Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Pekinə uduzduğu coğrafiya


Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır


“Pekin indiyə qədər Özbəkistan iqtisadiyyatına 6 milyard dollar investisiya yatırıb. Ölkəmiz Orta Asiyadakı ortaqlarımız içində ən böyük sərmayəçi halına gəlir".

Bunu Çinin xarici işlər naziri Vanq Yi Daşkənddə keçirdiyi mətbuat konfransında deyib.

Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Özbəkistanda səfərdə olan çinli nazir onu da qeyd edib ki, yatırılan investisiya miqdarıyla ölkəsi tədricən Rusiyaya yaxınlaşır, hətta onu haqlayıb.

2000-ci ildən bəri Orta Asiyada geniş vüsət alan Rusiya-Çin rəqabətinə nəzər salanda Vanq Yinin bu fikirlərinin gəlisigözəl söylənmədiyi aydın olur. Getdikcə iqtisadi imkanı daralan Rusiyanın Orta Asiyada itirdiyi mövqelərin tədricən Çinin əlinə keçdiyi artıq heç kimə sirr deyil. Rusiya vaxtilə hegemonluğu altında tutduğu qərb cəbhəsini Avropaya və ABŞ-a uduzduğu kimi, cənub-şərq  sərhədlərini də Çinin ixtiyarına buraxır. Özbəkistan da Orta Asiyanın ən nəhəng dövlətlərindən biri kimi bu gözəgörünməz rəqabətin əsas poliqonlarından biridir. Hazırda həmin poliqondakı iqtisadi gücünü Rusiyayla eyniləşdirməyi bacaran Çinin yaxın dövrlərdə “mehriban rəqib”ini xeyli geridə qoyacağı ehtimal olunur. 2013-cü ildə Özbəkistanla Çin arasında bağlanan müqavilə bu cür düşünməyə əsas verir. Müqaviləyə görə, rəsmi Pekin bu ölkəyə 15 milyard dollarlıq investisiya yatıracaq. Üzərindən 3 il keçməmiş vəd etdiyi yatırımın hardasa 40%-nı reallaşdırmaqla Rusiyanı haqlayan Çinin 2020-ci ilə qədər öhdəliyini tam yerinə yetirməsi gözlənilir. İqtisadi gücü neft və qazdan asılı olan və bir tərəfdən bu sərvətlərin dünya bazarında ucuzlaşmasıyla, digər tərəfdən isə üzləşdiyi sanksiyalarla kapital qazanma potensialını itirən Rusiya isə öz qınına çəkilməyə məhkumdur. Nədən ki, Orta Asiyadakı bu rəqabətdə Rusiya hərbi məharətindən çox, iqtisadi potensialına arxayın olmalıdır. İqtisadi cəhətdən isə onun Çin qarşısında dayanmaq gücü sıfıra yaxındır.

Orta Asiyanın sərvətləri üzərində rəqabət Çinin asanlıqla vaz keçə bilməyəcəyi olmazsa olmazlardandır. Artıq dünyanın ən böyük sənaye ölkələrindən birinə çevrilən bu Şərq nəhəngi öz iqtisadi varlığını qorumaq üçün böyük həcmli enerji mənbələrinə ehtiyac duyur. Bu zamana qədər o, Yaxın Şərqin təbii ehtiyatlarından faydalana bilirdisə, getdikcə məzhəb müharibələrinin ağuşuna atılan həmin coğrafiya enerji təhlükəsizliyi baxımından etibarsız hala gəlib. Üstəlik, dünyadakı ən ciddi rəqibinə çevrilən ABŞ-ın nəzarətindən kənarda çəkiləcək neft və qaz kəmərləri Çin iqtisadiyyatının güvəncə altına alınması deməkdir. Pekinin tam burnunun önündə isə belə bir potensiala sahib geniş coğrafiya uzanır və həmin coğrafiyanın sərvətlərinə yönəlmək ona öz dünya hegemonluğu dairəsini artırmağa imkan verir.

Xüsusilə son 5 il ərzində Çinin Orta Asiya dövlətləriylə bağladığı müqavilələr Pekinin bu istiqamətdə ciddi fəaliyyətə başladığını göstərir. Belə ki, hələ 2012-ci ildə Çin Orta Asiyadakı ticarət həcminə görə Rusiyanı xeyli geridə buraxmışdı: rəsmi statistikalara görə, 2011-ci ildə Rusiya – Orta Asiya arasındakı ticarət həcmi 27.3 milyard dollardısa, Çinin bu sahədəki aktivliyi 46 milyard dolların üzərində idi.

Rusiya-Ukrayna arasındakı böhran ortaya çıxdıqdan və Qərbin sanksiyalarından sonra Moskvanın başı beynəlxalq çəkişmələrə qarışdığından, Orta Asiyaya diqqəti azalmış, bu da Pekinin işinə yaramışdır. Əvvəl kiçik həcmli layihələrlə Moskvanı çox qıcıqlandırmamağa çalışan Çin artıq Orta Asiyada böyük tikə axtarışındadır.

Hətta Ukrayna böhranından bir il əvvəl Çin neft və təbii qaz çıxarılmasından tutmuş, Orta Asiyanın infrastruktur layihələrinə qədər bir çox fərqli sektora böyük həcmdə kapital yatırmaq sevdasına düşmüşdü. Onun yönəldiyi əsas dövlət isə Rusiyayla qol-boyun olan Qazaxıstan və Özbəkistandır. Məlumata görə, Çin 2013-cü ildə Qazaxıstanla 30 milyard, Özbəkistan ilə 15 milyard, Qırğızıstan ilə isə 3 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalayıb.

Rusiyanın isə son zamanlar əsasən Orta Asiyanın ən kasıb iki ölkəsi – Tacikistan və Qırqızstanla hərbi əməkdaşlığa üstünlük verdiyi müşahidə olunur. Amma hər iki ölkənin ordusuna Moskvanın ayırdığı vəsait 1.5 milyard dolları belə keçmir. Çinin investisiyaları qarşısında olduqca cılız görünən bu öhdəliyini belə, o, yerinə yetirməkdə çətinlik çəkir. Hətta bir müddət əvvəl Qırqızıstan hökuməti Rusiyaya həvalə edilmiş bir hərbi aeroportun tikintisinin uzandığını görüb müqaviləni ləğv etmək məcburiyyətində qaldı. Bu fakt əslində Rusiyanın Orta Asiyanın get-gedə itirdiyindən xəbər verir.

Çinlə qurulan iqtisadi əlaqələr Orta Asiya ölkələri üçün də kifayət qədər cazibədar görünür. Bu isə Pekinin bölgədə yürütdüyü iqtisadi siyasətlə bağlıdır. Moskvadan fərqli olaraq, Pekin Orta Asiya respublikalarıyla sadəcə ticari və ya iqtisadi əlaqələr qurur, siyasi proseslərə qarışmır, ən əsası isə bu ölkələrin liderlərinə nəyisə diktə etmir, dövlətlərin öz torpaqlarındakı suverenlik haqlarına bacardığı qədər sayqıyla yanaşır. Baxmayaraq ki, bütün bunların müvəqqəti xarakter daşımaq ehtimalı güclüdür və onları iqtisadi cəhətdən özündən asılı vəziyyətə saldıqdan sonra başqa iddialar ortaya çıxa bilər, Orta Asiya ölkələri bu potensial təhlükənin fərqində olsalar belə, Rusiyadansa Çinə yaxınlaşmağa üstünlük verirlər. Coğrafiyanın ən böyük ölkələrindən biri Özbəkistan hətta bu seçim qarşısında açıq şəkildə Çinin yanında yer aldı, 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsindən ayrılmağa qərar verdi. Son zamanlar Türkmənistanın da getdikcə Rusiyadan üz döndərməyə meylləndiyini sezmək olar. Xüsusilə Rusiyanın Suriyaya müdaxiləsi zamanı bu bölgədə yaşayan türkmənlərə qarşı aqressivliyi rəsmi Aşqabadı Moskvaya qarşı sərt bəyanatlar verməyə vadar etmişdi. İstər türkmənlərin, istərsə də özbəklərin Moskvaya qarşı nə qədər ürkək olsa belə, başqaldırılarında Çinlə qurulan iqtisadi əlaqələr də mühüm rol oynayır. İqtisadi  cəhətdən Rusiyadan asılılığı azaldıqca, Orta Asiya daha cəsurlaşır, sözəbaxmaz hala gəlir.

Bütün sərbəstliklərinə baxmayaraq, Orta Asiyanı hələ də Rusiya qarşısında diligödək hala gətirən amillər var. Başlıca amil isə bu ölkələrdən Rusiyaya gedən əmək miqrantlarıdır. Hazırda əmək miqrantlarının Rusiyadan gətirdikləri kapitaldan ən çox asılı olan Orta Asiya ölkəsi Tacikistandır. Dünya Bankının 3 il əvvəlki hesabatına görə, Tacikistan Ümum Daxili Məhsulunun hardasa yarısını (48%) Rusiyada işləyən taciklərin ölkəyə gətirdikləri vəsaitlər təşkil edir. Bu siyahıda ikinci sırada yer alan Qırqızıstanda həmin göstərici 31%-dir. Özbəkistan isə ÜDM-nun cəmi 16.3%-ni Rusiyadakı miqrantlarına borcludur. Türkmənistan və Qazaxıstan kimi neft və qaz zəngini olan dövlətlərin bu asılılığı yox səviyyəsinə yaxınlaşır.

Dünya Bankının bu hesabatından sonra Rusiya iqtisadi böhrana düçar oldu. 2014-cü ildən başlayaraq indiyə qədər sürən və getdikcə daha şiddətli xarakter alan beynəlxalq sanksiyalar Orta Asiyanı əlində saxlamağa çalışan şimal qonşumuzu iqtisadi cəhətdən xeyli zəiflətdi. Bu da öz növbəsində Orta Asiya ölkələrinə gələn pulları azaltdı. Getdikcə bir sıra Orta Asiya ölkələri üçün ümid yeri olmaq özəlliyini itirən Rusiyanı indi rahatlıqla Çin əvəz edə bilər.

Rusiyanın təsir imkanları azaldıqca Orta Asiya ölkələrinin Çinə yaxınlaşmaq arzuları da böyüyür. Bu, həmin ölkələrdə gözlənilməz insidentlərin ortaya çıxmasıyla müşaiyyət oluna bilər. Qısa bir müddət əvvəl Qazaxıstanı bürüyən etiraz dalğaları bunun ilk nümunələrindəndir. Neft böhranıyla iqtisadi cəhətdən çətin vəziyyətə düşən hökumətin ölkədəki 1.7 milyon hektar boş əraziləri Çinə uzun müddətə icarə vermək üçün hərraca çıxarması bir çox şəhərlərdə keçirilən aksiyalarla yadda qaldı. Qazaxıstanın “Maydan” hərəkatı kimi qiymətləndirilən həmin aksiyalar zorakı üsullarla yatırılsa da, rəsmi Astana bu torpaq islahatından geri çəkildi. Yəni aksiyanı ortaya çıxaranlar öz məqsədlərinə çatmış sayıldılar.

Bir çoxları bu hadisələrin arxasında Qərbin barmağının olduğunu düşünsələr də, hakimiyyətin bu addımı daha çox Rusiyanın maraqlarını tapdalayırdı. Çünki həmin hərrac baş tutsaydı, Orta Asiyada Rusiyanı iqtisadi cəhətdən sıxışdıran Çin ilk dəfə uzunmüddətli dövr üçün geniş əkin sahələrinə yiyələnəcəkdi. Bunun davamı isə Orta Asiyanı torpaq olaraq da itirməklə nəticələnə bilərdi.

Sözsüz ki, Çinin Orta Asiya torpaqlarında haqq iddia edəcək vəziyyətə gəlməsi əslində hamının-həm Rusiyanın, həm Qərbin, həm də türk birliyi ideyası ilə çıxış edənlərin marağına ziddir. Odur ki, yarımçıq qalmış Qazaxıstan “Maydan”ında yalnız Qərbin barmağı axtarmaq yanlış nəticələrə apara bilər.

Hər halda səbəbkar axtarışına çıxarkən, Nursultan Nazarbayevin qərbyönümlü qeyri-hökumət təşkilatını sıxışdıraraq sıradan çıxarmasının və ruspərəstlərə “gözün üstə qaşın var” deməməsinin Qazaxıstanda  rusiyameylli qrupları gücləndirməsi faktını da unutmamalıyıq. Çünki bu fakt sözügedən hadisələrin arxasındakı barmağın kimə aid olduğuna işıq tutmaq imkanına malikdir.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar