Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mir Cəfər Bağırovun Badamdar və Moskvada “yatan”... xanımları


O, Azərbaycan siyasi tarixinin ən ziddiyyətli şəxslərindən biridir. 1933-53-cü illərdə, düz 20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırovun həyatı bu gün də tam təfərrüatı ilə açılmayıb. Bir çox araşdırmaçılar bu barədə əsaslı işlər görsələr də “Mirqəzzəb”in həyatı ilə bağlı bilinməyən qaranlıq məqamlar daha çoxdur.


Modern.az “Rəhbərlərin xanımları” adlı rubrikasında növbəti yazını Mir Cəfər Bağırovun həyat yoldaşlarına həsr edib.

PİA.AZ mövzunun özəlliyini nəzərə alaraq həmin yazını oxucularına təqdim edir. 

Badamdarda “yatan” birinci xanım – Mariya

Birinci xanımı Mariya ilə 1918-ci ildə Həştərxanda işləyərkən evlənir. Azərbaycanda Demokratik Respublikanın qurulması səbəbindən Həştərxana gəlməyə məcbur olan Bağırov burada da öz aktiv fəaliyyəti ilə seçilir. Tatar əsilli Mariya Həştərxanda bir zadəgan ailəsinin qızı olur. Yüksək vəzifədə çalışan Bağırovla bu qızın evlənməsinə kimsə mane olmur. Bağırov 1918-1920-ci illərdə Həştərxanda dəmir polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun hərbi komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının mühüm tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının müvəkkili vəzifələrində çalışıb. Onun başçılıq etdiyi dəstə Həştərxanda əksinqilabi mart qiyamının yatırılmasında, Ural, Voronej, Volqoqrad ətrafında ağ qvardiyaçılara qarşı döyüşlərdə, Cənubi Dağıstanın və Quba qəzasının əksinqilabi qüvvələrinin təmizlənməsində vuruşmuş, özünü bacarıqlı bir komandir və zəhmətkeşlərin azadlığı uğrunda mübariz bir əsgər kimi göstərib.

M. Bağırov göstərdiyi igidlik və mərdliyə görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı bayraq ordeni ilə mükafatlandırılıb.

Bakıda sonradan bolşeviklərin hakimiyyətə gəlməsi onu vətənə qaytarıb. O zaman artıq Mariya ilə Bağırovun Mir cahangir adlı bir övladı dünyaya gəlmişdi.

Bakıya köçəndən sonra da Mariya qürbət eldə olmasına baxmayaraq, oğlunu milli ruhun daşıyıcısı olan vətəndaş kimi yetişdirir . Bağırovun sərt xarakteri səbəbindən onun ailəsi barədə kimsənin məlumatı yoxdur. Varsa da çox azdır. Odur ki, arxivlərdə də birinci katibin şəxsi həyatı ilə əlaqəli qovluqları gözdən keçirəndə xanımı barədə o qədər də ətraflı məlumat əldə etmək olmur. Hətta Mir Cəfərin şəxsi sürücü və mühafizəçiləri belə onun evinə tez-tez getmələrinə baxmayaraq ailəsi barədə o qədər də məlumatlı deyildilər.  Onlar üçün Mir Cəfərin ailəsi ancaq onun yeməklərini bişirən bir şəxs kimi yadda qalıb. Amma katibin həyat yoldaşı eləcə də ailəsinə sadiqliyi hamının bildiyi bir faktdır. 1926-cı ildə Mariya gənc yaşında ikən vəfat edir.



Araşdırmaçı Teyyub Qurbanın dediyinə görə, o, kiçik Mir Cahangirin əlindən tutaraq tez-tez Badamdar qəbiristanlığında dəfn edilən xanımını ziyarət edərmiş. Hər dəfə də gülləri kiçik Mir Cahangir anasının məzar  başına qoyarmış. Mir Cəfər Bağırov ondan sonra Azərbaycandan gedəsi olur. Bütün fikri bacılarının yanında qoyduğu  kiçik Mir Cahangirdə qalır. Qayıdandan sonra Məsumə və o biri bacılarının təkidi ilə 1931-ci ildə ikinci dəfə ailə  həyatı qurur.

Bağırovun həyat və siyasi fəaliyyətini araşdıran tədqiqatçı Adıgözəl Məmmədov bu barədə danışır: Bəzi tədqiqatçılar  Mir Cəfər Bağırovun xanımlarının hər ikisini, yaxud birini yəhudi hesab edirlər. Mir Cahangirin də adı daha çox Volodya kimi qeyd edir. “Mir Cəfər Bağırovun  Ruhulla Axundova yazdığı məktub  məndə var. Bilirsiniz ki,  o, Azərbaycandan 1926-cı ildə müxtəlif səbəblərə görə çıxarılır. Daha sonra Tiflisdə dostu Beriyanın köməkliyi ilə işə düzəlir. Həmin vaxt Ruhulla Axundova yazdığı məktubda oğlundan nigaran olduğunu,  Cahangirə bacılarının baxdığını da ürək ağrısı ilə vurğulayır. Məktubun ən təsirli məqamı isə onadır ki, Bağırov Axundova deyir ki,  Cahangirin məktublarında Mirzə Şəfidən xeyli sitatlar görürəm. Onda Mirzə Şəfi ruhu var. Oxuyuram və gözlərim yaşarır. Çox arxayınam ki,  mənim ailəm və ürək parçam olan Cahangir bacılarının etibarlı əllərindədir”.

“Yoldaş Stalin, oğluma qəhrəman deməyin!”

Mir Cəfər sonradan Yevgeniya adlı bir xanımla evlənir. Bu, bacılarının təkidi ilə baş verir. Onda siyasi fəaliyyətinin ən gərgin çağlarını yaşayan Bağırova mütləq ailə həyatı lazım idi. Odur ki, İçərişəhərdə yəhudi  əsilli Yevgeniya Mixaylovna ilə evlənir. Tarixçi Adıgözəl Məmmədov Cahangir Bağırovun bu cür yetişməsinin səbəbkarı kimi məhz Mariya və Yevgeniyanın tərbiyəsini görür. Bu xanımların sayəsində yetişən Cahangir sonradan II Dünya müharibəsində həqiqi bir rəşadət göstərir. O, arxa cəbhədə olsa da ön cəbhədə döyüşməkdən ötrü atasına xahiş məktubu yazır. Atası da öz növbəsində Cahangir qəhrəmancasına həlak olanda Stalinə məktub yazır ki, oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilməsin.

Adıgözəl Məmmədov bu barədə deyir: “Cahangir sonradan çox cəsur hərbi təyyarəçi olur. Amma onu atasına görə ön cəbhəyə buraxmırlar. Belə olan halda, Cahangir atasına məktub yazıb deyir ki, ata bəlkə sən öz nüfuzundan istifadə edib məni ön cəbhəyə buraxdırasan. Buradakı zabitlərdən nə qədər xahiş  edirəmsə olmur. Beləliklə, Cahangiri ön cəbhəyə buraxırlar. O,  döyüşlərin birində səmada düşmənin 6 təyyarəsini məhv edir. Öz təyyarəsi də qəzaya uğrasa da Cahangir özünü paraşütlə aşağı atmaq əvəzinə yeddinci təyyarəni partladır. Bu zaman özü də həlak olur. O zaman Ali Sovetin Rəyasət Heyətinin sədri Kalinin Cahangirin döyüşdüyü hərbi hissədə bir neçə nəfərə həmçinin ona da Sovet ittifaqı qəhrəmanı adını vermək istəyir. Amma Mir Cəfər Bağırov Kalininə deyir ki, mənim oğluma bu adı verməyin. Onu cəbhədə döyüşən yüz minlərlə  döyüşçüdən ayırmayın. Bunu sizdən xahiş edirəm. Sabah buna Mərkəzi Komitənin katibinin oğlu qəhrəman oldu deyib,  başqa ad verərlər. Kalinin deyir ki, yox,  burada sizlik bir şey yoxdur. Döyüşçünün öz qəhrəmanlığına görə bu ad verilir.  Bağırov təbii ki, yenə də  razılaşmır,  aralarında möhkəm mübahisə düşür. Mir Cəfər məcbur olub Stalinə məktub yazır. Stalin də məsələyə müdaxilə edərək deyir ki, axı bu ordudan gələn bir təqdimatdır. Bağırov yenə də xahiş edir ki, oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilməsin. Onun məslək dostu yaxın sirdaşı Beriya Mir Cəfəri yola gətirməkdən ötrü Bakıya gəlir. Yaxın dostlar bir-birinə sarılıb möhkəm ağlayırlar. Bir az ortalığa yumşalma düşəndən sonra Beriya bu məsələni üstünü bir daha açır. Amma  Bağırov yenə də xahiş edir ki,  bu məsələ haqqında danışmayaq. Məhz bundan sonra məcbur olub Mir Cahangir Bağırova Lenin mükafatını verirlər. Mir Cəfərin oğlun sayğısı çox böyük olub. Bu özünü bir daha məhkəmədən sonra göstərib. Belə ki, 1956-cı ildə məhkəmədə ölüm hökmü çıxarandan sonra Mir Cəfər xahiş edir ki, oğlunun qəbrini son dəfə ziyarət etsin. Mühafizə heyətinin müşayiəti ilə Bağırov Badamdar qəbiristanlığına gətirilir. Qeyd edim ki,  onun oğlunun qəbri bu gün də oradadır.  Əslində Mir Cəfər Bağırovun həyatda və siyasi idarəetmədə özünəməxsus yer tapmasında həmçinin qəhrəman övlad kimi yetişməsində Mariya xanımın rolu çox böyükdür. Milli ruhda böyüdüb”.



Moskvada yetim bir ailə - Bağırovlar

Yevgeniya da Mariya kimi Bağırova öz sadiqliyi ilə seçilir. Cahangiri öz doğma oğlu Cendən ayırmır. Cen 1931-ci ildə dünyaya gəlir. Adının mənası isə  Cəfər və Yevgeniyanın birliyini özündə göstərir – Cen. Mir Cəfərin ən gərgin dövrü, repressiyalar, müharibə hamısı Yevgeniyanın payına düşür. Birinci katiblə birgə o da həmin gərginliyi yaşamalı olur. Buna baxmayaraq, ailəsinin sadə yaşam tərzi heç zaman dəyişmir.

1956-cı ildən, yəni Bağırov ölüm cəzasına məhkum olunaraq həbs olunandan sonra ailə Moskvada ondan da sadə bir həyat tərzi keçirir.

A. Məmmədov bu barədə  danışır: “Cen Bağırov Azərbaycanın çox məşhur kimyaçısı olur. Mir Cəfərin həbsindən sonra onlar Moskvaya gedib tamamilə adi və sakit bir həyat yaşayırlar. Yevgeniya xanım səhv etmirəmsə 1990-cı illərin əvvəllərində dünyasını dəyişir. Cenin öz xanımı isə farmokoloqdur və hazırda da Moskvada yaşayır. Müstəqillik illərindən sonra  Bakıya gəlmək istəsə də vəfat etdiyindən bu ona nəsib olmur. Həmin vaxt o atası haqqında kitab yazmaqdan ötrü Bakıya gəlmək istəyir. Faciəvi hallardan biri də budur ki, Mir Cəfərin öz adını daşıyan nəvəsi 27 yaşında ikən Hindistanda olarkən onu öldürürlər“.

Mariyanın “öyrətdiyi” Bağırov

Məhkəmədə “Mənim ən böyük səhvim Stalinə inanmağım olub”  deyən Bağırov bundan sonra daha iki ay yaşayır. Özü də Dalnoroçenskidəki ölümə məhkum edilənlərin düşərgəsində. İki aydan sonra isə vəfat edir. Düşərgənin rəisi isə onun barəsində sonradan bu sözləri deyəcəkdi:

“Ölümünə iki ay qalana qədər türmədə aşpaz işləyirdi. Çox da xəstə olmadı. Sakit-səssiz qoca idi. Eləcə də dünyadan köçdü. Srağagün, elə öldüyü gün də dəfn elədik...”

Ömrünün sonunda aşpaz işləyirdi... Mariya xanımın sevə-sevə bişirdiyi yeməklərdən doymayan Bağırov xanımının öyrətdiyini burada da tətbiq etmişdi...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar