Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məsciddə “Burada Allah yoxdur” yazısını kim yazıb?



Sumqayıt şəhərində yerləşən məscidlərin birində təxribat xarakterli, daha dəqiq desək, dindarların kəskin etirazına səbəb olan hadisə baş verib

 
Belə ki, 6-cı mikrorayondakı məscidin divarına naməlum şəxslər tərəfindən ingilis dilində “Burda Allah yoxdur” (“God No Were”) kəlməsi yazılıb.

Həmin foto həm şəhər sakinləri arasında, həm də “facebook” sosial şəbəkəsində geniş ajiotaj yaratdığından məsələ ilə bağlı daha ətraflı məlumat almaq məqsədilə sözügedən ünvana yollandım. 

Hadisə yerinə çatdıqda, polis əməkdaşlarının da orada olduğunu gördüm. Adıçəkilən məscidə gedən yolu isə post patrul xidmətinin iki maşını bağlamışdı. Bunun səbəbini öyrənmək istədikdə polis əməkdaşları sualıma cavab verməkdən boyun qaçırdılar. Daha doğrusu, onlar məscidin yaxınlığındakı evlərdən birində rəhmətə gedənin olduğunu bildirdilər və buna görə də əraziyə daxil olmağımın məqsədəuyğun olmadığını dedilər. Söz yox ki, bu, inandırıcı deyildi. Görünür, polis əməkdaşları bu cür bəsit bəhanə ilə məni hadisə yerindən uzaqlaşdırmaq niyyətində idilər. Axı rəhmətə gedən şəxs üçün yolun hər iki tərəfinin bağlanması və əraziyə bu qədər polis işçisinin cəlb edilməsi ola bilməzdi. Kənardan müşahidə etdikdə aydın şəkildə görünürdü ki, Sumqayıt Şəhər Polis İdarəsinin az qala bütün şəxsi heyəti hadisə yerinə cəlb olunub. Odur ki, post patrul maşınlarının yanından keçib məscidə doğru istiqamət aldım. 

İlk gördüyüm mənzərə sözügedən məlumatın dəqiqliyini bir daha təsdiqlədi. Belə ki, polis əməkdaşlarının göstərişinə əsasən 4-5 nəfər şəxs məscidin divarında yazılmış “God No Were” kəlməsini silməyə çalışırdılar. Fürsəti əldən verməyib dərhal şahidi olduğum mənzərəni fotolentə aldım. Lakin bunu görən polis polkovniki kim olduğumu, haradan gəldiyimi və nə üçün şəkil çəkdiyimi soruşdu: 

- Dayan, nə çəkirsən? Kimsən? Haradan gəlmisən? 

- Mətbuat nümayəndəsiyəm. 

- Bildim, lakin burda nə işin var? 

- İmkan versəniz, sizin kimi mən də öz peşə borcumu yerinə yetirirəm. 

Polis polkovniki ilə dialoqumuz qısa çəkdi. Çünki o, tabeçiliyində olan polis nəfərlərinə tapşırdı ki, məni dərhal hadisə yerindən uzaqlaşdırsınlar. “Bunu aparın burdan. Görmürsüz gəlib şəkil çəkir? Niyə imkan verirsiniz?” deyən polis polkovnikinin əmrinə əsasən məni məscidin kənarına çıxarmaq istədilər. Lakin israrla peşə borcumu yerinə yetirməli olduğumu və qanunla buna heç bir qadağanın olmadığını bildirdikdə, polis əməkdaşları ətrafımda toplaşdılar. Hər yaxınlaşan da “Sən kimsən, burda nə işin var?” deyə sual verirdi. Məcbur olub hamısına kim olduğumu və hansı məqsəd üçün məscidə gəldiyimi bildirirdim. Bu vəziyyətdən təngə gəldiyim üçün imkan düşən kimi polislərin gözündən uzaqlaşdım. Və yenidən ərazidə fotoşəkillər çəkməyə, məscidin axundunu axtarmağa, məsələ ilə bağlı onun mövqeyini öyrənməyə çalışdım.

 Məscidin içərisində var-gəl etsəm də, axundla söhbət edə bilmədim. Yerində deyildi. Məscidin həyətində olan sakinlərdən biri hacının burda olmadığını, lakin onun köməkçisi ilə danışa biləcəyimi dedi. Beləcə başladım axundun köməkçisini axtarmağa. Maraqlısı ondadır ki, namaz vaxtının yaxınlaşmasına baxmayaraq, köməkçini də yerində tapa bilmədim. Odur ki, məscidin kənarına çıxıb yenidən fotoşəkillər çəkməyə başladım. Bir qədər öncə də qeyd etdiyim kimi, məscidə gələn yolun hər iki tərəfi post patrul xidmətinin maşınları ilə bağlanmışdı. Bu mənzərəni lentə almaq istədikdə polis əməkdaşları yenidən məni saxladılar və təkrarən eyni sualları cavablandırmalı oldum. Lakin bu dəfə onlar daha aqressiv davranır, sənədlərimi tələb etməklə yanaşı, fotokameranı da əlimdən almağa çalışırdılar. Polis çavuşlarından biri məni “rəis” deyə müraciət etdikləri şəxslərin yanına apardı.

Qeyd edim ki, ərazidə olan polis əməkdaşları, eləcə də onların “rəis” deyə müraciət etdikləri şəxslərin heç biri baş vermiş hadisə ilə bağlı məlumat vermək istəmədi. Onlara ünvanladığım sualları cavablandırmaq əvəzinə “Axı sənin burda nə işin var?” deməklə kifayətləndilər. Polis əməkdaşlarından heç bir məlumat ala bilməyəcəyimi, daha doğrusu onların mətbuatla normal ünsiyyət qurmaq niyyətində olmadıqlarını görüb, yerli sakinlərlə, eləcə də məscidə baş çəkən insanlarla söhbətləşməyə başladım. Lakin polis əməkdaşları buna da mane olmağa çalışdılar. “Araşdırma aparırıq. Lazımı məlumat sonra veriləcək. Ekspertiza gəlsin sonra baxaq görək nə olur” deməklə kifayətlənən asayiş keşikçilərinin təzyiqlərinə baxmayaraq, 6-cı mikrorayonun sakinlərinin bir neçəsilə danışa bildim. Beləcə, polisdən ehtiyat etdiyi üçün adının çəkilməsini, eyni zamanda fotoşəklinin yayımlanmasını istəməyən 25-30 yaşlarındakı gənc baş vermiş hadisəni Sumqayıt şəhərindəki vəhhabilərin növbəti təxribatı kimi dəyərləndirdi: “Bu şəhərin harasına baxsanız saqqallılara (vəhhabiləri nəzərdə tutur) rast gəlmək mümkündür. Eşitmişəm ki, bu məsələdə vəhhabilərin adı hallanır. Çünki bütün Sumqayıt camaatı bilir ki, bura şiə məscididir. Vəhhabilərin isə bizdən xoşları gəlmir”. 

Məscidin həyətində olan dindarlardan biri də təxminən eyni mövqedən çıxış etdi. Belə ki, o da baş vermiş hadisəni Sumqayıt vəhhabilərinin təxribatı kimi dəyərləndirdi.

Onlarla söhbətimi yekunlaşdırıb yenidən polis əməkdaşlarına sarı istiqamət aldım. Çünki ortada kifayət qədər ciddi ittihamlar var idi və bununla bağlı mütləq Sumqayıt Şəhər Polis İdarəsinin yetkili şəxslərinin mövqeyini öyrənməli idim. Əfsuslar olsun ki, polis əməkdaşları bu dəfə də eyni ampluadan çıxış etdilər və bir qədər öncəki sualları təkrarlamağa başladılar: 

- Sən hardan gəlibsən? 

- Bakıdan. 

- Bizim altımızda maşın ola-ola indi gəlib çıxırıq. Sən Bakıdan bura nə tez gəlib çatmısan? 

- Bunun məsələyə nə dəxli var? Məscidin divarına yazılan ifadələrə görə vəhhabilərdən şübhələnirlər. Deyilənlərə görə, bu, onların əməlidir. 

- Mən bu barədə heç nə deyə bilmərəm. Bəsdir, çıx get burdan. 

- Suallarımı cavablandırın, gedim. Davranışlardan da görürəm ki, hadisə yerinə cəlb olunmuş polislər arasında Sizin xüsusi çəkiniz var. Kimə baxıram Sizə “rəis” deyə müraciət edir. Odur ki, sualımı cavablandırmağınızı xahiş edirəm: Hadisə ilə bağlı hansı tədbirlər görülüb? 

- Dedim axı, çıx get burdan. Başına iş açma. Sənə yazı yazmaq lazımdır? 

- Bəli. Elə bu səbəbdən də rəsmi qurum olaraq sizin mövqeyiniz də maraqlıdır. 

Həmsöhbət olduğum polis rəisi məni ərazidən uzaqlaşdırmaqla bağlı çavuşlara tapşırıq verdi. Beləcə, hadisəni kimin və necə törətdiyi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin rəhbər şəxslərinə ünvanladığımız suallar cavabsız qaldı.  (publika.az)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar