Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məscid kilsəyə, Məhəmməd İsaya qarşı qoyulanda...

Dünyanın aparıcı telekanallarında - BBC və CNN-də Fransanın Kalye əyalətində qanunsuz miqrantlara qarşı hakimiyyət orqanlarının təmizləmə əməliyyatları göstərilən gün Mosul və Hələbdə ağır döyüşlər gedirdi


Məqsəd fərqli olsa da, tutalım ki, Oland qarşıdakı seçkiləri nəzərə alıb hədəf olaraq gözlənilmədən köçkün düşərgəsinə hücum çəkəndə 30 min muzdlu İraq ordusu İŞİD əleyhinə müxtəlif səmtlərdən həmləyə keçmişdi və hərbi teatr səhnəsi ilə antiqaçqın döyüşü arasında qəribə bir oxşarlıq yaranmışdı.

Yox, fransız polisi Eritreyadan, İraqdan və Əfqanıstandan buraya pənah gətirərək heç kəsdən razılıq almadan məskunlaşan 10 min binəvanın üzərinə tankla getməmişdi, yaxud bütün çadır şəhərciyini yandıraraq məhv edərkən və qoca qitənin bətnində özünə kök salmış "cəngəlliyi" (düşərgənin rəsmi adı belə çağırılır) ləğv edərkən Yaxın Şərqdəki kimi ətraf əyalətlərin dincliyi pozulmayıb, lakin xəbər lentlərinin baş qəhrəmanlarına çevrilən adamların hamısının dini mənsubiyyəti eynidir - onlar islama etiqad edirlər.

Avropa müsəlman aləmi ilə toqquşurmu, yaxud bir müddət öncə məxfi müsahibələrindən tərtib olunan kitabda fransız liderinin dediyi kimi, Qərblə islam döyüşəmi məhkum edilib? Xatırladaq ki, siyasi dairələrdə böyük rezonansa səbəb olan "Prezident bunu söyləməməlidir" adlı nəşri Yelisey sarayının sirli dəhlizlərində aparılan gizli danışıqlara yaxşı işıq salır. Adətən millətçi partiyaların, xüsusilə mühafizəkar qüvvələrin cəm olunduğu Xalq Cəbhəsinin və onun alovlu lideri li penlərin dilindən eşitdiyimiz sərt irqi-dini ayrı-seçkilik bəyanatları, sən demə, fransız siyasi elitasının əksər kəsimlərində qərarlaşmış rəylərdir.
Oland çadraya və hicaba bürünmüş adamları təhlükə hesab edir, özünü Qərb sivilizasiyasının basqısından qorunmaq üçün qara libasa bürünən adamların ölkəsinin simasına göstərdiyi təsirdən vahimələnir və bir müddət sonra "Fransanın simvolu olan Mariannanın da islam qadınları kimi geyinəcəyi"ndən əndişə duyduğunu gizlətmir.

Dümanın vətənində gerçəkdənmi bir din kabusu dolaşır? Hər kəs bilir, Marianna dünyaya respublika quruluşunu bəxş edən bir dövlətin simvoludur. Frigiya papağı və nizəsi ilə silahlanmış qadın əsil reallıqda azadlığı təcəssüm elətdirir. Qədim Romada köləlikdən qurtulanlar təxminən belə geyinirdilər. Müdrikliyin və cəsurluğun rəmzi olan Marianna həqiqətdə "birlik, bərabərlik və qardaşlıq" şüarı ilə imperiya quruluşuna doğru gedən bir xalqın mübarizəsinin yetirməsidir.
 
İndi respublika və din arasında gerçək savaş gedir. Marselyozanın sədalarını minbərlərdən gələn səslər örtməyə başlayıb. Bonapart dövrünü çoxdan arxada qoymuş bir xalq kommunizm təhlükəsinə qalib gələndən sonra indi təkcə Vaterlooda deyil, bütün Avropada dinlərarası toqquşmanın meydanına çevrilməkdədir. Li Pen obrazlı şəkildə həmin savaşı belə ifadə etmişdi: "Müsəlmanların kütləvi ritualları tank və əsgərlərlə keçməsə də əslində işğaldır və şəhərimiz bundan əziyyət çəkir".

Doğrudur, sonralar avroparlamentarilər bu sağçı qadını cəzalandıraraq onu sıralarından çıxarmışdılar, lakin islamafobiyanı rasizm əlaməti kimi qəbul etdikləri üçün yox, bəlkə də xristian siyasi elitalarının və dini dövlətdən ayrı görməyən hakimiyyətlərin planlarını açdığı üçün ona qəzəbləri tutmuşdu. Hər halda kommunistlərdən fərqli olaraq, islama tapınanların coğrafiyası və sayı milyon dəfə fərqlidir və düşməni öz adı ilə çağırmaq böyük səhvdir.

Bəli, bir vaxtlar Amerika cəmiyyətində də yaponlar haqqında məhz belə düşünürdülər. O vaxtdan əslində çox keçməyib. Tarix hər zaman mistik bir qüvvə ilə təkrar olunmaq gücünə malikdir. Bilirsiz, Perl-Harbör hadisəsi baş verəndə faşizmin yalnız Almaniya ilə bağlı asossiasiyası vardı və heç kəs Ruzveltin öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün bir milləti baraklara doldurub cəmiyyətdən təcrid etməsini, onlara düşərgə rejimi tətbiq etməsini pisləməmişdi. Onda dünya hökmranlığına tam yiyələnməmiş bir dövlətin rəhbəri haqda əsil xilaskar obrazı vardı və kimsə ona qarşı getməyə cürət etməzdi. Stalin və Çörçilin hesablaşdığı simanı qəddarlıqda qınamaq olmazdı.

Xatırladaq ki, üzərində hələ də sirr pərdəsi qalan və ətrafında müxtəlif əfsanələr dolaşan imperiya Yaponiyasının Amerikaya müharibə elan etməsinin nəticəsində hələ o vaxt hazır olmayan nüvə silahının  Xirosimaya və Naqasakiyə atılmasına illər qalsa da, 1941-dən sonra bütün amerikanlar onlarla birgə yaşayan yaponlara potensial casus və düşmən kimi yanaşırdılar. İndi Fransada Şarli Hebdo karikaturaçıları kimi azad cəmiyyət ideologiyası və liberal dəyərlərlə yaşayan böyük bir toplum faşizm, stalinizm və millətçilikdən sonra demokratiyaya ən böyük təhlükənin islam totalitarizmindən gəldiyini düşünür.

7 yanvarda Fransada bir jurnala qarşı baş verən qəsdlə eyni gündə hələ çap olunmamış ətrafında böyük diskussiyalar gedən Mişel Uelbekin "Məsumluq" kitabını indi çoxları peyğəmbərcəsinə uzaqgörənlik kimi qiymətləndirirlər. Müəllifi uzun müddət şəxsi təhlükəsizliyi üçün gizlənməyə məcbur olan əsər populyarlıq qazansa da ona xilaskarlıq rəmzi təki yanaşmaq  düzgün deyil. Çünki miqrasiya və inteqrasiya ətrafında gedən müharibəyə hələ son qoyulmayıb.
 
Lakin Uelbekin "Li Peni neytrallaşdırmaq üçün 2020-ci ildə müsəlmanın prezident seçilməsi" vəhyi indi çoxlarına real görünür. Qorxu və milli müqavimət hissini sümürmək istəyənlər üçün düşmən hədəfini belə aydın göstərən olmamışdı.

Əhalisinin onda birini - 6 milyon müsəlmanı vahid bir qüvvə kimi təşkilatlandıran və müxtəlif rəngləri-məzhəbləri siyasi iddialarla meydana çıxaran liderlərin yoxluğu şəraitində hakimiyyət orqanlarını həyəcanlandıran əslində başqa səbəblərdir. Bir az tarixə qayıtsaq, tablonu daha yaxşı təsvir etmək mümkün olar.

Öz müstəmləkəçilik tarixinə görə Fransa digər Avropa rəqiblərindən çox da fərqlənmir. Çünki hələ sənaye nəhənginə çevrilməmiş iberiyalıların - Portuqaliya və İspaniyanın işğalçılıq siyasətinin zəiflədiyi dönəmlərdə səhnəyə Napoleonun sələfləri çıxır. Yeni torpaqların kəşfi, ticarət yollarının ələ keçirilməsi və milyonlarla insanın kölə kimi istismar edilməsi bəşəriyyətin 21-ci əsrə gələn qanlı yollarını  təşkil edir.

Afrikada son 200 ildə yaşananlar hər kəsə bəllidir. 90 faiz ərazisi tutulmuş qara qitədə ağalıq uğrunda müharibələr sanki tarixi varislik ənənəsinə tabedir və indi də etdirilir.

1830-cu ildə Fransa Əlcəzairi tutdu və düz 130 ildən artıq orada hökmranlığını sürdürdü. 1962-ci ildə azadlıq mübarizəsinə qalxan xalq müstəqilliyinə qovuşanda dünyada tamam başqa əhval-ruhiyyə hökm sürürdü. Onda Parisin inqilab və azadlıq surəti özünə böyük tərəfdarlar topladığı illər idi, lakin Şarl de Qoll başqa bir qitənin əhalisini əsarətdə saxlamaq uğrunda can davasına çıxmışdı. İndi fransız millətçiləri hələ də o məğlubiyyəti həzm etməyiblər, əvəzində əlcəzairlilərin artıq 3-cü nəsli Parisin kandarından içəriyə keçərək buranı özlərinə doğma vətənə döndəriblər. Bəli, onlar babalarının intiqamını belə alırlar.
 
Doğrudur, 5-ci respublika ağlara və qaralara, azlara və çoxlara, ateistlərə və dini fanatiklərə bərabər şərait yaratmağa məcburdur. Amma bununla bərabər, burjua inqilabından və dünya ağalığı müharibələrindən keçib gələn və sekulyar cəmiyyətə qovuşan qoca xalqlar uzun əsrlər boyu xristianlıq idealları ilə idarə olunublar  və yadelli işğala qarşı birləşdirici simvol İsa Məsihin əzabkeş obrazı olub. Lakin indi milli fəxarət hissi, dini ehkamlara riayət etmək ənənəsi uzun illər boyu liberal cəmiyyət yaratmaq ideologiyası ilə devalvasiyaya uğrayıb. Kilsələrin ziyarətinə gedənlərin sayı son 30 ildə ən aşağı həddə düşüb. Dövr LGBT-nindir, ailə dəyərlərinin və qədim avropalı olmaq hissinin ölümü sağ qalmağın ən yaxşı formuludur.

Çünki artan qarışıq nikahlar fonunda yeni nəsil milli mənsubiyyətini tanımır, vətəndaşlıq 100 il əvvəlki müqəddəs duyğulara yol açmır, tarixlə öyünmək və dini üstünlüyünü nümayiş etdirmək təhlükə mənbəyinə çevrilir. Başqa cür də ola bilməz. Məntiq çox sadədir: əgər siz müsəlman qadınının libasını azad cəmiyyət idealına yabançı sayırsınızsa, üzünü gizlədən hər kəsi potensial terrorçu nəzərində görüb izləyirsinizsə, onda İsa peyğəmbərin surətini məktəblərdən və digər ictimai məkanlardan yığışdırmağa məhkumsunuz. Ona görə də hökumət 15 il bundan qabaq həmin yasaq qanununu çıxarmağa məcbur oldu. Lakin razılaşın ki, bunu praktiki olaraq həyata keçirmək o qədər də asan deyil. Hər addımda dini əlamətlərlə tikilmiş bir ölkəni dinsiz örtüyə bürümək çox çətin vəzifədir.

İl-ildən məbədgahların yollarında insanların sayı azalır və kilsələri parkinq yerlərinə, yaxud digər iaşə obyektlərinə çevirmək üçün şəhərlərin inzibati orqanları başqa yol tapa bilmirlər. Üstəlik, Nant şəhərində - Fransanın qərbində tikilən ən böyük məscidə etirazını bildirmək üçün bir ovuc adam etiraz aksiyasına çıxmışdı.
 
Halbuki 3 il öncə islamla bağlı məhdudiyyətlər - hətta onların öz inanclarına zidd getmək istəməməsi ilə fərqli islam adamı yetişdirmək siyasətinin tərəfdarları arasında mübarizə Avropa İnsan Haqları Məhkəməsinin qadağa istəyənlərin haqlı olduğuna dair qətnaməsi ilə başa çatmışdı. Paradoks da bundadır. İtaliyadan, Yunanıstandan, Rusiyadan fərqli olaraq, Fransanın müqəddəs ziyarətgahlarının unudulması mənzərəsi qarşısında öz inamları uğrunda hər cür cəzaya hazır olan böyük bir toplum dayanır.

Bəli, məscidlər təkcə ibadət yeri və Allah evi deyil. Məcidlər, dayaq nöqtəsidir. Məscidlər, müqavimət barrikadasıdır, özü də ülvi ideallarla təchiz olunmuş, hələ ki, hakimiyyət uğrunda deyil, özünümüdafiə və tamhüquqlu üzv kimi sayılmaq uğrunda mübarizə cəbhəsidir. Məscidlər, təşkilati nüvə mərkəzidir. Məscidlər, avropalının nəzərində tutduğu yer qədər bir ölkənin içərilərinə doğru irəliləmək və inamla mənəvi hakimiyyət qurmağın simvoludur. Ona görə xilafəti gedib İraqda və Suriyada yıxanlar qapılarında paltarları orta əsri xatırladan, evsiz-eşiksiz düşüb hər şeyə həyatda üsyan edən, lakin dünyanı yenidən qurmaq istəyən müsəlmanları görürlər.
 
Doğrudur, 500 milyonluq ərəb dünyasından qopub qəzəblə Qərbə üz tutanların islam ədəbiyyatından, yaxud hədislərindən heç də hamısının xəbəri yoxdur. Ola bilsin, Avropa Birliyinin 742 milyonluq əhalisi üçün 30 milyonluq kütlə hələ heç nəyi deməsin. Lakin Avropanın siyasi, hüquqi və mədəni atmosferi gözlənilməz dərəcədə dəyişir. Sərhədləri bağlamaqla, La-Manş boğazını qapatmaqla müsəlmanların Qərbə yürüşünü dayandırmaq mümkün deyil. Bütün Rusiyanın patriarxı Kirilin dediyi kimi, Amerikanın polisi qarşısında dayanan müsəlmanın digər dindaşlarından fərqi onun inamına görə özünü silahlı şəxslə müqayisədə daha güclü saymasıdır.

Terroru arxa cəbhəsi bilənlərin günahı üzündən Yaxın Şərqlə Avropanın təhlükəsizliyi reallıqda birləşib. Fərqli adətləri, mədəniyyətləri və inancları olan insanlar gəlib almanı və fransızı öz dəyərlərinə sahib çıxmağa vadar edirlər. Mühafizəkarlıq və millətçilik isə faşizmə çevriləndə qan tökülməsinin və kütləvi qırğınların qarşısı alınmaz olur.

Məscid kilsəyə, Məhəmməd İsaya qarşı döyüş bayrağına çevrildiyi orta əsrlər yenidən dövrümüzə qayıdıb. İŞİD-in hakimiyyətinə son qoyanda, Avropada müsəlmanların yeni bayraqları ucalacaq!

Xəlifəlik iddiası bütün dinləri ideologiyaya çevirir.

Qərbdə xilafət quruluşu... Hələ ki, qəribə səslənir. Hitler də partiyasını və heraldikasını ilk dəfə təqdim edəndə, hamı ona gülürdü...
 

Milli Məclisin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Məscid kilsəyə, Məhəmməd İsaya qarşı qoyulanda...

“4 günlük müharibə: Atalar və oğulların savaşı” – Zahid Oruc yazır

“Evet və Hayır”la bölünən ölkəni “Vətən” deyib birləşdirmək gərək!!!“

Ən çox oxunanalar