Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öz toyuna pul yazdıran millət


Deyilənə görə, paytaxtın mərkəzini azərbaycanlılar üçün təzədən açıq elan ediblər, təbriklər


Uca millət, sevgili xalq, sevin. Belə günlər ələ düşməz. Bir də gələn il yayda oranı bağlayıb maşın ötüşdürəcəklər. Hökumətin dediyinə görə, tam 5 il belə olacaqmış. 

Guya Formula-1-in daha 5 il Bakıda olmasına razılaşmasaq, ölkə 100 milyon dollar cərimə edilərmiş. Gənclər və idman naziri belə deyibmiş. Ta bu yarışı niyə xalqın əvəzindən razılaşıb xalqın belinə şəlləyiblər, bunu soruşan yoxdur. Əslində xalq da Dərbənddən bazarlıq eləməyə gedib, heç xəbəri yoxdur onun əvəzindən hansı öhdəliklərə girirlər, hansı hoqqalardan çıxırlar. Əsas odur milli dəyərlərimizə sadiqik. Bəs necə, qədimdə yeddi gün yeddi gecə toy eləyərdik, indi də qoy beş il, beş yay Formula-1 qayıraq. 

Toy demişkən, bütün hallarda bu oyunun keçirilmə forması mənə çatmadı. Əsas da yarışın hündür divarlara bürünüb xalqdan gizlədilməsi. Kimlərsə bilet alıb baxıblar. Əcəb ediblər, ancaq xalq niyə öz dövlət büdcəsinin, öz pulunun hesabına qayırılan yarışa oğrun, pəncəsi üstdə uzanaraq, ağaca-zada çıxaraq baxmalıdır? Bunun məntiqini kim izah edə bilər? Əgər yarışın pulunu, sponsorluğunu hansısa özəl şirkət eləsə, başa düşərdik bilet satıb pul qazanmalıdır. İndiki halda isə yarış dövlət büdcəsi hesabınadır. Elə bil özünə toy edirsən, ancaq həmin toya baxmaq üçün şadlıq sarayına girəndə bilet də almalısan, masaların xərcindən əlavə. 

Oyuncaq maşınlar təyyarə sürətiylə şütüyən şəhərdə millətin əlil arabasını gömrükdən keçirmək problemi varmış. Tural Əlisoy adlı vətəndaşımızın başına gələn milli faciəmizin simvoludur. Hökumət fiziki problemləri olanlara onsuz diqqət göstərmir, hərə başına çarəni özü qılır. Tural bəy də dostlarının köməyi ilə xaricdən bir elektron əlil arabası alıb. Araba gəlib gömrüyə çatanda bunun Azərbaycana girməsi üçün... 4 min manat gömrük rüsumu istəyiblər! Qanunla beləymiş. Təsəvvür edin, nə abırsız ərazidə yaşayırıq: əlilə dövlət qayğısı sıfırdır, əlil özü xaricdən araba tapıb gətirəndə də rüsum alırıq. Əgər bizdə belə qanunlar varsa heç sözüm yoxdur, sadəcə, deputatxanada sosial qanunlar qayırılmasına məsul Hadı və Bıdı müəllimlərə belə arabaya möhtac qalmağı arzu edirəm. İlahi, amin. Uzaqdan, yaxından bu yazını oxuyanlar, bir salavat zikr edin. 

Bizim dövlətçilik siyasətində belə hətərən-pətərən mövzular hədsiz çoxdur. Misal üçün, iyunun 15-də Moskvada MDB üzvü ölkələrin müdafiə nazirləri toplanmışdı. Ora ruslar bizim Zakir müəllimi də erməni həmkarıyla birgə dəvət eləmişdilər. Başqa yol da yoxdur, biz hamımız bu mənasız MDB-nin üzvüyük. Ancaq mənə gülməli gələn budəfəki tema idi, çünki MDB üzvü olan ölkələrin... hərbi-kosmik müdafiəsinin vahid konsepsiyası müzakirə edilmişdir. Ermənistan Rusiyanın yaxından köməyi ilə Azərbaycan torpağını işğal altında saxlayır, indi isə Rusiya bizə kosmosdan gələcək təhlükələrdən müdafiə təklif edir. Sən də müdafiə nazirini göndərirsən, dövlət başçısının özünün etiraf elədiyi kimi, “iyirmi ildir davam edən mənasız danışıqların” növbəti raunduna qulaq asırsan. Bəlkə marsiançiklər Qarabağa hücum edəcəkdir, ərazi bütövlüyümüz təhlükə altına düşəcəkdir, nə biləsən? Yaxşı konsepsiyadır, mütləq qoşulmalıyıq. 

Düzü, bizim özümüzün də göydə nəsə bir peykimiz olmalıydı, onun imkanlarından MDB hərbi-kosmik müdafiə konsepsiyası üçün yararlanmaq lazımdır. Əgər hansısa nazir o peyki çırpışdırıb satmayıbsa, çünki çoxdandır peykə təzə mahnılar qoşulmur, aşıqlar oxumur, bir qəpiklik xeyrini də görmürük. Bəlkə peykin marşrutunu da buluda-zada bürüyüblər ki, xalq onu görməsin? Ən uzun bayraq dirəyimizin başına qalxanda peyki görmək olurmuş - bunu indicə etibarlı qaynaqdan öyrəndim. 

Azərbaycanı dünyada tanıdırıq, bir qədər özümüz də tanıyaq.

Zamin HACI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar