Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Psixopat liderlərin reytinq cədvəli

“The Guardian” yazır ki, Meksika prezidenti Enrique Peña Nietonun hüquq sahəsində müdafiə etdiyi dissertasiyanın əksərən plagiat olduğu aşkar edilib


Məqalədə deyilir ki, Meksika mediasındakı bir sıra xəbərlərə görə prezidentin dissertasiyası bir qrup alim tərəfindən “oğurluq” kimi pislənib.

Xəbər verilir ki, elmi işin 29 faizini başqa işlərdən götürülmüş parçalar təşkil edir.

20 fəsil, sözbəsöz

Pena Nieto-nun “Meksika prezidentliyi və Alvaro Obregon” adlı dissertasiyası 1991-ci ildə Panamerican Universitetinə təqdim edilib

“The Guardian” Meksika mediasına istinadən yazır ki, dissertasiyadakı 20 fəsil heç bir istinad edilmədən keçmiş Meksika prezidenti Migel de la Madridin kitabından sözbəsöz köçürülüb.

Prezident Peña Nieto-nun sözçüsü bu tənqidləri dəf edərək bildirib ki, dövlət başçısı özünün hüquq elmi üzrə dərəcəsini qanuni alıb və 25 il əvvəl yazılmış dissertasiyada “üslub səhvləri” axtarmağa ehtiyac yoxdur.

“The Guardian” yazır ki, Peña Nieto bazar ertəsi Toluka şəhərində, vaxtilə özünün təhsil aldığı ibtidai məktəbin şagirdləri qarşısında dərs ilinin başlanması münasibətilə etdiyi çıxışında “plagiat” iddialarının üstündən sükutla keçib.

“Meksika prezidentliyi və Alvaro Obregon” adlı dissertasiya 1991-ci ildə Panamerican Universitetinə təqdim edilib.

Qırsaqqız jurnalist

Bu xəbəri yayan internet saytının sahibi jurnalist Karmen Aristegui 2014-cü ildə birinci ledinin dövlət büdcəsi hesabına ev almasından da yazmışdı.

“The Guardian” yazır ki, həmin məqalədən sonra başlanmış qalmaqalın nəticəsi olaraq birinci ledi evdən imtina etmişdi.

Məqalədə deyilir ki, bu qalmaqal jurnalistə də baha oturmuş və o, təhqiqatçı komandası ilə birgə çalışdığı radiostansiyadan qovulmuşdu.

Meksikanın “Reforma” qəzetinin verdiyi məlumata görə hazırkı prezidentin populyarlıq reytinqi 23 faizdir.

“The Guardian” yazır ki, bu, Meksika prezidentinin bilik məsələsində çətinə düşdüyü ilk hal deyil. O, 2011-ci ildə prezidentliyə namizədlik kampaniyası apararkən oxuduğu üç kitabın adını yadına sala bilməmiş, canını İncillə qurtarmışdı.

Meksika prezidenti tək deyil

“The Guardian” yazır ki, Meksika prezidenti plagiatda ittiham edilən yeganə dövlət başçısı deyil.

2006-cı ildə Brookings İnstitutunun bir araşdırmaçısı müəyyən etmişdi ki, Vladimir Putin özünün diplom işinə iki Amerika professorunun kitablarından bəzi hissələri köçürüb.

2012-ci ildə Macarıstan prezidenti Pal Şmit doktorluq dissertasiyasının oğurluq olduğu üzə çıxandan sonra istefa verməyə məcbur olmuşdu.

Bu ilin əvvəllərindıə Almaniyanın müdafiə naziri Ursula von der Leyenin doktorluq dissertasiyasında plagiat hissələri aşkar ediləndən sonra, oxuduğu universitet hər halda onun doktorluğunu əlindən almamaq qərarına gəlmişdi.

Ötən ay potensial birinci ledi Melania Trampın Respublikaçı Partiyanın qurultayındakı nitqində hazırkı birinci ledi Mişel Obamanın çıxışından hissələr aşkar olunmuşdu.

Tramp “psixopatlıqda” Hitleri keçibmiş

“The Telegraph” isə cənab Trampın özündən bəhs edib. Qəzetin elmi redaktoru Sarah Knapton yazır ki, Oksford Universitetindən bir araşdırmaçı ABŞ prezidentliyinə namizəd Donald Trump-da psixopatiya əlamətlərinin Adolf Hitlerdəkindən daha çox olduğunu müəyyən edib.

Bu araşdrıma digər namizəd – demokrat Hillari Klintonu psixopatlıqda Napoleon və Roma imperatoru Neronun arasında yerləşdirib.

Psixoloq doktor Kevin Dutton bu məqsədlə sadə psixometrik alətdən – Psixopatik Şəxsiyyət Təsnifatı Testindən istifadə edib.

“The Telegraph” yazır ki, bu testdən, əlbəttə cənab Trampın özü keçməyib, lakin siyasi fiqurlar üzrə ixtisaslaşan ekspertlərin rəylərindən istifadə olunub.

Bu testin nəticəsi olaraq Hitler 169 xal “yığıbsa”, cənab Trampın göstəricisi 171-dən bir qədər yüksək olub.

Bu reytinqdə Margaret Tetçerin göstəricisi 136, İngiltərə kraliçası 1-ci Elizabetin göstəricisi isə 130 olaraq müəyyənləşib.

Yaxşı padşah, pis padşah

Məqalədə deyilir ki, psixopat əlamətlərinə ümumən mənfi baxılsa da, əslində bu əlamətlər az və ya çox dərəcədə bütün liderlərdə olur.

Məsələn, sözü gedən reytinqdə İsa peyğəmbər və müqəddəs Pavel 157 balla qiymətləndiriliblər.

Araşdırmanın rəhbəri Kevin Dutton deyib ki, sözü gedən test kiminsə psixopat və ya dəli olduğunu müəyyənləşdirmir. Burada söhbət sadəcə olaraq əlamətlərdən gedir.

Əslində araşdırma zamanı psixopatlığın səkkiz əlaməti üzrə qiymətləndirmə aparılıb.
Bunlardan “qorxusuzluq” kimi bəziləri hətta müsbət xüsusiyyətlər də sayıla bilər.

Lakin gələcəyi düşünməmək xüsusiyyəti, əlbəttə ki, yaxşı əlamət sayılmır və yaxud da soyuqqanlılıq həm yaxşı, həm də pis liderlərə xas ola bilər.

Buna görə də həm yaxşı, həm də pis “padşahlar” bu testdən alınan reytinqdə adi insanlarla müqayisədə daha yüksək göstəricilərə malik olurlar.

Yaxşı soyuqqanlılıq, pis soyuqqanlılıq

Bu təcrübə zamanı siyasi ekspertlər psixopatik kataloqun 56 sualını cavablandırıblar.
Bunların arasında qorxusuzluq, soyuqqanlılıq, xudbinlik, qəddarlıq, xarizma, yalançılıq və daşürəklik kimi əlamətlər var.

Məsələn, cənab Tramp, Hitleri ictimai təsir gücü və qorxusuzluq kimi faktorlarda geridə buraxıb, lakin Hitler xudbinlik və daşürəklik kimi əlamətlərdə üstünlük qazanıb.
Bu reytinq cədvəlində rəqibindən geri qalsa da, xanım Klinton Romanın zülmkar imperatoru Neronu “Makiavelli eqosentrizmi” kimi xüsuisiyyətlərdə kölgədə qoyub.

Maraqlıdır ki, Tramp özünün “qorxusuz dominantlıq” kimi xüsusiyyətinə görə bütün namizədlərdən yüksək göstəriciyə malik olub, bu isə uğurlu prezidentliyə faydalı olan xasiyyət sayılır.

Araşdırmanın nəticələrini əks etdirən məqalə Scientific American Mind jurnalında dərc edilib.

Araşdrıma reytinqində bir sıra başqa liderlərin də “dəlilik dərəcəsi” göstərilib:


VIII Henri (178)

İdi Amin (176)

Adolf Hitler (169)

Fateh Uillyam (165)

Müqəddəs Pavel (157)

İsa (157)

Uinston Çörçill (155)

Napoleon Bonapart (153)

İmperator Neron (151)

Oliver Cromvell (136)

Margaret Tetçer (136)

Corc Vaşinqton (132)

1-ci Elizabet (130)

Avraam Lincoln (123)

Mahatma Gandi (119).(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar