Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Obama Putin görüşməsi – Böyük Geosiyasi Savaş yeni başlayır


Əslində dünən baş tutan görüşdə Putin özünü və Rusiyanı təcriddən qurtarmaq üçün son şansını dəyərləndirdi

 
Vəziyyətin nə qədər çıxılmaz olduğunu anlayan Rusiya diplomatları iki aydan çox idi ki, BMT-nin fəaliyyətə başlamasının 70 illiyi münasibətilə Baş Assambleyanın iclasında iştirak etdiyi ərəfədə Putinin Obama ilə görüşünü təşkil etmək üçün dəridən-qabıqdan çıxırdılar. 
 
Hələ ay yarım əvvəl Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilirdi ki, Rusiya tərəfinin təşəbbüsünə baxmayaraq, Ağ Ev prezidentlərin görüşünü məqbul hesab etmir. Bir neçə gün əvvəl isə istər Ağ Ev, istərsə də Kreml prezidentlərinin BMT-də bir saatlıq görüş keçirəcəyini bəyan etdilər. Ağ Evdən verilən açıqlamada görüşün Putinin israrları üzərində baş tutacağını və əsas müzakirə mövzusunun Ukrayna olacağını, Kremldən gələn açıqlamada isə görüşdə Suriya məsələsinin əsas müzakirə olunacağını və görüş üçün Putinin israrçı olmadığı bildirildi. 
 
Kremldən verilən açıqlama hər nə olursa olsun, artıq özü özündən aydındır ki, Putin Obama ilə görüşə belini əymiş şəkildə getdi və istisna deyil ki, Rusiya prezidenti bir aydan sonra Avropa Birliyinə qarşı dizlərini yerə qoysun.
 
Hazırda Putin üçün Rusiyanı xilas etməyin tək yolu özünü və ölkəsini təcriddən xilas etməkdir. Eyni zamanda Suriyada Əsəd rejimini qoruyub saxlamaqla beynəlxalq imicini qoruyub saxlamalıdır. Həmçinin Ukrayna ilə də gərginlik nisbətən aradan qaldırılmalı, iki dövlət arasında etimad körpüləri yaradılmalıdır. Bütün bunlar olmazsa, Rusiyanın vəziyyəti bir neçə ildən sonra kəskin şəkildə dəyişər, Rusiyada siyasi, iqtisadi böhran son həddə çatar və Rusiya geosiyasi güc olmaqdan çıxaraq məhəlli dövlətə çevrilər.  
 
Bütün bunların olmaması üçün hər şeydən əvvəl Rusiya Avropanın bir hissəsi olmalı, amma bununla da yetinməməli, ABŞ-ın belə onunla hər an hesablaşacağı bir Avrasiya supergücünə çevrilməlidir. Etiraf etməliyik ki, hər nə qədər Rusiyanın imperalist maraqları bunu tələb etsə də, bu artıq Rusiyanın imkanları xaricindədir. 
 
 
Əslində dünən baş tutan görüşdə Putin özünü və Rusiyanı təcriddən qurtarmaq üçün son şansını dəyərləndirdi və açıq demək lazımdır ki, görüşdən sonra Obamanın jurnalistlər qarşısına çıxmaması və Putinin sualları tək cavablandırması, iki tərəf arasında heç bir məsələdə yaxınlıq əldə olunmamasının göstəricisi oldu.  
 
Bu görüşün sonucu yaxın zamanda Böyük Geosiyasi Savaşın inkişaf ssenarisini müəyyənləşdirdi və Obamanın Putinlə birlikdə jurnalistlərin qarşısına çıxmaması əslində soyuq savaşın bütün aspektləri ilə başlamasına işarə idi. Bu Fransa prezidenti Ollandın Əsədlə bağlı verdiyi bəyanatda da açıqca göründü. Hər zaman Rusiyaya qarşı loyal münasibəti ilə seçilən Fransanın kəskin bəyanatı əslində Rusiyaya qarşı yeni koalisiyanın yaranmasına və bu koalisiyanın Putinin iddialarına qarşı daha sərt mövqe nümayiş etdirəcəyinə açıq işarə idi. 
 
 
Görünən odur ki, isti savaş Suriya və Ukraynada davam edəcəyi halda, (hibrid savaşın Qarabağa sıçramasını istisna etmək olmaz), soyuq savaş Moskvanın, Vaşinqtonun, Ottavanın, Brüsselin, Londonun, Berlin və Parisin, Tokionun dövlət iqamətgahlarının divarları arasında, həmçinin Təl-Əvivdə və ərəb şeyxlərinin saraylarında, o cümlədən Tehran və Ankarada bütün amansızlığı ilə aparılacaq. 
 
Əvvəlcədən onu deyək ki, Putinin yeni antiterror koalisiyası sabun köpüyündən başqa bir şey deyil. Çünki koalisiyaya yeni daxil olan İraq höküməti demək olar iflic vəziyyətdədir və Rusiya ilə koalisiyada ancaq bir neçə İraq generalı birləşir. ABŞ-ın İraqa təsir etmək imkanlarını nəzərə alsaq, İraqın bu koalisiyada rolu sadəcə özünün hava məkanını müəyyən zaman çərçivəsində Rusiya üçün açıq saxlamaqdan ibarət olacaq. Hətta ABŞ-ın qəti təzyiqləri nəticəsində bu koridor belə, Rusiya üçün bağlana bilər.   
 
Suriyaya gəlincə, Bəşər Əsəd yalnız ona görə hələ də ölkənin 15 faizini idarə edə bilir ki, Rusiyaİran ona hərbi dəstək verirlər. Ona görə də Əsədin koalisiyaya verə biləcəyi heç bir dividend yoxdur, əksinə beynəlxalq aləmdə Putinə əsas maneələrdən biridir. 
 
İrana gəlincə, İran hər zaman Rusiya ilə öz arasında məsafə saxlayıb və saxlamaqda davam edəcək. Yəni İran heç bir zaman bölgədə Rusiyanın maraqlarına xidmət edəcək addımlar atmayacaq. Ancaq öz maraqları çərçivəsində Rusiya ilə Suriyada və İraqda müəyyən əməkdaşlığa gedəcək. Lakin bu əməkdaşlıq heç bir zaman strateji müttəfiqliyə çevrilməyəcək.
 
Putinin İordaniya və Türkiyəni bu koalisiyada yer alacağı barədə dedikləri isə heç inandırıcı görünmür. Çünki hər iki ölkə artıq İŞİD-ə qarşı Qərb koalisiyasında yer alacaq. Digər tərəfdən, hər iki ölkədə Rusiyaya qarşı tarixi inamsızlıq hissləri mövcuddur. Bu psixoloji baryerin aşılması isə qısa müddətdə mümkün deyil.
 
 
Putinin ikinci qaynar cəbhəsi olan Ukraynada da vəziyyət heç də Rusiya üçün ürəkaçıcı deyil. Bu Poroşenkonun dünən Putin BMT-də çıxış edərkən Baş Assambleyanı üsyankar şəkildə tərk etməsində də açıqca hiss olundu. Poroşenko bu addımı ilə həmçinin Putinlə şəxsi təmasda belə olmaq istəməməsini nümayiş etdirdi ki, Putində Obama ilə mətbuat konfransından sonra Ukrayna prezidentindən şəxsi münasibətləri hər zaman qoruyub saxlamağı məsləhət görməyə məcbur oldu. Buna baxmayaraq, Ukrayna rəsmiləri son zamanlar Rusiyaya qarşı açıq aqressiya ilə çıxış edirlər və bu da Putini doğrudan çətin vəziyyətə salır. Çünki Ukrayna ilə birbaşa problemlərini həll edə bilməyən rəsmi Moskvanın artıq Donbasda işğalçı kimi çıxış etməkdən başqa yolu görünmür. Ukrayna tərəfi Rusiya ilə masaya əyləşməməklə və barışmaz iradə nümayiş etdirməklə, həmçinin bu iradəni hər gün daha da gücləndirməklə əslində Putin üçün çox böyük diplomatik problem yaradır. Yəni artıq Ukrayna Rusiyanın evi deyil və Putin orada qayda yarada bilmir. Açığı deyək ki, bu Putinin avtoritetinə ağır zərbədir.
 
 
Ukraynadakı vəziyyət ona görə Putin üçün acınacaqlıdır ki, bütün gözləntilərin əksinə olaraq, Putin işğal etdiyi rayonlardan başqa Rusiyaya açıq dəstək ala bilmədi. Krım istisna olmaqla, Donetsk və Luqanskda Rusiyaya olan dəstək avtomatlar vasitəsilə alınır. 
 
Hazırda Ukraynada Putin seytnont vəziyyətdədir. Ya Donetsk və Luqanskda yerli seçkiləri keçirdərək faktiki olaraq, Minsk sazişinin üstündən xətt çəkəcək, ya da Ukraynanın şərqini Minsk sazişinə əsasən Kiyevə qaytaracaq. Müharibə başlanacağı şəraitdə Rusiyanın iqtisadiyyatı tamamilə çökməklə yanaşı, rəsmi Moskva bütün dünyadan təcrid olunacaq. Bu Obamanın da çıxışında açıq şəkildə hiss olundu. Obama Minsk sazişinin iki ay müddətində reallaşa biləcəyini dilə gətirdi və bu zaman sazişin reallaşmamasına görə bütün məsuliyyəti Rusiyanın üzərinə qoydu.
 
 
Putinin BMT-nin Baş Assambleyasında çıxışı zamanı göstərmək istədiyi iradə isə açığı beynəlxalq aləmdə ona qarşı işləyəcək. Çünki Putin öz çıxışında qarşılıqlı anlama üçün demək olar ki, açıq qapı buraxmadı. Və bu zaman unutdu ki, bu gün dünyada sülhün əsas problemlərinə çevrilən Suriya və Ukrayna məsələsində Rusiyanın birbaşa rolu var. Hər halda Bəşər Əsəd Rusiya tərəfindən bu qədər inadla müdafiə olunmasaydı, Suriyada problem bu qədər dərinləşməz, İŞİD kimi hibrid bir hərəkat da orada möhkəmlənə bilməzdi. Krımın işğalı baş verməsəydi, Ukraynada indiki vəziyyət də yaranmazdı.
 
Məhz Rusiya son 25 ildə dondurulmuş münaqişələr vasitəsilə özünün geosiyasi maraqlarını təmin etməyə cəhd edir. Əgər Rusiya öz ambisiyalarından əl çəkib istər siyasi, istər geosiyasi və istər iqtisadi cəhətdən Qərbin bir hissəsi olmaq istəsəydi, o zaman həm postsovet məkanında, həm də bütün Avropada tamam başqa mənzərənin şahidi olardıq. 
 
O zaman 21-ci əsrin Böyük Geosiyasi Savaşının başlanmasını tətikləyən "Ərəb baharı" bəlkə də baş verməz, baş versəydi belə, Yaxın və Orta Şərqdə, həmçinin Ukrayna və Qafqazda qarşıdurma bu qədər qlobal səviyyəyə çıxmaz və böyük ehtimalla İŞİD kimi qlobal terror hərəkatlarının yaranmasına da sosial səbəblər olmazdı.
 
Doğurdanmı Rusiya Putinin dönəmində dizlərini yerdən qaldırdı?
 
Əslində Qərb Rusiyanın iddialarının öz boyundan həddən artıq böyük olmasını 2008-ci ildə rus qoşunları Gürsüstana girərkən gördü. "Ərəb baharı"ndan sonra isə Avrasiyanın geosiyasi mənzərəsində ciddi, hətta zələzələ effektli dəyişikliklər baş verdi, bu dəyişikliklər təbii ki, Azərbaycana da ciddi təsir etdi. 
 
Hələ 2013-cü ildə Azərbaycanda prezident seçkilərindən əvvəl Putin Azərbaycana qarşı yumruq silkələməyə başladı. Faktiki olaraq, həmin dönəmdə ikinci dəfə hakimiyyətə gələn Putin hətta bir qədər kobud şəkildə rəsmi Bakıya qarşı soyuq qəzəbini nümayiş etdirirdi. Putin bu soyuq qəzəbi ilə Azərbaycandan kimin yanında yer almasını müəyyənləşdirməyi tələb edir və bu zaman Azərbaycan hakimiyyətini "Milyarderlər İttifaqı" ilə şantaj etməkdən belə çəkinmirdi. Bir qədər sonra Azərbaycanda keçiriləcək prezident seçkilərinə çox az qalmış Putin Bakıya səfər etdi və bu səfər əslində rəsmi Bakının öz tərəfini müəyyənləşdirməsinin açıq gösətəricisi idi. Yəni faktiki olaraq, Putin rəsmi Bakıya seçim şansı tanımayaraq Azərbaycan dövlətinin uğurlu balanslaşdırılmış xarici siysətini darmadağın etdi. 
 
2013-cü ildə Putin Qərbə qarşı geosiyasi savaş elan etdi və 2014-cü ildə bu savaş Ukraynada hibrid müharibəyə çevrildi. İndi isə Putin hibrid savaşın coğrafiyasını daha da genişləndirərək rus ordusunu Suriyaya qədər yollayıb və artıq geosiyasi savaşda son "kozur"larını masaya sunmaqdadır. 
 
Hazırda Qərblə Rusiya arasında gedən Böyük Geosiyasi Savaşın pik nöqtəsində Azərbaycanın ABŞAvropa Birliyindən Rusiya qədər aralanması isə hürküdücü görünür. Çünki Azərbaycan özü də istəmədən savaşan tərəflərdən birinin yanında, Rusiyanın yanında yer almaqdadır.
 
 Açığı demək lazımdır ki, biz istəmədən belə tərəf tutsaq da, məhz savaşı uduzacaq tərəfdə yer almışıq. Artıq məlumdur ki, bu savaşı qazanmaq üçün Rusiyanın siyasi, iqtisadi, hətta geosiyasi və hərbi resursları yetərli deyil. Rusiya savaşa elə ona girib ki, onun geosiyasi resursları sürətlə tükənir və Qərb artıq demək olar ki, onun sərhədləri içində özünün geosiyasi maraqlarını ifadə etməkdədir. 
 
 
Rusiyanın 15 il əvvəl Qərbin bir hissəsi olaraq söz sahibi olmaq imkanı vardı. Lakin Putin və Rusiya Hərbi Sənaye Kompleksi bir mənalı olaraq bu ideyanı rədd etdi. Nəticədə Rusiya hamının gözü qarşısında Türkiyə, İran, Hindistan və Pakistan kimi regional dövlətə çevrilməkdədir. 
 
Əslində 15 il əvvəldə Putinin qarşısında duran məsələ elə bu idi. Rusiya 15 il əvvəl Avropanın tərkibində regional dövlət olmaqdan vaz keçdi. İndi isə onu Asiyanın regional dövlətlərindən biri olmaq taleyi gözləməkdədir. Bu isə təbii ki, Putini özündən çıxarır. 
 
Rusiya prezidenti idarə etdiyi dövləti dünyanın ikinci qütbü olan və bütün Avrasiyanın hegemon dövləti olmaqla yanaşı, dünyanın hər yerində ABŞ kimi milli maraqlara sahib olan bir hegemon dövlətə çevrilmək xəyallarını hələ də itirməyib. Putin hələ də hesab edir ki, dünyanı yönəldən dövlətlərdən biri olmaq Rusiyanın missiyasıdır. 
 
Amma unudur ki, Rusiya bu missiya üçün gərəkli olan resursları 100 il əvvəl, məhz bolşeviklərin həyata keçirdiyi böyük terror nəticəsində itirib. Böyük terror Rusiyanın əhalisini 500 faiz azaltdığı kimi, (1913-cü ildə Birinci Dünya Savaşı öncəsində Rusiya İmperiyasının əhalisi 170 milyon idi. İndi isə Rusiya Federasiyasının əhalisi 140 milyondur. Normal artım şərtləri altında hazırda Rusiyanın əhalisi hardasa 600-700 milyon arasında olmalıydı.), elmi və mədəni resurslarını da məhv edib. SSRİ dönəmini də sovet höküməti əsasən elmi potensialı hərbi texnologiyanın inkişafına  yönləndirdiyindən demək olar ki, ABŞ, Yaponiya və Avropa ilə müqayisədə Rusiya texnoloji inkişaf sahəsində 19-cu əsrdə qalıb. Əslində SSRİ iqtisadiyyatı daha çox tank və raket istehsal etmək üzərində formalaşmışdı və faktiki olaraq, bütün digər sahələrdə misilsiz inkişaf beşillik planların göstəricilərində, yəni kağız üzərində var idi. SSRİ dağıldıqdan sonra isə Rusiyadan bir çox beyinlər Qərb dövlətlərinə köç etdilər. Hazırda isə total korrupsiya şəraitində Rusiyanın elmi potensialı Qərblə müqayisədə həqiqətən acınacaqlı vəziyyətdədir. Rusiyanın elmi-texnoloji inkişafının Anatoli Çubays kimi korrupsiya generalına tapşırılması vəziyyəti daha da acınacaqlı edir. 
 
İqtisadiyyata gəlincə isə, hazırda ötən əsrin 80-90-cı illərindən sonra Rusiya iqtisadiyyatı ən böyük böhranını yaşamaqdadır. 90-cı illərdə dəmir pərdə ortadan qalxdıqdan sonra bir daha təcrid edilən Rusiya iqtisadiyyatının vəziyyəti yaxşı heç bir şey vəd etmir. Artıq Kremldə də yaxşı başa düşürlər ki, hazırkı təcrid ortadan qalxmasa və geosiyasi savaşda sülh əldə olunmazsa, bir neçə ildən sonra Rusiya iqtisadiyyatı xarababazara çevriləcək. 
 
Putin yaxşı başa düşür ki, millitarist siyasətini davam etdirəcəyi təqdirdə Rusiyanın sosial və humanitar fəlakət yaşanması ehtimalı var və bu baş verdiyi təqdirdə Rusiyanın böyük  dövlət kimi varlığına son verilə bilər və bu da Avrasiyanın xəritəsini tamamilə dəyişdirə bilər. 
 
Hazırda Putinin qarşısında həll olunası iki həyati məsələ var.
 
1. Geosiyasi savaşı şərəfli sülhlə bitirmək
2. Rusiyanı dağılmaqdan xilas etmək. 
 
Yəni nə qədər güclü görünsə də, faktiki olaraq, Rusiyanın taleyi nazik bir ipin ucundan asılıdır və çox təəssüf ki, Rusiyanı bu vəziyyətə məhz Putinin millitarist siyasəti gətirib çıxarıb.
 
2008-ci ildə bütün beynəlxalq dəyərlərə tüpürüb rus tanklarını Qori qapılarına qədər sürdürəndə Putin özünü çox rahat hiss edirdi. Avropanı qaz iynəsinə təslim edən Kreml 120 dollara olan neft satışından özünü çox varlı və məğlubedilməz hiss edirdi. 
 
2014-cü ildə yenə də beynəlxalq qanunlarla Krımı işğal etdiyi zaman da hər şey qaydasında görünürdü. Amma nə oldusa, Krımın işğalından sonra oldu. Bir ilin içində neftin qiymətinin iki dəfədən artıq aşağı düşməsi səbəbindən Rusiya iqtisadiyyatı çökdü və çökməkdə davam edir. Təkcə onu demək kifayətdir ki, statistikaya əsasən Rusiyada ÜDM-nin 89%-i məhz neft və qaz satışından gələn gəlirlərlə formlaşır. Yəni proqnozlaşdırıldığı kimi neftin qiyməti 20 dollara qədər enərsə və bu qiymət bir il bazarda qalarsa, Rusiya iqtisadiyyatı özü-özündən yox ola bilər. Daha doğrusu bu iqtisadiyyat geriləməkdə davam etməklə Rusiya dünyanın ən kasıb ölkələrindən birinə çevrilə bilər. Üstəlik Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının inkişafını sıfırlamaqdadır. 
 
Lakin sanksiyaların qalxması belə Rusiyanın superdövlətə çevrilməsi üçün heç bir əlavə dividend yaratmır. Bu günlərdə Ağ Evin təmsilçisinin dediyi kimi, «Rusiya regional dövlətdir, onun ÜDM-si İspaniyanın ÜDM-sindən belə kiçikdir».
 
 
Faktiki olaraq bir il əvvəl Krım ihlaq olunduğu zaman Putin və bütün Rusiya patriotları Rusiyanın artıq dizləri üzərindən qalxdığını və bir daha diz çökməyəcəyini bəyan edirdilər. Məhz bu ritorika fonunda Putinin reytinqi doğurdan bütün dünya liderlərinin həsəd edə biləcəyi səviyyəyə qalxdı. Bir ildən sonra isə vəziyyət kökündən dəyişib. 
 
Görünən odur ki, Krımı ihlaq etməsinə, Donbası qan gölünə çevirməsinə, Suriyada əzələ nümayiş etdirməsinə baxmayaraq, Rusiya bir il əvvəlkindən daha çox diz üstə çöküb və bir daha ayaqları üstündə dura bilməməsi belə mümkündür. Əslində bir il əvvəl Putin Rusiyanın dizləri üstündən qalxdığını bəyan edəndə sadəcə bunu xəyal edirdi və indi Rusiya prezidentinin və onun ətrafının xəyalqırıqlığı doğrudan bir faciə-məzhəkə effekti yaradır.
 
Azər Qaramanlı
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar