Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur özbaşınalığının unikal forması


“Onlar gəldilər. Onların İncili vardı, bizim isə torpaqlarımız


Və onlar dedilər: “Gözlərinizi yumun, dua edin”. Biz gözlərimizi açanda onların torpaqları vardı, bizim isə İncilimiz” (Desmond Tutu,arxiyepiskop, Nobel mükafatı laureatı)

***

Mətbuatın yazdığına görə, Gədəbəydə ictimai mülkiyyət olan otlaqlar de-fakto özəl imiş. İcra başçısı Ramiz Yediyarov sürüləri yaylağa buraxmaq üçün qoyun başına pul yığdırır. Kim sürüsünü Gədəbəy dağlarındakı yaylaqlara buraxmaq istəyirsə, ona hər qoyuna görə 1 manat ödəməlidir.

“Bütün heyvanlar bərabərdir. Bəzi heyvanlar lap bərabərdir” - Corc Oruell yazırdı.

İnsanın insan dərdi var, heyvanın heyvan dərdi. “Lap bərabərlər” rubrikasına düşməyən insanlarla heyvanlar isə bir-birindən öz məşəqqətli taleləri ilə qətiyyən fərqlənmir.

Yəni bürokrat-burjuaziyanın nümayəndələrinin qoyunları “ağ”, sıravi vətəndaşlarınkı isə “qara”dır. Əcəbdir, heyvanlar da “antaqonist siniflər”ə bölünüb.

***

Bəzən elə təəssürat yaranır ki, azəri hakimiyyətinin istənilən məmurunun istənilən əməlini analiz edib məntiqlə sonuna getsən, bu ölkədə hər gün İnqilab baş verməlidir. Hər bir məmur addımı öz absurdluğu və ədalətsizliyi ilə o qədər unikaldır ki, bu ölkədə hər gün hər yerdə etirazlara yol açmalı idi.

Gədəbəydəki olay da bunlardan biridir, ancaq çətin ki, artıq unikaldır. Sadəcə mətbuata sızdığına görə, nadir hadisə təəssüratı yarada bilər. Əslində isə çoxdan bəllidir: necə ki şəhərlərin ictimai məkanları özəlləşdirilir, rayon və kəndlərdə də onların analoqları - meşə zolaqları, otlaqlar, su hövzələri, boş torpaqlar de-fakto şəxsi əllərdə cəmləşir. Və bu, ən ağlagəlməz kuryozlara səbəb olur.

O ki qaldı heyvanlara, onlar heç də ilk dəfə deyil ki, məmur özbaşınalığının menyüsünə düşür.

Məsələn, bir neçə il əvvəl Qəbələdə mer (artıq eks-mer) vətəndaşların inək və atlarını bu vətəndaşların xəbəri olmadan Mingəçevirə daşıdıb ətliyə satmışdı. Demə, heyvanlar şəhərin panoramını pozur, gülləri yeyirmiş. Hətta Xudayar bəy də eşşəyi aparıb satmazdan əvvəl başqa səbəblə sahibindən onun icazəsini almışdı. Xudayar bəyi leqal fiqura çevirmək üçün bizə müstəqil ölkə olmaqmı lazımmış?!

Hadisələr bu cür olub: Qəbələ sakinləri səhər evdən buraxdıqları inək və atlarını axşam gözləsələr də bir daha görməyiblər. Araşdırıblar - Qəbələ meri rayonun kurort yeri olduğu və kurort yerində də küçələrdə heyvanların sərbəst gəzişinin yolverilməzliyi qənaəti ilə heyvan ovuna çıxıb.

Camaatın min bəla ilə bəslədiyi, bəzi ailələrin yeganə çörək yeri olan mal-qaranı maşın kuzovlarına doldurub Mingəçevir ət kombinatına aparırmış. Orada isə təbii ki müftə yox, pulla ətliyə təhvil verirmiş.

Bu, elə bir sürrealist süjetdir ki, həyatın hər üzünə öyrəşmiş adi bəndələr onun süjetini ağıllarına da gətirə bilməyiblər.

Buzovu ac qalan bir qəbələli Mingəçevirə yollanıb öz inəyini pulla geriyə alıb. Başqa biri gedib atını geri gətirib - təbii ki, pulla. Qalanları isə əliboş dönür - heyvanlar artıq gilyotinalıq olubmuş.

Bu ölkədə nələrin baş verdiyini analiz etməkdə normal ağıl gücsüzdür. Gədəbəydəki və Qəbələdəki özbaşınalıqları normal məntiqlə də, psixologiya ilə də anlamaq müşküldür. Nəticəsi isə birdir - “Vətəndaşlar, sizə inək və qoyunlarınız qədər də dəyər vermirik”.

Və bu, az qala rəsmi ideologiyadır. Qoyun və inək vasitəsilə adi bəndələrin özlərinə qiymət qoyurlar.

***

Bu cür faktları dinlədikcə hindular, afrikalılar və digər bədbəxt xalqları daha yaxşı anlamağa başlayıram.

Biz uşaq olanda böyüklər və kitablar o xalqların tarixini yığcam formada bu cür çatdırardı: Çox uzaqlarda “vəhşi”, ancaq xoşbəxt bir xalq vardı. Bu xalq ov ovlayar, köç edər, öz bütlərinə iman gətirər, bayramlarını qeyd edərdi.

Bir gün oralara ağ və sivilizasiyalı adamlar gəlib çıxır. Gəlmələr sayca az idi, onları asanca qırıb çatmaq olardı, ancaq çağırılmamış qonaqlar əvvəl-əvvəl özlərini çox sakit və mədəni aparırdı.

Ağ adamlar aborigenlərə onların heç vaxt görmədikləri maraqlı əşyalar təklif edirdi. Əvəzini də istəyirdi. Məsələn: “Alın götürün bu muncuqları, görürsüz necə qəşəngdirlər, yerinə isə sizdən mənasız şeylər istəyəcəyik. Nə? Əşşi, heç nə: bu torpaqları, bu dağları, bu daşları və metalı...”

Aborigenlər, əlbəttə, sevinirdilər. Onların ağıllarına da gəlmirdi ki, dağlar, torpaqlar, çaylar kiminsə ola bilər. Hamınındır. Deməli, ayrılıqda heç kəsə məxsus deyil. Və aborigenlər sevinc içində fikirləşdilər: “Bu ağ adamlar necə də axmaqdır. Görün muncuqların əvəzində bizdən necə gərəksiz şeylər istəyirlər”.

Və dəyiş-düyüş etdilər. Bizə muncuq, sizə torpaq.

Aborigenlərin xoşbəxtliyinin hüdudu yoxdu. Bəs necə, görün nə qəşəng muncuqları var!

Bu söhbətləri eşidəndə bizlər düşünürdük: “Yazıq aborigenlər. Aldandılar. Zir-zibil alıb əvəzində gələcəklərini verdilər. Kaş onları xəbərdar etmək mümkün olsaydı!”

Proses bununla bitmədi. Ağ adamlar gedib bu dəfə çox sayda və silahla qayıtdılar. Aborigenləri məhv etdilər, salamat qalanları rezervasiyalara sürdülər. Torpaqlarından qovulan aborigenlər daha nə ov ovlayır, nə köç edir, nə bayramlar keçirirdilər. Xoşbəxtlik və Azadlıq tarixin dolanbacında düşüb qaldı. Onlar hər şeylərini muncuğa dəyişdilər.

Ancaq fikirləşməyin ki, aborigenlər bu bədbəxtlikləri özlərinə dərd edirlər. Əksinə,  rezervasiyalarında oturub övladlarına fəxrlə danışırlar: “Təsəvvür edin ki, nə vaxtsa bizim bu gözəl muncuqlarımız yox idi”.

Övladları da qorxu içində təəccüblə: “Nə? Ola bilməz! Yaxşı ki, o vaxt siz gəlmələrlə dəyiş-düyüş edib bu muncuqları onlardan götürmüsüz. Yoxsa ki, biz lap bədbəxt olardıq!”

Beləliklə, hər sonrakı nəsil əvvəlki nəslə heyranlıq və minnətdarlıq dolu gözlərlə baxıb deyir: “Muncuqsuz biz nə edərdik? Əcdadlarımız çox ağıllı və müdrik olublar”. 

Bir sözlə, nəyə gərəkdi bu dağlar, çaylar, çöllər?! Əsas olanı muncuqdur. Görün, necə də qəşəng və parlaqdırlar!

***

Klassik demişkən, “qayıdaq öz qoyunlarımıza”. Deyəcəksiz ki, o vəhşilərdən bizə nə? Yaxud deyəcəksiz ki, heç kəs gələcəyini muncuğa dəyişməz? Bəs onda son 25 ildə baş verənlər nədir?

Sosial dövlətin sonuna çıxıldı - və aborigenləri heç bir itki təəssüfləndirmir: Nə bədbəxt olan milyonlarla insan, nə cəmiyyətdəki atomlaşma, deqradasiya və aqressiya, nə də sənaye, elm, təhsil, səhiyyə, mədəniyyətin məhvi.

Əsas olanı muncuqlardır. Bu adamların daha heç nəyi yoxdur, əvəzində muncuqları var! Və hər dəfə onlara baxıb dərin fəxr hisi ilə təkrarlayırlar: “Yaxşı ki, 25 il əvvəl hər şeyimizi muncuğa dəyişdik. Yoxsa bədbəxt olardıq”...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar