Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınım


Hekayə


Onu ən soyuq havada itirdim. Yanvarın 24-də. Öldükdən sonra hər şey qaraldı. Onsuz cəhənnəm olan bu dünyanın günləri bitmək bilmədi. Sanki həyat, dəhşətli ağrılar yaşatmaqdan zövq alırcasına dayandı. Heç acımadı, gözümün yaşına belə baxmadı. Axşam məni gözləyərkən, mən yenə lənətə gəlmiş səhərlərə açdım gözümü...
Günlərimin necə keçdiyini bilmədən, surətləndirmək istədim həyatımı. Tez sona çatım deyə...

6 il idi, evli idik. Son 1 ilimizi ağciyərində yaranmış xərçəngin müalicəsi üçün xəstəxanalarda-İranda, Türkiyədə, ən son olaraq Almaniyada keçirirdik. Bir-birimizi çox sevirdik. Evliliyimizin 5-ci ilində, may ayının 4-də isə onu sevməyimə baxmayaraq, ilk və son dəfə xəyanət etmişdim. 

Eyni universitetdə, elə kitabxanadaca tanış olmuşduq. Oxşar tərəflərimiz çox idi. Zövqlərimiz, istəklərimiz, hətta kitab seçimlərimiz belə eyni idi. Hər il, evlilik ildönümümüzdə mənə kitab hədiyyə edirdi. Bir ara niyə məhz kitab, özü də oxuduğum kitabları hədiyyə edir deyə, öz-özümə sual etmişdim?! Sən demə, bunun sirri öldümündən sonra açılacaqmış...

24 yanvar-onu itirdiyim gün həyatıma qara yazıldı. Depresiyada idim. 
Onunla rəngli həyata alışmışdım. Günlər su kimi axırdı. Axşamın necə düşdüyünü bilmirdim. Amma indi onsuz idim! Bəs nə etməli idim? Onunla etdiklərimi? Belə etsəm görəsən günlər tez keçəcəkdi? Heç yadımdan çıxmır, qarşımıza çıxan hər yerə gedərdik. Ünvan bilmədən. Daha sonra soruşa-soruşa geri dönərdik. İndi başa düşürəm ki, ömür boyu davam edəcək, bitməz dediyimiz sevgilər də bitir. Mənim isə sevgim yox, sevdiyim bitdi! Geriyə isə ortalığa dağılmış xatirələr qaldı.

O öldükdən sonra geyimlərini saxladım. Qoxusuna həsrət qaldığımın qoxusunu, geyimlərindən aldım. Dərd, kədər içində idim. Məni ovunduracaq heç nə yox idi.
Yenə kədərli günlərdən birində, uzanıb gözümü tavana zilləmişdim! Dəli kimi otağa göz gəzdirməyə başladım. Birdən diqqətim şüşəli rəfə yönəldi. Yerimdən dik atılıb, rəfə doğru getdim! Evdə kitab çox idi. Ancaq onun evlilik ildönümümüzdə hədiyyə etdiyi kitabları, qutusundan açıb rəfin şüşəli hissəsinə qoymuşdum. Elə sağlığında bunu belə edirdim. 

Kitabın birini həm oxumaq, həm də onun qoxusunu almaq üçün rəfdən götürdüm. Baxdım ki, arasında qatlanmış, qırmızı kağız parçası var. Təəccüblə açdım! Sən demə, gözümün nuru, bu kağızı evliliyimizin ilk ilində yazıb. Kiçicik kağızda, bal ayımızdan, ən gözəl günlərimizə qədər bəhs edib. Hər məktubun sonunda isə kağızın boş yerini doldurana qədər “Səni Sevirəm” yazıb. Bütün gözəl sözləri deməsinə baxmayaraq, evliliyimiz boyu bu ifadəni ondan 4 dəfə eşitmişəm.

Növbəti kitabda da görəsən nəsə var? Bu fikir ilə əlimi rəfə atdım. Digər kitabın da son səhifəsində, qatlanmış yaşıl kağız parçası var idi. Burada evliliyimizin 2-ci ilində yaşadıqlarımız əks olunmuşdu. Hətta həmin il küçədə, izdihamın içində, dodağımdan öpərkən yaşadığı həyəcanı da bir-bir yazmışdı.

Bütün bədənim keyimişdi. Həyəcandan başımı itirmişdim. Sanki ona toxunurmuş kimi, sevincək halda digər kitablara əl atdım. Evliliyimizin 3-cü ilində hədiyyə etdiyi kitabı açdım. Bu kitabdan sarı kağız çıxdı. Kağızda, bu il mənə sevgisinin, əvvəlki illərdən daha da çox olduğunu yazıb. İl boyu yadda qalan gözəl anlarımızı da yazmağı unutmayıb. Hətta bəzilərini mən kağızda oxuduqdan sonra xatırlayırdım.

Növbəti, 4-cü ildə hədiyyə etdiyi kitabda isə göy kağız parçası tapdım. Sevgisini, duyğusunu, hissini elə yazmışdı ki, göz yaşımı saxlaya bilmədim! Siqareti siqaretə caladım..

...və 5-ci il!!! Ömrümə və bu günümə yazılan, ən azı onun ölümü qədər təsirləndiyim, dəhşətli məktub!!!

Evliliyimizin 5-ci ildönümündəki hədiyyəsi, Fyodor Dostoyevskinin “Alçaldılmış və Təhqir Edilmiş İnsanlar” kitabı idi. Bu günə qədər oxumamışdım. Heç hədiyyə edəndə də, adına xüsusi diqqət etməmişdim. Kitabı rəfdən götürdüm, adı məni necə ürkütmüşdüsə, içindəki kağıza baxmağı unutmuşdum. Anidən diksindim və özümə gəldim. Əlim titrəyə-titrəyə kitabı açdım. Qara bir kağız parçası gördüm. Kağıza bu cür yazılmışdı: “May ayının 4-də gözlərin mənə, başqa birinə toxunmuş və günahkar kimi baxdı. Nə baş verdiyini bilirəm...”

Dizlərimin taqəti çəkildi, yerə çökdüm. Saatlarla o vəziyyətdə hönkürdüm!
Bu il onu itirməyimin 1, aldatmağımın 2 ili tamam olur... Mən isə iki ildi, yaşayan ölüyəm..

Türkan TÜRAN
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar