəyişdi, qəbirləri yaxındadır”. (Ardınca durub rəfdən yazdığı kitabı gətirib səhifələyir və ata-anasının fotolarını göstərir-E.P.) 

M.Hatəmi bu gün Güney Azərbaycanda milli hərəkatın çox güclü olduğunu düşünür: “Özü də orda milli ruh güclüdür. İntəhası xaricdən kömək yoxdur. Nə Amerika, nə Avropa, nə Türkiyədən kömək var. Bizdən də heç kömək yoxdur. Çünki Güneydə azərbaycanlıların sayı çoxdur. Güneyi burdakı ”yuxarıdakılar" özləri üçün xəta kimi görür. Ancaq Cənubi Azərbaycana xaricdən kömək olsa, vəziyyət dəyişər". 
***
Sovet Azərbaycanından Təbrizə gedən qoşunu gördüyünü də xatırlayır: “Burdan artistlər, rəqqaslar da gəlmişdilər. Rübabə (Muradova-E.P.) ilə bir yerdə bu taya keçdik. Onda Rübabə arıq, cavan bir qız idi, Xəlil adlı bir oğlanın nişanlısıydı. Biz sovet Astarasında məktəbin siniflərində qalırdıq”.  
***

2015-ci ilin 22 iyulunda 80 yaşının tamam olacağını xatırladıb yubileyini necə keçirtmək istədiyi barədə soruşuram. Gülür: 

“Vallah necə ki, Azərbaycanın bütün görkəmli adamlarının yubileyini keçirirlər, rayonlarda, Bakıda, hətta xaricdə qeyd edirlər...Ancaq bunu mənim üçün etməzlər bəy. Hakimiyyətin mənə münasibəti yaxşı olsaydı sözümü də deyərdim, məsləhətimi də verərdim. Görürsünüz, Türkiyəni quran Atatürkün nə qədər düşməni var, amma yenə onu sıradan çıxara bilmirlər, yenə Atatürk olaraq qalır. İndi mənim haqqımda nə edirlər-etsinlər, xeyri yoxdur. Kim deyə bilər ki, Hatəmi ”Çənlibel"i yaratmayıb? Kim deyə bilər ki, 1987-88-ci ildə milli hərəkatı Hatəmi yox, başqası başladıb? Bəxtiyar Tuncay kimdir ki? Siz onu qəzetdə hərəkatın lideri kimi təqdim edibsiniz. Bəxtiyar mənim uşaqlarımdam biriydi. O, “Çənlibel”dən niyə danışır ki? Mən Bəxtiyar Tuncayı “Çənlibel”dən çıxartmışam. 

“Rübabə Muradova ilə bir yerdə bu taya keçdik”


Onlar Vurğun Əyyubu sədrlikdən uzaqlaşdırmaq istəyirdilər. Mən ona da, onun jurnalist dostuna da mane oldum, hər ikisi çıxıb getdi, ayrıca “Oğuz” Cəmiyyətini yaratdılar. Sonra Vurğunu da çıxartdım, çünki ondan şübhələnmişdim. Mən onun yerinə bir artist vardı, onu sədr qoyan kimi “KQB” onu Sumqayıta göndərdi, iş verdilər". 

“Siz özünüzdən başqa hamını ittiham edir, ”KQB"-yə bağlayırsınız Məhəmməd bəy “ replikamıza isə belə cavab verdi: ”Bəy, bir nəfər göstər ki, milli-azadlıq hərəkatının bayrağını daşıyıb. (Ardınca konkret şəxslərin “KQB”yə “bağlı olduğu” barədə əminliklə danışır-E.P.) Nə qədər ki, milli hərəkata, xalqa bağlı bir insan ortaya çıxmayıb, heç nə olmayacaq. Mən Milli Qurtuluş Partiyasını da ləğv elədim, verdim cavanlara, onlardan da səs-səmir çıxmadı". 
Sonra keçdik konkret sual-cavaba.

- Bu gün sizi yad edən, ziyarətinizə gələn varmı, yoxsa unudulubsunuz?

- Var. Məni elə onlar saxlayır. 174 manat pensiya alıram, bununla ancaq acından ölməmək olar. Amma mənə dəstək olanlar var.  

- Çox qəribədir ki, bu gün həm Rusiyanın çöküşündən danışılır, həm də yeni SSRİ-nin yaranacağından. Siz nə gözləyirsiniz?

- Heç vaxt yaranmayacaq. Bir şərtlə ki, bizim yuxarıda oturanlarımız Moskvaya satılmasa... Rusiyada vəziyyət çox pisdir. Ukrayna hadisələri Kremlə yeni bir zərbə oldu. Rusiyanı hələ illər öncə dağıda bilərdilər. O zaman buna imkan da var idi. Ancaq dağıtmadılar. Buna da Avropa peşman olub. Bu gün rus rublu bərbad haldadır. Valyutası yoxdur ki, nəsə alsın. Qaz verir, Türkiyədən nəsə alır. 

- Vəfa Quluzadə daim Rusiyanın dağılacağını deyirdi, bunu gülüşlə qarşılayırdılar...

- Mən Vəfa Quluzadəyə inanıram. Artıq neçənci dəfədir ki, düz proqnozlar verir. Şəxsi tanışlığım yoxdur, amma Şərqşünaslıq İnstitutunda birgə işləmişik.   
 
****

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü ideyası Heydər Əliyevə məxsus idi. 31 dekabr gününü seçməklə həm azərbaycanlıların bayram etməsini istədi, həm də 1 yanvarda rus Yeni ili qeyd etdiyi üçün əks-reaksiyanın olmayacağını düşünmüşdü. Ancaq daha yaxşı olardı ki, dünya azərbaycanlıların həmrəyliyi günü Pişəvəri hökumətinin qurulduğu və süqut etdiyi 12 dekabr - 21 Azər günü olaydı”. 

Bu zaman Məhəmməd bəyin qız nəvəsi otağa daxil olur, şirin dillə babası haqda danışır. Sonra sözümü yerə salmayıb fotolarımızı çəkir. Ardınca “bir dəfə də babamı çəkim” deyir. Məhəmməd bəy də balacanı bağrına basıb “mənim qəşəng nəvəmdir” deyir.   

““İstərdim ki, mənim xalqım heç vaxt ruhdan düşməsin, həmişə nikbin, mübariz ruhda olsun”


****

Məqam düşmüşkən, milli azadlıq hərəkatı və sərhəd hərəkatının aparıcı simalarından biri olan Nemət Pənahlıdan, onun həbsindən soruşuram. Məni təəccübləndirən cavab eşidirəm: “Mən onun həbsinə acımıram. Məni sıradan çıxarıb Neməti yerimə keçirtdilər. Sonra Əbülfəzi, Etibarı ortaya çıxartdılar. Neməti ilə mənim yanımda milis işçiləri qəhrəman elədilər, elə tribunada. Nemət Pənahlı öz səhvlərinin qurbanı oldu”. 

***

ABŞ-Azərbaycan münasibətlərində gərginliyin olduğu barədə fikirləri isə bölüşmür. Hesab edir ki, bütün bunlar məsələnin görünən tərəfidir: “Amerika ilə gərginliyə getmək olar? Rusiya, Çin, İran, Türkiyə ABŞ-la baş-başa gələ bilmir, o ki qaldı Azərbaycan. Gör ərəb ölkələri nə günə qaldı...” 

M.Hatəmi ölkədə iqtidar-müxalifət münasibətlərinin normallaşmasını gözləmir.
 “Münasibətlərdə normallaşma o zaman olar ki, iqtidara satılasan”-deyir.  

*** 

Söhbət 1990-cı ilin qanlı yanvar hadisələrinin 25 illiyindən düşür. Lefortovalı günlərini xatırlayır: “Çox istərdim ki, Qorbaçovun cəzalandırılmasını görüm. Bizdən nə qədər adam qırdılar... Yaxşı ki, camaatımız şəhidləri unutmur. Çoxdandır xiyabana gedə bilmirəm. Amma həmin günü qəhrəmanlıq günü kimi qeyd etmək, şəhidləri yaşatmaq lazımdır. Xalq imperiyaya qarşı mübarizədə ölümə gedib. Bir çoxları çalışır ki, həmin günü yas kimi qələmə versin. Elə şey yoxdur, nə yas? Həmin gün qəhrəmanlıq günü kimi tariximizə salınmalıdır. Mən onda Lefortova zindanında 9 ay yatdım. 

Mən idim, Xəlil Rza, bir də başqa birisi vardı. Etibarla Rəhim Qazıyevin də işlərini Moskvada mənə qoşmaq istəyirdilər, etiraz etdim. Çünki mən onlara inanmırdım. Sonra da Şuşa, Laçın məsələsi oldu...Qarabağda qələbə qazanmaq üçün öncə Rusiyaya qalib gəlmək lazımdır. Bir vaxtlar Avropa, Amerika, Rusiyanın Azərbaycan neftinə ehtiyacı var idi. Onda niyə demədilər ki, erməninin ipini çəkin, biz də sizə neftimizi sataq? Onda nefti elə-belə satdılar. Əvvəl Rusiyaya satırdılar, sonra bütün dünyaya”.

“174 manat pensiya alıram, bununla ancaq acından ölməmək olar”

Dünya görmüş ağsaqqalın sonda “Yeni Müsavat” vasitəsilə xalqa ünvanlı arzu-istəyini bilmək istədim. “İstərdim ki, mənim xalqım heç vaxt ruhdan düşməsin, həmişə nikbin, mübariz ruhda olsun. Güney Azərbaycanın ayaqda olması üçün var gücümüzlə çalışmalıyıq ki, Pişəvəri dövründəki kimi milli dövlətimiz yaransın. Sonra da ki, imkan olsa, Azərbaycanın quzeyi ilə birləşməsi məsələsini gündəmə gətirmək olar”.    

Beləcə, Bütöv Azərbaycan arzusu ürəyində yaşayan canlı əfsanə ilə söhbətimizi tamamlayıram. Gəlməyə duranda rahatsız olmasına razı olmasam da, qapıya qədər özü ötürür. Sağollaşanda isə “Rauf Şenola salam de” söyləməyi də unutmur...

Düşünürəm, amma nə gözəl olar Məhəmməd Hatəminin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunsa... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar