Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin ölüm eskadronu


Moskvadan sensasion təhlil


Rusiya paytaxtı bir mövzu ilə nəfəs alır: Boris Nemtsovun qətli. Sanki heç Donetsk və Luqansk yoxdur, Kiyevdə “benderlərin xuntası” mövcud deyil, iki qonşu ölkə arasında qaz təchizatı ətrafında toqquşma yaşanmır...

Ekspertlər, siyasətçilər və sadə vətəndaşlar KİV-lərdə, səs-küylü tok-şoularda və sosial şəbəkələrdə bu qəfil, xaincəsinə, necə deyərlər, “nümayişkaranə” qətlə dair ən müxtəlif, bəzən fantastik versiyaları müzakirə edirlər.

Elə dünya mətbuatında da bu cür qızğın reaksiya var. Nemtsovun qətli barədə xəbərlər okeanın hər iki tərəfində bütün mühüm nəşrlərin birinci səhifələrində yer alır. Və bu ehtimal və fərziyyələr seli qarşısında sağlam düşüncə zərrəciklərini ayırd etmək çox çətindir. Lakin mənə, Rusiya vətəndaşına cinayətin tozanağının nisbətən yatışdığı bu günlərdə nəsə ayrıd etməyə imkan verin.

Ölkənin öz yarıtmazlıqları ucbatından yaranan bütün problemlərinə görə Amerikanı günahlandıran Venesuala prezidenti Nikolas Maduro ruhunda “imperialistlərin sui-qəsdi” nəzəriyyəsi sayıqlamadır, heç diqqətə də layiq deyil.

Birləşmiş Ştatlar üçün idarəolunmaz, başıpozuq, sükanı olmayan, ancaq nüvə başlıqlarına malik Rusiya-nightmare ən dəhşətli yuxudur. Rusiyalı müxalifətçinin Kremlin divarı önündə Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri tərəfindən öldürüldüyünə dair casus trilleri çəkmək istəyən istənilən rejissora gülərdilər. Əlbəttə ki, onun çəkəcəyi film Koen qardaşlarının qara yumor ruhuna söykənən filmlərinə parodiya olmasaydı...

Barak Obama öz “strateji səbri” ilə öz xüsusi xidmət orqanlarına heç vaxt belə əmr verməzdi. Üstəlik bilməyənlərə də xatırlatmaq lazımdır ki, Mərkəzi Kəşfiyyat İdarəsinə hələ ötən əsrin 80-ci illərindən xaricdə istər hakimiyyət, istərsə də müxalifət liderlərini aradan götürmək qanunvericilik səviyyəsində qadağan olunub. Yalnız terrorçu qrupların liderləri istisnadır. İndi isə söhbət belələrindən getmir.

Gəlin baxaq görək bu haqda xüsusi xidmətlərin fəaliyyəti üzrə ixtisaslaşmış tanınmış rusiyalı ekspert, agentura.ru saytının qurucusu Andrey Soldatov bu haqda nə fikirləşir. O, aşağıdakı məqama diqqəti cəlb edir. Bir nömrəli problem qətlin törədildiyi körpüdür. Soldatovun fikrincə, məsələ müşahidə kameralarında deyil, məsələ ondadır ki, yolun bu hissəsində avtonəqliyyat vasitəsində, hətta piyada keçəndə diqqəti cəlb etməmək mümkün olmur.

Qətlin bu yerdə törədilməsi üçün ciddi loqistika hazırlığı lazımdır. Bu işdə iki-üç nəfərin, məsələn, qətlin icraçısının və qatilin hadisə yerindən qaçıb gizlənməsi üçün istifadə etdiyi avtomobilin sürücüsünün iştirakı kifayət deyil, bir neçə komanda lazımdır.

Axı eyni vaxtda bir neçə amili nəzərdən keçirmək lazımdır: Nemtsov və onun rəfiqəsi nə qədər iti yeriyir, maşınla necə hərəkət etmək lazımdır ki, lazım olan anda qatili götürəsən?! Bu isə o qədər də asan deyil, çünki nə körpünün üstündə, nə ona bitişik küçələrdə, nə də Moskva çayının sahili boyu maşını park edib dayanmaq mümkün deyil. Əks halda dərhal ətrafdakı çoxsaylı polis patrulunun diqqətini cəlb edərsən.

“Nemtsovu yeridiyi həmin yerdə, özü də nə gec, nə tez, yaxalaya bilmək üçün olduqca peşəkar komanda işləməlidir. Qatillər üçün cinayəti başqa yerdə, məsələn, Nemtsovun evinin girişində törətmək qat-qat asan olardı”- Soldatov deyir.

Ancaq əməliyyatı həyata keçirmək üçün ən qəliz yer seçilib - Kreml qülləsinin və Vasili Blajennıy kilsəsinin bir neçə yüz metrliyi. Belə demək olar ki, hətta Putinin kabinetinin pəncərəsinin qabağı.

Soldatov heyrətamiz nəticəyə gəlir: “Hətta QRU xüsusi təyinatlılarının sıradan hazırlıqları da bu qətli törətmək üçün kifayət etməzdi”.

Şəbəkə terroru

Bu sətirlərin müəllifi uzun illər Latın Amerikasında işləyib, “ölüm eskadronları” kimi tanınan yarımhərbi birləşmələrin fəaliyyətini kifayət qədər geniş öyrənib. Bu dəstələr Salvador, Qvatemala, Kolumbiya, Argentina, Venesuela kimi ölkələrdə çox fəal işləyirdilər, elə indi də fəaliyyətdədirlər. Onlar üçün ideal meydança həmişə diktator rejimlərinin idarə etdiyi ölkələr olub. Məsələn, Argentinada antikommunist alyasının tüğyan etdiyi vaxtlarda belə idi. Bu alyans demək olar ki, Şerlok Holmsun kitabındaki kimi AAA abbreviaturası ilə məşhurlaşmışdı.

“Ölüm eskadronları” güc strukturlarının istefada olan peşəkarlarından, xüsusi xidmət orqanlarının əməkdaşlarından və hərbçilərdən təşkil olunurdu. Onlara elə missiya həvalə edilirdi ki, nə qədər diktator da olsa, mövcud hakimiyyətin özü onu yerinə yetirmək imkanında deyildi. Məsələn, eskdaronların prioritet vəzifələri rejimə qarşı olan siyasi, ictimai və dini xadimlərin oğurlanması, işgəncələr verilməsi və qətlə yetirilməsi olurdu.

Latın Amerikanın etnik baxımdan ən yekcins və “təmiz” ölkəsi hesab olunan ölkəsi Argentinada “ölüm eskadronlarının” çiçəklənməsi 70-ci illərin birinci yarısına təsadüf edir. Bu, tarixə “iyrənc müharibə” kimi düşmüş dövr idi. Həmin illərdə ölkədə 30 mindən çox adam qətlə yetirildi və ya oğurlandı.

Bununla belə ölüm eskadronları heç də həmişə diktatorların iradəsinin sözəbaxan icraçıları olmurdular. Bəzən onlar nəzarətdən çıxırdılar, idarəolunmaz olur və rejimlərin özünə də təhlükə yaratmağa başlayırdılar.

Məsələn, Kolumbiyada belə olmuşdu. Orada hökumətlə solçu üsyançılar arasında partizan müharibəsinin davam etdiyi şəraitdə “Kolumbiyanın özünümüdafiə qüvvələri birliyi” fəaliyyətini davam etdirməkdədir.

Bu ölüm eskadronunun üzvlərinə hökumət nəinki amnistiya vəd edib, eyni zamanda onlara böyük torpaq sahələri ayırıb. Bu ərazilərdə bandanın başçıları çoxsaylı mühafizəçiləri ilə sərbəst yaşaya bilərdilər - bir şərtlə ki, insan haqlarının kobudcasına pozulması ilə müşayiət olunan döyüş əməliyyatları aparmasınlar.

Rusiya müstəqil KİV-lərinin məlumatlarına görə, 2000-ci illərin əvvəllərindən etibarən çeçen lideri Ramzan Kadırov da özünün antiterror kampaniyası çərçivəsində ölüm eskadronlarından istifadə etməyə başlayıb. İndi belə görünür ki, ölüm eskadronları Moskvaya da gəlib çatıb.

“Vımpel” qrupunun veteranı, FTX-nin ehtiyatda olan podpolkovniki Anatoli Yermolin hesab edir ki, Rusiyada ən yaxın vaxtlarda şəbəkələşmiş siyasi terror dalğası başlaya bilər. Burada “şəbəkə” sözü mühümdür - mərkəzdən idarə olunmayan mənasındadır.

Dünya terrorçuluğunun klassikasında bunun necə işlədiyi heç kimə sirr deyil - xüsusi xidmət orqanlarına da bəllidir: narazı radikal çevrələrdə seçilmiş düşmənə qarşı nifrət və isteriya formalaşdırılır, onunla mübarizə üçün amansızcasına məhvetmə metodu təklif edilir. Xüsusən də bu, təklifin ünvanlandığı fanatiklərin döyüş təcrübəsi olanda yaxşı işə yarayır.

Ağıllı adamlar Putinə xəbərdarlıq edirdilər: Ukraynanın cənub-şərqindəki müharibənin ağır əks-sədası Rusiyaya da gəlib çatacaq. Ancaq heç kim bunun belə tez baş verəcəyini təxmin etmirdi. “Donbasın özünümüdafiə dəstələri” ağır silahlarını təmas xəttindən geri çəkməyə macal tapmamış Moskvada atəş səsləri eşidildi.

Kim istisna edə bilər ki, bunu Donbas çöllərindən qayıdan “yaşıl adamcıqların”, “nəzakətli adamların” əli ilə etməyiblər? Onlara indi də Nemtsov və ya onun kimi “milli satqınları”, “beşinci kalonu” məhv etməyin vacibliyini deməyiblər? Rusiyada “lənətə gəlmiş amerikalılara”, “cındır” Avropaya, Kiyevdəki “jido-masonlara”  qarşı total isterika və nifrət şəraiti yeni şərtlərdə sinfi mübarizənin bu cür kristallaşması üçün əlverişli mühit yaradır.

“Biz heç kimdən qorxmuruq!”

Moskvada hamı bununla razıdır ki, qətlin yerinin seçilməsi cinayətin sifarişçisinin əsas şərtlərindən biridir. Nemtsovu öldürən kimdirsə, o, həmin yeri seçməklə bütün səsi ilə bəyan edir: “Biz heç kimdən qorxmuruq. Hər kəsə tüpürərik. Kremlə, Putinə, qanuna, ölkəyə belə. Əgər lazımdırsa, biz kimi istəsək, lap elə Kremlin Georgiyevsk zalında öldürərik. Lap elə İttifaq Evinin Sütunlu zalında. Və bizi heç kim dayandırmayacaq və tutmayacaq!”

Axı doğrudan da belədir və heç kim tutmayacaq. “Exo Moskva” radiostansiyası öz dinləyiciləri arasında sorğu keçirib: “Nemtsovun qatilləri tutulacaqmı?”

8 faiz cavab verib ki, “hə”. 89 faiz isə “yox” cavabı verib. Və pessimizm aydındır. Anna Politovskayanın, Qalina Staravoytovanın, Pol Xlebnikovun və digər bu kimi səs-küylü siyasi qətllərin illərdir davam edən araşdırması gözlənilən nəticələri verməyib. Guya bu cinayətləri törədən hansısa anlaqsız adamları tutdular, ancaq sifarişçilərin və qatilin motivlərini millət heç vaxt öyrənmədi.

Bəs bundan sonra nə gözləmək olar? Hər 100 səsindən 86-nın Putini dəstəklədiyi Rusiya cəmiyyəti nəhayət ayılcaqmı? Şübhəlidir.

“Bizdə çılğın, aqressiv və paradoksal olsa da eyni zamanda hər şeyə biganə cəmiyyət mövcuddur. Heç nə dəyişən deyil. O cümlədən dövlətdə “milli-satqın”, ölkədən heç yana getməyən, az qala ən sonuncu səmimi və heç nəyə laqeyd qala bilməyən siyasətçi olan Nemtsovun qətlinə aparıb çıxaran həmin atmosfer”- məşhur köşə yazarı Andrey Kolesnikov yazır.

Oxucu da məni bağışlasın, yenə Argentina ilə müqayisə etmək zərurəti yarandı. Ötən ilin dekabrında ölkənin federal prokuroru Alferdo Nisman mənzilində başından güllələnmiş vəziyyətdə tapıldı. Ertəsi gün o, respublikanın Milli Konqresində dövlətin birinci xanımını - prezident Kristina Kirşneri ifşa edən hesabatla çıxış etməli idi. Prokurorun topladığı dəlillərə görə, prezident 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin binasının partladılmasına əmr verən yüksək vəzifəli İran siyasətçilərini himayə edirdi.

Nismanın mənzilində prokurorun Kirşnerin həbsinə dair orderinin qaralaması tapıldı. Ancaq polis apardığı “araşdırma” nəticəsində bu qənaətə gəldi ki, prokuror intihar edibmiş.

Bu, Putinin siyasi düşmənlərinin Rusiyada və ondan xaricdə başlarına gələnləri xatırladırmı? Ola bilər. Lakin böyük fərq də var. Argentina paytaxtının küçələrinə prokurorun xatirəsinə həsr olunmuş matəm marşına 400 min adam çıxdı. Bu isə Boris Nemtsovun xatirəsini yad etmək üçün Moskva küçələrinə çıxanların sayından ən azı beş dəfə çoxdur. Argentinada adamlar leysan yağış altında yürüdülər, heç bir şüar səsləndirmədilər, hakimiyyəti lənətləmədilər, heç bir plakat qaldırmadılar.

Və Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına islamçı terrorçuların hücumundan sonra olduğu kimi argentinalıların əllərində sadəcə “Jesuis Nisman” yazılmış plakatlar var idi. Moskvada “Jesuis Boris” kim deyə bilər?

Yaxın keçmişdə diktator rejimlərinin ağuşundan xilas olan Argentinada güclü vətəndaş cəmiyyəti var, müstəqil məhkəmə var, güclü və müstəqil mətbuat var. Rusiyada nə bu, nə o biri, nə də üçüncüsü yoxdur. Rusiya tədricən, ancaq inamla, ən qorxulusu da budur ki, böyük şövqlə öz lənətlənmiş keçmişinə dönür. Boş yerə deyil ki, rəyi soruşulan rusiyalıların 60 faizdən çoxu Stalinin “ölkədə qayda yaratmaq” metodlarını alqışlayır. Və nə etməsindən asılı olmayaraq heç bir prokuror ölkənin prezidentini ittiham etmək gücündə deyil.

Sabiqlərə sadəcə hörmət etmirlər

Lakin Kristina Kirşnerlə Vladimir Putini birləşdirən ümumi cəhətlər də çoxdur. Təsadüfi deyildi ki, Rusiya prezidentinin ötən ilin iyulunda baş tutan Argentina səfəri zamanı onların bir-birindən çox xoşu gəlmişdi. O qədər çox ki, Putin Kristina üçün hətta akkordeonda da mahnı ifa etmiş, bu da ev sahibəsini məftun etmişdi.

“Keçmiş prezident olmaq bizim ölkəmizdə heç də çox yaxşı “iş” deyil. Keçmiş prezidentləri heç kim sevmir. Cinayət təqibi ittihamları onların hər birinin dalınca kölgə kimi “sürünür”. Kristinanın səlahiyyət müddəti bu il başa çatır. Bundan sonra o, öz immunitetini qoruyub saxlamaq üçün təcili şəkildə hansı yollasa deputat olmaq barədə düşünməyə məcburdur. Yoxsa Kristinanın sonu çatacaq” - deyə tanınmış argentinalı politoloq Serxio Berenştayn mənimlə söhbətində bildirirdi.

Kremldəki taxt-tacdan həm öz şəxsi təhlükəsizliyinə, həm də səhhətinə heç bir zərər dəymədən necə durub getmək məsələsi Vladimir Putini də narahat etməyə bilməz. Lakin Moskva Ukraynaya qarşı çox riskli bir kampaniya, ölkə daxilində isə ultra-patriotizm isterikası başlayandan sonra çıxış strategiyası (amerikalılar bunu “exitstrategy” adlandırır) imkanları həlledici dərəcədə məhdudlaşıb.

Putin indi nəinki təkcə siyasi elitanın cilovunu əlində bərk saxlamaq, həm də güc strukturları sıralarında radikal gizli fəaliyyətdə olan və elə özünün yaratdığı təhlükəli “div”i necə zərərsizləşdirmək barədə ciddi və dərindən düşünməyə məcburdur.



P.S. Bu sətirlər qələmə alınarkən Moskvada görkəmli müxalifətçi Vladimir Milovun bəyanatı yayıldı.

Həmin bəyanatda deyilir: “Ümumi mülahizələrlə (müxalif düşərgədə qorxu yaratmaq və əsas kommunikatoru aradan götürmək) yanaşı burada başqa bir amilin də rolu var. Onu mənə nüfuzlu bir adam danışıb. Nemtsov Qərbin sanksiyalarının lobbiləşdirilməsində, dəstəklənməsində çox vacib rol oynayırdı, qərbli liderlərlə və siyasətçilərlə bu mövzuda tez-tez danışırdı. Rusiyanın ali rəhbərliyində Nemtsovu sanksiyalara görə “şəxsən məsul şəxs” hesab edirdilər. Düşünürdülər ki, Nemtsov qərblilərə məhz hansı sanksiyaların (ilk növbədə kredit sanksiyasının) Rusiyaya daha güclü və ciddi təsir edə biləcəyinə dair tövsiyələr verib. Bu qisas hansısa mənada Litvinenko məsələsindəki vəziyyətə bənzəyir. Yəni Nemtsovu təkcə sadəcə bu və ya digər rolu oynayan siyasətçi yox, Kremldəkilərin fikrincə, Putin isteblişmentinin sanksiyalar ucbatından ağır vəziyyətə düşməsinin əsas günahkarı olan şəxs sayırdılar. Tamamilə real versiyadır...”(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar