Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə məşhurları evlərinin qabağında öldürürlər?


Qatil psixologiyası, qüsursuz qətl məqsədi və...


“O, yaşadığı evin qabağında odlu silahla qətlə yetirildi”.

 Son illər Azərbaycanda ən çox danışılan qətlləri araşdıranda daha çox bu xətt üzə çıxır. Öldürülənlərin böyük əksəriyyəti ya yaşadığı binanın qarşısında, ya da blokda öldürülür. AzadlıqRadiosu bugünlərdə evinin kandarında qətlə yetirilmiş məşhurlarla bağlı 2009-cu ildə hazırladığı araşdırmanı yenidən yayımlayıb. 

Yazıda bu statistikaya daxil olan şəxslərin adları sadalanıb: General Eduard Hüseynov, parlamentin sədr müavini Afiyəddin Cəlilov, Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov, akademik və deputat Ziya Bünyadov, deputat Əli Ansuxski, Respublika Prokurorluğunun idarə rəisi Rövşən Əliyev, Bakı Parapsixologiya və Teologiya İnstitutunun rektoru Etibar Elkin, AFFA-nın vitse-prezidenti, polkovnik Fətulla Hüseynov, "Monitor» jurnalının redaktoru Elmar Hüseynov və nəhayət, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general leytenant Rail Rzayev.

Təhlildə qeyd edilib ki, son illərin ən hay-küylü qətllərini sıralayanda bir məqam da ortalığa çıxır. Öldürülənlərdən bəzilərinin yaxınları ya hadisə vaxtı, ya sonradan qətlə yetirilir və ya ölümlə hədələnir. Xatırladaq: Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü. Ziya Bünyadovun nəvəsi ölümündən təxminən bir il sonra Amerikada qətlə yetirildi.

Adam oğurluğu və qətllərlə məşğul olan DİN-in sabiq idarə rəisi Hacı Məmmədovsa məhkəmədə bildirmişdi ki, kriminalist Rövşən Əliyevin oğlu Rain Əliyevi də qətlə yetirmək haqda sifariş alıbmış. Bu haqda mərhumun ailəsinə xəbərdarlıq da edib və Rövşən Əliyevin xanımı məhkəmədə bu məlumatı təsdiqləyib.

Və ya jurnalist Elmar Hüseynovun həyat yoldaşı, "Bakinski Vedomosti» qəzetinin redaktoru Ruşaniyyə Hüseynova da oğlu ilə mühacirətə yollanmasını həyatının təhlükədə olması ilə izah etmişdi.

Amma son illərin ən çox danışılan qətllərini birləşdirən başqa cəhətlər də var. Öldürülənlər Azərbaycanda nüfuz sahibləri olub. Ən mühüm postlarda təmsil olunublar.

Əjdər Xanbabayev - “Azərbaycan” nəşriyyatının baş direktoru - 1989-cu ildə iş otağında öldürülüb.

Eldar Bağırov - 1988-89-cu illərdə Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Eduard Hüseynov - Azərbaycanın ilk kontr-admiralı, Bakı Dənizçilik Məktəbinin rəhbəri olub və 1993-cü ilin aprelində yaşadığı binanın girişində qətlə yetirilib. 

Afiyəddin Cəlilov - parlament sədrinin müavini 1994-cü il sentyabrın 29-da yaşadığı binanın blokunda qətlə yetirilib.  

Şəmsi Rəhimov - Prezident Yanında Xüsusi İdarənin rəisi olub. O da Afiyyədin Cəlilovla eyni gündə, yaşadığı binaya girərkən öldürülüb. 

Əli Ansuxski - deputat 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Güllə ağzına vurulub.

Rövşən Əliyev - Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəisi, kriminalist olub. 2002-ci il martın 12-də axşam saatlarında Bakı şəhəri, Nizami küçəsində bina girişində odlu silahla qətlə yetirilib.

“Qara polkovnik” ləqəbli Fətulla Hüseynov - 2004-cü ilin iyununda səhər saatlarında yaşadığı binanın qarşısında öldürülüb. 

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov da 2005-ci ilin martında yaşadığı binanın blokunda 7 güllə ilə öldürülüb. 

Dünya miqyasındakı səs-küylü qətllərdə də ev, blokun girəcəyi detalı yer alır. Qatillər əksər hallarda qurbanı yaşadığı və ya çalışdığı məkanın qarşısında qətlə yetirir. Bunun xüsusi bir səbəbi, kriminal dünyada açması varmı? 

Haqqında danışdığımız qətllər bir qayda olaraq siyasi xarakter daşıyır və qatillər də muzdlu olurlar. Kriminalistikada isə bunu belə izah edirlər ki, muzdlu qatillər üçün hiss-həyəcan söhbəti yoxdur, onlar ancaq mənfəət xatirinə bu işi görürlər. Bu şəxslərin əksəriyyəti orduda ciddi hazırlıq keçiblər, Əfqanıstanda, Tacikistanda vuruşublar və döyüş texnikasına ciddi bələddirlər. Killerlər hədsiz ehtiyatlılıqları, mobilliyi və cəldliyi ilə fərqlənirlər. Onlar adətən “iş”ə ciddi hazırlaşırlar, “qurban”ın gedib-gəldiyi məkanları dəqiqliklə incələyirlər. Atəş açacaqları yeri, maskirovka imkanlarını, qətldən sonra qaçış trayektoriyasını əvvəlcədən müəyyənləşdirirlər. Killerlər çox nadir hallarda ölümə qəza görüntüsü verirlər. Əgər kimisə öldürmək sifarişi verilibsə və xüsusən də bu, siyasi qətldirsə, bu halda görüntüyə, aldatmaya ehtiyac olmur. Killer cəmiyyətə, geniş publikaya bunun qətl, yəni planlı qəsd olduğu mesajını çatdırmaq üçündür həm də. Muzdlu qatil emosiyasızdır, planlı, qrafikli biridir. Onu xarakterizə edən bir cəhət var - hədəf göstərilən canlını hansı yolla olursa olsun, qətlə yetirsin. 

Bəs qətlin məkanı? Yazının girişində də qeyd etdiyimiz kimi, niyə məkan olaraq evin, iş yerinin qarşısı seçilir? Bu, mesajdır, görkdür, ya qatil üçün rahatlıq? 

Keçmiş polis rəisi Mahmud Hacıyev bildirdi ki, sifarişli qətllər peşəkarcasına hazırlananda qurban bir qayda olaraq izlənilir. Müsahibimizin sözlərinə görə, qətli törətmək üçün rahat şərait, yer seçilir: “Şərait onu tələb edir. Bir var yolda, nəqliyyat vasitəsində izləyəsən... Bir də var, yerini rahatlayıb, qurbanı gözləyəsən. Onlar şəraitin daha rahat olduğu yeri qətl ünvanı olaraq seçirlər. Peşəkarlar daha çox belə edir. Həvəskarlar bunu bacarmır”. 
Müsahibimizin sözlərinə görə, qətl məkanının ev önü olaraq seçilməsində cəmiyyətə verilmək istənilən bir mesaj yoxdur. M.Hacıyev dedi ki, qatil bütün hallarda qurbanının evə gələcəyinə əmindir və buna görə arxayınlıqla onun gəlişini gözləyir. 

Hüquqşünas Əyyub Kərimov da hesab edir ki, bu, xüsusi bir xətt deyil və hər hansı mahiyyət daşımır. Müsahibimizin sözlərinə görə, adətən killerə hansısa şəxsin aradan götürülməsi ilə bağlı sifariş verilir və bu zaman məkan diktə edilmir: “Buna görə də onlar ya qurbanın iş yerini, ya da evini izləyirlər. Seçimi də özləri edirlər ki, harada daha rahat şərait yarana bilər? Ya evinin, ya da iş yerinin qarşısında münbit şərait yaranıbsa, məqsədlərini yerinə yetirirlər. İnsanın ya işi var, ya da evi. Onlara mütləq gedib gəlir. Hər ikisində insan evə çatmış olur. Əgər qətli bir yox, bir neçə nəfər icra edirsə, bu halda onların qurbanın harda olması barədə bir-birinə məlumat verməsi də mümkündür. Tutaq, biri evin qabağındadır, o biri işin. Qurban işdən çıxanda qatilin biri digərini  onun trayektoriyası barədə məlumatlandırır”. 

Ə.Kərimov bildirdi ki, küçənin ortasında qətlin törədilməsi qatilə ciddi çətinlik yarada bilər. Belə ki, bu halda kim(lər)insə bu qətli görməsi, xəbərləməsi, eləcə də polis tərəfindən yaxalanma halları baş verə bilər: “Adamın çox olduğu yerdə qatilin ələ keçməsi daha asan ola bilər. Onlar qurbanın evə gedib gəldiyi saatları dəqiqliklə bilir və özlərinə rahat yer seçirlər. Nadir hallarda maşın hərəkətdə olanda qurbanı aradan götürürlər. Qatil heç zaman işini risk altına atmaq istəmir. Dəqiq və yüz faizlik nəticə üçün belə bir qətl planlayır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar