Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx Rasim Məmmədovu kim və niyə dayandırdı - Sensasion faktlar


“Qara metallurgiyanın qara günləri” silsiləsindən


Azərbaycanda metallurgiya sənayesinin inkişafına əngəl olan problemləri təhlil edərkən xeyli ziddiyyətli situasiya ilə qarşılaşırsan.

Məsələn, ölkənin metal boru bazarında tələbatı artıqlaması ilə ödəmək iqtidarında olan boru prokatı zavodlarının mövcud olmasına baxmayaraq onlar daxili tələbatın çox cüzi hissəsi həcmində istehsal həyata keçirir.

Sovet dövründə ölkənin ən iri metallurgiya müəssisəsi olan, 2013-cü ildə “Baku Steel Company” tərəfindən özəlləşdirilən “Azərboru” da  bu sıradadır. Zavodun sahibi, oliqarx Rasim Məmmədov virtualaz.org saytına müsahibəsində istehsal olunan məhsullara alıcı tapılmadığını, üstəlik boru istehsalında istifadə olunan metal pəstahlar istehsalını həyata keçirən zavodun mövcud olmadığını, “Azərboru”nun bu üzdən stabil işləyə bilmədiyini demişdi (R.Məmmədov onun mülkiyyətində olan “Bakı Poladtökmə”nin də bağlandığını, zavodun bərpasının artıq mənasız olduğunu və onun söküləcəyini də bildirib).

“Azərboru”nu “Baku Steel Company”dən geri almaq təklifi

R.Məmmədovun  müsahibəsi ölkənin metallurgiya sənayesinin vəziyyətinə dair ciddi polemikalara səbəb oldu. Səhmlərinin 100 faizi dövlət mülkiyyətində olan “Azərbaycan Polad İstehsalı Kompleksi” ASC-nin satınalma və logistika departamentinin direktoru Eldəniz Cəfərov bu müsahibədən sonra rəsmi qəzetdə məqalə ilə çıxış edərək 2011-ci ildə 90 min ton boru istehsalına nail olmuş “Azərboru”nun 2013-cü ildən etibarən qeyri-effektiv idarə edildiyini, müəssisənin borclarının yarandığını, işçi heyətinin azaldığını və nəticədə fəaliyyətini dayandırdığını yazıb.

Üstəlik o, təklif edirdi ki, zavodun fəaliyyətinin bərpası və onun effektiv işinin təmin edilməsi üçün “Azərboru” “müvafiq dövlət strukturunun”, yəni “Polad İstehsalı Kompleksi” ASC-nin tərkibinə verilməlidir. (müəllif “Bakı Poladtökmə” ASC-nin də “Baku Steel Company”nin mülkiyyətinə verilməsindən sonra pis idarə olunduğunu və bu üzdən bağlandığını, zavodun yenidən dövlət mülkiyyətinə verilməsinin vacibliyini yazıb).

Beləliklə, bir vaxtlar kustar üsulla istehsal həyata keçirən metal sexlərinin hədəfində olan “Baku Steel Company” indi dövlətə məxsus, yeni yaradılmaqda olan şirkətin tənqid obyektinə çevrilib. “Polad İstehsalı Kompleksi” ASC-nin rəhbərliyi “Azərboru”nun (habelə “Bakı Poladtökmə”nin) özəlləşdirilməsinə dair qərara yenidən baxmağa, zavodu dövlət mülkiyyətinə qaytarmağa çalışır.

Sovet dövründə Azərbaycanın ən iri və şöhrətli müəssisələrindən biri…

Bəs bu zavodlar ətrafında nə baş verir? Doğrudanmı “Baku Steel Company” bir vaxtlar ölkənin metallurgiya sənayesinin flaqmanları olan bu müəssisələri batırıb?

Hələlik bu yazıda “Azərboru”nun keşməkeşli taleyinə nəzər salmağa qərar verdik. Bu zavodun əsası Böyük Vətən müharibəsinin başa çatmasından az sonra, SSRİ-də Stalinin əmri ilə böyük sənayeləşmə proqramının həyata keçirildiyi dövrdə - 1947-ci ildə Sumqayıtda qoyulub.

1952-ci ildə zavod ilk məhsullarını buraxmağa başlayıb və tezliklə Azərbaycanın ən iri, ən şöhrətli sənaye müəssisələrindən birinə çevrilib. Zavodun müxtəlif diametrli qazma, qoruyucu, sorucu-kompressor, neft ötürücü və ümumi təyinatlı boruları keçmiş SSRİ-nin müxtəlif regionlarına və 40-a yaxın ölkəyə göndərilirdi.

Müəssisənin tam gücü ilə işlədiyi dövrdə illik istehsal gücü 800 min ton polad və 600 min ton hazır məhsul olmuşdu.

SSRİ-nin dağılması digər iri sənaye müəssisələri kimi Sumqayıt boru prokatı zavodunun da bağlanmasına gətirib çıxardı. Ötən əsrin 90-cı illərinin ortalarında zavod tam dayandı və bir neçə il işləmədi, istehsal sahələri dağılıb getmək üzrə idi.

Birinci özəlləşdirmə uğursuz olur

1998-ci ildə dağılmış sovet sənayesini  dirçəltmək üçün göstərilən səylər çərçivəsində zavodun bazasında “Azərboru” ASC yaradıldı və müəssisə özəlləşdirməyə açıq elan edildi.

Zavodun səhmlərinin 97,39 faizi dövlət mülkiyyətində idi, qalan hissəsi isə kollektivə verilmişdi. Bir neçə il zavoda alıcı tapmaq mümkün olmadı.

Nəhayət, Britaniyanın “Targol İnvestment” şirkəti zavodun səhmlərini aldı və ora 50 milyon dollar investisiya yatırmaq, avadanlıqları qismən yeniləmək və istehsalı bərpa etmək barədə öhdəliklər götürdü. Ancaq şirkət öhdəliklərini yerinə yetirmədiyindən 2006-cı ildə “Azərboru” ASC-nin səhmlərinin 97%-dən məhrum olub. Səhmlər yenidən dövlətə keçib.

Uzun illər zavodda sex rəisi işləmiş, boru prokatı üzrə aparıcı mütəxəssislərdən hesab edilən Rövşən Sərdarlı deyir ki, “Azərboru”nun təyinatı neft sənayesində istifadə edilən boruların istehsalı idi. Və zavodda belə boruları sonuncu dəfə 2000-ci illərin əvvəllərində istehsal ediblər. Söhbət tamamilə yerli xammal hesabına istehsaldan gedir.

O vaxtdan etibarən isə zavodda Domna sobalarının işi dayanıb, zavod sonralar xaricdən alınan yarımfabrikatlar hesabına cüzi həcmdə istehsalla məşğul olmağa başlayıb.

Dövlət zavodu qismən dirçəldir, amma…

Özəlləşdirmə uğursuz olduğundan dövlət özü zavodun fəaliyyətini qismən bərpa edib və istehsalı genişləndirib.

2005-ci ildə cəmi 1200 ton məhsul istehsal edən zavod 2011-ci ildə istehsalı 98,4 min tona çatdıra bilmiş və istehsal etdiyi məhsulun 96 faizini xaricə ixrac etmişdi.

Lakin zavodda istehsal sovet dövründə olduğu kimi onun öz xammalı hesabına həyata keçirilmirdi. Rusiyadan və bəzi digər MDB ölkələrindən boru istehsalı üçün pəstahlar - yarımfabrikatlar alınır, onlar emal edilir və istehsal olunan boru bu ölkələrə satılırdı.

2012-ci ildə isə zavodun göstəriciləri yenidən pisləşməyə başlayıb, istehsal 60 min tona enib (zavodun illik istehsal gücü 770 min tondur).

Səhmləri yenidən dövlət mülkiyyətinə keçən zavodun gösəriciləri qismən yaxşılaşsa da aydın idi ki, “Azərboru”nu tam istehsal gücü ilə işləməsini təmin etmək mümkün olmayacaq. Ən azından bu, Əmlak Məsələləri Dövlət Komitəsinin bacaracağı iş deyil.

Həmin ildən zavodun yenidən özəlləşdirməyə çıxarılması üçün işlər başlayıb. Və mətbuata sızan məlumatlardan məlum olurdu ki, zavodu almağa maraq göstərən əsas müştəri ölkənin metallurgiya sənayesinin inhisarçısı hesab olunan “Baku Steel Company”dir.

Təkrar özəlləşdirməyə hazırlıq

O vaxtlar “Baku Steel Company”nin “Azərboru” ASC-ni özəlləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparması ictimaiyyətdən gizli saxlanılsa da virtualaz.org saytının əldə etdiyi sənədlər təsdiq edir ki, proses 2012-ci ilin ortalarından başlamışdı.

Həmin ilin sentyabrında Əmlak Məsələləri Dövlət Komitəsi 10 ilə yaxın zavoda rəhbərlik edən və bu metallurgiya nəhənginin darmadağın edilməsinə öz töhfəsini verən Əzim Əzimovu vəzifəsindən kənarlaşdırıb,  “Azərboru” ASC-nin İH sədri vəzifəsinə Həsən Muradovu təyin edib. O, həmin vaxta qədər “Baku Steel Company” MMC-nin kommersiya şöbəsinin direktoru idi.

Beləliklə, bu təyinat zavodun “Baku Steel Company” tərəfindən özəlləşdirilməsinə dair qərarın faktiki olaraq qəbul edildiyini göstərirdi. Və şübhəsiz ki, “Baku Steel Company” zavodu özəlləşdirməzdən əvvəl onun hansı vəziyyətdə olduğunu Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə araşdırmaq məcburiyyətində idi.

Zavod, yoxsa xarabalıq?

2012-ci ilin sonlarına doğru H.Muradovun rəhbərliyi ilə yaradlan komissiya “Azərboru”da əsas vəsaitlərin inventarlaşdırılmasını həyata keçirir və müvafiq dövlət aktı tərtib edilir.

Həmin aktda zavoda məxsus 3300-ə yaxın əsas vəsaitin inventarlaşdırılması həyata keçirilib, onların qalıq dəyəri və texniki vəziyyəti müəyyən olunub.

Dövlət aktından belə məlum olur ki, Səhmdar Cəmiyyətin əsas vəsaitlərinin xeyli hissəsinin qalıq dəyəri sıfra bərabərdir. Yəni istismara yararsız hala düşüb və sıradan çıxıb. Avadanlıqların az qala 90 faizdən çoxunun ya əsaslı təmirə ehtiyacı var, ya istismara yararsız haldadır.

Məsələn, müəssisənin ötən əsrin 60-cı illərinin əvvəllərində inşa edilmiş inzibati binalarından biri yararsız hala düşüb, digər ikisinin isə əsaslı təmirə ehtiyacı yaranıb. Yayma sexinin avadanlıqlarından böyük əksəriyyəti ya işləmir, ya da ciddi təmirə ehtiyacı var.

Boru yayma sexində də analoji vəziyyət hökm sürür. Sexin avadanlıqlarının çox az hissəsi işlək vəziyyətdədir, üç avtomat stanlı (140, 250-1, 250-2) aqreqatından ikisi aşınıb, sökülüb-dağılıb və əsaslı təmir olunmalıdır. Boru mufta emalı sexində, digər istehsal sahələrində də analoji vəziyyət hökm sürür.

Kərəm Həsənovun müavininə göndərilən məktub: talanıb, dağıdılıb...

2013-cü ilin yanvarında H.Muradovun Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazova göndərdiyi rəsmi məkubda deyilir ki, müəssisədə aparılan inventarlaşdırma “Azərboru”nun  təsərrüfatının bərbad vəziyyətdə olduğunu, əsas vəsaitlərin, mal və avadanlıqlarının uçotunun, uçotdan silinməsinin düzgün aparılmadığını, müəssisənin avadanlıqlarının bir hissəsinin satılıb-talandığını aşkara çıxarıb.

Yaradılmış komissiya müəyyən edib ki, Səhmdar Cəmiyyətdə ilkin balans dəyəri 22,6 milyon manatdan çox olan 1043 əsas vəsait yararsız hala salınıb, 76 adda əsas vəsaitin çatışmadığı aşkar olunub. Müəssisədə avadanlıqların bir hissəsi sökülərək metallom kimi satılıb, bu zaman onların uçotu aparılmayıb.

Beynəlxalq Banka girov qoyulan metal tullantıları da satılıb

Habelə 2009-cu ildə Beynəlxalq Bankdan 6.2 milyon manat kredit götürmək üçün müəssisənin 104 min ton qara metal tullantısı banka girov qoyulsa da həmin tullantının keçmiş rəhbərlik tərəfindən satılıb, cəmi 1600 ton tullantı qalıb. Habelə müəssisənin keçmiş rəhbərliiyi 2007-ci ildə “Azərboru” ASC ilə “Daşkəsən Filizsaflaşdırma” ASC arasında qara metal tullantılarının alqı-satqısına dair müqavilə bağlayıb.

Bu müqavilə əsasında müəssisənin uçotdan silinmiş, lakin gələcəkdə istifadəsi mümkün olan, hətta quraşdırılmamış yeni avadanlıqlarının, dəzgahlarının və aqreqatlarının bir hissəsi metal tullantısı adı altında satılıb. Özü də kağız üzərində o vaxtkı bazar qiymətindən az qala iki dəfə ucuz-tonu cəmi 50 manat 15 qəpiyə.

Milyonlarla dollarlıq kreditlə alınan yeni sobanı da “metallom”a veriblər...

Məlum olub ki, “Azərboru”nun qara metal tullantısı adı altında satılan avadanlıqlarının böyük əksəriyyəti, əlvan metal tullantısının isə hamısı mühasibatlıqda rəsmi sənədləşdirmə aparılmadan satılıb. Zavodun əmlakının talanması o dərəcədə həyasızcasına həyata keçirilib ki, “Azərboru” ASC-yə 7 milyon manat kredit borcu, üstəlik idxal zamanı ödənilmiş gömrük rüsumu və 18 faizlik ƏDV hesabına başa gələn, ümumiyyətlə quraşdırılmayan, bir gün də olsa istismar edilməyən soba və ona aid hissələr metal tullantısı kimi uçotdan silinərək satılıb.

Bu talançılıq faktları, müəssisənin aqreqatlarının və dəzgahlarının, digər əsas vəssaitlərinin metal tullantısı adı altında satılıb talanması, istismara yararsız hala salınması və dağıdılması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin hansı tədbirlər gördüyü məlum deyil.

Eləcə də hüquq-mühafizə orqanları tərəfindən dövlət əmlakının vicdansızcasına dağıdılıb talan edilməsinə görə məsuliyyət daşıyan şəxslərin barəsində hansısa tədbirlərin görüldüyü barədə məlumat yoxdur.

Nəhayət, özəlləşdirmə...

Bəs bu cür acınacaqlı vəziyyətdə olan sənaye müəssisəsini almağa hansı ciddi xarici investor razı ola bilərdi?

Görünür, hökumətdə zavodun “Baku Steel Company” tərəfindən özəlləşdirilməsinə dair qərarı qəbul edərkən həm də bu amili nəzərə almışdılar. Yəni “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov zavodu özəlləşdirərkən heç də bir çoxlarının düşündüyü kimi oliqarx  mövqelərindən istifadə edib “yağlı tikə” ələ keçirməmişdi.

O zavod yox, zavodun xarabalıqlarını almağa razı olmuşdu. Azərbaycan dövləti metallurgiya sənayesinin xarici investorlar üçün nə dərəcədə perspektivsiz olduğunu anlayırdı və bu sahəni öz gücünə, yerli investorların hesabına dirçəltmək istəyirdi.

Nəhayət, 2013-cü ilin iyununda “Azərboru” ASC-nin səhmlərinin 97,39 faizinin özəlləşdirilməsinə dair keçirilmiş investisiya müsabiqəsinin nəticələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Baku Steel Company” arasında alqı-satqı müqaviləsi imzalanıb.

Virtualaz.org saytı həmin müqavilənin surətini də əldə edib. Orada göstərilir ki, “Baku Steel Company” müəssisənin səhmlərinin 97,39 faizlik hissəsini (nominal dəyəri 3 milyon 400 min manata yaxın) almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə 14 milyon manat ödəməlidir. Həmçinin müəssisəyə 18 ay ərzində 5 milyon 267 min manat həcmində investisiya yatırmaq öhdəliyini üzərinə götürür.

“Baku Steel Company” tərəfindən “Azərboru”ya yatırılmalı olan investisiya əsasən müəssisənin əsas istehsal avadanlığı olan yayma dəzgahında istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün rekonstruksiyaların aparılmasına, texnoloji proseslərin təkmilləşdirilməsinə yönəldilməli idi.

Daha bir mühüm fakt bundan ibarətdir ki, zavod özəlləşdirilərkən 54 milyon manata yaxın debitor borcları olub. Bura kredit borcları, əmək haqqı borcları və s. daxildir.

Rasim Məmmədov xarici şirkətlərlə danışıqlara başlayır və dərhal...

Bir məqamı da qeyd etmək lazımdır ki, “Azərboru”nun “Baku Steel Company”yə satılmasına dair rəsmi qərarın qəbulundan iki ay əvvəl, 2013-cü ilin aprelində Bakıda keçirilən Dünya İqtisadi Forumunda Rasim Məmmədov dünyanın metallurgiya və maşınqayırma sahəsində fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərlə danışıqlar aparıb.

Bu danışıqlarda  əldə edilən ilkin razılaşmalara “Azərboru” ASC-yə 1.1 milyard dollar investisiya yatırılması da daxil idi.

Oliqarx o zaman Daşkəsən filiz yataqlarına və filizsaflaşdırma kombinatına da maraq göstərirdi. Xarici investorları cəlb etməklə ölkədə 1,8 milyon ton hazır məhsul, 1,8 milyon ton bərpa edilmiş filiz konsentratı əldə etməyə imkan verən, Azərbaycanı regionun ən iri metal istehsalçısına çevirən kompleksi yaratmaq üçün planlar qururdu.

Lakin Əmlak Məsələləri Dövlət Komitəsi bu danışıqlardan sonra bəyan etdi ki, həmin müəssisələr dövlət mülkiyyətindədir və hansısa özəl investor onların gələcək inkişafı ilə bağlı danışıqlar apara bilməz. Beləliklə, “Azərboru”nun dirçəldilməsi perspektivləri bəribaşdan sual altına alındı.

Metal oliqarxının konsepsiyasına əsasən boru istehsalı o zaman genişləndirilə və keyfiyyət yaxşılaşdırıla bilərdi ki, ölkədə tam istehsal dövrəsinə malik metallurgiya kompleksi olsun.

Yəni indiki halda Daşkəsən filiz yataqları və filizsaflaşdırma kombinatı da ölkənin metallurgiya sənayesinin flaqmanına - “Baku Steel Company”yə verilməli idi. Ancaq vəziyyət dəyişdi və hökumətdə bunun əksini etdilər - Sumqayıtdakı boru-prokatı zavodunu “Baku Steel Company”yə satmağa razı olsalar da ölkədə dövlət mülkiyyətində olan, milyardlarla dollar dövlət investisiyası hesabına yeni metallurgiya kompleksinin qurulmasına qərar verdilər.

Daxili tələbatın cəmi 5 faizi

Belə görünür ki, məhz metallurgiya sənayesinin inkişafına dair düzgün konsepsiyanın seçilməməsi 2014-cü ildə Azərbaycanda boru istehsalının  kəskin azalmasına təsir edən amillərdən biri idi.

Ölkədə boru istehsalı ilə məşğul olan üç iri müəssisənin fəaliyyət göstərməsinə baxmayaraq yerli istehsal dəmir və polad boruya olan tələbatın cəmi 5 faizini təşkil edib.

“Azərboru” ASC indiyədək Rusiyadan boru pəstahlarının tədarükü hesabına məhsul istehsal edib. “Baku Steel Company”nin “Xəzərboru” müəssisəsi də var. O, ildə 70 min ton boru tədarük edə bilər.2013-cü ildə Sumqayıt Kimya-Sənaye Parkında 75 min tonluq polad boru istehsalı xətti istismara verilib. Parkın rezidentləri vergilərdən azad edilib. Amma bu müəssisənin faktiki istehsal həcmi açıqlanmır.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə təkcə 2014-cü ilin ilk 6 ayında Azərbaycana xaricdən əsasən neft-qaz sahəsi üçün 100 min ton polad və dəmir boru gətirilib. Azərbaycan boruları idxal qiymətindən daha ucuz satır. Bu ilin I yarısında 1 ton polad boru 980 dollara satılıb, idxal qiyməti 2400 dollar olub.

Göründüyü kimi, ölkədə metal boru istehsal edən bir neçə yeni zavodun tikilməsinə baxmayaraq bu müəssisələrin xammalla təchizatı həll edilməyib. Boru istehsalı üçün nəzərdə tutulan metal pəstahların istehsalı təşkil edilmədiyindən və xammal qıtlığı üzündən “Azərboru” hazırda Rusiyadan alınan pəstahlardan asılı vəziyyətdədir.

“Azərboru” dayanmayıb, işləyir, ancaq…

Zavodun mülkiyyətçisi olan “Baku Steel Company”dən dəqiqləşdirdik ki, şirkət “Azərboru”nun özəlləşdirilməsinə dair müqavilədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-14 milyon manatı dövlət büdcəsinə ödəyib, investisiya proqramını yerinə yetirib.

Başqa sözlə, devalvasiya da nəzərə alınmaqla indiyədək zavoda 25 milyon dollara yaxın yatırım qoyub. Və “Azərboru” əslində dayanmayıb, özəlləşdirilənə qədər necə işləyirdisə indi də elə işləyir. Yəni Rusiya xammalından asılı vəziyyətdə.

Bu isə iqtisadi və kommersiya baxımından bir sıra çətinliklər yaradır. Rusiya bazarında yarımfabrikatların (pəstahlar) qiymətinin dəyişməsindən asılı olaraq zavodda istehsal edilən məhsulun da qiyməti dəyişir. Nəticədə qiymət baxımından rəqabətə davam gətirmək mümkün olmur.

Digər tərəfdən, Rusiya bazarında vəziyyətin dəyişməsi zavodun işində fasilələr də yaradır.  “Baku Steel Company” bu problemi qismən də olsa aradan qaldırmaq üçün boru istehsalında istifadə olunan pəstahların istehsalını təşkil etməyə çalışır və gözlənilir ki, sentyabrdan istehsal prosesi başlayacaq.

Xammal mənbəyi yoxdursa hansı ciddi investor boru işinə milyard yatırar…

Üstəlik zavod özəlləşdirilənə qədər dağıdılıb talan edildiyinə görə orada istehsal həcmini artırmaqdan danışmaq belə yersiz olardı. Bu iş böyük həcmdə investisiya tələb edir.

Bəs xammal mənbəyinə malik olmadan, ölkənin yeganə dəmir filizi yataqlarının əsasında yeni metallurgiya kompleksini yaratmağa qərar verildiyi bir vaxtda hansı ciddi investor “Azərboru”ya  bu investisiyanı yatırmağa razı olardı?

Uzun illər zavodun poladəritmə sobalarının qarşısında tər tökmüş Rövşən Sərdarlı deyir ki, zavodun dirçəldilməsi ancaq bir halda mümkün ola bilər: tam istehsal dövrəsinə malik metallurgiya kompleksi yaradılsın, yəni boru istehsalı və poladəritmə, filis hasilatı və emalı eyni mülkiyyətçinin nəzarətində olsun.

“Zavodu bacardıqları qədər dağıdıblar, talayıblar, kərpiclərini də söküb satıblar. Onu bərpa etmək, tam istehsal gücünə çatdırmaq və rəqabətə davamlı məhsul istehsal edə bilmək  üçün böyük məbləğdə investisiya lazımdır, bəlkə də 1 milyard dollar və daha çox. Üstəlik yerli xammalla təchizat məsələsi həll edilməlidir, daxili bazar, ixrac imkanları diqqətlə öyrənilməlidir, təhlil olunmalıdır. Yoxsa xarabalığa çevrilmiş zavodda nə möcüzə yaratmaq olar axı?” - illərini bu sahəyə vermiş metallurq deyir...(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar