Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oxucular yazıçılarımıza nə yazır?


Kulis.az müxtəlif nəsilləri təmsil edən yazıçılar arasında yazıçı-oxucu münasibətləri ilə bağlı sorğu keçirib: oxucuların yazdıqlarınıza reaksiyası necə olur, oxucu məktubları alırsınızmı?


PİA.AZ cavabları təqdim edir...
 
Əkrəm Əylisli: “Bir vaxt şəhərdə hamıya lazım olan şeylərin - telefonun, televizorun, soyuducunun arasında belə bir şey də var idi. Onun adı poçt qutusu idi. Sonra zaman elə gətirdi ki, həmin o poçt qutuları yoxa çıxdı. Bir gün işdən qayıdanda gördüm ki, bizim poçt qutusunu da çıxarıb aparıblar. Divarda boş yeri qalıb. Mənim Azərbaycan oxucusu ilə yazışmağım da elə o poçt qutusu ilə getdi.
 
İndi internet poçtum vasitəsilə xeyli adamla yazışıram. Bax bu yazışmalar o yazışmaların ləzzətini vermir.”
 
Seyran Səxavət:
 
“O zaman əlaqələr daha sıx idi, görüşlər keçirilirdi, çoxlu məktublar alırdıq. Ağıllı oxucular var idi. Bəzən adamı yazdığına görə az qala “divara dirəyirdilər”... Mənim bir əsərim var idi: “Qapıların o üzündə qalan dünya”. O çap olunandan sonra bir qızdan çox “isti” bir məktub almışdım. Sonda mənə yazmışdı ki: siz əgər mənim toyuma gəlsəniz mən dünyanın ən xoşbəxt gəlini olacam”. Məktubu həyat yoldaşıma göstərdim və qərara gəldik ki toya mütləq getməliyik. İki oğlumu da götürüb ailəliklə Qəbələnin Xırxtala kəndinə toya getdik...
 
Yəni, bu qədər ciddi və sıx yazıçı-oxucu münasibəti var idi. Bəziləri ilə hələ də qalıb əlaqələr.  Yeni nəsil oxucularla da əlaqələrimiz var təbii. Amma əvvəlki kimi deyil. Əvvəllər oxumaq kütləvi idi, indi isə ələnib, əsl oxucular qalıb. Necə ki, bir xanəndə oxuyanda görür ki, konsert salonunda onu bir nəfər duyur, daha ürəklə dinləyir. O da onun üçün oxuyur. Dinləyiciyə də, xanəndəyə də bu bəs edir. Bax, belə bir vəziyyət yaranıb. Amma mən indiki tələblərə uyğun olaraq sosial şəbəkələrdə filanda olmuram. Buna hövsələm və deyəsən istedadım da çatmır. Ədəbiyyat saytlarına baxıb çıxıram.”
 
Nəriman Əbdülrəhmanlı:
 
“Arxivimdə yüzdən artıq oxucu məktubu var.  Amma təəssüf ki, hamısını 90-cı illərin əvvəllərinədək almışam. Onda ünsiyyət vasitələri – internet, sosial şəbəkələr, mobil telefonlar... bu qədər yayılmamışdı, adamlar fikirlərini bölüşmək, sevgilərini, nifrətlərini bildirmək üçün kağız qələmə əl atırdılar.
 
Onda elə bil duyğuların ömrü də uzun olurdu - ən azı məktubun ünvana yetişəcəyi, cavabın sənə çatacağı qədər idi.
Onda ən kəskin oxucu məktublarını belə sevgi məktubu kimi alırdıq. Belə olmasaydı, o yazılanları indiyəcən qoruyub saxlamazdım. Qəribə də olsa, ilk oxucu məktublarını publisistik yazılarıma görə almışam. Sonra bədii yazılarıma, ssenarilərim üzrə çəkilən filmlərə məktubla münasibət bildiriblər. Əlbəttə, yazılanlar təkcə tərifdən ibarət olmayıb, iradlarını da yazıblar, məsləhət də veriblər. Aralarında elə oxucular olub ki, yazdıqlarımın məhz onların başına gəldiklərini iddia eləyiblər. O məktubların yaratdığı ovqat izaholunmazdı, nəsə, elə bil, ayrı – tanış, məhrəm, başgicəlləndirici qoxuları vardı, uzun müddət təsirindən çıxmaq olmurdu. Yazılarımın sayıyla birgə mənə fikirlərini çatdıranlar çoxalsa da, axır az qala 20 ildə o cür məktublar almıram.
 
İndi telefon nömrəmi tapıb zəng vururlar, düşündüklərini e-mail adresimə göndərirlər, uzaqbaşı sosial şəbəkədə inboxuma yazırlar – amma ən yaxşı fikirlər belə o duyğuları qaytara bilmir.
 
İndi aldığım elektron məktublarda doğmalıq, məhrəmlik, sevgi, ya da izah eləyə bilmədiyim başqa bir şey çatışmır. Görünür, elektron əsrində bir çox dəyərlərimizlə yanaşı məktublaşma mədəniyyətimizi də qeyd etdik. Bəlkə də buna görədi ki, Dostoyevskinin, Kafkanın, T.Vulfun... məktublaşmalarını oxuyanda izaholunmaz ağrı hissi keçirirəm.  Bir daha o cür məktublar ala bilməyəcəyimi dərk elədiyimdəndimi, nədi, o köhnə oxucu məktublarını göz bəbəyi kimi qoruyuram...”
 
Murad Köhnəqala: “Mənim ilk oxucum böyük qardaşım olub. Uşaqlıqda yazıb gizlətdiyim şeirlərimi tapıb ucadan oxuyar, məni lağa qoyardı. Lakin zaman keçdikcə yazdıqlarımı ciddiyə aldı. Özü tarix müəllimi idi, heyrətamiz yaddaşı vardı. Yanında bir dəfə deyilən şeiri əzbərində saxlaya bilirdi. Sonralar tədricən mənim şeirlərimi də məclislərdə deyəsi oldu. Orta məktəbi bitirib Bakıya gələndə sevimli şairimiz Məmməd İsmayılın rəhbərlik etdiyi poeziya məclisində şeirlər oxudum və ordaca pərəstişkarlarım yarandı. Yalan olmasın, o zamanlar mənimlə oturub söhbət eləməyə can atanlar çox idi. Sonralar Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə qəbul oldum. Tətildə Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyan bacımın tələbə yoldaşları, başqa-başqa poeziya həvəskarları ilə görüşüb dostluq edər, şeir məclisləri qurardıq. İnstitutu bitirdikdən sonra qayıdıb Rusiyanın müxtəlif şəhərlərində yaşadım. Oradakı azərbaycanlılar mənə "şair" deyə müraciət eləyər, hörmətimi saxlayardılar.
 
Bakıya dönən kimi təzədən çayxana-meyxanalarda pərəstişkarlarımla əhatələnərdim. Sonradan qəzetlərdə çap elətdiyim yazılarıma görə zəng edib mənimlə görüşmək istəyənlərin sayı da az olmurdu. Hətta bir kommersant tanışım dostluğumuzu dərinləşdirərək on ilə yaxın müddətdə mənə maaş səviyyəsində maddi yardım elədi. Bir müddət keçdikdən sonra Azad Yazarlar Ocağını təsis elədik. Təşkilata gələn, başımıza yığılan gənclərin mənə əfsanəvi bir adam kimi baxdıqlarını hiss edirdim. "Azadlıq", "Yeni Müsavat", "Ədalət", "Proloq" qəzetlərində və "Alatoran" jurnalında çap olunan yazılarımıza görə yeni-yeni oxucu və dost qazanırdıq. Nəhayət, Feyzbuk məkanı ortaya çıxdı, istədiyin adamla inboksda gizli yazışmalar yarandı.
 
Bu məkanda dostlaşdığım, dalaşdığım, hətta söyüşdüyüm adamlar da oldu. Bir yazar kimi dünyanın hər tərəfində yaşayan soydaşlarımdan oxucu məktubu almaq imkanım yarandı. Dostluğumda olan çoxlu sayda istifadəçi Bakının müxtəlif yerindən və rayonlardan gəlib mənimlə şəxsən görüşdülər. Beləcə, estetika birliyində olan virtual dostluğumuzu real dostluğa çevirdik.
Hələ ki, beləcə davam edir...”
 
Seymur Baycan: “İndi ümumiyyətlə çox az adamla görüşürəm. Həmçinin oxucularla. Əvvəllər enerjili idim. Danışırdım. Mübahisə edirdim, izah edirdim. İndi yorulmuşam. Enerji azalıb. İstəyirəm söhbət etdiyim adam nə dediyimi anlasın. Təzədən hər şeyi danışmağa həvəs yoxdu. Təzə adamlarla görüşəndə ortaya çoxlu suallar çıxır və sən gərək bu suallara cavab verəsən.
 
Belə də ki, oxucuların çoxu görüşdən sonra haqqımda mənfi fikirdə olur. Mən onlara dayaz görünürəm. Onlar çox vaxt bir görüşdə bütün suallara cavab axtarırlar. Həmçinin cavabı olmayan suallara. Mən isə suallardan qaçıram. Son vaxtlar zərurət yaranmadıqca azərbaycanlılarla ünsiyyətə girmirəm. Onlardan mənfi enerji gəlir. Çox vaxt iaşə obyektlərində ünsiyyət olur. Orda da mən müştəriyəm. Bir də ki, tanıdığım yerlərə gedirəm. Orda da kim olduğumu bilirlər. Azdan-çoxdan tanıyırlar. Oxucularım fərqli təbəqələrə mənsubdurlar. Mən də fərqli mövzularda yazıram. Ona görə də bir yazı bir təbəqəyə zəif, başqa təbəqəyə isə güclü təsir bağışlayır. Bu cür münasibətlərə artıq öyrəşmişəm.
 
Facebookdan da ona görə uzaqlaşdım ki, özünü ifadə edə bilməyən adamların kinini görmək istəmədim. Çalışıram onlardan uzaq durum. Çünki onların mənfi enerjisi adamı tamam söndürər. Kim öyrənir, özü üçün öyrənir. Kim boş-boşuna vaxtını keçirir, öz vaxtını, sərvətini boş yerə xərcləyir. Ağlı olan kəs bunu anlamalıdı. Mən yazımı yazıb qonorarımı alıram”.
 
Şəhriyar Del Gerani: “Oxucularla görüş istənilən halda maraqlıdı. Ciddi sözümdü. Günlərin bir günü "İntihar hörüyü"nə görə məni təkidlə görüşə çağırırdılar. Yəni, görüş təxminən debat janrında baş tutacaqdı. Razılaşdım. BDU, BSU, ADPİU və ATU-nun tələbələrindən ibarət bir oxucu klubu vardı, bilmirəm indi də fəaliyyətdədirlər ya yox. Nə isə. Getdim gənc dostlarla görüşə. Əvvəlcə utana-utana danışdılar. Bir balaca səmimiyyət göstərəndən sonra başladılar məni danlamağa. O ki var danladılar. Bir xeyli məsdər dərsi, bağlayıcı dərsi keçdilər. Görüş sona çatanda dedim sizə təklifim var. Dedilər buyurun. Dedim "indi də gəlin gedəyin dənizə, bir az da balıqlara üzmək öyrədək". Elliycə razılaşdılar. Getdik.
 
Amma, ən gözəl məktubları şeirlərimə görə alıram. Mütəmadi olaraq "gələn" qutusuna baxıram. Bacardıqca da cavabsız qoymuram. Bir cümləlik də olsa "Var olun diqqət üçün" yazıram.
 
Bir xanım var. Avtomobil qəzasında atasını, anasını və iki qardaşını itirib. Özü də bir gündə, bir qəzada. Dəhşətli haldı. Həmin xanımın mesajlarını qədimi kağız namələri oxuyurmuş kimi oxuyuram. Elə bilirəm poçtalyon gətirir hər dəfə. Yazır ki, "məni ovunduracaq heç nə qalmayıb. Təkcə sizin şeirlərinizlə ovunuram. Hər gün dua kimi təkrarlayıram" və s.  Düzü, son zamanlar elə bilirəm bütün şeirlərimi bircə onun üçün yazıram. Bir də var təntənəli məktublar. Məsələn: "sizin şeirlər sağlamlığa zərərlidi" "şeirlərinizi oxuyub depressiyaya düşürəm" filan. Belə oxucularla bir az danışandan sonra məlum olur ki, sən demə bunun sevdiyi iki şair - biri Nüsrət Kəsəmənli, biri də mən. Qətiyyən başa düşmürəm. Necə ola bilər ki həm Nüsrətin şeirlərini sevəsən, həm də mənim. Normal təfəkkürlə bu mümkün deyil. Belələrinin səmimiyyətinə, bədii zövqünə inanmıram.
 
Ümumiyyətlə isə bizdə şeir oxucuları nəsr oxucularına nisbətən daha kübar, daha diqqətlidirlər. O ki qaldı əsərdə hansısa nüansın təhlilinə, mən oxucudan bunu gözləmirəm. Təhlil üçün tənqidçilər, ədəbiyyatşünaslar var. Buyursunlar tənqid-təhlil aparsınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar