Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlmanların səlib yürüşü - Xaos Avropaya doğru sürünür


I yazı


Hibrid savaş texnologiyası - Bəlanın hardan gəldiyi bilinməz

Bu günlərdə Avropa Birliyi tarixinin ən çətin və ən məsuliyyətli dönəmini yaşayır. İkinci Dünya Savaşından sonra ilk dəfə Avropada təhlükəsizlik tükdən asılı vəziyyətə gəlib çatmaqdadır. Müsəlman ölkələrindən olan qaçqınlar ordusu Avropa ölkələrinin uzun illər boyu birgə səylə yaratdıqları "cənnətin qapısını" sındırmaq üzərindədirlər. Qaçqınlar təkcə Suriyadan, Liviyadan deyil, Əfqanıstandan və Pakistandan, həmçinin Şimali və Mərkəzi Afrika ölkələrindən Qoca Qitəyə axışırlar. Həm də hədəfli bir şəkildə Avropa Birliyi ölkələrinin əsas ölkələri olan Almaniyaya, Böyük Britaniyaya və Fransaya doğru axın edirlər. Artıq onları nə İordaniyada, nə Türkiyədə, nə Səudiyyə Ərəbistanında, hətta Yunanıstan və Xorvatiaya kimi kasıb Avropa ölkələrində saxlamaq olmur. Hər bir qaçqın Almaniyaya can atdığını gizlətmir belə. 

Halbuki bir neçə il əvvəl Suriyadan və digər ölkələrdən olan qaçqınlar heç də Avropaya can atmırdılar. Onlar qonşu Türkiyə və İordaniyada sığınacaq və çörək tapdıqlarına görə şükür edirdilər. İndi isə bütün qaçqınlar Avropanın göbəyində yaşamağı özlərinin əsas məqsədləri elan ediblər. Avropa isə onlara yox deyə bilməz. Avropa onlarla hər şeyini paylaşmağa məcburdur. Çünki Avropanın dünyaya yaydığı humanist və liberal dəyərlər bunu tələb edir. Ya Avropa öz dəyərlərindən imtina etməli, ya da xaosu ağuşuna almalıdır.

Xaos özü-özündən yaranır, yoxsa yaradılır?

İlk baxışda elə təəssürat yaranır ki, hər şey təbii olaraq baş verir. Lakin məsələ elə də adi deyil. Əslində hər şey olduğundan çox mürəkkəbdir. Çünki görünən odur ki, bir çox məsələlər bir neçə mərkəzdən idarə olunur və xoas öz xasiyyətinə uyğun olaraq təbii şəkildə böyüyərək yayılır. Bu xaos hər kəsin işinə yarayır. 

Bəs xaosun aparıcı aktyorları kimlərdir?

Rusiyada artıq sevinclərini gizlətmirlər. Kremlin baş təbliğatçısı Dmitri Kiselyov özündən razı şəkildə əlini əlinə sürtərək "cəhənnəmdən qaçanların cənnəti cəhənnəmə çevirəcəyini" bəyan edir. Onun sevinci yerə-göyə sığmır. Rusiyanı cəzalandıran Avropa indi özü öz əkdiyinin meyvəsini yeyir və "Adəm cənnətdən qovulur". Digər tərəfdən Kreml kiçik kontigentdə olsa da, Suriyaya ordu hissəsi yeridir və Bəşər Əsəd rejimini müdafiə edəcəyini bəyan edir. Yəni faktiki olaraq, Qərb-Rusiya qarşıdurması Suriyaya daşınır. Əslində xaosun Avropaya daşınması Qərb üçün Rusiyanı vazkeçilməz tərəfdaşa çevirir. Təbii ki, artıq masada Avropanın deyil, Rusiyanın şərtləri müzakirə olunacaq. 

Rusiya həmçinin neftin qiymətinin aşağı düşməsindən qazanan varlı ABŞAvropa Birliyi ölkələrini bu yolla cəzalandırmağa çalışır. Bu gün dünyada baş verən iqtisadi böhranın texnologiya ixrac edən ölkələri deyil, neft ixrac edən ölkələri sarması Rusiyanı doğrudan çətin vəziyyətdə qoyub. Bu Rusiya üçün ölüm-dirim savaşıdır. Lakonik dəyərləndirilmə aparılarsa, hazırda Kremldə Hamletin təbiri ilə desək, "olmaq, olmamaq" sualını hər gün özlərinə verirlər. Avropada qaçqınların sürətlə artması isə Avropada iqtisadi vəziyyəti çətinləşdirə və nəticədə Rusiya ilə iqtisadi əməkdaşlığın tam bərpasına yol aça bilər. İqtisadi böhran ümumilikdə  Avropanın Ukraynanı və Donbası tamamilə unutması üçün də yetərli ola bilər.

Bütün bunlara baxmayaraq Rusiyanın birdən-birə Suriyada aktivləşməsinin əsas səbəblərindən Kremlin faktiki olaraq "Böyük qaz savaşı"nı uduzması və oyundan kənar vəziyyətdə qalmasıdır. Məsələ orasındadır ki, bir neçə il əvvəl Rusiya Avropanı qaz boruları ilə şantaj edirdi. Kremlin siyasətçiləri hətta çəkinmədən qaz borularını Rusiyanın Avropaya qarşı əsas silahı adlandırırdılar. Hətta bir neçə il əvvəl "Qazprom" neftin qiymətinin 250 dollara qədər qalxacağını belə proqnozlaşdırır və açıq şəkildə tərəfdaşlarını terror edirdi. 

Kremldə elə hesab edirdilər ki, Avropa hər zaman Rusiya qazından asılı vəziyyətdə qalacaq.  Sonra birdən birə hər şey dəyişdi. Neftin qiyməti öldü və Avropa demək olar ki, Rusiya qazından imtina etdi. Əvvəlcə Rusiyanın "Cənub dəhlizi" layihəsi iflas etdi. Bundan həmən sonra Putin Ankarada tələm-tələsik "Türk axını"nı elan etdi. Lakin bir müddət sonra bu layihə də "ölü doğulan uşağa" çevrildi. Putinin yeni layihəsinə qarşı Avropanın tam laqeydliyi fonunda Ankaranın qaza endirim tələbləri Kremli bu layihəni də rəfə qaldırmağa məcbur etdi. Ötən həftə isə "Türk axını"nın birdəfəlik dayandırıldığı elan olundu. Hazırda isə Avropa Rusiyanın son "kozurunu", "Şimal dəhlizi"ni boykot etməkdədir.

Rusiyanın Çinə qaz satmaq planı da artıq suya düşüb. Putinin Pekində imzaladığı saziş artıq kağız parçasına çevrilib. Qiymətlərin kəskin aşağı düşdüyü şəraitdə Çin Rusiyadan bahalı qaz almaq istəmir. Çinin təklif etdiyi qiymətlə isə Sibirdən Çinə qaz borusu inşa etmək sadəcə mümkün deyil. Bu durumda Rusiya təbii ki, köhnə bazara, yəni Avropa bazarına dönmək məcburiyyətindədir. 

Hazırda vəziyyət elədir ki, Putin nəyləsə Avropa liderlərini şantaj etməlidir. Artıq Ukraynada bunu etmək demək olar ki, mümkün deyil. Çünki Ukraynanın göstərdiyi müqavimət Rusiyanı qlobal hərbi qarşıdurmaya sürükləyir. Donbasda müharibənin yenidən qızışması Putinə yaxşı heç bir şey vəd etmir. Bu ancaq yeni iqtisadi və siyasi sanksiyalar gətirəcək ki, onsuzda bərbad olan Rusiya iqtisadiyyatı bu təzyiqlərə davam gətirə bilməyəcək. Kremlə görə ən optimal variant Donbas münaqişəsini dondurmaqdır. Hər halda Rusiya son 25 ildə münaqişələri dondurmaq üzrə mütəxəssisləşib.

Ona görə də Rusiya hərbiçiləri birdən-birə Suriyada peyda oldu. Paralel olaraq Avropaya qaçqın axını başladı və hər gün daha da artmaqdadır. Rusiyanın buna necə nail olmasını isə təbii olaraq uzun illər boyu rus kəşfiyyatının bölgədə olması ilə əlaqələndirmək mümkündür. Qaçqınların Avropaya keçdiyi Yunanıstan isə 300 ildən artıqdır ki, Rusiyanın strateji müttəfiqidir və tarixən Kremlin imperalist siyasətinin formalaşmasında yunan-bizans kilsəsinin xüsusi rolu və ağırlığı var.

Təbii ki, Putin Avropa liderləri ilə masaya oturduğu zaman əsas tələbi Avropanın qaz bazarında "Qazprom"un inhisarının qoruyub saxlanması və geosiyasi problemlərin həllində Kremlin əsas söz sahiblərindən biri olaraq qalması olacaq.

Xaosun Avropaya doğru sürünməsinin əsas tərəfdaşlarından biri də İrandır. İran ən yaxın zamanda Qərblə nüvə anlaşması əldə edib Qərbin sanksiyalarından qurtarsa da, 50 ildən artıqdır İranın bütün Yaxın Şərqdə və dünyada vazkeçilməz müttəfiqi Suriya və Livan olub. Şiə azğınlığın təmsilçisi olan Əsəd klanı hakimiyyətdən getdiyi və Suriyada hakimiyyətə Səudiyyə Ərəbistanına və ABŞ-a yaxın olan sünnilərin gəldiyi şəraitdə İranın bölgədəki geosiyasi hegemoniyası kifayət qədər zəifləyəcək. Əsəddən sonra isə ikinci hədəf təbii ki, Livanın "Hizbullah" təşkilatı və bu təşkilatın əvəz olunmaz lideri Nəsrullah olacaq. Əsəddən sonra Nəsrullahın devrilməsi İranın molla rejimi üçün birbaşa geosiyasi fəlakət anlamına gəlir. Ona görə də İran Rusiyadan daha çox xaosun Avropaya daşınmasına maraqlıdır. 

Hesab etmək olar ki, Qərbə qarşı "müsəlman qaçqın silahı" İran üçün göydəndüşmə fürsətdir. Avropada xaos böyüdüyü şəraitdə Rusiya ilə bərabər İranda əsas geosiyasi əhəmiyyətə malik olacaq. Bu üzdən də Avropada miqrasiya faktoru faciəyə döndükcə paralel olaraq İran xaosun açarını əlində tutan ölkələrdən biri kimi Qərbin qarşısında tamhüquqlu tərəfdaşa çevrilir. 

Yaxın və Orta Şərqin əsas aktyorlarından biri olan İsrail də xaosun Avropaya yönlənməsində ciddi şəkildə maraqlı ola bilər. İsrailə görə bütün dünya müsəlmanların və ərəblərin nə qədər vəhşi olduğunu görməlidir. "Vəhşi müsəlman" Avropaya yönləndiyi halda İsrail rahat şəkildə Fələstində və Yaxın Şərqdə müsəlmanlara qarşı soyqırım siyasəti həyata keçirə bilər. Hər şeydən əvvəl xaosun Avropaya hakim kəsilməsi İsrailin bütün Yaxın Şərqdə əlinin-qolunun açılması deməkdir. 

Bu o deməkdir ki, İsrail özünün hərbi və siyasi iqtisadi qüdrəti ilə bütün Yaxın Şərqin hakiminə çevrilir, eyni zamanda Orta Şərqin əsas regional gücü olur.

Qaçqınları bilərəkdən Avropaya yönləndirən qüvvələrdən biri də təbii olaraq İŞİD ola bilər. İŞİD tipli kütləvi və xaotik xarakterli təşkilatlara tarixdə dəfələrlə rast olunub. İstər Avropanın, istərsə də Yaxın və Orta Şərqin tarixində bu tipli təşkilatlara yüzlərlə misallar gətirmək olar. Hətta Rusiyada baş verən Puqaçyov və Razin üsyanları İŞİD tipli xaotik hərəkatlardır. İŞİD hərəkatı Osmanlıda xaos dönəmində baş verən məşhur Şeyx Bədrəddin üsyanının da müxtəlif ştrixlərini özündə yaşatmaqdadır. Avropada isə orta əsrlərdə irili-xırdalı yüzlərlə belə hərəkat baş verib. Həmin hərəkatların əsas mahiyyəti isə Məsihin məzarını xilas etmək üçün səlib yürüşlərinin təşkilinə dayanırdı. Bu hərəkatlar orta əsrlər Avropasına böyük fəlakətlər gətirməklə yanaşı Avropanın yenidən formalaşmasında da iştirak edib. İŞİD bir dini hərəkat olaraq demək olar ki, orta əsrlər xristian fanatizmini təkrar edir. Bunun əksini düşənənlər sadəcə orta əsr xristian dini hərəkatlarını və ordenlərini araşdıra bilərlər. 

Əslində İŞİD-i əl-Qaidə liderləri yetişdirdi və İŞİD-i öz atasını tanımayan, daha doğrusu atasından imtina edən bir törəmə olaraq dəyərləndirmək daha doğru olardı. Çünki Üsamə bin Laden islam terrorunu milli dəyərlərdən təmizləyib kosmolit və beynəlmiləl dəyər verməklə yeni xaosun qapısını açmış oldu. 

Orta əsrlər islamı qalib və hegemon bir dindir. O sivilizasiyanı yönləndirən bir din olduğu üçün xurafat islam dininə hakim ola bilmirdi. O zaman xurafat xritsian dinini içindən yeyir və xaos dünyaya Avropadan yayılırdı. Amma zamanla xristian dini hegemon və dünya sivilizasiyasını yönləndirən bir dinə çevrildi. Ona görə də əzilən və sivilizasiyadan kənarda qalan islam dinində xurafatın güclənməsini təbii proses olaraq qəbul etmək olar. İŞİD tipli hərəkatların ortaya çıxması və sürətlə kütləviləşməsi də bu baxımdan təbii qəbul olunmalıdır. Bu sadəcə olaraq kütləvi şəkildə yayılan sosial-psixoloji xəstəlikdir və zamanla ən uzağı on ilin içində İŞİD bir sosial-siyasi hərəkat olaraq dağılıb yox olacaq. Bu qaçınılmazdır. Çünki İŞİD-ə qoşulanlar daha çox öz ölkələrinin totalitar rejimlərində özlərini  tapa bilməyən və bu üzdən özlərini dini fanatizmdə tapmağa çalışan gənclərdir. İŞİD-də toplaşanlar üçün cihad həm də əzilən və təqib olunan islamı xilas etmək anlamı daşıyır ki, bu da sonucda başıpozuq şəkildə özünü xaosda təsdiq edən insanların birliyi olaraq dəyərləndirilməlidir.

Amma biz orta əsrlərdə deyil, 21-ci əsrdə yaşadığımız üçün İŞİD tipli hərəkatlar məhz onların düşmənləri tərəfindən bir-birilərinə qarşı silaha çevrilib. İndi istər ABŞ, istər Rusiya, istər İran, istər Avropa, istərsə də ərəb dövlətləri və Türkiyə İŞİD-dən bir-birilərinə qarşı silah kimi istifadə etməyə çalışırlar. 

İŞİD-in Avropaya qaçqın yönləndirməsi bu təşkilatın təbii maraqları çərçivəsində dəyərləndirilməlidir. İŞİD bu yolla Avropada asanlıqla yerləşəcəyini zənn edir. Əslində isə Avropaya yönləndirilən qaçqın ordusu İŞİD-in bir mənalı şəkildə bitirilməsi üçün yol açacaq. Və artıq bu proses - yəni müttəfiq güclərin Suriyada quru qoşunlar vasitəsi ilə əməliyyatlar aparması artıq bütün ciddiyyəti ilə müzakirə olunur. Sadəcə İŞİD-dən yararlanaraq qazanmaq istəyən tərəflər bölgənin əsas aktyorlarından olan Qərb koalisiyası və onlara qarşı olan  Rusiyaİrandır. İŞİD-in qazanması bütün hallarda imkansızdır. Bunu ehtimal belə etmək mümkün deyil.

Və nəhayət ABŞ qaçqınların Avropaya doğru axın etməsində maraqlı qüvvələrdən biridir. Hər şeydən əvvəl Avropada xaosun böyüməsi ABŞ-ın Avropada və Yaxın və Orta Şərqdə rolunun artmasına birbaşa xidmət göstərir. Napoleon savaşından sonra Rusiya Avropa jandarmı ünvanını qazandığı kimi, ABŞ-da İkinci Dünya Savaşından və SSRİ-nin süqutundan sonra dünya jandarmı sifətini daşımaqdadır. Hakim dünya təbliğatında radikal islam dünyanın əsas təhlükələrindən biri elan olunduğu şəraitdə Avropaya milyonlarla müsəlman qaçqının daxil olması təbii ki, dünyanın istər demoqrafik, istərsə də geosiyasi vəziyyətinə təsir göstərəcək və beynəlxalq siyasətin onurğasını təşkil edən əsas faktor kimi dəyərləndirilməlidir. 

Bu durumda ABŞ-ın istər Avropada, istərsə də Yaxın və Orta Şərqdə özünün geosiyasi, hərbi, siyasi, iqtisadi gücünü qat-qat artırmaq üçün mandat alması çox asan olacaq. Fərqi yoxdur, ABŞ bu mandatı həm BMT-dən, həm də Avropa Birliyindən ala bilər. Və yəqin ki, hər ikisindən alacaq. Çünki kritik durumda Avropanın kömək üçün Rusiyaya deyil, ABŞ-a müraciət etməsi təbii haldır. Çünki AvropaABŞ dünyanın hegemon sivilizasiyasının ortaq sahibləridir və onlar birlikdə məhv olar, ya da birlikdə qazanarlar. Bu Köhnə Dünyanın alt şüuruna yazılmış bəlkədə yeganə instinktdir. Özünü qorumaq üçün Avropa hər zaman ABŞ-ın ağuşuna çumacaq və bunun alternativi belə yoxdur. 

Qaçqınlar hibrid savaş texnologiyasının komplektinə çevrilir

Rus hərbiçilərinin və hərbi texnikasının birdən-birə Suriyada peyda olması doğrudan geosiyasi savaşın episentrini Ukraynadan Orta Şərqə daşıdı. Hər şeydən əvvəl Kremldə yaxşı başa düşürlər ki, qaçqınların kütləvi şəkildə Avropaya köç etməsi hər şeydən əvvəl Avropanın demokratik hakimiyyətlərini sarsıdır. Artıq Avropada radikalların güclənməsi qarşısıalınmaz faktora çevrilir. Bu da təbii ki, Avropada Rusiyanın müttəfiqlərinin sayını kifayət qədər artırır. 

Həmçinin qaçqın məsələsi Avropa Birliyini parçalayan əsas faktora çevrilməkdədir. Avropa Birliyi ölkələrinin problemə fərqli yanaşmaları onu göstərir ki, bu problemin həllində konsensus əldə etmək heç də asan olmayacaq.

Hazırda əminliklə demək olar ki, müsəlman qaçqınlar Rusiya üçün Avropaya qarşı əsas silaha çevrilib. Və şübhə doğurmamalıdır ki, bu Rusiyanın tətbiq etdiyi hibrid savaşın yeni komplektidir. Əgər Qərb Rusiyanı neftin qiymətini aşağı salmaqla və sanksiyalarla zəiflətməyə can atırsa, Rusiya öz növbəsində Avropanı qaçqın ordusu ilə zəiflətməyə çalışır. Rusiyanın bu hibrid hücumunun qarşısında isə təbii ki, Avropa liderlərinin necə davranacağı çox böyük önəm daşıyır. Artıq Avropa dövlətləri qətiyyət nümayiş etdirərək qaçqınları Avropaya buraxmamaqda israr edirlərsə, qaçqınlar da eyni israrla Avropanın bağlı qapılarını sındırmaqdadırlar. 

Avropa liderlərinin qarşısında qaranlıq bir tunel var və hələ ki, bu tuneldə işıq görünmür. Məsələnin ən problemli tərəflərindən biri isə terorçuların Avropaya daxil olması qarşısıalınmaz bir problemə çevrilir. Ya Avropa böyük qaçqın düşərgələri təşkil edərək qaçqınları uzun müddət qapalı şəraitdə saxlamalı ki, bu da birmənalı qarşılanmayacaq, ya da bir müddət sonra geosiyasi savaşın tam pik nöqtəsində Avropa hər küncdə partlayan bombalar cəhənnəminə çevrilə bilər. Hadisələrin necə inkişaf edəcəyini isə heç kim təsəvvür edə bilmir. Çünki hibrid savaşın əsas xüsusiyyətlərindən biri bəlanın hardan gəldiyini təyin edə bilməməkdir. Faktiki olaraq hibrid savaş dövlətlərin terror üzərində apardıqları savaşdır və bu savaşın nəticələrini təxmin etmək çox çətindir.

Buna baxmayaraq Rusiyanın Ukrayna və Suriyadan başlatdığı hibrid savaş bumeranqa çevrilə bilər. Əslində bu elə ABŞ-ın son günlər davranışlarında da hiss olunmaqdadır. Vaşinqton əslində Rusiyanın savaşı Suriya cəbhəsinə keçirməsinə sevinir. Hər şeydən əvvəl savaş Ukraynanın, yəni Avropanın sərhədlərindən uzaqlaşır. Digər tərəfdən isə rus əsgərlərinin Suriyada ölməsi, həm də adsız bir partizan olaraq ölməsi Rusiya əhalisi tərəfindən heç də xoş qarşılanmayacaq və artıq rus zabitlərinin Suriyaya getməkdən imtina etmələri haqda rus mətbuatında məlumatlar yayılmaqdadır. Yəni Suriya macərası Putinin nüfuzunun kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.

Həmçinin Bəşər Əsədin müdafiəçisi olaraq çıxış edən Rusiyanın Suriyada nələrlə qarşılaşacağı hələ bəlli deyil. Rusiya Suriyada böyük hərbi əməliyyatlar başladığı şəraitdə Əfqanıstan fiaskosunu daha dəhşətli şəkildə yaşaya bilər. Bu günkü Suriyada vəziyyət Əfqanıstandan daha dəhşətlidir və faktiki olaraq, bu ölkə İŞİD başda olmaqla, müxtəlif başıpozuq silahlılar tərəfindən paylaşılıb. Suriyada aktiv hərbi əməliyyatlara başladığı şəraitdə İŞİD güclərinin Rusiyaya keçməsi ehtimalı da böyükdür. Yəni Rusiyanın Suriyada ciddi hərbi əməliyyatlara başlaması çox az inandırıcı görünür. Bu durumda ABŞ Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasını özü üçün daha məqbul hesab edir və elə bu üzdən də Rusiya ilə Suriya məsələsində hərbi əməkdaşlığa belə maraq göstərir. 

Əslində Putinin yeni Suriya macəraları daha çox blef xarakteri daşıyır. Rusiyanın Suriya səhralarında qum bataqlığına girməsi heç də inandırıcı görünmür. Çünki bu Rusiya üçün yeni geosiyasi fəlakətin qapısının açılması demək olar. Ona görə də Rusiyanın Suriya kartından və qaçqınlar problemindən istifadə edərək Qərb liderləri ilə masaya qayıtmaq məqsədi güdməsi daha ağlabandır. Rusiya yeni hibrid savaşı macərası ilə əslində G7-lərdəki masasını geri qaytarmaqla yanaşı Krım problemini çözmək, həmçinin NATO-nu postsevet məkandan uzaq saxlamağa çalışır. Bu ilkin Donbas avatürasının əsas məqsədi idi. Məqsədinə nail ola bilməyən Putin bir daha bəxtini böyük qumar masasında sınamağa çalışır və əslində Kremlin Suriya avantürası baş tutmayacağı təqdirdə hadisələrin necə inkişaf edəcəyini təxmin belə etmək mümkün deyil.

Ardı var...

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar