Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ toplanan ianələrin hara sərf olunmasını niyə qeyri - şəffaf saxlayır? - Araşdırma


Hacı Salman Musayev: «Biz ianələrə nəzarət etmirik. Birdə mən başa düşmədim sən kimsən ki, müstəntiqsən, məndən hesabat soruşursan?»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Yaqut Əliyeva: «Nəzir  pulunun necə xərclənməsi Komitəninin kurasiyasında deyil  və Komitə bu işlərə qarışmır…»

Qafqaz Müsəlmanları İdarəsi sosial layihələrdə niyə iştirak etmir? Bəlkə Aşura günü qan verməklə QMİ üzərinə düşən vəzifələrini bitmiş hesab edir?

Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırılan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə   müzakirə mövzusu olsada hələ heç bir media qurumu məsələni çözə bilməyib. Rəsmi orqanlar isə bir mənalı olaraq bu məsələyə qarışmırlar və heç bir zaman hər ay məscid, kilsə, sineqoqlarda toplanan külli miqdarda ianələrin taleyi onları demək olar ki, heç maraqlandırmır. Ən azından toplanan ianələrin hara sərf olunması məsələlərində din xadimlərinin şəffaflıq yaratmaları onların Allah qarşısında bir vəzifələridir. Çox qəribədir ki, bu məsələdə ölkəmizdə fəaliyyət göstərən xristian məzhəblərinə aid olan kilsələr daha şəffaf davranırlar.

Uzun illər boyu bu məsələninin davamlı olaraq gündəmə gətirilməsinə baxmayaraq Qafqaz Müsəlmanları İdarəsi özünün «qara pərdə»sini «nəzir qutuları» üzərindən götürmür. Bu isə bir çox sualların yaranmasına yol açır. 

Nəzir qutularına yığılan vəsaitlər «beytülmal» hesab olunurmu?

Heç kimdə şübhə doğurmamalıdır ki, islam dini yer üzünə göndərilən ən humanitar və sosial ədalət üzərində formalaşan bir dindir. Bu məsələnin müzakirə olunması belə imkansızdır. Çünki icma bərabərliyi, paylaşmaq və «beytül-mal» anlayışı islam dininin əsasını təşkil edir. Bu da tarixi bir faktdır ki, Məhəmməd peyğəmbər «beytül-mal»a toplanan malların  müsəlmanlar arasında bərabər şəkildə paylanmasını Allah qarşısında əsas vəzifə olaraq görürdü və  islamın ilk dönəmlərində «beytül-mal»dan kiminsə nəyisə haqq etmədən götürməsi həmin şəxsin cəhənnəmə düşəcəyi kimi qəbul olunurdu. «Beytül-mal»dan oğurluq günahının kəffarəsi (əvəzini ödəmə) yoxdur və bu gündə belədir. Elə bu üzdən də ilk Rəşidi xəlifələr həzrəti Əbu Bəkr, həzrəti Ömər, həzrəti Əli bir qayda olaraq «beytülmal»ı özləri bölüşdürürdülər. Çünki başqa birinin kimlərinsə haqqını yeməsindən və buna görə onların axirətdə cavab verəcəklərindən qorxurdular. İslam aləminə ilk sosial narazılıq və sosial parçalanma da məhz həzrəti Osmanın xəlifəliyi zamanı «beytülmal»ın düzgün bölüşdürülməməsi üzərinə ortaya çıxmışdı.

Bəs günümüzdə demək olar ki, hər yerdə rastlaşdığımız  nəzir qutularına atılan ianələr və sədəqələr «beytülmal» hesab oluna bilərmi? Biz bu sualı bir neçə din xadiminə və həmçinin dinşünasa ünvanladıq. Onlar  bildirdilər ki, nəzir qutularına atılan ianələr və sədəqələr bir mənalı olaraq «beytülmal» hesab olunur. 

İslam dininə görə sədəqə və ianə verən şəxsin kimliyninin bilinməməsi xoş hal kimi görülür. Sədəqə verəninin savabını Allah verdiyi üçün tək Allahın bunu bilməsi yetərlidir. Amma yığılan sədəqə və ianələrin - «beytülmal»ın bərabər və şəffaf bir şəkildə paylaşdırılması islam dininin əsas qanunlarından biri hesab olunur və yuxarıda da qeyd edildiyi kimi «beytülmal» mala toxunmaq «kəffəarəsi» olmayan günah hesab olunur.

Rəsmi məlumatlara görə, ölkəmizdə təkcə  500-ə qədər  ziyarətgah var. Həmçinin ölkəmizdə mindən artıq məscid fəaliyyət gösətrir. Hər bir ziyarətgaha hər gün yüzlərlə ziyarətçi baş çəkir. Amma nəzir qutularına yığılan pulların və ziyarətgahlara edilən ehsanların miqdarı və hara sərf olunması barədə heç bir qurum  rəsmi açıqlama vermir. Yəni faktiki olaraq «beytülmal»ın hara sərf olunması haqqında heç kimin anlayışı yoxdur.

Dünya praktikasında bu məsələ necə həllini tapır?

İanə və sədəqə sistemi bütün dinlərdə əsas yerlərdən birini tutur. Təkcə onu demək kifayətdir ki, bu gün Avropanın və ABŞ-ın ən böyük humanitar beynəlxalq təşkilatları məhz verilən ianə və sədəqələrin hesabına fəaliyyət göstərirlər. 18-ci və 19-cu əsrdən başlayaraq Avropada bir çox sosial problemlər məhz yığılan ianə və sədəqələr hesabına öz həllini tapıb. Bir qayda olaraq kilsələrin ianələr toplaması ilə Avropada çoxlu sayda xəstəxanalar, məktəblər və universitetlər açılıb. İntihab dönəmindən sonrakı Avropanın formalaşmasında və inkişafında kilsələrin topladığı ianə və sədəqələr çox böyük rol oynayıb və demək olar ki, Avropada sosial təməyyüllü dövlətlərin yaranmasında bir mənalı olaraq kilsəninin sosial problemlərə ayırdığı diqqət əsas rol oynayıb. Və kilsə hər zaman yığılan vəsaitlərinin sərf olunmasında şəffaflığa çox diqqət yetirdiyinə görə Avropada sosial problemlərin həllində ciddi inkişafa imza atılıb. 

Amma onu da qeyd etmək lazımdır ki, bir çox məzhəblərə aid olan kilsələr yığdıqları ianələri həmçinin missioner fəaliyyətlərə də sərf edir ki, bir qayda olaraq bu fəaliyyətlər ölkə xaricində həyata keçirilir. Bu isə daha çox həmin məzhəbin öz təsir dairəsini genişləndirməyə xidmət edir. «Soros» fondu kimi bir çox fond və təşkilatlar isə birbaşa siyasi məqsəd daşıyır və xarici dövlətlərin daxili işlərinə birbaşa müdaxilə edirlər. 

20-ci əsrdən başlayraq islam dünyasında da ianə və ehsanlardan formalaşan böyük mesanat fondlar və təşkilatlar formalaşmağa və fəaliyyətlərini genişləndirməyə başlayıb. Hazırda Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, İranda, Türkiyədə və bir çox digər islam dövlətlərində kasıb əhalinin sosial problemləri ilə məşğul olan onlarla fond və təşkilatlar fəaliyyət göstərirlər. Həmçinin bu fond və təşkilatlar xarici ölkələr də fəaliyyət göstərir və daha çox bu fəaliyyət insanların sosial problemləri üzərindən öz məzhəblərinə daha çox insanın cəlb olunmasına yol açır. 

Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu tipli fondların Azərbaycana axını başladı. İstər xristian məzhəbləri, istərsə də müsəlman məzhəbləri yardım göstərmək adı altında ölkəmizə gələrək radikal dini cərəyanların yaranmasında əsas rol alıblar. Bu isə təbii ki, ölkəmizin mili təhlükəsizliyninin əsas problemlərindən birinə çevrilib. 2000-ci illərin başlanğıcından məhz mili təhlükəsizlik səbəbi ilə bu fond və təşkilatlar ölkəmizdə tədricən bağlansalar da, həmin fond və mesenat təşkilatlar hələ də qeyri rəsmi yollarla burdakı fəaliyyətlərini davam etlirirlər. Bu gün ölkəmizdə radikal dini cərəyanların sürətlə artması və Suriyaya, İraqa gedən könüllərin arasında azərbaycanlıların sürətlə artması bu təhlükəninin nə qədər böyük olmasından xəbər verir.

Bəs bu məsələ ətrafında Qafqaz Müsəlmanları İdarəsinin gördüyü işlər nədən ibarətdir?

Bir mənalı olaraq demək olar ki, heç bir şey. Son 20 ildə ya QMİ ehtiyacı olan insanlara yardım göstərmək adı altında  yabançı dini təşkilatların Azərbaycana ayaq açmasına ya yardımçı olub, ya da heç bir fəaliyyət göstərməyib. 

Onu da xatırladaq ki, bir müddət əvvəl müxtəlif mənbələr bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin xaricdən göndərilən yardımları mənimsəməsi haqqda mətbuata çoxlu sayda məlumatlar yolladılar. Həmin mənbələr özlərini anonim saxlasalarda, məlumatları yardımları yollayan təşkilatların bəzlərinin mətbuata ötürməsi barədə şübhələr var. 

Baxmayaraq ki, hörmətli şeyx şəffalıq üçün bu məsələrə də aydınlıq gətirməyə borcludur,  ancaq bizim mövzumuz üçün xaricdən yönləndirilən vəsaitlər önəmli deyil, məhz ölkə daxilində toplanan ianə və sədəqələrin hara sərf olunması önəmlidir.

QMİ öz resursları ilə ölkənin sosial problemlərinə yardımçı ola bilərmi?

Əlbəttə ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yığılan ianə və sədəqələrlə ölkəninin sosial platformasında ciddi dəyişikliklərə nail olmaq olar. Ancaq öncəliklə bunun üçün istək olmalıdır. Bir də təbii ki, toplanan vəsaitlərlə bağlı şəffaflıq olarsa…

Biz bu məsələlərə aydınlıq gətirmək üçün Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsəni icra edən Hacı Salman Musayevə müraciət etdik. Və sözün düzü telefonda eşitdiklərimiz bizi şok etdi. Çünki Hacı  Salman Musayev  suallarimıza o qədər aqressiv cavab  verdi ki, biz günah iş tutduğumuzu sandıq. 

Hacı  Salman Musayev: «Biz sizə hesabat vermirik»



Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini ilə olan dialoqumuzu oxucularımızın diqqətinə cəlb edirik. Öncəliklə qeyd edək ki, Hacı Salmanla telefon danışığının audio yazısı aparılıb və gərəkərsə həmin səs yazısını da təqdim edə bilərik.

Əməkdaşımız: Hacı salam. Nəzir qutularına yığılan vəsaitlərin hara sərf olunması ilə bağlı nə deyə bilərsiniz?

Hacı  Salman Musayev: Başa düşmədim. Bunun mətbuata nə dəxli var? Biz heç yerə hesabat vermirik.

Əməkdaşımız: Amma nəzir qutularına pul atan insanlar həmin vəsaitlərin ehtiyacı olan insanlara ünvanlanmsı üçün atır yəqin. Ona görə də bu məsələdə şəffaflıq olmalıdır.

Hacı  Salman Musayev: Biz heç kimə hesabat vermirik. Bu ilk dəfə deyil ki, necənci dəfədir ki, jurnalistlər mənə bu sualı ünvanlayırlar. (qışqırır). Təkrar təkrar bu məsələyə qayıdılır. Mən indi sizdən soruşuram, insanlar nəzir verəndə gəlib sizə  deyir ki, nəzir verirəm? 

Əməkdaşımız: Bu məsələlər fərqli məsələrdi. Nəzir verənin açıqlama verməsinə ehtiyac yoxdu. Amma vəsaitlərin sərf olunması şəffaf olmalıdı. Bu məsələ ilə bağlı hesabatlar, rəsmi açıqlamalar olmalıdı. Demək ki, şəffaflıq olmalıdı ki, əlavə suallar ortaya çıxmasın. 

Hacı  Salman Musayev: Biz sizə hesabat vermirik. (yenə qışqırır)

Əməkdaşımız: Amma hesabat  verilməlidir. Ən azından insanlar bilməlidir ki, onların verdikləri ianələr hara sərf olunur. Bütün dünyada bu məsələ ilə bağlı rəsmi olaraq hesabatlar  cəmiyyətə  təqdim olunur.

Hacı  Salman Musayev: Siz gedin onu məscidlərdən soruşun. Onlar yığır. 

Əməkdaşımız: Məscidlər Qafqaz müsəlmanları idarəsinə tabedir axı?

Hacı  Salman Musayev: Biz ianələrə nəzarət etmirik. Birdə mən başa düşmədim sən kimsən ki, müstüntiqsən, məndən hesabat soruşursan?

Əməkdaşımız: Mətbuat bütün sahələr üzrə ictiami nəzarəti həyata keçirir. Bütün dünyada da dini qurumlar - kilsələr sinaqoqlar, məscidlər, məbədlər  yığılan pulların hara xərcləndiyi barədə rəsmi hesabat verir. Üstəlik öz ölkələrinin sosial problemlərinə ciddi yardımlar həyata keçirir.

Hacı  Salman Musayev: Kim harda nece edirsə edir,  biz sizə hesabat verən deyilik! Qurtardıq! Belə söhbət  də olmamalıdır.  Siz bizim haqqımızda yalan məlumatlar yayırsınız!

Əməkdaşımız: Hansı yalan məlumat yayılıb ki? Nədir yalan olan?  Mən sizdən sadəcə rəsmi açıqlama istəyirəm, məlumat verim ictimaiyyətə ki, yığılan ianələr hara və necə sərf olunur. Əgər siz belə aqressiv şəkildə suala cavab verməkdən imtina edirsinizsə, demək  gizlədiləcək məqamlar var və bu sahədə vəziyyət  hec də yaxşı deyil. 

Hacı  Salman Musayev: Get elindən nə gəlir yaz! 

Əlavə şərhə ehtiyac varmı?

Hacı Fuad Nurullayev: «Bizim buxalteriyamız var»

Eyni sualla Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullayevə müraciət etdik. Hacı Fuad digər həmkarı Hacı Salmandan fərqli olaraq bizə qarşı çox təmkinli davrandı. O bildirdi ki, onların QMİ-nin mühasibat idarəmiz var. Xərclənən bütün vəsaitlər orda qeydiyyata alınır:



«Biz hesabat vermirik, hər şey gizli saxlanılır, amma bütün xərclər qeydiyyata alınır».

Bundan sonra isə Hacı Fuad konfransa qatılacağını bilrib mətbuat xidməti ilə əlaqə yaramağımızı bildirdi:

«Mətbuat xidmətində bütün hesabatlar var. Onlar bu barədə məlumat verməyə borcludurlar. Onlara müraciət edin».


Qeyd edək ki, daha əvvəl biz dəfələrlə QMİ-nin mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd etmişdik. Lakin qurumun elektron səhifəsində telefon nömrəsinə rast olmadıq. Buna baxmayaraq bildiyimiz nömrələrə zəng etdik. Nömrələr işləmirdi. Nəhayət ki, QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova ancaq ikinci gün mobil telefonunu açaraq suallarımızı dinlədi. Rəhimə xanım da eyni qaydada heç kimə hesabat vermədiklərini bildirdi. Ancaq israrımız qarşısında suallarımızı yazılı şəkildə yollamağımızı istədi. O ancaq bir gündən sonra cavab verə biləcəyini qeyd elədi. Sualları yazılı şəkildə Rəhimə xanmın ünvana yolladıq.  Bir sutka keçməsinə baxmayaraq biz Rəhimə xanımdan suallarımıza cavab ala bilmədik. 

Bizim üçün maraqlı olan başqa bir məsələ idi. Müraciət etdiyimiz QMİ-nin bütün nümayəndələri bizim sualımızı şəxsi inciklik səviyyəsində qarşılayırdılar. Sanki yığılan ianələrin hara sərf olunması hərbi ya da kəşfiyyat sirri idi. Onlar bizim suallarımızı özlərinə qarşı hansısa bir qərəz olaraq dəyərləndirdilər və bu da müsahiblərimizin səs tonundan aydınca hiss olunurdu. Hər halda QMİ nə Müdafiə Nazirliyi, nə də Təhlükəsizlik İdarəsi deyil və bu qurumun fəaliyyəti ilə maraqlanmaq dövlət sirrləri ilə maraqlanmaq anlamına gəlir.

Rəsmi mövqe...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Yaqut Əliyeva isə bildirdi ki, Komitənin işi yalnız ziyarətgahları və məscidləri dini icma kimi qeydiyyata almaqdır. Nəzir  pulunun necə xərclənməsi   isə Komitəninin kurasiyasında deyil  və Komitə bu işlərə qarışmır…



Yaqut xanımın cavabı da bizi heç cür qane etməsə də, xanım mətbuat katibi əlavə suallarımızı cavablandırmaq istəmədi. Qeyd edək ki, DQİDK-in yığılan ianələrin xərclənməsinə nəzarəti olmaması dövlətin bu sahədə buraxdığı ən böyük boşluq kimi dəyərləndirilməlidi. Çünki bütün dünyada və həmçinin qonşu Türkiyədə, Gürcüstanda, İranda və hətta Ermənistanda dövlətin bu sahə üzərində ciddi nəzarəti var. Tutaq ki, Türkiyədə bu nəzarəti Diyanət İşləri Başqanlığı həyata keçirir. Azərbaycanda isə bu sahəyə dövlət nəzarətinin olmaması həm də o deməkdir ki, dini icmalaırn və ziyarətgahların maliyyə resursları dövlət nəzarətindən kənardadır. Hazırda Suriyaİraqda baş verənləri və bu ölkələrdə terrorçu qruplaşmalara qoşulan azərbaycanlıların sayının çox olduğunu da nəzərə alarsaq, bu məsələ bir mili təhlükəsizlik məsələsi olaraq diqqətə alınmalıdır.

Ekspert rəyi…

İlahiyyatçı Elşad Miri  məsələ ilə bağlı açıqlamasında bildirdi ki, məsələylə bağlı Vergilər Nazirliyi məşğul  olmalıdır:



“Müəyyən edilmiş sistem olmadığına görə, hazırda bu məsələ ətrafında sistemsizlik hökm sürür  və bu da heç kimi qane etmir.  Mən hesab edirəm ki, bu məsələylə Vergilər Nazirliyi məşğul  olmalıdır.  Lakin onlarda ianə məsələsinə qarışa bilmirlər. Demək olar ki, küllü miqdarda vergidən yayınmalar müşahidə olunur.  

Digər ölkələrdə, məsələn ABŞ- da toplanan sədəqələrə Maliyyə Nazirliyi tərəfindən ciddi nəzarət olunur. Onların hesabat  blankları var  və ianə odəyənlərə mədaxil qəbzi verilir. Sistemli şəkildə yığılan pullar əvvəldən nəzərdə tutulan sosial sahələrə  yönləndirilir. Sonra da yönləndirilmiş vəsaitlərin düzgün xərclənməsinə nəzarət  olunur.  

Amma Azərbaycanda  belə bir sistem yoxdur, ona görə də belə bir şəffalıq anlayışı da yoxdur.  O ki, qaldı bu məsələnin mediaya  işıqlandırılmasına, təbii ki, media bunu nəzarətdə saxlamalıdır. Bütün qurumların mətbuata açıq olması vətəndaş cəmiyyətinin əsas atributudur. Xüsusən də dini qurumlar digərlərindən  daha   şəffaf  fəaliyyət   göstərməlidir.  Ona görə  ki, insanlar təbliğ etdikləri  düşüncəyə də inana bilsinlər. 

Şəffaflıq olmadığından insanlar da şübhələr  yaradır. Həmin qurumda  dövlətdən  maaş almırlar, amma hansı vəsaitlə hansı işləri gördükləri də məlum olmur. Ona görə də, bu nəticədə qapalı biznesin formalaşmasına gətirib çıxarır. Yas məclisləri, həcc biznesinə gətirib çıxarır. İslama aidiyyatı olmayan, amma islam adından alverə gətirib çıxarır”.
  
Yığılan vəsaitlərin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən böyük bir hissəsini mənimsəməsi məsələsinə  toxunan  ilahiyyatçı bildirdi ki, vəsaitin  həcmi yerlərə görə fərqlidir:

“Məsələn «Bibiheybət»  məscidində bir cür, Gəncənin «İmamzadə» ziyarətgahında fərqlidir və s. Təbii ki, hər bir halda dövlətin nəzarət mexanizmi olmalıdır və bütün vəsaitlərə nəzarət olunmalıdır. Həmin  mexanizm  əsasında da şəffaf çəkildə vəsaitlər xərclənməlidir”. 

Milli Məclisin deputatı  Fazil Mustafa isə hesab edir ki, bu məsələdə hər şeydən öncə ictimai nəzarət olmalıdır: 



«Çünki hər şeydən öncə ictimai nəzarətlə bağlı problemdir. İnsanlar verdiyi nəzirin təyinatı üzrə xərclənməsinə inanmırlarsa, buyurub verməsinlər. Çünki bu formada nəzir yığımının İslamla heç bir əlaqəsi yoxdur. Bütün hallarda müvafiq dövlət orqanları əgər şikayətlər varsa, bu istiqamətdə nəzarəti gücləndirməlidirlər».

Azərbaycandan fərqli  olaraq...

Öncə  dünya praktikasında  dini qurumların topladıqları vəsaitləri hara sərf etmələri barədə məlumat verək. Bir qayda olaraq dünya praktikasında dini qurumların topladıqları ianələrin böyük hissəsi daha çox səhiyyə və təhsilə yönləndirilir.

Rusiya Pravoslav Kilsəsi bəyan edir ki, onların hər qəpiyinə nəzarət olunur və  ümumiyyətlə  ianələrin hara necə xərclənməsi haqqında ətarflı məlumatı  Diakonia.ru saytından əldə etmək mümkündür. Digər tərəfdən jurnalistlər  hər hansı məlumatı  tapa bilməsələr quruma müraciət edib suallarına ətraflı cavab tapa bilərlər.  Ümumulikdə  isə  saytdan verələn məlumatdan  məlum olur ki  kilsə bir çox  yardım kompaniyalarında iştirak edib və edir. O cümlədən  kilsənin  özünün təşəbbüsü ilə müxtəlif  tədbirlər təşkil edilir və  ehtiyacı olan insanalara yardım edilir. Yardımlar xəstəxanalara  pulsuz müraciətlər də daxil olmaqla əlil uşaqlara yardıma qədər bir çox   sahələri  əhatə edir. 

Bakıda fəaliyyət göstərən Roma Katolik Kilsəsi də bu tipli yardım kompaniyaları təşkil edir. Hətta Roma Katolik Kilsəsinin təşəbbüsü ilə Bakıda tikilən «Kasıblar evi» təşkil olunub.  Roma Papası 16-cı Benidiktin adından Vatikanın rəsmi nümayəndəsi  Covanni Layolo «Kasıblar evi»nə xeyir dua verdi. Bakının Xətai rayonunda yerləşən ikimərtəbəli  bina katolik kilsəsinin təşəbbüsü ilə tikilsə də, kilsənin Azərbaycandakı nümayəndəsi Yan ata deyir ki, «Kasıblar evi»nin qapıları dinindən asılı olmayaraq hər bir kəsin üzünə açıq olacaq. 

Roma Katolik Kilsəsnin bütün dünyada göstərdiyi yardım kampaniyaları haqda isə danışmaq yersizdir. Çünki çox uzun bir siyahı alınar. ABŞ-da da müxtəlif məzhəbli kilsələr toplanan ianələr hesabına geniş yardım kampaniyaları həyata keçirirlər.

Qardaş Türkiyədə isə məscidlər vəziyarətgahlar Türkiyə Dini İşlər İdarəsinə bağlı olub, bu İdarənin ciddi nəzarəti altındadır. Ramazan və Qurban bayramlarında qutulara atılan nəzirlər komissiyanın nəzarəti altında sayılır və məscidin hesabına koçürülür. Bundan fərqli şəkildə nəzir vermək istəyənlər dövlətdən qəbz alırlar. Bu o deməkdir  ki, yığılan bütün vəsaitlər  ciddi  nəzarət  altında  lazımi  yerlərə yönləndirilir. 

Digər müsəlman ölkələrində də yığılan ianələr dövlət nəzarəti altında sərf olunur.

Dini icmaların maliyyə resursları ilə nələr etmək olar?

Müşahidələr göstərir ki, Azərbaycanda nəzir qutularına heç də az vəsait  toplanmır. Ən çox vəsait toplanan ziyarətgah və məscidlərin arasında isə ilk yerləri «Mirmövsüm ağa» ziyarətgahı, Gəncə «İmamzadə» ziyarətgahı, «Bibiheybət» məscidi və «Təzəpir» məscidi gəlir. 

 Bəs bu vəsait hara və necə xərclənir, sualı həmişə açıq qalır. Amma «beytülmal» hesab olunan bu vəsaitlərin hara sərf olunmasının şəffaf olması həm dini, həm də mənəvi cəhətdən daha məqsədəuyğun hesab olunmalıdır.

Toplanan vəsailrlə isə ciddi bir şəkildə ölkəninin sosal problemlərinin həllində iştirak etmək mümkündür. Misal üçün Gəncə «İmamzadə» ziyarətgahına toplanan vəsaitlərlə Gəncədə müasir texnologiyalarla təchiz olunmuş xəstəxana açmaq və həmin xəstəxananın xərclərini təmin etmək mümkündür. Həmin xəstəxanada imkansız adamların müəlicəsi həyata keçirilməlidir. Təbii ki, bu addım atıldıqdan sonra həmin xəstəxanaya olan yardımlar da artacaq. 

Eyni halda «Mirmövsüm ağa» ziyarətgahı doğuşdan əlil uşaqların baxımı üçün yurd yarada bilər və bu yurdun xərclərini həyata keçirə bilər. Onu da qeyd edək ki, bu gün yığılan vəsaitlərdən daha çox imkansız ailələrə yardım edən ziyarətgah kimi  «Mirmövsüm ağa» ziyarətgahının adı keçir və bu hal təqdir olunmalı, həmçinin genişləndirilməlidir.

«Bibiheybət», «Təzəpir» və digər məscid və ziyarətgahlarda toplanan vəsaitlər hesabına isə bir çox sosial layihələr həyata keçirmək mümkündür. Əlbəttə ki, bunun üçün ilk öncə istək və içimizdə Allah sevgisi olmalıdır.


Ülviyə  Bəylər
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar