Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır
Nazirlikdən Lent.az-a verilən məlumata görə, son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mqkq, yemişdə isə 72mqkq olduğu məlum olub.
Müqayisə üçün bildirək ki, qarpızlarda nitratların norması 60 mqkq, yemişdə isə 90mqkq–dır. Buna görə müayinələr zamanı məhsullarda insan sağlamlığı üçün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməməsi sevindirici haldır.
Qeyd edək ki, bu sahədə yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının ölkəyə idxal olunmasının azalmasına, həm də ixrac potensialının artmasına səbəb olub. Təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiyaya ixrac olunub.
DFNX istehlakçıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Belə ki, əzik, çatlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuducuda saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz.
pia.az