Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimova və qardaşına qarşı ağır ittihamlar


“İmprotex Motors”dan 650 min manata “Rolls Roys”, 300 minə “Bentley”, biri 150, o biri 180 min manata 2 “BMW” götürüb”


“Sahib İbrahimov “dövlət tuta bilirsə, məni tutsun” deyirdi”

Ötən saylarımızda “Bizim Yol” qəzetinə daxil olan məlumata əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov və şəriki arasında Bakı Əyləncə Mərkəzinin ərazisində yerləşən mübahisəli kompleksdən reportaj hazırlamışdıq. Sahib İbrahimovu məhkəmədə “udan” “Sahil D” şirkətinin təsisçisi İlham Qasımov dünən bizimlə əlaqə yaratdı, ortağı ilə bağlı daha ciddi faktlar açıqlayacağını dedi. Cənab Qasımovla müsahibəni təqdim edirik:

- İlham müəllim, Sahib İbrahimovla ortaqlığınız necə başladı?

- Sahib İbrahimov təsadüfən başqa bir biznes üçün yanıma gəlmişdi. Orada münasibətlərimiz yarandı. Mən o zaman ev tikirdim. Dedi ki, Bakı Əyləncə Mərkəzinin yerini satırlar, almağı təklif etdi. Mən də razılaşdım. 0.70 ha ərazini “İSR Plaza”nın sahibi İsgəndər Xəlilovdan 6 milyon manata aldıq. Özünün də pul qoyacağını dedi, etiraz etmədim. Sonradan pul qoymadı, adı isə “ortaq” getdi, 25 faizə şərik çıxdı. Pulun hamısını isə mən verdim. Sonradan gördük ki, bu cür alınmır, vəsait yoxdur, Türk vətəndaşlarını dəvət etdik. “Mərcansoy” şirkətinin sahibləri gəlib tikintiyə rəsmi olaraq 3,5 milyon manat sərmayə yatırdılar, binanı inşa etdik. Sahib İbrahimov bir qəpik qoymasa da, mənzil satışından daxil olan vəsaiti götürüb özünə, qardaşı Nazim İbrahimova 150 min dollarlıq saat alır, binalardan evlər verir, cürbəcür avtomobillər – “Rolls-Royce”, “Bentley”, “BMW”lər əldə edirdi. Axırda ona dedim: “Sahib, sən buraya sərmayə qoymamısan, ortaq deyilsən. Pul qoymaq əvəzinə olanı da hesabdan çıxarıb qardaşına saat alırsan, cürbəcür avtomobillərə xərcləyirsən”. Şirkətdə direktor Nazimin qaynı, indi həbsdə olan Məzahir Cəfərov idi. Pulları da Sahibə o verirdi. Sonradan mənim bundan narazı olduğumu görüb: “Mən bilmirdim ki, Sahibə pul vermək olmaz, indən belə vermərəm”, dedi. Məzahir Cəfərov direktor olduğu dövrdə Sahib maliyyə sənədlərinə qol çəkib kassadan 8 milyon 250 min manat pul götürüb. O vaxt Sahib qaynını ortaya çıxartdı, dedi: “Gəl, türklərə haqq verməyək, onları aldadaq, onlara “ataq””. Dedim: “Mən belə şey edə bilmərəm, onlar pul keçiriblər”. Sonra da türklər gedib şikayət etdilər.

- Türklər niyə birdən-birə şikayət etdilər? Sizdən də şikayətli idilər?

- Onlar Sahibin mənzilləri saxta yolla satdığı barədə məlumat almışdılar. Elə bildilər ki, mən də Sahibə qoşulmuşam. O vaxt heç mənim də xəbərim yox idi, soruşdular, dedim: “Elə şey ola bilməz”. Məndən də şübhələndilər, ona görə də şirkətin özündən şikayət etdilər, şirkətin ümumilikdə yoxlanmasını istədilər. Məsələ hüquq-mühafizə orqanları – Baş Prokurorluq, Daxili İşlər Nazirliyi səviyyəsində qaldırıldı. Onda baxdıq ki, “Sahil D” kompleksində Sahib özlərinə məxsus “STS” şirkətinin saxta möhürü ilə 71 mənzili bir ucdan kimə gəldi satıb. Mənim bu işdə əlim olmadığı sübut edildi. Sonradan məhkəmələrdə də mən və türk şirkətinin təmsilçiləri eyni mövqedən çıxış etmişik. Daha sonra müraciətlər əsasında iş Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə gedib. 71 evlə bağlı idarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi qaldırılıb, istintaq gedir. Bundan başqa, qeyri-yaşayış sahəsi olan mağazanı yenə qanunsuz olaraq saxta möhürlə “İmprotex Motors”la barter edib əvəzində 650 min manata “Rolls Roys”, 300 min manata “Bentley”, biri 150 min, o biri 180 min manata 2 “BMW” avtomobili götürüb.

- Hamısını özü sürür?

- Özləri, ailə üzvləri, … sürür.

- O da var?

- Hə, bəs bu camaatın pulu haradadır? Özləri kefdədir, camaat qalıb küçələrdə.

- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də türklər müraciət etdilər, yoxsa mənzil sahibləri?

- Mən türk iş adamları ilə birlikdə müraciət etdim ki, bu adam pul qoymur, bir iş görmür, satışla məşğuldur. Hələ bilinən 71 mənzildir. Rəqəm bundan çoxdur, bu gün də satırlar. Bizim qanuni satdığımız evləri götürüb təzədən 10 nəfərə pulla veriblər. Onlarda bir “STS” şirkəti vardı, 20 il bundan əvvəl Nehrəmdə ot yığan müəssisə olub, heç yerdə də qeydiyyatda deyil. Onun möhürünü götürüb satış sənədlərinə vurur, bizim ünvanı yazır. Adamlar var ki, bura gəlib evi olduğunu deyir. Soruşuram “haradadır sizin eviniz, məni tanıyırsız, mənə pul vermisiz”? “Yox” cavabı verir. Məlum olur ki, evi Sahib İbrahimovdan alıb. Mən də deyirəm: “Pulu ona verib mənim yanıma niyə gəlirsiz? Pulunuzu kimə vermisiz, gedib evinizi də ondan alın”.

- Ortaqlığınız təkcə Sahib İbrahimovla idi, yoxsa işin içində qardaşı, Diasporla iş üzrə Komitə sədri Nazim İbrahimov da vardı?

- Sahiblə ortaq idik, Nazim də “podderjka” edirdi.

- Komitə sədri işlərlə maraqlanır, özü gəlib-gedirdi?

- Əlbəttə, maraqlanır, bütün işlərə qarışır, telefonla da əlaqə saxlayırdı. Eyni vaxtda biz Karl Marks dairəsində də hündürmərtəbəli binanın tikintisinə başladıq. Oradakı yeri Nazim adlı şəxsdən 750 min manata aldıq. Vaxtilə “Su Tikinti Sazlama” təşkilatına məxsus, sonradan səhmdar cəmiyyətə çevrilmiş müəssisənin yerində iki bloklu, 18 mərtəbəli binanın 25 faizinə Sahib İbrahimov ortaq idi. Pul qoymayan ortaq. Hər ikisinə pul qoyacağını desə də, heç birinə vəsait yatırmadı. Tikilinin sənədləri qaydasında idi, lakin dövlət sökməyə qərar verdi, söküldü. Nazim İbrahimov həmin binanın sökülməsindən hökumətdən 20 milyon manat pul aldı, onun cəmi 6 milyon manatını bizə verdi, yerdə qalan 14 milyon manatını vermədi. Bugünə kimi də verməyib. O vaxtlar prezident seçkiləri öncəsi idi. Səs-küy olmağını istəmədim, orada ev alan insanların hamısını gətirib mənə məxsus “Real” MTK-nın tikdiyi binalarda yerləşdirdik. İbrahimovlar da gah bu gün-sabah qaytaracağına söz verir, gah da: “Dövlət pul ödəmədi””, deyir. Beləcə işi uzadır.

- O vaxt həmin binanın söküntüsü gözlərimizin önündə olmuşdu, ağır texnikanı binanın üzərinə çıxarıb qısa müddətə sökdülər və binanın Nazim İbrahimova aid olduğu barədə söhbətlər vardı. Əgər tikinti Sahib İbrahimovla Sizin idisə, nə üçün pulu hökumətdən Nazim İbrahimov alırdı və o boyda vəsaiti onun rəsmən sahibi olmayan bir məmura necə verdilər?

- Orada söküntü zamanı qardaşı ona demişdi, xahiş etmişdi ki, Nazim İbrahimova versinlər. Biz qardaşı ilə bir yerdəydik, 6 milyon manatı o, bizə şəxsi sürücüsüylə göndərmişdi. Binanın tikintisinə 12 milyon manat vəsait yatırmışdım. İbrahimovların ordan heç xəbərləri yox idi, bir dəfə də gəlməmişdilər. Həmin binada da evləri saxta yolla satmışdılar, sonradan hamısı ortaya çıxdı. Evlər camaata satıldığından seçkiöncəsi səs-küy olmaması üçün onları gətirib “Real MTK”nın binası və digər bir şirkətimiz “RR” MTK-da yerləşdirdim, Yasamaldan bir neçə dostumdan ev alıb verdim. Bundan sonra onlar arxayınlaşdılar. Dövlət qanuni kompensasiyanı ödəyib, lakin deyirlər: “Dövlət bizi aldatdı”. Onlar deyirdi ki, dövlətdən 25 milyon manat alacaq. Mən isə belə bir fikrim olmadığını, FHN-in qoyduğu qiymətin real dəyər olduğunu söylədim. Hökumət bildirmişdi ki, “20 milyon manat və torpaq veriləcək, tikib camaatı yerləşdirin”. Verildi də. İbrahimovlar isə mənə dedi: “Sən sakit otur, hökumətdən əlavə 5 milyon manat alacağıq”. Mən də dedim: “Mənim 20 milyon manatımı verin”. Pul ödənildi, amma bizə verilmədi.

- 20 milyon manat aldılar, yoxsa 25 milyon manat?

- Bizə 20 milyon manatın məlumatı çatdı, puldan isə cəmi 6 milyon.

- Sahib İbrahimov necə bir iş adamıdır, ümumiyyətlə, işgüzardırmı, yoxsa özünə ortaq tutub onun yanında iş adamı kimi görünməyə çalışır?

- Dəbdəbə imic yaradır, rəy formalaşdırır. O da özünü bahalı maşınlar, brend kostyumlar, saatlar, dəbdəbəli ofislə reklam edir, kübar görünməyə çalışır, bu yolla adamları aldadır, haqqında yüksək rəy yaratmağa çalışır. Təkcə bizdə üst-üstə 200 mənzili qanunsuz satıb. “Kontinental” mağazası ilə üzbəüzdə bir bina tikiblər, 1 ev 10 adama satılıb. Dostum Qabilin oğlundan 750 min manat pul alıb ona mağaza satıblar. “Uşaq” gedib görüb ki, dükanda başqa adamlar təmir işləri aparırlar. Onlar da Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə gedib şikayət ediblər. Sahibin “işgüzarlığ”ı bunlardan ibarətdir. Onun başqa bir işi yoxdur. Camaat reklama inanıb ona pul verir. Sonra da ofisinə gedəndə mühafizə onları aşağıdan yuxarı buraxmır. Adam pulu verəndə Sahibin yanına çıxa bilir, müqavilə filan bağlayırlar, pulu alandan sonra bitdi, onları tanımırlar. Onu bir dəfə – pulu verəndə görürlər, sonra binaya giriş-çıxış bağlanır. Camaat sadəcə gedib pulunu Sahibə bağışlayır.

- Nəyin hesabına belə işlərlə məşğul olur?

- Qardaşına arxayındır. “Dövlət tuta bilirsə, məni tutsun”, deyir. Bir tərəfdən də elə doğrusunu deyir. Onları kim dəstəkləyir?

- Onların digər qardaşı İbrahim İbrahimov da sizin işinizdə var idimi?

- Hacı İbrahim Nehrəmli bizim işimizə qarışmırdı, öz işini görür. O, hətta qardaşlarına demişdi: “Siz İlhama qarşı düzgün hərəkət etmədiniz, İlhamın sizə elədiyini dədəniz Hüseyn eləməmişdi”.

- Telefonda dediniz ki, İbrahimovların “qələmi”ni qırıblar. Bunu nəyə söykənib dediniz?

- Artıq hər kəs onların nə işlə məşğul olduqlarını bilir. Mətbuat da, dövlət qurumları da kimliklərindən xəbərdardır. Bu gün 300 adamı evsiz qoyublar, camaat onların ucbatından küçələrdədir. Nə qədər şikayətlər ediblər, amma baxan yoxdur.

- Deməli, mübahisəli binalar mənim gördüyüm və təsisçisi olduğunuz “Sahil D” kompleksindədir?

- Bəli, Sahib İbrahimov saxta möhürlə 200 evi ordan satıb. Hazırda 71 mənzilin işinə Korrupsiyaya qarşı mübarizə İdarəsində baxılır. Nazim İbrahimovun qaynı, şirkətdə direktor olan Məzahir Cəfərov ona görə “içəri”dədir. Sahibin qaynı Taleh Abdullayev də axtarışa verilib. Eyni evi fərqli adamlara gah Sahib satıb, gah da Taleh. Sahibə pulları ödəmək üçün vaxt verilib. O da yalandan: “Ödəyəcəm” deyir, amma ödəmir. Qardaşı təzyiq etdirir, Sahibə dəymirlər. Onun qanunsuz satdığı evlərə görə bu gün Məzahir həbsxanadadır. Halbuki bütün satışların maliyyə sənədlərində pulu aldığı barədə Məzahir Sahibə qol çəkdirib, hər yerdə onun imzası gedir. Məzahir nahaqdan tutulub, onun yerində Sahib olmalı idi. Evləri satdırıb pulunu İbrahimov qardaşları xərcləyib, Məzahir “qurban” gedib. Bu gün Məzahir onların hesabına “içəri”dədir. Onu tamamilə tutdurmaq istəyirlər ki, bu işləri ört-basdır etsinlər. Çünki Sahib tutulsa, Nazim İbrahimov işdən çıxarılacaq. Amma Sahibin qaynı Taleh də axtarışdadır, tezliklə o da, Sahib də tutulacaq. O zaman bütün pulları ödəyəcəklər.

(Davamı gələn saymızda)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar