Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın mitinqində qaldırılan iki xarici bayrağın sirri



“Landmark”da içilən çay və Milli Şuranın mitinqinə sözardı...; Müxalifətin Bakı nümayişində qaldırılan iki xarici bayrağın sirri; İŞİD artıq Bakıda olduğunu nümayiş etdirdi; Avropa isə Azərbaycan cəbhəsində Rusiyaya qarşı savaşa başladığına işarə verdi; “Landmark”ın 11-ci mərtəbəsində nələr baş verib...


Milli Şuranın 12 oktyabrda keçirilən mitinqi İŞİD bayrağının Bakıda ilk dəfə nümayişi ilə tarixə düşdü. 

Hakimiyyət bunu Milli Şuranın gerçək sahibi olan AXCP-nin üzərinə qoymağa çalışdı -  faktdan “qara piar” elementi kimi yararlanmaq təşəbbüsü göstərdi. AXCP yetkililəri də öz növbəsində hakimiyyəti qınadı -  bunun təxribat və gözdənsalma məqsədi ilə həyata keçirildiyini iddia etdi.

Sonradan olayın arxasından gerçək vəhhabilər çıxdı. İŞİD bayrağını qaldıran da  Azərbaycan sələfilərinin lideri Hacı Qamətin qaynı imiş. Yəni nə iqtidar, nə müxalifət qaldırmayıb terror bayrağını -  İŞİD özü Bakıdadır və o, özünü münasib bildiyi bir zamanda bu cür nümayiş etdirmək qərarı verib. Doğrudur, suallar açıq qaldı. Nə üçün hüquq-mühafizə orqanları bütün dünyada qanlı terror təhlükəsinin mənbəyi olan İŞİD-çılərə belə loyal münasibət göstərdi, dünyaya səs salan bu aksiya iştirakçısını elə - belə, şəxsiyyət vəsiqəsinə baxıb sərbəst buraxdı? Hətta səthi təhlil göstərir ki, burada məsələ sadə deyil. İzahata baxaq: İŞİD bayraqdarı və onun nüfuzlu sələfi qohumu iki variantda açıqlama verib: 1. “Feysbuk dostu dəvət edib, bayrağı ona veriblər ki, dalğalandır”; 2. “Yerə Allah kəlamı yazılmış parça düşdüyünü görüb qaldıran anda  polislər tutdular”. 

Bu ziddiyyətli izahlardan başqa, İŞİD bayrağını qaldıranın yaxalanması anında rəsmi şəxs olduqları bilinən kişilərin mikrofonlara düşmüş “Arif, işin olmasın, burax getsin” kimi göstərişləri məsələni daha da mürəkkəbləşdirir. Lakin fakt faktlığında qalır:  İŞİD-in Azərbaycandakı varlığına start verildi.  Tamamilə mümkündür ki, bu, hər hansı bir qorxulu proseslərin gizli siqnalı da olsun.  

Digər tərəfdən, İŞİD bayrağının dalğalanması Milli Şuranın mitinqi ilə bağlı başqa bir mühüm detalı da kölgədə qoydu. Bu da qeyd olunan mitinqdə ikinci “xaric” fakt -  Avropa Birliyinin bayraqlarıdır. Milli Şura və müxalifət tarixində ilk dəfə olaraq yerli hakimiyyətə qarşı etiraz aksiyasında bu qədər sayda Avropa Birliyi bayrağı dalğalandırılırdı. Bəs bu nəyə işarədir? İŞİD bayrağına görə Hacı Qamətin vəhhabi qaynını döyə-döyə polisə təhvil verən cəbhəçilər niyə Milli Şuranın mitinqlərinə Avropa Birliyinin bayraqları ilə çıxmışdılar?  Ukraynalılar KiyevAvropa Birliyinə üzv olmaq istəməyən iqtidara qarşı “Avromaydan” hərəkatı başladanda, o zaman  bu bayraqlar həmin hərəkatın əsas atributları idilər.

Ekspertlərin rəyi belədir ki, Azərbaycanda hələlik Avropa Birliyinə üzvlüklə bağlı məsələ, eləcə də “Avromaydan” hərəkatı kəskin dayanmayıb və gündəlikdə yoxdur. Paradoksal olsa da, elə Ukraynanın öz təcrübəsi və “Avromaydan” hərəkatından sonra orda yaranmış böyük fəlakətlər Azərbaycan kimi cəmiyyətləri oxşar eksperimentlərdən vahimələndirib qorxudan əsas amilə çevrilmişdir.   Lakin kimlərinsə gizli gündəliyində necə, belə bir proses başlatmaq varmı, ola bilərmi? İstər-istəməz keçmiş ABŞ səfiri Morninqstarın Azərbaycandakı karyerasına son qoyan məlum bəyanatı yada düşür.

“Ötən il bu zamanlara qədər rəhbərliyində Rusiya yanlısı şəxslər olması səbəbindən Moskvaya bağlı qüvvə kimi təsnifləndirilən Milli Şura  indi Avropa Birliyindən yanadır və görünən də budur ki, MŞ AB ilə münasibətlərdə müəyyən məsafə qət edib” 


Bir qrup ekspert isə hesab edir ki, yarana biləcək konkret situasiyalarda “Avromeydan” Azərbaycanda da gündəmə gələ bilər.  Çünki Azərbaycan hakimiyyəti artıq gözlə də görünən bir sürətlə Rusiyaya yaxınlaşmaqdadır. Hətta gələn bilgilər onu göstərir ki, Kreml Azərbaycanın Avrasiya İttifaqına üzvlüklə bağlı əsas şərtini  -  işğal altındakı torpaqların geri qaytarılmasını təmin etsə, rəsmi Bakı “Putin İttifaqına” girəcək. İşğal olunmuş torpaqların, Qarabağın qaytarılması elə bir böyük məsələdir ki, xalq buna qarşılıq olaraq iqtidarın Avrasiya İttifaqına girməsinə razılaşar. Təkrar edirik, rəsmi Bakı Avrasiya İttifaqına Dağlıq Qarabağ və işğal altındakı torpaqları qaytardıqdan sonra  qoşulsa bu nəinki kütləvi etirazlara səbəb ola bilər,  hətta mümkündür ki, xalq buna nail olan  prezidentini qəhrəman da elan edəcək. Lakin bu oyun  ekspertlərin birinin ifadə etdiyi kimi, müstəqilliyin qırmızı xətlərinin sərhədində də yox, artıq üstündə gedir və istənilən bir uğursuzluq və “təsadüfi” xarici təkan əks işarəli prosesləri başlada bilər.

Məsələn, açıq-aydın görünür ki, Ermənistanda nə isə ciddi hadisələr yetişib və belə hiss olunur ki, Sərkisyan erası bitib. Təcrübə isə sübut edib ki, Ermənistanda və Azərbaycanda hadisələr bir birinə təsirsiz ötüşmür, nəinki ötüşmür, bir çox hallarda bir- birini alovlandırır. Əgər Ermənistanda, artıq start verilmiş “Avromeydan” qalib gəlsə, bunun təsiri Azərbaycana necə olacaq?  Yaxud iqtidar Rusiyanın təzyiqləri altında Qarabağ məsələsi həll edilməmiş, yalnız vədlərə qarşılıq Avrasiya İttifaqına girərsə nə baş verəcək? 

O da nəzərə alınmalıdır ki, Qarabağ və stabillik naminə proseslərdə hələlik seyrçi mövqedə qalmağa üstünlük verən geniş milli qüvvələr Rusiya ilə yaxınlaşmanı narahatlıqla, həyəcanla, gərginlik və əsəbiliklə izləyirlər. Və bu qüvvələrin həssasiyyəti ilə davamlı şəkildə hesablaşmamaq təhlükəli ola bilər. Bütün əlamətlər vardır ki, Rusiya permanent taktikaya uyğun olaraq, Ukraynadan Cənubi Qafqaza bağlanmaq istiqamətində addımlar atır və bu da Azərbaycanla razılaşdırılmamış aktlarla da müşahidə oluna bilər.

Və nəhayət, proseslərə təsiri baxımından Rusiyadan zəif olmayan, strateji baxımdan isə daha güclü olan Qərb faktoru! Avrasiya İttifaqına qoşulma halında  Qərbin Azərbaycana təsir imkanları azalır və onun regiondakı strateji maraqları təhdid altına düşür. Bəlkə də artıq bu gerçəyi görməyindəndir ki, Qərb Azərbaycan cəbhəsində  Rusiyaya qarşı savaşa başlayıb və tamamilə mümkündür ki, Milli Şuraynın mitinqində qaldırılan bayraq buna işarədir. 

“Rəsmi Bakı Avrasiya İttifaqına Dağlıq Qarabağ və işğal altındakı torpaqları qaytardıqdan sonra  qoşulsa, bu, nəinki kütləvi etirazlara səbəb ola bilər,  hətta mümkündür ki, xalq buna nail olan  prezidentini qəhrəman da elan edəcək”


Digər tərəfdən, bu da aydın olur ki, Qərb paytaxtlarında Rusiyaya qarşı regionumuzda başladılan mübarizədə Azərbaycan müxalifətinin hansı  komponentinin  “əsas aktyor” kimi seçilməsi sınaqları gedir. Əvvəldən qeyd edək ki, bu, politoloji bir təhlildir və təhlilçi Azərbaycanın milli maraqları, dövlət müstəqilliyi, demokratik inkişaf uğrunda və avtoritarizm əleyhinə qarşı mübarizə aparan qüvvələri marionet subyektlər olduğu mövqeyindən tamamilə uzaqdır. Sadəcə obyektiv təhlil abstraksiya olmadan mümkün deyil.   

İdeyası və özü Moskvada qurulan, yaranış zamanında  Avroatlantik məkana inteqrasiya əleyhdarı kimi çıxış edən Milli Şura belə bir rola seçilə bilərmi?  Xatırlayaq ki, siyasi mövsümü Avropa Birliyinin bayraqları ilə açan Milli Şuranın təsis sənədindəki “Avroatlantik məkana inteqrasiya” müddəası həmsədr Rüstəm İbrahimbəyovun təkidi ilə çıxarılmışdı. Bunun əvəzinə, MŞ-nin “Avrointeqrasiya tərəfdarı” olması  Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər tərəfindən demək olar ki, zorla əlavə etdirilmişdi. Lakin buna baxmayaraq, Rüstəm müəllim əlavə bir məktub göndərərək hətta bunun da lazım olmadığını bəyan etmişdi. O vaxtkı diskussiyalar zamanı bu gün əks mövqedən canfəşanlıq edənlərin məlum qəzetdəki yazıları da unudulmayıb və internet məkanında, arxivlərdə qalır. Ötən il bu zamanlara qədər rəhbərliyində Rusiya yanlısı şəxslər olması səbəbindən Moskvaya bağlı qüvvə kimi təsnifləndirilən Milli Şura  indi Avropa Birliyindən yanadır və görünən də budur ki, MŞ AB ilə münasibətlərdə müəyyən məsafə qət edib. 

 Bu yazının meydana gəlməsinə səbəb olan konkret mətləblər də vardır. Milli Şuraya yaxın dairələrdən  heç gözləmədiyimiz halda “Yeni Müsavat”a  belə məlumat daxil olub ki,  təşkilatın rəhbərliyi son iclaslarını  Avropa Birliyi Bakı ofisinin də yerləşdiyi “Landmark” hotelində keçirir. “İclas etməyə yerimiz olmadığı üçün”-deyə, mənbə bildirib. “Həm də bu onun göstəricisidir ki,  beynəlxalq təşkilatlar  Azərbaycandakı yeganə müxalif qüvvə olaraq Milli Şuranı tanıyır”, -  deyə mənbə qürrələnib.   Yazarımızın - “Hotelə xüsusi dəvətlə buraxılır  və orda bu cür toplantılar  qadağan deyilmi”, -  sualına  diskussiya vəziyyətində verilən cavab sensasiya sayıla bilər. “Biz mətbuata da  ötürmüşük ki, hərdən Milli Şuranın Koordinasiya Şurasının üzvləri olaraq ”Landmark"dakı restoranlardan birinə gedib, çay içib, söhbətləşirik. Ona görə də heç kim bizə irad tuta bilməz".

Heç biz də irad tutmuruq. Azərbaycan hakimiyyətinin sıxışdırdığı müxalif qüvvəyə Avropa Birliyinin qucaq açması, hətta onlara otaq ayırması təqdirəlayiq və demokratiya prinsiplərinə uyğun hərəkətdir.  



Ancaq buradan aydın olur ki, Milli Şuranın son mitinqində AB-nin bayraqlarının peyda olması təsadüfi deyil və bunun pərdəarxasının olduğu istisna deyil. Ümumiyyətlə, Milli Şuranın son mitinqinin özü də müəmma obyektidir. Çünki bu təşkilatın bütün rəhbərliyi son günlərə qədər bu cür mitinqin keçirilməsinə qarşı olublar. Mətbuatda da getdiyi kimi, bir qədər əvvəl siyasi məhbusların müdafiə komitəsində  Müsavat rəhbərliyi (konkret olaraq, Arif Hacılı) və digərləri belə bir təklif vermişdi  ki, siyasi məhbusların azad olunması tələbi ilə kütləvi aksiyalar keçirilsin. Lakin o vaxt Milli Şurada təmsil olunan AXCP  rəhbərliyi buna maraq göstərmədi və dərhal da bunu zərərli təklif kimi dəyərləndirdi. 

Bəs nə dəyişdi? Bəlkə  “Landmark”da işilən “çay” qəfildən hər şeyi dəyişib? Və daha nələri dəyişib? Azərbaycanı nələr gözləyir? (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar