Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nüvə başlığından da güclü silah - dollar

“Tank-topla Türkiyəni yıxa bilməyənlər iqtisadi yolla indi onu çökdürmək istəyirlər”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər türk lirəsinin ABŞ dolları qarşısında zəifləməsinin motivlərindən danışarkən deyib.


Təbii ki, o, ABŞ-ı və Avropa Birliyini nəzərdə tutur. Eyni zamanda Türkiyədə 15 iyul uğursuz hərbi çevriliş cəhdinə görə neçə vaxtdır suçlu bilinən bəlli ünvana işarə edir. Bu, əlbəttə ki, Fətullah Gülənin illərdir sığındığı Birləşmiş Ştatlardır. Türkiyəyə rəğbəti olan bir vicdanlı amerikalı sabiq rəsminin söylədiyi kimi, “FETO əslində Mərkəzi Kəşfiyyat İdarəsinin bir qoludur”.

Belədirsə, yəni Gülən Pensilvaniyada ikən qardaş ölkəni qarışdırmağa yönəlik məkrli planlar, oyunlar bitməyəcək. R.Ərdoğan hakimiyyətdə qaldıqca onun əleyhinə Qərbin siyasi, iqtisadi-maliyyə xarakterli oyunları davam edəcək. Elə Ərdoğan da bunu bilir və o üzdən “Bu oyunlar baş tutmayacaq, bu oyunların qarşısında biz öz oyunumuzu quracağıq” deyir.

Göründüyü kimi, söhbət legitim AKP hakimiyyətini yıxmaq üçün bütövlükdə Türkiyə dövlətinə qarşı qurulan planlardan gedir. Təhlükə həm də bundadır. Fəqət, qardaş ölkə əleyhinə hansı oyun qurulur-qurulsun, bu oyunların aqibətini yalnız daxildəki iki amil müəyyən edəcək: 1. Toplumun iradəsi (hakimiyyətə münasibət, yəni sabitlik) və 2. Ölkənin iqtisadi dayaqlarının möhkəmliyi. 

Dünyada ən güclü dövlət də məhz daxili ictimai və iqtisadi dayanığı olan dövlətlərdir. Bu, qardaş məmləkət üçün də keçərlidir. Əgər cənab Ərdoğan ölkəyə xaricdən iqtisadi xarakterli təsirlərin güclü olmamasını istəyirsə - buna şübhə eləmirik - o zaman hansısa oyun və ya kontur-oyun oynamağa, xaricdə “günah keçisi” axtarmağa lüzum yox. İqtisadiyyatı güclü eləmək, insanların rifah halını normalda saxlamaq kifayətdir. 

Velosipedi kəşf etməyə nə lüzum? Bundan ötrü iqtisadi və biznes azadlıqlarını daima öndə tutmaq, mülkiyyət hüququna zəmanət vermək, məhkəmələrin müstəqilliyini təmin eləmək yetər. Unutmaq lazım deyil ki, SSRİ kimi nəhəng imperiya məhz iqtisadi amilə görə çöküb. SSRİ-nin özəl mülkiyyəti rədd edən planlı iqtisadiyyatı yanlış və perspektivsiz idi və nəhəng imperiyanın siyasi, hərbi ehtiyacları ödəmək, sovet xalqının güzəranını minimum səviyyədə saxlamaq imkanında  deyildi. 

Nəticədə ABŞ bir güllə belə atmadan, Ərdoğan demiş, tanksız-topsuz nüvə dövləti SSRİ-ni çökdürdü. Bu prosesi sürətləndirən amillərdən biri də, şəksiz ki, güclü iqtisadi sistemə malik Birləşmiş Ştatların sosial-iqtisadi dayaqları çürümüş Sovet İttifaqını məqsədli şəkildə silahlanma yarışına sürükləmək oldu...

Şübhə yox ki, demokratik azadlıqların olduğu Türkiyə elementar insan haqlarının qorunmadığı, “xalqlar həbsxanası” SSRİ deyil. Ancaq iqtisadiyyatın ümumi qanunları var. Qardaş ölkənin nicatı da bundadır - azad bazar iqtisadiyyatı yolundan sapmamaq, SSRİ yolu getməmək. SSRİ kimi təməl azadlıqlara, ələlxüsus da iqtisadi azadlıqlara arxa çevirməmək, mülkiyyət hüququna hörmət eləmək. 

Bunlar olacaqsa, onda türk lirəsi də öz sabitliyini qoruyacaq. Demək, Türkiyə xarici təhdidlərə qarşı sanballı immunitet əldə edəcək, qardaş ölkəyə zaval olmayacaq, ona qarşı qurulan məkrli planlar, oyunlar keçməyəcək. Çünki bir dövlətin qüdrəti öncə onun iqtisadi potensialı ilə, milli valyutasının gücü ilə ölçülür, nüvə başlıqlarının sayı ilə yox. Dollar rubldan nə qədər möhkəmdirsə, ABŞ da Rusiyadan bir o qədər güclüdür.  

Ola bilsin hansısa dönəmdə millətin və dövlətin təhlükəsizliyinə görə demokratik dəyərlərə münasibətdə müvəqqəti, məcburi axsamalar olsun, - nəyi ki, biz indi Türkiyədə müşahidə edirik, - fəqət, iqtisadi-biznes azadlıqları, mülkiyyət hüququna təminat yerində qalmalı, toxunulmaz olmalıdır. Onlara toxundunsa, iqtisadi çöküş qaçılmaz olacaq. O halda nə oyuna-zada ehtiyac qalacaq, nə də xaricdə düşmən axtarışına.     
         
Sözü ona gətiririk ki, bu gün iqtisadi amil millətin, dövlətin varlıq şərti kimi hətta söz azadlığından da önə keçib. Bu reallığı qulaqardı edən siyasi liderlər təkcə öz hakimiyyətlərinə deyil, bütövlükdə sükanı arxasında durduqları dövlətə qarşı həmişə təhdid hiss edəcəklər; daxili siyasi kolliziyalarla və xarici müdaxilə təhlükəsi ilə üzləşəcəklər. Bədəlini, fakturasını isə çox baha ödəyəcəklər. Əfsus ki, həm də millətin hesabına...(musavat.com)


Yazar : Zahid SƏFƏROĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar