Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

On milyonluq torpağın hərracına 1 nəfər qatıldı



"Cənub"un torpağı cəmi 38 min manata satılıb, səhmdarlar üsyan edir


Səhmdarlar qanunsuz satılan əmlakı məhkəmə ilə geri istəyəcəklər

"Cənub" Açıq Səhmdar Cəmiyyətinin (ASC) son ümumi yığıncağından bəri "Bizim Yol" qəzeti müəssisənin majoritar və minoritar səhmdarları arasında gedən mübarizəni müşahidə edir. Cəmiyyətin istifadəsində olan torpağın özəlləşdirilməsinin imtina qərarından sonra ASC-nin torpaq sahəsi hərracda məxfi şəkildə satışa çıxarılıb və dekabrın 9-da satılıb. Həm də səhmdarların proqnoz verdiyi kimi,hərracda cəmi bir nəfər iştirak edib. Beləliklə, paytaxtın "Sahil" Metrostansiyası yanında Zərifə Əliyeva küçəsi, 31 ünvanda mehmanxana kompleksinin yerləşdiyi, səhmdarların 10 milyon manat civarında dəyər verdiyi 1322,54 kv.m torpaq sahəsi start qiymətə - cəmi 38618 manata satılıb. Nəticə barədə elanda "mehmanxana kompleksi"nin satıldığı yazılıb, halbuki ilkin elanda nəinki bu mehmanxananın adını çəkməmişdilər, ştrixlərlə ünvanı, sahəni və qiyməti də gizlətmişdilər.   

Hotelin 99 faizlə səhm nəzarət paketi sahibi "AZORS" MMC-nin nümayəndəsi Xəqani Əhmədovla bundan əvvəl söhbət etmişdim. Cənab Əhmədov 90 səhmdarın payı olan torpağı özəlləşdirməkdən imtina etmədiklərini demiş, bununla belə paket sahibinin torpağı özününküləşdirəcəyini qəzetə bəyan etməkdən də çəkinməmişdi. Torpağı alacaq paket nümayəndəsinin adı da bəlli idi. Bu dəfə də X.Əhmədova zəng elədim, növbəti dialoqu qurmağa çalışdım:  

- Xəqani müəllim, dekabrın 9-u keçirilən hərracda müəssisənin torpağını aldınız, eləmi? 

- Xeyr, biz hərraca girmədik, iştirak da eləmədik. 

- Amma iştirak edəcəyinizi bəyan eləmişdiniz, başqası aldı?

- Başqası alıb, bəli... mən elə bilirəm... biz heç ondan sonra maraqlanmamışıq, hərrac olub, olmayıb, yəni bizim heç nədən xəbərimiz yoxdur. 

- Amma mən çox yaxından maraqlanmışam, hərrac olub və onu bir nəfər alıb. Dedilər, paket sahibinə yaxın adamdır. 

- Mən heç kəsə sənəd verməmişəm. O söz-söhbət ki yarandı, bizə dedilər "daha eləməyin". Hərrac 
keçirilibsə də, kimin aldığından xəbərimiz yoxdur. 

- İclasda demişdiniz ki, torpağı paket sahibinə yaxın Naze Şahverdiyeva alacaq, o, almadı?

- Xeyr, Naze xanım iştirak eləmədi. Biz bu işlə məşğul olmadıq, gördük söz-söhbət var, geri 
çəkildik, dedik kim iştirak edəcəksə getsin özəlləşdirsin. Səhmdar Vəzir Rəcəbov deyirdi ki, mən iştirak edəcəm.   

- Amma onlar elə bilirlər ki, paket sahibinə yaxın biri torpağı alıb. 

- Bizdən heç kim iştirak etməyib. 

- Xəqani müəllim, düşünürsüz ki, səhmdarlar paket sahibinin o hərracda iştirak etmədiyinə inanacaqlar?     

- İnandı, inanmadı hərənin öz fikri var. 

- Majoritar səhmdar dolayısıyla da o hərracda iştirak edə, digər səhmdarların tanımadığı birinin adına torpağı almaqla onların diqqətini bu məsələdən uzaqlaşdıra bilər. Naze xanım olmasın, bir başqası olsun, nə problem var ki? 

- Deyirsiniz artıq hərrac keçirilib, təzədən hərraca təkrar kimdir qaytaran? Bizdə məsləhət oldu ki, hərracda iştirak eləməyin, heç sonradan hərracın keçirilib-keçirilmədiyindən xəbərimiz olmadı, nə baş verdiyindən məlumatımız yoxdur. 

- Bununla belə səhmdarlar hesab edirlər ki, ayın 9-da keçirilən hərracda sizin müəssisəyə yaxın olan, onu təmsil edən biri iştirak edib və alıb. 

- Yəqin ki, onların dolğun məlumatı var, mənim yoxdur. 

- Siz dediyinizə görə torpaq da paket sahibinin əlindən çıxıb, quru səhmlərlə nə edəcək? 

- Bu barədə konkret bir məsləhət yoxdur, nə qərar veriləcək onu da eləyərik. 

- Bəs indi müəssisənin bundan sonrakı fəaliyyəti necə olacaq, axı siz orada bina tikirdiniz?

- Biz hələ heç nə tikmirik, eləcə qalıb. Daha bundan sonra nə olacaq, nə olmayacaq heç bir məlumatım yoxdur. 

- Müəssisənin bir torpağı qalmışdı, o da dediyinizə görə əldən gedib, necə, harada fəaliyyət göstərəcəksiz? 

- Müəssisənin torpağı qalmışdı, kim özəlləşdirib, indi nə qərar veriləcək, bundan sonra fikir, plan nədir, mənim heç bir məlumatım yoxdur. 

- Torpağı demirəm, "Cənub" ASC-ni nəzərdə tuturam. 

- Cəmiyyət hələ ki öz yerində qalıb, bəyəm ASC-nin bir fəaliyyəti var idi ki? Əmlak idi, səhmdar 
cəmiyyət kimi alınmışdı, dondurulub öz yerində qalmışdı. İndi də elə həmin variantdadır. Əvvəl də fəaliyyəti yox idi axı, deyim ki, indi fəaliyyətini dayandırıb. 

- Niyə, deyirlər mehmanxana həmişə fəaliyyət göstərib.

- "Cənub" sökülüb yerə qoyulmuşdu, fəaliyyəti dayandırılmışdı. Sökülmüş yerdə nə fəaliyyət 
göstərilir ki?

- Siz elə danışırsız ki, sanki "Cənub"u bir başqası söküb. Özünüz sökmüsüz ki, fəaliyyəti dayanıb. Hansı məqsədlə sökmüsüz? 

- Sökmüşüksə fəaliyyət dayandırılıb, daha iş yoxdur. Tikinti də getmir ki, deyim fəaliyyət var. 

- Bəs müəssisənin daşınar əmlakını neynəmisiz?  

- Onlar hamısı Sovet dövründən qalmış köhnə, yararsız şeylərdi, atılıb. 

"Bu məsələ hərracda yoxdur" deyən məmur danışdı  

Qeyd edim ki, hərracdan 4-5 gün əvvəl müəssisənin minoritar səhmdarı Vəzir Rəcəbov torpağın satışında iştirak hüququ qazanmaq üçün dəridən-qabıqdan çıxıb, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (HTAM) gedib, onu ordan Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) göndəriblər. Komitədən də geriyə, HTAM-a. Bir sözlə, adam iki təşkilat arasında "həlak olub". Dediyinə görə HTAM-da müəssisələrin torpağının hərracı üzrə şöbədə Ruslan Əliyevlə danışıb, Əliyev də "bu məsələ hərracda yoxdur" deyib, onu Komitədən Möhuma Heracıyevin üzərinə "göndərib". Hərrac keçiriləndən sonra HTAM-a mən də zəng elədim, R.Əliyevi telefona istəmədim, sadəcə keçirilən torpaq hərracı ilə bağlı məsul şəxslə danışmaq niyyətimi söylədim. Mənə elə həmin R.Əliyevi calaşdırdılar. Dedim "Ruslan müəllim, gördüyümə görə torpaq start qiymətə satılıb. Səhmdarların proqnozu düz çıxdı, hərracda elə cəmi 1 nəfər iştirak edib. Halbuki orada iştirak üçün iddialı insanlar vardı. 1 həftəyə yaxın cəhd göstərənlər oldu, iştirak hüququ ala bilmədi, sifariş götürməsi mümkün olmadı". Nə cavab versə yaxşıdır? "Elektron xidmətimizdən istifadə etsəydilər hərracda iştirak üçün sifariş verə bilərdilər". Halbuki cənab Əliyev V.Rəcəbova "bu məsələ hərracda yoxdur" deyibmiş. Bu yaxınlarda sayımız da açıqlandı, soruşdum "maraqlıdır, 9.6 milyon əhalidən 1 nəfərdən başqa o gözəllikdə yerlə maraqlanan olmadı?" Güldü, "mən bilmirəm maraq göstərdilər, göstərmədilər, ya da pulları çatacaqdı, ya yox, bunu məndən niyə soruşursuz", deyə sualıma sualla cavab verdi. Sanki bu ölkədə 38 min manatı olan yalnız həmin alıcı imiş. Soruşdum ki, "hərraclar məxfi keçirilir?"- "Xeyr, açıqdır", dedi. Maraqlandım, görəsən hərracları jurnalistlər müşahidə edirlər, belə təcrübə bizdə varmı? Cavab verdi ki, "hərrac zalına ancaq hərracda iştirak hüququ alan vətəndaşları buraxırlar. Şəxsən mən jurnalistlərin iştirakı ilə rastlaşmamışam". Maraq üçün soruşdum ki, doğrudanmı hərrac keçirilir, yoxsa hərracı ancaq xarici filmlərdə görə bilərik? Güldü, "xarici deyə bilmərəm, mən ancaq bu ölkədə yaşayıram", deyə qeyri-müəyyən cavab verdi. Dedim, "istəyirəm filmlərdə qalmasın, mən də bizim yerli hərracları müşahidə etmək niyyətindəyəm". Belə cavab verdi: "Komitənin mətbuat xidmətində Qulu müəllimə yaxınlaşın, bizim rəhbərliyə zəng vurub desin ki, "bəs belə bir məsələ var", ya istisna hal kimi, ya indi bilmirəm necə, onu həll eləyin. Mənim üçün fərqi yoxdur. Mərkəzdə hər şöbə öz profilinə uyğun hərraclar keçirir. Kiçik dövlət müəssisələri, onların torpaqları və nəqliyyat vasitələri bizim sektordan keçir. Təşkilatçılığı biz edirik, amma prosesin özünə 5 nəfərdən ibarət komissiya üzvləri baxır".  

Qulu Xəlilov: "Heç kim hərracı bağlamır"

Dediyi kimi də elədim. ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla danışdım, Qulu müəllimlə də aramızda aşağıdakı məzmunda dialoq oldu: 

- Qulu müəllim, "Cənub" mehmanxanasının torpağının satışı üzrə hərrac keçirilib. Alıcının adını açıqlaya bilərsiz?

- Hərrac barədə məlumat qanunvericiliyə uyğun "Mülkiyyət" qəzetində dərc olunacaq.

- Artıq dərc olunub, ancaq alanın kimliyi yazılmayıb. Hərracda sadəcə 1 nəfərin iştirak etdiyi bəllidir. Buna görə də müəssisənin minoritar səhmdarları nəticəni şübhə altına alırlar. Hesab edirlər ki, alternativsiz hərrac legitim sayılmamalıdır. 

- Biz hərracı bəyan eləmişik və açıq şəkildə də keçirilib. İstənilən şəxs müraciət edib iştirak hüququ qazana bilər, sifarişlər elektron qaydada da qəbul olunur.

- Deyirsiz ki, sifarişlər elektron qaydada da qəbul olunur. Amma demək ki, adi qaydada da sifariş qəbul edilir. Səhmdar Vəzir Rəcəbov 3-4 gün ərzində çox çalışdı, onu Hərracların təşkili üzrə Auksion Mərkəzindən komitəyə göndərdilər, komitədən də geriyə Auksion Mərkəzə. 2 təşkilat arasında qalmışdı və atdığı addımlar barədə də qəzetimizi məlumatlandırırdı. Sifarişi ondan götürən biri tapılmadı. 

- Vallah,mən bilmirəm o nə deyib. Mən yenə sizə bəyan edirəm ki, Əmlak Komitəsinin keçirdiyi hərraclar açıq və şəffafdır. Və hərraclarda elektron xidmətlər də tətbiq olunur, sifarişlər qəbul edilir.   

- Bəs səhmdar o şəffaf hərraca niyə düşə bilmədi, iştirak etmək imkanı ona yaradılmadı?

- Bilmirəm, istənilən adam hərraca düşə bilər, ya adi qaydada, ya da elektron formada. Bunun üçün 
vətəndaşlara hər şəraiti yaratmışıq. Mən inanmıram, necə olur bizim hərraclara hamı düşə bilir, bir o düşə bilmədi? 

- Qulu müəllim, onda mən də sizə qarşılıqlı bir sual verim, necə olur müəssisələrin torpaq sahələrinin satışında ancaq 1 nəfər iştirak edir, alternativsiz?

- Vətəndaşlar iştirak edir, qalib 1 nəfər olur.

- Aydındır ki, sonda qalib 1 olacaq. Amma problem budur ki, iştirakçı sayı da elə 1 olur, çünki qiymət də dəyişmir, start qiymətə satılır. Bunu elə hərracı müşahidə etmədən nəticələrə baxmaqla da başa düşmək olur.  

- Yenə deyirəm, hərraclar açıqdır, istənilən vətəndaş iştirak edə bilər. 

- O halda xahiş edirəm gəlin faktla danışaq. Siz mənə fakt göstərə bilərsinizmi ki, torpağı satışa çıxarılan konkret müəssisədə 2 və ya ondan artıq adam iştirak edib? 

- Mən əzbərdən bilmirəm axı. Həm də kimsə iştirak eləmirsə, burada nə Komitənin günahı var, nə də Auksion Mərkəzinin, açıq hərracdır, kim istəyir gəlib iştirak etsin. 

- Mən iştirak edə bilərəmmi?

- Vətəndaş kimi iştirak edə bilərsiz, gedib behini ödəyib sonra gəlib iştirak edirsiz. 

- Bəs deyirlər sonra behi geri almaqda problem yaradılır. 

- Müəyyən prosedurlar var, onlar da qanunvericiliklə həyata keçirilir. 

- Səhmdarlar iştirak etməsələr də, həmin hərracları müşahidə də edə bilərlərmi?

- Vətəndaşdır, gəlib otursun, jurnalist də müşahidə edə bilər. Heç kim hərracı bağlamır, komitənin də məqsədi fəaliyyətdə şəffaflığın təmin olunmasıdır. Əsas vəzifə borcumuz budur. Mətbuat iştirak etmək istəyir, buyurub gəlib iştirak edin. 

Səhmdar V.Rəcəbov bu qənaətdədir ki, hərracın rəqibsiz keçirilməsi onun legitimliyini şübhəyə alır: "Rəqabətsiz hərrac olmur. İkinci bir adam iştirak etsəydi, qiymət qalxardı. Mən iştirak edib alacaqdım, son qiymət nə qədərdisə biz səhmdarlar toplayıb verəcəkdik. O da alınmadı. Torpaqları ucuz qiymətə 3-5 adama bağışlayırlar". 

Bir qrup səhmdar "Cənub" ASC-nin yığıncaq protokolunun ləğvi ilə bağlı məhkəməyə müraciət 
etməyə hazırlaşır. Onlar hesab edirlər ki, yığıncaqdan sonra protokolun məzmunu dəyişdirilib, iclasda səslənməyən fikirlər sənədə salınaraq imzalanıb. Dediklərinə görə protokol ləğv olunsa, hərracın nəticələri də ləğv olunmalıdır. (bizimyol.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar