Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Molla Ömər güllələnən yorğun at rolunda...


“Yorulmuş atları güllələyirlər”


Gərəksizləşən satrapları həmçinin. Belələri istefaya çıxmır, qocalıqlarını sakit qarşılamır - dövriyyə müddəti bitdimi, yoxluğa göndərilir.

2011-ci ilin 1 mayında Bin Ladeni özlərinin yerləşdirdikləri sığınacaqda - Pakistanın Abbotabad şəhərindəki və kəşfiyyatın daimi nəzarətində olan evində “tapıb” ailəsinin gözləri qarşısında öldürdülər, cəsədini və dənizə gömdülər. Can-başla amerikanlara xidmət etmiş personajı istefasının dadını çıxarmağa qoymadılar.

İndi də təkgöz Molla Ömərin ölüm xəbəri yayıldı. “Taliban”ın lideri, hələ vaxtilə Əfqanıstanda sovet qoşunları ilə savaşda bir gözünü itirmiş bu yarımmifik personajın ölüm xəbəri indiyədək də bir neçə dəfə yayılmışdı. Ancaq bu dəfə məsələ daha ciddi görünür - ölüm barədə məlumatı Əfqanıstan hakimiyyəti yayıb, “Taliban” isə bu barədə xüsusi bəyanatla çıxış edəcəyinin anonsunu verib.

Və ən qəribəsi: məlumata görə, Molla Ömər hələ 2-3 il əvvəl ölüb. Başına 10 milyon dollar məbləğində mükafat qoyulmuş şəxsin bu cür qeyri-müəyyən şəraitdə və naməlum vaxtda “itməsi” paradoksal görünür. Ancaq bu cür detallara fikir verən kimdir ki?!

Vaxtilə ABŞ-ın ideya müəllifliyi və dəstəyi, Pakistanın və Səudiyyə Ərəbistanının qəyyumluğu ilə istifadəyə buraxılmış “tələbələr”ə əvvəlcə Əfqanıstanı yeyilmək üçün verdilər, sonra beynəlxalq terrorun mərkəzi həlqəsinə çevirdilər, ardınca “əl-Qaidə” adlı yeni monstrla calaşdırdılar və bu duetlə dünya xalqlarını 10-15 il ərzində “doladılar”.

Sonra isə bu strategiyanın ömrü başa çatdı, yeni planlar cızıldı, nəticədə Bin Laden də (öz “əl-Qaidə”si ilə), Molla Ömər də (öz “Taliban”ı ilə) yeni doktrinalardakı əsas rollarını itirərək gərəksizləşdilər.

Eynilə Qoqolun Taras Bulbasının öz oğluna dediyi kimi: “Mən səni yaratdım, mən də səni məhv edəcəm”.

Necə ki 4 il əvvəl Dünya zəhmətkeşləri günündə Pakistan paytaxtından vur-tut 100 km aralıdakı Abbotabadda baş vermiş (baş vermişmi?) hadisə - Bin Ladenin öldürülməsi o bədii səhnəni yadıma salmışdı, indi də Molla Ömərin artıq 2, ya da 3 il əvvəl yoxluğa gömülməsi barədə xəbər həmin fikrin təkrarlanması oldu...

Aforizmlər bununla bitmir. Maksim Qorkinin hekayəsində “Oğlan vardımı?” soruşurlar. Orada uşaq boğulur, onun suda axtarışları nəticə vermir. Və birdən bir nəfər öz şübhəsini dilə gətirir: “Doğrudanmı oğlan vardı?” Bəlkə heç yoxdu? Bəlkə olmayanı, fantomu axtarırlar?

Və bu bir nəfərin bir cümləlik şübhəsi hamını şübhələnməyə vadar edir.

Çoxdan ətrafındakı söhbətlərdən enib mister Binə çevrilmiş Bin Laden doğrudanmı vardı? Bunu onu yaradıb indi də məhv edənlər yaxşı bilər. Əlində antiterror mifini bayraq etmiş bir mürtəce tərəf bu mifə xidmət üçün yaratdığı başqa bir mifi - özü kimi mürtəce olanı - öldürdü. Öz oyunları idi, başa çatdırdılar.

Eynilə də illər boyu “Taliban”ın lideri kimi təqdim olunmuş Molla Ömər vardımı, harada doğulmuşdu, neçə yaşı vardı, harada yetişmişdi? Suallar, suallar...

Hətta doğulduğu il də dəqiq məlum deyildi. O ki qaldı son illərə, onun Pakistanın Kvetta şəhərində sakitcə yaşadığı, bu barədə ABŞ və Pakistan kəşfiyyatlarının xəbərdar olduğunu deyirlər.

Həm Bin Laden, həm də Molla Ömər adlı adamlar, əlbəttə, vardı. ABŞ onları Əfqanıstan mücahidlərinin cərgəsində silahlandırmış, təbliğ etmiş, onlara ad, imic, nüfuz yaratmışdı. Doğrudanmı 80-cı illərin o səudiyyəli milyonçusu Bin Laden bizə 2001-ci ildən “1 nömrəli terrorçu” kimi yedizdirilən Bin Ladendi? Doğrudanmı, 1980-cı illərdə “şurəvi”lərlə savaşda təkgöz qalan gənc Molla Ömər “Taliban”ın lideri Molla Ömərdi? Yəni adları qəfildən parlayan bu şəxslər ABŞ-ın əsas düşməni idilər?

Cin şüşədən çıxmışdı. İndi isə - “Mavr getməlidir. Mavr daha lazım deyil”.

Söhbət ondadır ki, ABŞ istifadə və istismar müddəti bitən mifləri yox edir. Vəssalam, qanlı komediyanın və bəşəri yalanın sonu.

Digər mühüm sual da var: niyə Bin Laden də, Molla Ömər də məhz son 2-3 ildə yox edildi? Yaşayırdılar da özləri üçün, patronlarının gözləri qabağında, təqaüdçülər kimi. Niyə məhz bu son dövrdə onlardan qurtulmaq planının düyməsinə basıldı?

Cavab var: ABŞ-a daha 15 ildir adı hallandırılan, reputasiyası bu dərəcədə neqativliklə assosiasiya edən, xortdan obrazlı “rəhbərlər” lazım deyil. Son illər ABŞ-ın “əl-Qaidə”nin və “Taliban”ın yerində daha geniş ərazini əhatə edən yeni transmilli struktur, yeni monstr - İŞİD-i yaratmaq illəridir (İnansaq, Molla Ömər də təxminən elə Bin Ladenlə eyni vaxtda ölüb).

Bu yeni “qanlı oyuncaq” bu gün ABŞ-a Liviyada, Suriyada, İraqda, Əfqanıstanda yardım edirlər. Sabah onlar Misirdə, Mərakeşdə, İordaniyada, Pakistanda gərək olacaqlar. Və yeni barbarlarla müqayisədə az qala “mötədil” görünən köhnə satraplara daha ehtiyac yoxdur. Onları şahmat taxtasının lazımsız fiquru kimi vurub çıxarmaq nəinki olar, həm də zəruridir.

Bir sözlə, baş terror dövləti - ABŞ öz övladları olan “əl-Qaidə”ni v “Taliban”ı öz siyasətinin yeni alətləri ilə dəyişirsə, köhnə liderləri də yeniləri ilə əvəzləməlidir. Bunun üçün ətraflarında çoxlu miflər yaradılmış Bin Laden də, Molla Ömər də ölməli idi.

Biz bir qanlı mifin yenisi ilə əvəzlənməsinin seyrçiləriyik...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar