Aprelin 16-da Müəllimlər İnstitutunun Quba filialında icra başçısı Mübariz Ağayevin müəllim və tələbə heyəti ilə görüşü olub.
Görüşdə icra başçısı çox pis vəziyyətə düşüb və özünü itirib. M. Ağayev çıxışında deyib ki, “ey gənclər mən hər səhər “Yeni Musavat” qəzetini oxuyuram. “Yeni Musavat” qəzeti radikal dini təriqətlər barədə yaxşı məlumat verir. Siz də oxuyun”.
Bu məqamda M.Ağayevin zalda əyləşən müavini ona qaş-göz eləyib, işarələrlə baş salıb ki, sən nə danışırsan, yəni quş buraxdın. Bundan sonra icra başçısını soyuq tər basıb və o alının tərini silə-silə “Mən əslində “Azərbaycan” qəzetini oxuyun demək istəyirdim” deyib. Onun bu sözləri və pis vəziyyətə düşməsi tələbələrin gülüşünə səbəb olub. Onlar yerdən replika veriblər ki, axı “Azərbaycan” qəzeti radikal dini təriqətlər barədə yazı yazmır.(gunxeber.com)