Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft içindəki əzablı həyat, dua ilə satılan evlər, buruğa sərilən paltarlar...


...Hər beş evdən birinin üzərində “satılır” elanı yapışdırılıb. Sakinlər evlərini dəyər-dəyməzinə satıb buradan köçmək istəyirlər. Çünki bu evlərin yerləşdiyi torpağın üzü qaradır. Bu evlərin yerləşdiyi torpaq qara qızılın çirkabına bürünüb. Burada yaşamaq cəhənnəm əzabıdır. Doğrudur, sakinlər problemin “həll” yolunu tapıblar. Avtobus dayanacağınadək rezin çəkmə geyinirlər. Dayanacaqda ayaqqabılarını dəyişirlər...


Bura Ramana qəsəbəsidir. Neft buruqlarının ətrafında yaşayanların günü bu cür keçir. Uşaqlar neft, mazut gölməçələrinin ətrafında oynayırlar, kanalizasiya sularında ayaqlarını yuyurlar. Əmir Bağırov küçəsində də vəziyyət fərqli deyil.

“Ərazidə tikinti aparmaq qadağandır”- “Balaxanı OİL” şirkətinin xəbərdarlıq lövhələri sınıq-salxaq buruqların yaxınlığında basdırılmış balaca kötüklərin üzərindən asılıb. Daha irəlidə isə çəkilişin qadağan olunduğunu bildirən xəbərdarlıqlara rast gəlirik.

Buruqların arasında, neftə bulaşmış torpağın üstündə futbol oynayan uşaqlara qışqıran neftçilərin səsinə yaşlı qadın haray verir: “Natiq, evə gəl, atan çağırır”.




“Uşaqlar harada oynasınlar? Həyətimiz çox balacadır. Evin qarşısı isə neft buruqlarıdır. Bu yoldan da neft şirkətinin maşınları keçir” - bunu virtualaz.org saytının əməkdaşına Əmir Bağırov küçəsinin sakini Nailə Quliyeva bildirir.

N.Quliyeva deyir ki, nəvəsi Natiqin 9 yaşı var. Uşaq astma xəstəsidir: “Atasının bütün qazancı dərmanlara gedir. Amma xeyri yoxdur. Düz 5 ildir evimizi satmağa çalışırıq. Qonşumuzun molla qohumu var. Ona dua da yazdırmışam. Amma evlə maraqlanan da yoxdur”.

Buruqların tən ortasında uçuq bir tikili var. Mazut gölməçəsi ilə əhatələnmiş bu tikili əvvəllər alətlərin yığılması üçün anbar olub. İndi isə bu tikilidə 3 ailə yaşayır.

-Bu otaqda qalırsınız?

-Bu otaq bizimdir. O biri otaqlarda isə daha iki ailə qalır.

-Bəs hamam, tualet haradadır?

Təxminən 30-35 yaşlı adının açıqlamaq istəməyən “ev sahibi” kərpicdən tikilmiş, tavanı, döşəməsi olmayan yeri göstərir:

-Bura həm tualet, həm hamam, həm də əlavə əşyaları qoymaq üçün tikilib. Biz özümüz sonradan tikmişik. İki il əvvəl uçqun oldu, jurnalistlər çəkib göstərdilər. Sonradan birtəhər düzəldib yığışdıq. Yaxınlıqdakı adamların hamısını köçürdülər. Biz şəhid ailəsi olduğumuz üçün köçürmədilər.




Qadın adının açıqlamaq istəməməsinin səbəblərini izah etməyə çalışır: -İnciməyin, bizə hörmət ediblər, burda qalmağımıza icazə verilib. Sonra acıqlarına gələr, köçürərlər. Kirayədə qalmağa pulumuz yoxdur. Evdə tək həyat yoldaşım işləyir. İki uşağı dolandırmaq lazımdır. Gündəlik çörəkpulunu güclə çıxarır.

Bu mazut gölməçəsində yaşayan Cəbrayıl qaçqını Sevil Hüseynova isə gölməçələrin qurudulduğunu, yollara daş töküldüyünü söyləyir: “Bura əvvəllər daha pis vəziyyətdə idi. Mazut gölməçələrini qurutdular, bu yola daş tökdülər. Yəqin ki, Neft Şirkəti yenidən ev tikiləcəyindən ehtiyatlanır. Buna görə də yolu düzəltmirlər. Amma son bir-iki ildə nə qədər ev tikilib. 30 ildir burda yaşayanlar var. Yalnız gördüyünüz ikimərtəbəli bina köhnə tikilidir. İşıq, qaz, su problemimiz yoxdur. Hamı evinə işıq, su xətti çəkdirib. Amma bir az gün olan kimi mazutun, neftin iyindən dayanmaq olmur. Payız-qış aylarında isə palçıq günümüzü qara edir”.

Ərazidəki evlərdən çoxu gecəqonduları xatırladır. 20-30 kvadratmetrlik evlərdə böyüyən uşaqların yeganə əyləncə, oyun yeri elə buruqların arasıdır.

Amma sakinlərin problemləri bununla da bitmir. Neft ərazilərini nə qədər qorumağa çalışsalar da tullantılar yenə də əraziyə atılır. Bu isə dözülməz üfunəti daha da artırır.

Köhnə, uçuq evlər, bu evlərin ətrafındakı zibil tullantıları magistral yola qədər davam edir. Burada yeganə təmiz yer göy üzüdür...(virtual.org)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar